Umberto Eko – faşizmin 14 əlaməti (esse)

Публицистика


Dünya daha bir dahisini itirdi. Dahi italyan yazarı Umberto Eko 20 fevral tarixində vəfat etdi. Sevimli yazarı bu günlərdə hamı ancaq xoş sözlərlə yad edir – jurnalistlər də, ədəbiyyat tənqidçiləri də, onun əsərlərini sevərək oxuyan sadə oxucular da. Bugünlərdə isə yazarın sosial şəbəkələrdə daha çox yayılan bir essesi oldu – “Əbədi faşizm”- bu essedə insansevməz ideologiyanın yeni simada olan 14 əlaməti yer alır. Essedən seçilmiş hissələri diqqətinizə çatdırırıq:

1. Əbədi faşizmin ilk xüsusiyyəti - ənənə kultudur. Ənənəpərəstlik faşizmdən də qocadır. Bu, dominant əksinqilabi fikir olaraq Fransa inqilabından sonra meydana gəlib, lakin klassik yunan rasionolizmin reaksiyası olaraq ellinist dövrünün sonlarında yaranıb.

Nəticə etibarı ilə görünür ki, burada biliyin inkişafına yer yoxdur. Həqiqət artıq birdəfəlik elan edilib; geriyə qalan isə sadəcə onun qaranlıq sözlərini şərh etməkdir. İstənilən faşist mədəniyyətinin “qoruyucuları”-na baxmaq kifayət edər: orada yalnız ənənəvi mütəfəkkirləri görmək olar. Alman-faşist qnozisi ənənəçi, sinkretist, okkult mənbələrdən qidasını alırdı. 
Yeni italyan sağçılarının mühüm nəzəriyyə mənbəsi, Yulius Evola, Qraalı “Sionis müdriklərinin protokollar”-ı ilə, kimyagərliyi Müqəddəs Roma imperiyası ilə qarışdırır. İtalyan sağçılarının bir hissəsinin dünya görüşünü genişləndirmək məqsədi ilə onlar De Mestra, Qenona və Qramşini də qoruyucu olaraq əlavə etmələri, sinkretizmi parlaq nümayiş etdirmələrinə işarə edən bir faktdır.

2. Ənənəpərəstlik modernizmin qəbuledilməməsinə aparan qaçılmaz bir yoldur. Ənənəpərəst mütəfəkkirlər texnikada ənənəvi-mənəvi dəyərlərin inkarını gördüklərindən onu damğaladığı bir zamanda, İtalyan faşistləri kimi alman milliyyətçiləri də texnikanı çox sevirdilər. Bu ideologiyanın dərinliklərində Blut and Boden – “Qan və torpaq”- nəzəriyyəsi üstünlük təşkil edirdi. Müasir dünyadan imtina prosesi kapitalizmin müasirlikdən imtina rəmzi altında keçirilirdi. Bu, 1789-cu (və eləcə də 1776-cı) il ruhundan - Maarifləndirmə ruhundan bir imtina idi. Rasionalizm əsri isə müasir pozğunluğun başlanğıcı kimi qəbul edilirdi. Buna görə əbədi faşizm irrasionalizm kimi də müəyyən edilə bilər.

3. İrrasionalizm “hərəkət xatirinə hərəkət” kultu ilə sıx əlaqəlidir. Hərəkət özü özlüyündə çox gözəldir, ona görə də refleksiya və ya hər hansı bir xarici müdaxilə olmadan belə reallaşır. Düşünmə - cəsarətsiz bir işdir. Mədəniyyət potensial olaraq tənqidi münasibət xarakteri daşıdığına görə şübhəli görünür. Burada hər şey var: Qebbelsin şərhi də “ “Mədəniyyət” sözünü eşidəndə, silaha əl atıram”, qəşəng ümumi intellektual ağzıəyrilər, yumurtabaş intellegentlər, snobizm və universitet radikalları – kommunist infeksiyasının bitib-yetişdiyi yer. İntellektual dünyaya qarşı olan şübhə həmişə əbədi faşizmin olduğuna işarə verir. Rəsmi faşist mütəfəkkirləri əsasən müasir mədəniyyəti və liberal intellegensiyanı əbədi dəyərlərdən uzaqlaşmaqda ittiham etməklə məşğul olublar.

4. Sinkretizmin heç bir forması tənqidi qəbul edə bilmir. Tənqidi yanaşma fərqləndirmə üzərində qurulub, fərqləndirmə isə müasirliyin atributudur. Müasir dünyada elmi ictimaiyyət elmin inkişafının əsası olaraq fikir ayrılığına hörmətlə yanaşır. Əbədi faşizmin gözündə isə fikir ayrılığı xəyanət hesab olunur.

5. Fikir ayrılığı – həm də yadlaşmanın bir əlamətidir. Əbədi faşizm inkişaf edir və yaranışından doğan xarici qorxunu istismar edərək konsensus axtarır. Faşizmin və ön-faşizm hərəkatının ilk lozunqları elə həmin xarici, yadfikirlilərə qarşı yönəlmişdi. Beləliklə, əbədi faşizm mənasına görə həm də rasizmə aid edilir.

6. Əbədi faşizim individual və ya sosial frustrasiyadan doğur. Ona görə bütün tarixi faşizmlər, hər hansı bir iqtisadi və ya siyasi krizisdən əziyyət çəkən və qıcıqlanmış aşağı təbəqədən qorxan frustrasiyalanmış orta təbəqəyə əsaslanırdı. Bizim vaxtımızda keçmiş “proletarlar” xırda burjuaziyaya çevriləndə, lümpen isə siyasi həyatdan özünü məhrum edir, faşizm isə bu yeni dönəmdə gözəl auditoriyada tapır.

7. Sosial cəhətdən ümumən kasıb olanlara, əbədi faşizm deyir ki, onların yeganə imtiyazı odur ki, onlar müəyyən bir ölkədə doğulublar. Beləcə milliyyətçilik yaranır. Bundan başqa, hər hansı bir milləti birləşdirən yeganə amil – düşməndir. Ona görə faşist psixologiyasının əsasında konspirasiya ideyası dayanır. Auditoriyanın diqqətini konspirasiyada cəmləməyin ən ideal yolu – ksenofobiyanın prujinlərindən istifadədir. Lakin daxili konsprisaya da yararlı ola bilər, bunun üçün yəhudilər ən uyğun variantdır, çünki onlar sanki həm xarici və həm də daxili düşməndirlər. Sonuncu konspirasiyaya ilişib-qalan amerikan nümunəsi – Pet Robertsonun “Yeni dünya nizamı” kitabını nümunə olaraq göstərmək olar.

8. Davamçılar, həmfikirlilər düşmənlərinin var-dövlətlərini nümayiş etdirdiklərinə görə özlərini təhqiredilmiş hiss etməlidirlər. Mən balaca olarkən, ingilislərin – “beş dəfə yemək yeyən millət” olduqlarını mənə təlqin edirdilər. İngilislər kasıb, lakin vicdanlı italyanlarla müqayisədə daha intensiv qidalanırlar. Varlı yəhudilər isə həmyerlilərinə kömək edirlər, onların hətta gizli qarşılıqlı yardım şəbəkəsi də mövcuddur. Bununla belə həmfikirlilər həmçinin əmindirlər ki, onlar istənilən düşməni məğlub etməyə qadirdirlər. Beləliklə, ritorik tellərin dəyişməsindən asılı olaraq, düşmənlər həm həddindən artıq güclü və eyni zamanda həddindən artıq zəif kimi qələmə verilirlər. Məhz buna görə də faşizm müharibələri uduzmağa məhkumdur: onlar rəqibin reallıqda olan mübarizə qabiliyyətini düzgün qiymətləndirməyə malik deyillər.

9. Əbədi faşizm üçün həyat uğrunda mübarizə yoxdur, mübarizə uğrunda həyat var. Belə olan halda, pasifizm birbaşa düşmənlə qardaşlaşdırır. Pasifizm qınanır, çünki həyat əbədi mübarizə deməkdir. Eyni zamanda Qorxunc Məhkəmə kompleksi də mövcuddur. Çünki düşmən olmalıdır – və olacaq – məhv ediləcək, demək, sonuncu mübarizə baş tutacaq, nəticədə isə hərəkət dünyanı nəzarəti altında alacaq. “Total qərar” olaraq, hesab olunur ki, ümumdünya erası, Qızıl əsr yaxınlaşır.
Lakin bu əbədi müharibəyə qarşı yönəlmiş tezis olur, indiyədək hələ heç bir faşist bu ziddiyyətləri aradan qaldırmağa, onların həll yolunu tapmağa qadir olmayıb.

10. Bütünü mürtəce idealogiyalar üçün dərin aristokratlığına görə elitarizm tipik haldır. Tarix boyunca bütün aristokratik və militarist elitarizmdə zəifə qarşı nifrət hissi olub. 
Əbədi faşizm populist elitarizmə sitayiş edir. Sıradan olan vətəndaşlar dünyada ən yaxşı milləti təşkil edirlər. Partiya ən yaxşı adi vətəndaşlardan ibarətdir. Adi vətəndaş partiya üzvü ola bilər (və ya olmalıdır).
Plebeysiz patrisilərin olması mümkünsüzdür. Hakimiyyəti seçki ilə deyil, gücü hesabına əlinə keçirdiyini bilən lider, həmçinin onu da anlayır ki, onun gücü kütlənin zəifliyindədir, və bu kütlə o qədər zəifdir ki, onu özü ilə aparan bir qüvvəyə ehtiyacı olacağını və ona layiq olduğunu bilir.
Ona görə belə cəmiyyətlərdə, iyerarxik (militarist modeli) qurulmuş cəmiyyətlərdə, ayrı-ayrılıqda hər bir lider, bir tərəfdən ondan bir pillə yuxarıda dayananlara nifrət edir, digər tərəfdən isə onlara tabe olanlara nifrət edir.
Bununla da kütləvi elitarizm daha da möhkəmlənir.

11. Hər bir kəsə və hamıya elə tərbiyə verilir ki, o kəs qəhrəman olsun. Əfsanələrdə qəhrəman nadir, qeyri-adi bir məxluq kimi göstərilir; lakin əbədi faşizmin ideologiyasında bu normadır. Qəhrəmanlıq kultu birbaşa olaraq ölüm kultu ilə bağlıdır. Falangistlərin devizi təsadüfi deyil: Viva la muerte! Eşq olsun ölümə! Normal insanlara ölümün kədərli olduğunu, lakin onu ləyaqətlə qarşılamalı olduğunu deyirlər. Dini inancı olan insanlara isə ölümün fövqəltəbii səadətə çatmaq üçün əziyyətli bir üsul olduğunu deyirlər. Əbədi faşizmin qəhrəmanı ölümə susayır, bu onun qəhrəman həyatına görə verilən ən yüksək kompensasiyadır. Əbədi faşizmin qəhrəmanı həmişə ölməyə tələsir. Bu qəhrəmansayağı çərçivədə, dırnağarası desək, digərlərini öldürməsi daha tez-tez təsadüf edilir.

12. Əbədi müharibə kimi qəhrəmanlıq da – kifayət qədər çətin oyunlardır, əbədi faşizm hakimiyyətə olan istəyini cinsi sahəyə keçirir. Burada isə kişilik kultu yer alır (yəni, qadına qarşı laqeydlik və istənilən nonkomformist seksual vərdişlərinə qarşı amansız təqib: müdriklikdən tutmuş homoseksualizmə qədər). Cins də çətin oyunlardan biri olduğuna görə, əbədi faşizmin qəhrəmanı silahla oynayır, natamam fallosla. Mütəmadi hərbi oyunlar fonunda adi “invidia penis” dayanır.

13. Əbədi faşizm keyfiyyətli populizm üzərində qurulur. Demokratiya şəraitində vətəndaşlar öz şəxsiyyət haqlarından istifadə edirlər; vətəndaşların ümumi toplamı öz siyasi haqlarından yalnız dəyərli səbəblər olduqda istifadə edirlər: əksəriyyətin qərarları reallaşır. Əbədi faşizmin gözündə individium heç bir şəxsiyyət haqqına malik deyil, millət isə keyfiyyət kimi görsənir, ümumi iradəni ifadə edən monolit birlik kimi. İnsan məxluqunun sayından asılı olmayaraq, onlar ümumi iradəyə malik ola bilmədiklərini nəzərə alsaq, lider hamını təmsil etməyə iddialı olur. Seçilmək hüququnu itirdikdən sonra adi vətəndaşlar hərəkət etmirlər, onlar yalnız çağırılırlar – bir qisim bütöv cəmiyyətin adından, pars pro toto – millət rolunu oynayır. Beləliklə də, millət sırf teatral fenomen kimi fəaliyyətini davam edir.

Keyfiyyətli populizmin nümunəsi axtarışında Nürnberq stadionuna və ya Musssolinin eyvanının qarşısındakı dolu meydana müraciət etmək elə də vacib deyil. Bizim yaxın gələcək keyfiyyətli populizmin perspektivi – televiziya və “İnternet” elektron şəbəkəsi seçilmiş müəyyən bir vətəndaş qrupunun emosional reaksiyasını “millətin mühakiməsi” kimi qələmə verməyə qadirdir.

Keyfiyyətli populizmində möhkəm dayanaraq, əbədi faşizm “çürük parlament demokratiyalar”-ına qarşı birləşir. Mussolinin italyan parlamentində çıxışı zamanı dediyi ilk söz: “Bu kar, boz zalı bizim uşaqlar üçün idman zalına çevirmək istərdim”. O, təbii ki, “uşaqları” üçün daha yaxşı yer tapdı, amma yenə də parlamenti də buraxdı. 
Parlament artıq “millətin hökmü”-nü özündə əks etdirmədiyi iddası ilə siyasətçi parlamentin legitimliyini sual altına alırsa, buradan artıq Əbədi Faşizmin qoxusu gəlir.

14. Əbədi faşizm Yeni Dildə danışır (“Yeni Dil” – administrativ-bürokratik xarakterin danışıq dili, müxtəlif planlı xarici sözlərdən dilimizə keçən sözlərlə doludur. Səsləndirilən cümlədəki fikirlərin kölgə altına alınması, sovet dövrü üçün xarakterikdir – red.). YeniDil “1984” romanında Oruell tərəfindən icad edilib və əsərə görə, bu dil Anqsots, İngilis sosializmin rəsmi dilidir, lakin əbədi faşizm elementi olaraq ən müxtəlif diktaturalara xasdır. Nasist, faşist dərslikləri kasad leksika və primitiv sintaksisi ilə xüsusilə seçilirdilər. Onlar şagirdlərdə çətin tənqidi fikirləri yarada biləcək instrumentləri maksimal olaraq məhdudlaşdırırdılar. Lakin biz YeniDilin digər formalarını ayıra bilməliyik, hətta məşhur televiziya pop-şousunda yer alan məsum növünü belə ayırd edə bilməliyik.

Əbədi faşizmin mümkün arxetiplərini bununla bitirirəm. 1943-cü ilin 27 iyul tarixinin səhər saatlarında faşizmin yenildiyini və Mussolininin həbs edildiyni deyib, gedib qəzet almağımı tapşırdılar. Köşkə yaxınlaşdığımda onun qəzetlərlə dolu olduğunu gördüm, lakin orada olan qəzetlərin adları mənə tamam yad idi. Daha sonra başlıqları oxudum və anladım ki, müxtəlif qəzetlərdə müxtəlif şeylər yazılıb. Bəxtəbəxt birini aldım və açıb elə ilk səhifəsində Xristian demokratik, Kommunist, Sosialist, Hərəkət və Liberal partiyalarının adı hallanan beş ya altı partiya tərəfindən imzalanmış deklarasiyanı oxudum. Bu vaxta qədər elə düşünürdüm ki, hər ölkədə yalnız bir partiya mövcud ola bilər və eləcə də İtaliyada yalnız Milli Faşist partiyasının olduğunu düşünürdüm. Öyrəndim ki, mənim ölkəmdə bir neçə partiya mövcud imiş. Hələ bu da son deyil. Ağıllı bir yeniyetmə olduğuma görə, özümə dedim ki, bir gecəyə bu qədər partiyanın yaranması mümkün olan iş deyil. Demək ki, bu vaxtadək onlar gizlin olaraq fəaliyyət göstərirlərmiş.

Deklarasiya ölkədə faşist diktaturasının bitdiyini və ölkədə azadlığın bərpa olduğunu bəyan edirdi: ifadə, çap, siyasi birliklərin azadlığı. Bu sözlər – “diktatura”, “azadlıq” – aman Tanrım, ömrümdə ilk dəfə idi ki, bu sözləri oxuyurdum. Bu sözlər sayəsində mən bir azad qərb insanı olaraq yenidən doğuldum.

Biz hər zaman bu sözlərin mənasının yenidən unudulmamasını nəzərdə tutmalıyıq. Əbədi faşizm hələ də bizimlədir, hərdən o mülki geyimdə gəzir. Əgər kimsə dünya arenasına çıxıb: “Yenidən bir Osventsim açmaq istəyirəm, İtalyan meydanlarında qara köynəklilərin çıxıb marş etməsini yenidən istəyirəm” desəydi bu hamımız üçün çox rahat olardı. Təəssüf ki, həyatda belə olmur! Əbədi faşizm ən məsum forma və növlərdə qarşımıza çıxa bilər. Bizim borcumuz – onun özülünü ortaya çxarmaq və hər yeni çıxan formasını hər gün, dünyanın hər bir nöqtəsinə çatdırmaqdır. Yenidən sözü Ruzveltə verim: “Özümdə cəsarət tapıb deyə biləirəm ki,gecə və gündüz əziyyət çəkərək, bütün vasitələrdən istifadə edərək, ölkəmizin vətəndaşlarının şəraitini yaxşılaşdırmaqda olan amerikan demokrtaiyası canlı bir güc kimi inkişafını dayandırsaydı, faşizmin təsiri ölkəmizdə şübhəsiz ki, artardı” (4 noyabr 1938). Azadlıq və Sərbəst buraxılma – bizim işimizdir. O heç vaxt bitmir. Bizim devizimiz – gəlin unutmayaq! – olsun.


Tərcümə: Gülnar Səlimova
Esquire.ru

Kultura.az | Developed by Samir Yahyazade