Kulturasız hökumət

Публицистика


“Bəlkə piyanar xanı qurbağaya döndərib?” 

(“Sehirli xalat” filmindən)

Dünən hardasa gözümə belə xəbər başlığı dəydi: “Ərdoğanın kortejində şübhəli motosikletçi görünüb”. Heç açıb oxumağa həvəs olmadı. Doğrusu, sevimli dövlətimiz Türkiyənin belə karikatür, tragikomik duruma gətirilməsi dilxorçuluqdur, şəxsən mənə çox pis təsir edir. Çünki biz 20-25 il qabaq Türkiyəyə Qərbə, sivilizasiyaya açılan qapımız kimi baxırdıq, indi belə çıxır bu qapı Ərəbistan səhrasına açılırmış.

Moskvada Rusiya, Türkiyə, İran xarici işlər nazirlərinin görüşündən çəkilən fotonu da yəqin görmüsünüz. Orda iranlı cangüdən türk cangüdəndən gözünü çəkmir. Neyləmək olar, iki gün qabaq təxminən bənzər durumda türk “polisi” rus səfirini vurub öldürübdür. Türkiyənin xüsusi xidmətləri, kəşfiyyatı, polisi AKP dövründə çox acınacaqlı hala salınıbdır. Bunlar elə sahələrdir ki, gərək siyasətə alət etməyəsən, bu təbəqəni çirkin əməllərə, daxili siyasi oyunlara, müxalifətin məhvinə qoşdunsa, zibili mütləq çıxmalıdır. Kim bilməsə də, biz azərbaycanlılar - Hacı Məmmədovun, Eldar Mahmudovun bandalarını görmüş, yaşamış toplum bunu gözəl bilir. 

Ümumiyyətlə, Türkiyə o qədər yalan-palanla idarə edilməyə başlayıb ki, bir gün kimsə çıxıb Ərdoğanın yerində neçə illərdir bənzərinin çalışdığını bəyan etsə, gərək təəccüblənməyək. Orda nə desən mümkündür, nağıllar diyarıdır. 

Söz vaxtına çəkər, hazırda görkəmli maarifçi ziyalımız, “Molla Nəsrəddin” jurnalının qurucularından biri  Ömər Faiq Nemanzadənin xatirələr kitabını oxuyuram, orda bir səhifədə Ömər bəy uşaqlığında, İstanbulda məktəb illərini belə xatırlayır: “Müəllimimiz Emil Lakovanın fransızca verdiyi elektrik bəhsi, Saleh Zəkinin riyaziyyat və fizikası, muzey müdiri Həmdi bəyin jetoloji və kimya dərsləri bizə təbii qüvvətlərin yaradılışda rollarını möhkəm bir surətdə öyrətdi və beynimizə düşən şübhələri getdikcə artırmağa başladı. Hələ tarix müəllimi Binbaşı Şövqibəyin ümumiyyətlə cahil, kulturasız hökumətlərin, xüsusilə Osmanlının zəifləyib parçalanacağına dair yürütdüyü tarixi-ictimai mühakimələr, gətirdiyi misallar, idarə və din xüsusunda beynimizə yerləşən əski fikirləri, əsilsiz təlimatı başımızdan çıxartmaqda böyük yardımı oldu. Yeddinci sinifdə daha ”Allah dünyanı altı gündə yoxdan xəlq etdi, gözə görünməyən, cin və mələyi xəlq etdi. Adəmi birdən-birə yaratdı, Quranı göydən göndərdi" kimi din əmrlərinə şübhəli baxırdıq". 

Ömər Faiq burada 1887-ci ili təsvir edir. Ancaq indi -  2016-cı ildə, Osmanlının süqutundan 100 il sonra AKP camaatı Türkiyəni yenə də o bəsit, köhnəlmiş, çürük əfsanələrlə idarə edir, uçuruma aparır. 

Bayaq məktəbdən sitat gətirdim, islam dünyasında elmə münasibəti son illərin bir araşdırması da çox açıq ortaya qoyur. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 57 dövlət üzrə aparılan araşdırmanın nəticəsinə görə (Azərbaycan, Türkiyə, İran - demək olar planetdəki bütün müsəlman dövlətləri bu qurumun üzvüdür) bu ölkələrdə əhalinin hər 1000 nəfərinə 8,5 alim və texnik düşür. Bu rəqəmdə dünya üzrə orta göstərici 40,7-dir. İnkişaf etmiş dövlətlərdə isə hər 1000 nəfərə düşən alim və texnik sayı 139,3 nəfərdir. Bütün islam aləminin dünya elmi ədəbiyyatında iştirakı 1,17 faizdir. Təkcə İspaniyanın dünya elmi ədəbiyyatında illik payı isə 1,48 faizdir (müqayisə üçün). İƏT ölkələrinin elmi tədqiqat və araşdırmalara milli gəlirdən ayırdığı vəsait 0,3 faizdir. Dünya üzrə bu göstərici isə orta hesabla 2,4 faizdir.  

Elmə, təhsilə, araşdırmaçılığa bu cür münasibət olan ərazilərdə gündə bir terror təşkilatının baş qaldırması, insan qanının sel kimi axması təsadüf deyil. Kimsə “alimin mürəkkəbi şəhidin qanından üstündür” deyib, bunlar isə səhv başa düşüblər, elə biliblər alimin qanını axıtmaq üstünlükdür. 

Dünən bir dostumuz da təsadüfən AMEA-nın qabağından keçirmiş, deyir gördüm içəridə Təhsil Nazirliyi ilə birgə iclas var, ancaq nədənsə binanın qabağına təcili yardım maşınları düzülmüşdü. Görünür akademiklər və nazirliyin işçiləri elmi diskussiya zamanı çox gərgin olublar. Ən balaca üzvünün 55, ən qoca üzvünün 92 yaşı olan qurumda iclası reanimasiyada aparmaq daha səmərəli olardı. 

Zamin Hacı

Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade