Rasim Qaraca: "Əgər yaxın illərdə bir gürcü yazarı Nobel mükafatına layiq görülərsə"

Rasim Qaraca

"Gürcüstanda ədəbiyyat prosesini gücləndirmiş və yazarların dünyaya çıxmaq imkanlarını artırmışdır. Əgər yaxın illərdə bir gürcü yazarı Nobel mükafatına layiq görülərsə bu öz dövlətlərinin onlara yaratdığı imkanlar sayəsində mümkün olacaqdır".

MƏDƏNİ CAVAB

Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə yolladığım məktuba, nazirliyin nəşriyyatlarla iş şöbəsinin müdirinin imzasıyla çox mədəni bir cavab almışam: “Bildiririk ki, məktubunuzda qeyd olunan məsələ Nazirliyin diqqət mərkəzindədir və artıq pilot layihə həyata keçirilir”. Belə bir layihənin həyata keçirilmək ərəfəsində olduğu düzü məni xeyli sevindirdi. Bəs mənim qaldırdığım məsələ nəydi? Yaxşı olar ki, cənab nazirin adına göndərdiyim məktubu olduğu kimi oxucularımın diqqətinə çatdırım:

“Hörmətli Nazir,

Sizə ünvanladığım bu məktub Azərbaycan ədəbiyyatının xaricdə tanınması, yazıçılarımızın ədəbi əsərlərinin başqa dillərə tərcümə və nəşr edilməsi sahəsində mövcud olan bir məsələ ilə bağlıdır. Azərbaycan Respublikasında müasir tələblərə uyğun Kitab Fondunun yaradılmasına ehtiyac vardır. Örnək olaraq Türkiyənin Mədəniyyət nazirliyi yanında yaradılan TEDA proyektini, Almaniyadakı Goethe İnstitutunu, Norveçdəki NORLA fondunu və ya qonşu Gürcüstan Mədəniyyət nazirliyi yanında yaradılmış Georgian National Book Centre (GNBC) təşkilatını göstərmək olar. Dünyadakı bütün mədəni ölkələrin vahid standarta uyğun buna bənzər fondu və ya kitab mərkəzi vardır. Həmin fondların əsas məqsədi yerli ədəbiyyatın xarici dillərə tərcümə edilərək nəşr olunmasıdır. Bundan ötrü həmin fondlar dövlətin ayırmış olduğu büdcə əsasında hər il bir və ya bir neçə dəfə qrant raundları elan edir və xarici naşirlərin və tərcüməçilərin bu imkanlardan faydalanmasını təmin edir. Gürcüstan Respublikasının misalında biz bu prosesin necə getdiyinə nəzər sala bilərik. Gürcüstan hökuməti 2013-cü ildə yaradılmış GNBC təşkilatına hər il 250 000 avro büdcə ayırır (İsveçrədə bu rəqəm ildə 1 000 000 dollara yaxındır). Təkcə bu təşkilatın qısa müddətli fəaliyyəti nəticəsində son üç ildə xaricdə nəşr olunan gürcü yazarlarının əsərlərinin sayı 100-ün üzərindədir. Gürcüstan 2017-ci ildə Frankfurt Kitab Sərgisinin fəxri qonağı elan edilmişdir və bütün bunlar Gürcüstanda ədəbiyyat prosesini gücləndirmiş və yazarların dünyaya çıxmaq imkanlarını artırmışdır. Əgər yaxın illərdə bir gürcü yazarı Nobel mükafatına layiq görülərsə bu öz dövlətlərinin onlara yaratdığı imkanlar sayəsində mümkün olacaqdır.

Azərbaycan Respublikasında bu funksiyanı yerinə yetirəcək heç bir qurum yoxdur. Yeni yaradılmış Tərcümə Mərkəzi və Mədəniyyət Fondu xarici naşirləri və tərcüməçiləri dəstəkləmək kimi vəzifə daşımır. Standartlara uyğun yeni qurum yaradılmalı və ya bu iki təşkilatdan birinin funksiyalarına əlavələr edilməlidir. Hal-hazırda Azərbaycan ədəbiyyatı öz içinə qapanmış durumdadır, istedadlı gənclər var və dəyərli əsərlər də yazılmaqdadır. Klassik və müasir ədəbiyyatımızın xarici dillərdə nəşr olunması məsələsi həllini gözləməkdədir. Respublikamız Avropa Şurasının üzvü olduğuna görə ölkəmizdə mədəniyyət proseslərinin idarə edilməsinin Avropa standartlarına uyğun olması da böyük əhəmiyyət daşıyır və Sizin bu məsələyə xüsusi diqqət verdiyiniz məlumdur. Eyni zamanda ədəbiyyat proseslərinin də mədəni ölkələrdə qəbul olunmuş standartlara uyğun olmasının vacibliyini diqqətinizə çatdırıram.

Bu mövzu ətrafında daha ətraflı danışmaq məqsədilə Sizinlə görüşmək istəyirəm və buna zaman ayırmanızı xahiş edirəm. Nəzərinizə çatdırıram ki, bilavasitə bu məsələlərlə bağlı Goethe İnstitutunun bir neçə seminarında iştirak etmişəm, yetəri qədər təcrübəm var və mövcud strukturun yaradılmasında Sizə yardımçı ola bilərəm.”

Nə isə ki, cənab nazirlə görüşməyimə lüzum qalmadı, sən demə, həllini gözləyən bu vacib məsələylə nazirlik məşğul olurmuş. Əlbəttə, bu barədə ictimaiyyətə vaxtında xəbər verilsəydi, mən də cənab naziri öz məktubumla narahat etməzdim. Güman edirəm ki, nazirlikdən aldığım məktubda qeyd olunan “pilot layihə” uğurla öz həllini tapacaq və biz yazarlara da, Avropa ailəsinin bir üzvü olaraq, standartlara uyğun şəkildə əsərlərimizin xarici dillərə tərcüməsini görmək nəsib olar.

Rasim Qaraca

Azadliq.org
Kultura.az | Developed by Samir Yahyazade