post-title

Seymur Baycan: Prodüser Tarix Əliyevə açıq məktub

Hörmətli Tarix bəy, həm sizə, həm də bu açıq məktubu oxuyanlara məktubun yazılma səbəbi daha aydın olsun deyə, çox yox, bir az keçmişə qayıtmalı olacam. Bir neçə ay əvvəl Azərbaycan ictimaiyyətinə, xalqımıza, camaatımıza sadə və qısa bir müraciət etmişdim. Bir kitabın nəşr olunmasına köməklik edə biləcək adam axtarırdım. Hətta ölkədə son vaxtlar baş alıb gedən böhranı, manatın sürətlə dəyərdən düşməsini, iş yerlərində kütləvi ixtisarları, valyutadəyişmə məntəqələrinin bağlanmasını, maaşların ve pensiyaların gecikməsini nəzərə alaraq, müraciətdə adamların hissə qapılıb özündən çıxmamasını, narahat olmamasını özünü günahkar hiss etməməsini, heç kimin imkanından kənar addım atmamasını da xahiş etmişdim.

Adətən bu kimi müraciətlərdən sonra əsasən ürəyi yanan, kömək etmək istəyib, amma kömək edə bilməyən adamlar narahat olur, vəziyyətin belə hal almasına görə özlərini günahkar hiss edirlər.  Kömək etmək istəyib də, edə bilməyən adamların narahat olması, özlərini günahkar hiss etməsi isə öz növbəsində bəndənizi də narahat edir. Bu zaman ortaya labüd bir sual çıxır. Bəs əgər müraciət lazım olan ünvanlara çatmırsa və daha çox kömək edib kömək edə bilməyən adamlar narahat olursa, özlərini günahkar hiss edirsə, bu cür müraciət etməyin mənası nədir. Məsələ ondadır ki, bu kimi müraciətlərlə bizim üçün kitab nəşr etməyin necə çətin olduğunu, kitabın havadan sudan yaranmadığını, əziyyətlə yarandığını xalqımıza növbəti dəfə göstərmək istəyirdim. Bilmirəm hardan və necə xəbər tutdunuz, bu müraciətdən sonra siz kitabın nəşr olunmasına kömək edə biləcəyinizi bildirdiniz. Kifayət qədər məşhur insan olduğunuz üçün sizin müraciətə reaksiyanız böyük rezonans doğurdu. Xeyli qəzet və xəbər saytları sizin, kitabımın nəşrinə kömək etməyə hazır olduğunuz haqqında xəbər yazdılar. Mən isə məsələyə münasibətimi öyrənən jurnalistlərə sizin kitabın nəşr olunmasına köməklik edəcəyinizə yalnız sevindiyimi, yardımınızı qəbul etməyə hazır olduğumu bildirdim. Bundan sonra hadisələrin gedişatı dəyişdi. Bir çox məxluqatlar mənim zərərli, qorxulu adam, daha konkret desək müxalifətçi olduğumu, kitabımın nəşr olunmasında kömək etdiyiniz təqdirdə mütləq ziyan çəkəcəyinizi hay-həşirlə, həvəslə sizə çatdırdılar. Siz bu məxluqatların fəaliyyəti sayəsində qorxdunuz. Bildirdiniz ki, mən dövlətimizin siyasətinə sadiq adamam, vətənimi, xalqımı sevirəm, əgər o kitabda dövlətimiz, xalqımız əleyhinə cümlələr varsa, kitaba sponsorluq edə bilmərəm, əgər kitabda dövlətimiz, xalqımız əleyhinə cümlələr yoxdursa, kitaba sponsorluq edə bilərəm. Beləliklə, kitabın nəşr olunması ilə bağlı qəzet və saytlarda gedən xəbərlərin başlığı da dəyişdi: "Prodüser Tolik Seymur Baycana şərt qoydu". Bütün bunları niyə belə detalla yazıram? Ona görə ki, yaşadığımız bu günlər tariximizin bir parçasıdır və bu kimi qəribə hadisələri detallarla yazmaq bir yazı əhli kimi bizim mənəvi borcumuzdur.  

Mən kinoteatrların sürətlə hörmətdən düşdüyü, əhəmiyyətsiz məkanlara çevrildiyi videozalların sürətlə dəbə mindiyi dövrün iştirakçısı, şahidi olmuşam. O dövrə mənsub bir insan kimi şiddət və hiddət aşılayan, o zamanlar üçün cəlbedici görünən amerikan, yapon, çin istehsalı olan xeyli sayda karate, döyüş dəhşət filmlərinə baxmışam. Adı yadımdan çıxsa da Bolo Yanqın da oynadığı bir filmdən, bir kadr yadımdadı. Bir neçə adam Bolo Yanqın üstünə düşür. Camaat isə dövrələmə dayanıb maraqla davaya baxırlar. Bolo Yanq dəqiq zərbələrlə, fəndlərlə üstünə düşən adamların bir-bir qolunu- qılçını sındırır. Meydanda bir nəfər qalır. Bu bir nəfər Bolo Yanqa batmağın münkünsüz olduğunu görür, başa düşür ki, Bolo Yanq onun da qolunu-qılçını sındıracaq. Qaçmağa qərar verir. Təlaşla qaçmaq istədikdə dövrələmə dayanmış adamlar onun qaçmağına imkan vermirlər. Həmin adamı tutub Bolo Yanqa verirlər ki, al bunun da qolunu qılçını sındır. 

Bilmirəm nə qədər əlaqəsi var, amma məxluqatlar mənim zərərli, qorxulu adam olduğumu sizə çatdıranda çoxdan, lap çoxdan baxdığım, adı yadımdan çıxan filmdən bu səhnə nəyə görəsə yadıma düşdü. Doğurdan da elə insanlar var ki, xəbərçilik və mərdimazarlıq etmək, başqalarının gördüyü işə, uğruna görə narahat olmaq onların həyat tərzinə çevrilib. Bədbəxt və yazıq adamlardı. Mudrik Tolstoyun "bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cürə bədbəxtdir" sözünü bir az sadələşdirsək, belə bir variant yaranar; Bütün xoşbəxt adamlar bir-birinə bənzəyir, bədbəxt adamlarin isə hərəsi bir cürə bədbəxtdir. 

Bədbəxtliyin də öz növləri var. Elə bəxdəxtlik var ki, hərəkətverici qüvvəyə çevrilərək insanı müdrikliyə, müqəddəsliyə, hətta dahiliyə doğru istiqamətləndirir. İnsan adi daşıyaraq həşarat həyatı yaşamaq isə bədbəxtliyin ən miskin növüdür. İnsan adı daşıyaraq həşarat həyatı yaşayanlar həyatın heç bir sahəsindən  zövq ala bilməyəcəklər. Onların özünü narahat  hiss etməsi üçün başqalarının kiçik bir uğur qazanması kifayətdir. Məsələn, o başqasının gözəlliyindən həzz ala bilər? Xeyr, başqasının gözəlliyi onu dəhşətə gətirir. O başqasının işindən zövq ala bilər? Xeyr, başqasının işi onu dəhşətə gətirir. O, yemək yemir, zəhər yeyir. O, hava udmur, zəhər udur. Gəlin, paxıllığı insan ürəyində özünə rahat yuva qurmuş iyrənc və murdar bir qurda bənzədək. Bu qurd insana bir qram da rahatlıq vermir. Onun bütün həyatını cəhənnəmə çevirir. Paxıllıq adlı bu qurd insanı içindən yeyərək onu eybəcər hala salır. Paxıl insan daima bu qurdu yemləməlidi. Qurd isə doymaq bilmir ki, bilmir. Paxıl insan nə qədər varlı, imkanlı olsa da o yenə də paxıllıq etmək üçün bəhanə tapır. Deməli problemin kökü heç də insanın varlı və ya kasıb olmasında deyil. Bu qurd hətta ən varlı adamların ürəyində belə özünə yuva qura bilər. Ürəyində yuva salmış eybəcər qurdun tərpənməsi üçün heç də böyük-böyük səbəblər, böyük-böyük hadisələr gərək deyil.

Bir suala konkret cavab tapmaq istəyirəm. Mühit, aldıqları tərbiyəmi onları belə zərərli adama çevirir, yoxsa onlar elə əvvəldən belə yaranıblar. Əgər aldıqları tərbiyənin, böyüdükləri mühitin nəticəsində xəbərçilik, mərdimazarlıq, paxıllıq, başqalarının üzünə durmaq, şər atmaq onların həyat tərzlərinə çevrilibsə, onda onların halına ancaq acımaq lazımdır. Əgər onlar əvvəldən belə yaradılıbsa, bu yaradan tərəfdən çox böyük bir ədalətsizlikdir. Niyə bir insan bütün ömrü boyu yaradılışdan ona verilmiş pis cəhətlərdən əziyyət çəkməlidir?  



"Gecikmiş hekayələr" kitabının üz qapağı

Əgər onlar həyata belə gəliblərsə, onlara verilən bu cəzanın mənası nədir? Səbəb nə olur olsun, insan adı daşıyıb həşərat həyatı yaşayanların, konkret yuxarıda təsvir olunan hadisənin sayəsində bir daha, növbəti dəfə aldığım tərbiyəyə, düşdüyüm mühitə, oxuduğum kitablara, yaradılışıma, ümumən taleyimə öz minnətdarlığımı bildirdim. Hər şey başqa cür də ola bilərdi. Bütün hallarda biz əgər insan adı daşıyırıqsa, hər birimiz bu adın qarşısında dayanan ali öhdəliklərə bacardığımız qədər əməl etməliyik, ən azından buna cəhdlər olmalıdır. Həyat gec ya tez müxtəlif formalarda öz sərt sifətini insanlara göstərir. Həyatın sərt dönüşlərinin qarşısında öz ruhi müvazinətimizi saxlamaq, yıxılmamaq, sığınmaq üçün bizlərə mütləq və mütləq xeyirxahlıq, mənəviyyat daşlarından tikilmiş qala gərək olur. Elə bir qala ki, biz ora sığınaraq deyirik: Yox mən həşərat həyatı yaşamamışam, bacardığımı etmişəm, təmənnasız olaraq paylaşmışam, kömək əli uzatmışam. 

Necə deyərlər, bu fani dünyada elə yaşayaq ki, sonra yaşadıqlarımıza görə peşmançılıq hissi keçirməyək. Hər bir insan lazım gələndə sığınmaq üçün özü-özünə qala tikməlidir. Vay o kəslərin halına ki, həyatın sərt üzü ilə qarşılaşanda sığınmağa qala tapmırlar. Miskin bədbəxtlik dedikdə bunu nəzərdə tuturdum.

Bir dəfə şərlənərək həbs olunmuş bir gənc aktivistin məhkəməsinə getmişdim. Həmin məhkəmədə yetmiş altı yaşında bir qoca kişi (kişinin yaşını bilərəkdən həriflərlə yazdım ki, oxucular rəqəmin səhv yazıldığı haqqında düşünməsinlər) beş-on manata görə yalançı şahid qismində iştirak edirdi. İştirak edirdi sözü bir az yumşaq səslənir, üzə dururdu, günahsız bir insana şər atırdı. Yetmiş altı yaş... Dəhşətdi. Yetmiş altı yaşlı yalançı şahidin üzünə baxdıqca özümü güclə saxlayırdım. İstəyirdim gedəm onun yaxasından yapışıb deyəm ki, ey insan, sən nə edirsən? İnsan adını bu qədər də gözdən salmaq, ucuzlaşdırmaq olarmı? Bir neçə ildən sonra bu fani dünyanı hansısa formada tərk etməli olan insan niyə belə hərəkət etsin? Buna hansı əxlaq, tərbiyə yol verir? Bunu kim böyüdüb, bu adam harda böyüdülüb? Bunun böyütdüyü övladlar, qucağında oynatdığı nəvələr hansı əxlaqın, davranışların yiyəsi olacaqlar? Doğrudanmı bu kişi öləndə onun övladları atamız öldü deyib ağlayacaqlar, yas çadırı quracaqlar, ehsan verəcəklər, yasa gələnlər də ehsan yeyib Allah rəhmət eləsin deyəcəklər? Məhkəmədə yalançı şahid qismində iştirak edən yetmiş altı yaşlı kişi necə olur o dünya, o dünyadakı haqq-hesab, sorğu-sual haqqında düşünmür? Mən ateist ola-ola o kişinin yerinə həyəcan keçirirdim. Fizikanı, metafizikanı belə amansızcasına iqnora qoymaq olarmı? Yetmiş altı yaşlı yalançı şahid bunu necə bacarır, bu rahatlığın mənbəyi nədir? 

Yenə də Tolstoydan sitat gətirməli olacam. Tolstoy deyir ki, bəzən oğurluğun böyük miqyasda olması oğruya qarşı insanlarda heyranlıq yaradır. Oğurluq kiçik olduqda insanlar oğruya qarşı daha sərt münasibət nümayiş etdirirlər. Halbuki tərsinə olmalıdır. Porodoksal haldı, amma doğrudan da belə hallar olur. Məsələn, toyuq oğrusu ömrü boyu toyuq oğrusu olaraq qalır. Hadisənin üstündən nə qədər vaxt keçsə də, bu hadisəni adamlar xatırlayır, üzünə vururlar, ondan qorunmağa çalışırlar. Halbuki oğurladığı toyuqdu. Milyonlar, milyardlar oğurlayana isə heyranlıq göstərirlər, onu bacarıqlı, diribaş adam kimi xarakterizə edirlər, hətta bəzən haqqında kino zad da çəkirlər. Uzağa getməyək bank oğruları haqqında nə qədər film çəkilib. Tolstoyun bu sözünə istinad etsək, bəlkə də məni dəhşətə gətirən yalançı şahidin yaşının çoxluğu deyildi, yalançı şahidin üzə durmaq, şər atmaq üçün aldığı pulun azlığı idi. Bəlkə də o üzə durmaq üçün beş-on manat deyil, daha böyük məbləğ alsaydı onun hərəkəti məni o dərəcədə dəhşətə gətirməzdi. Ədalət naminə bunu mütləq qeyd etməliyəm. Nədən ki, həmin məhkəməyə sədrlik edən adamın özü də siftədən xeyli yaşlı görünürdü. 

Bəzən insanlar bəşərilik nədir sualına uzun-uzadı cavablar axtarırlar. Bəşərilik yaşadığı dövrdən, mənsub olduğu millətdən, mənsub olduğu dindən aslı olmayaraq, yaxşı nümunələrə istinad edib, onlara daima təmasa girib onlardan yaşamaq və faəliyyət göstərmək üçün güc almaq, yaxşı nümunələrin yolunu davam etdirməkdir. 

Yaxşı nümunələrlə təmas, bu mərac bizə güc verərək bizə “onlar ediblərsə mən də etməliyəm”, “onlar bacarıblarsa mən də bacarmalıyam” sözün dedizdirir. Yalnız pis nümunələrlə istinad etmək şərə xidmət edən adamların öz bəd əməllərinə legitimlik qazandırmaq cəhdlərindən savayı bir şey deyildir.

Eynşteynin təbirincə desək, bədniyyətli güc əxlaqı zəif olan adamları cəzb edir. Bir də görürsən, adamlar ədəbiyyatın lazımsızlığını sübut etmək üçün ədəbiyyat oxumuş ədalətsiz adamları nişan verərək deyirlər: “Deyirsiniz ədəbiyyat oxumaq lazımdır, de ha filankəs oxuyub, ancaq gör necə alçaq  işlərlə məşğuldur”. Əgər bu sual səmimi olaraq verilirsə, sual verən adamı bağışlamaq olar. Onun dəyişəcəyinə ümid var. Amma bu kimi sualda məkr əlaməti varsa, sualı verən adamı bağışlamaq çətin olur. Niyə? Bu sualı verən adam dərk etməlidir ki, ədəbiyyatın missiyası şamdan paylamaqdır və ədəbiyyatın payladığı şamdanı alan adamın Jan Valjan olmaq şansı varkən, Jan Əclaf olursa, bu ədəbiyyatın günahı deyil, həmin adamın özünün günahıdır. 

Hörmətli Tarix bəy, minnətdarlıq duyğusu ali duyğudur. Sonradan bəlli səbəblərdən qorxub geri çəkilsəniz də, bütün hallarda o vaxt müraciətimə reaksiya verdiyinizə görə sizə öz minnətdarlığımı bildirirəm. O kitab onsuz da nəşr olunacaqdı. Necə ki, bir neçə gün əvvəl nəşr olundu. Allaha şükür, sayları az olsa da xalqımızın nümayəndələri arasında kitab nəşrinin əhəmiyyətini, vacibliyini anlayan adamlar var. Sizə həyat və yaradıcılığınızda uğurlar arzulayıram. Daha bir arzum var. Bu arzu bir az ictimai-siyasi motivli arzudur. Gün o gün olsun, elə bir cəmiyyətdə yaşayaq ki, insanlar fərqli siyasi düşüncəyə, fərqli millətlərə, fərqli dinlərə mənsub olduqlarına görə bir-birlərinə kömək etməkdən çəkinməsinlər və fərqli siyasi düşüncəyə, fərqli millətlərə, fərqli dinlərə mənsub olmaq hər hansı xoş əməli həyata keçirmək istədikdə fərdlərin qarşısında mane kimi görünməsin. Amin!

Qaynarinfo.Az
Yuxarı