Seymur Baycan - Dostum qarğa

Сеймур БАЙДЖАН

Neçə vaxtdır, bir tanışım “gedək, kabab yeyək, gedək, kabab yeyək” deyirdi. Özü elə də kabab həvəskarı olmasa da, daha çox pizzaya, salatlara üstünlük verməsinə baxmayaraq, başını başlara qoşmaq istəyir. Bilir ki, kababı çox sevirəm. Biz heç cür tapışa bilmirdik, nəsə alınmırdı.

Nəhayət, ötən həftə görüşdük. Getdik bulvara. Əlbəttə daha yaxşı kabab yemək üçün bir az kənara çıxmalı idik. Yollar bərbad gündədir. Gedib, mənzil başına çatacağımıza əmin deyildik. Ona görə bulvarda münasib  bir yerdə oturmağımıza qərar verməli olduq. Bulvarda  bir yer tanıyıram, əvvəllər bir neçə dəfə olmuşdum orda. Nisbətən yaxşıdır. Nəsə etməyə çalışırlar.

Tanışım “Mirvari”yə getməyi təklif etdi. Gedə bilərdik. Amma mən həmişə ordan qorxmuşam. Bu, yeniyetmelik qorxusudur. Ora  heç vaxt tək getməmişəm. Həmişə kimsə aparıb. Xüsusən də qəzetə, ədəbiyyata təzə-təzə gələndə filanda... Bu qorxu hələ də vücudumda qalıb. Elə bilirəm, ora heç vaxt tək gedə bilmərəm. Orda pulum çatmaz. Ya da çox baha başa gələr. Hətta cibimdə lap bəs edəcək qədər pulum olsa da, yenə də “Mirvari”nin həndəvərindən keçməyə qorxmuşam. Orda yemək yemək qalsın bir tərəfə, hətta çay içməyə belə qorxuram. Bu restoranın yanından keçəndə orda oturan adamlara maraqla baxıram. Onlar orda necə oturublar? 

Bu kimi səbəblər üzündən “Mirvari”ni seçmədik. Hətta yuxarıda yazdıqlarımı daha geniş, daha canlı şəkildə o adama danışdım. Danışmaq başqa şeydi. Adamın gözü, əlləri də dediklərinə əlavə məna qatır. O qulaq asdı. Razılaşdı. Həm də söhbətdən həzz aldı. Beləliklə biz “Park Bulvar”ın yaxınlığında yerləşən bir restoranda oturduq. Ora restoran demək olmaz. Kafedir. Ofisiant yaxınlaşdı. Biz tikə kabab, lülə kabab, pendir, pivə, çoban salatı və tərəvəz kababı  sifariş verdik. Pomidor, badımcan, acı bibər. Ofisiant getdi, iki dəqiqədən sonra qayıtdı ki, acı bibər yoxdu, biz azca təəssüf hissi keçirdik. O isə özünü elə apardı ki, guya müqəssirdir. 

Bu cür artistliklikdən sonra dedik ki, yaxşı, onda heç olmasa pendirlə pivəni tez gətir. O da günahını yumaq üçün dediyimizə əməl etdi. Biz içə-içə söhbət etdik. Arada mənim əlim dinc durmurdu. Çörəyin arasına pendir qoyub yeyirdim. O isə deyirdi ki, doymaq istəmir. Bir az sonra kabablar da gəldi masaya. Yeməyə başladıq. Bir qarğa qondu yaxınlıqdakı ağacın budağına. Son vaxtlar qarğalar haqqında çox düşünürəm. Nə istəyirlər bu quşlar? Sərçəni başa düşdük, göyərçini başa düşdük, qartalı, kəkliyi, turacı, qağayını başa düşdük. Bu quşların hər biri haqqında hekayələr yazılıb, şeirlər qoşulub, mahnılar oxunub. Insanlar bu quşların adını öz övladlarına verirlər. Özlərini qartalla müqayisə edirlər. Sevgililərinə “mənim göyərçinim” deyiblər, deyirlər.  

Bəs bu qarğaların adı niyə belə bədnamdır? Nə edib bu quşlar? Görmüsünüz, kimsə öz sevgilisinə “mənim qarğam” desin? Yaxud, özünü qarğayla müqayisə etsin? 
Bu qış kənarda yaşayan bir qız mənə məktub yazmışdı. Yazmışdı ki, bu səhər qarğaların səsinə oyandım. Çıxdım balkona, gördüm həyət başdan-ayağa qarğadı. Səsləri bütün aləmi bürümüşdü. Şəkillərini çəkmişəm onların . Çox həyasız quşlardı. Gözləri də qəzəbli. Doğurdan da, məktuba bir neçə şəkil əlavə olunmuşdu. Evin qarşısındakı ağac qarğalarla dolu idi. Hətta bir neçəsi gəlib lap yaxına, balkona qonmuşdu. Maraqlı şəkillər idi. Ən əsası da odur ki, qəşəng bir qızı yuxudan oyadıb balkona çıxarmışdılar. Bu tərəfini də düşündüm... 

Üstündən bir müddət keçdi, başqa bir adam mənə bir cizgi filmi atdı. Cizgi filmi qarğalardan bəhs edirdi. Baxdım. Beləcə qarğa mövzusu sağdan-soldan özü məni tapırdı. Ən axırıncı hadisə lap təsirli oldu. Tiflisdə olduğum günlər idi. Evdə siqaret çəkmirdim. Çıxıb qapının ağzında çəkirdim. Bura həyətdi. Həyətdə bir neçə ev və ağac var. Yayda sərin və sakit olur. Qapının ağzında siqaret çəkdiyim yerdə qarşıma bir qoz düşdü. Əyilib qozu götürdüm. Bu vaxt bir qarğa ağacın üstündən necə qışqırdısa dik atıldım. Qozun o tərəfinə-bu tərəfinə baxdım. Sınmamışdı. Cibimə qoydum. Qarğa isə ağacın üstündə oturub məni söyürdü. Bu, açıq-aydın görünürdü. Arvadlar necə çəpərin başından söyürlər, təxminən onun quş variantı. Başını uzadıb mənə sarı, hirsindən partlayır. Siqareti çəkib evə girdim. 

Bu kimi düşüncələrin təsir altında olduğumdan bulvarda kafedə oturub yemək yediyimiz zaman ağaca qonmuş qarğa diqqətimi cəlb etdi. Başladım qarğalar haqqında danışmağa. Qarğalar haqqında yazılmış təmsillər yadıma düşdü. Bu təmsillər sayəsində bizdə belə bir qənaət hasil olub. Guya qarğalar oxumaq istəyirlər. Oxuya bilmirlər. Səsi heç kimə xoş deyil. Elə tülkü də onun bu zəifliyindən istifadə edir. Qarğanın ağzındakı pendiri ələ keçirməkdən ötrü  yalandan deyir ki, sənin çox xoş səsin var. Oxu, qulaq asım. Qarğa da bu təriflərə inanıb, ağzın açıb oxumaq istəyəndə pendir ağzından yerə düşür. 

Bunu da danışdım. Sonra masanın üstündən  bir parça pendiri götürüb qarğaya tərəf atdım. Elə atdım ki, qarğa əlimin hərəkətindən ürküb qaçmasın. Qarğa atdığım pendiri gördü. Ağacdan yerə qondu. Düz pendirin yanına qonmadı. Bir az aralıya qondu. Yerdə qalan məsafəni yeriyərək qət etdi. Ona diqqətlə baxdım və heyrətə gəldim. Cizgi filmlərinin rejissorları bu quşu nə qədər diqqətlə müşahidə ediblər. Yerişi tamam cizgi filmlərindəki qarğaların yerişi idi. Elə bil əynində frak vardı. Hələ sağa-sola baxması. Pendiri götürüb, təzədən budağa qayıtdı. Üzü bizə sarı dayanmışdı. Bir az yanpörtü dayandı. Onu belə görmək daha maraqlı idi. 

Pendiri dimdiyinin ucunda çox qəşəng tutmuşdu. Elə bil, canlı cizgi filminə baxırdım. Beləcə mən bu qarğayla xoş vaxt keçirdim. Pendiri atırdım yerə . Gəlib götürürdü qalxırdı budağa, dimdiyinin ucunda pendir yanpörtü dayanırdı . Bu quşun mənə inanması çox xoşuma gəlirdi. Dayanmadan qarğa haqqında harda nə yazılıbsa, nə çəkilibsə, onlardan danışırdım. Arada zarafatla deyirdim ki, artıq daxili mühacirətdə yaşayıram. Qarğalarla dostluq edirəm. Necə ki, Məcnun səhrada heyvanlarla yaşayırdı və onlarla dostluq edirdi. Çox ləzzətli anlar idi. Amma zarafat bir yana, həmin gün dostlaşdığım qarğanın sayəsində Məcnunun səhrada heyvanlarla yaşaması və dostluq etməsi mənə mümkün kimi göründü.

Seymur Baycan
Kultura.az | Developed by Samir Yahyazade