Xruşşov dövrünün Qarabağ şəhidi

Контра

Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!

Çingiz Hüseynovun “Минувшее – навстречу” (“Mənə sarı addımlayan keçmişim”) memuarının “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.

Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.

Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istədim.

Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.

SSRİ ilə münasibətlərin yumşalmasından istifadə edən ABŞ-dakı erməni diasporu sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.

36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.

Kitabdan oxuyaq:

“- Xruşşov: “Məruzəçiyə kimin sualı var?”

– Mikoyan Hacıyevə “sən” deyə müraciət edərək: “Sən qatı millətçiymişsən ki! Sənə belə bir vəzifəni necə həvalə ediblər?”

– Xruşşov Mikoyana: “Şəxsiləşdirmə, mövqeyini bildir”.

– Mikoyan: “Beynəlmiləlçilik prinsipindən çıxış edərək, hesab edirəm ki, erməni diasporunun xahişini yerinə yetirməliyik, xüsusilə, Amerika ilə dostluq münasibətlərimizin yarandığı indiki vaxtda bu, əhəmiyyətlidir”.

Nazim Hacıyevin inadlı dirənişiylə keçən uzun müzakirələrə Xruşşov belə yekun vurur: “Sərhədlərə əl vursaq bir “bardak” yaranar ki, sümükləri yığışdıra bilmərik. Odur ki, sovet ailəsində dostcasına yaşamağa davam edək”.

Anlaşılan odur ki, Qarabağın elə o vaxt Ermənistana verilməsi üçün hər cür “beynəlmiləl zəmin” varmış. Sonralar bütöv bir xalqın qoruya bilmədiyi Qarabağı Nazim Hacıyev tək canına, həyatı bahasına qoruya bilib. Həmin iclasda yaşadığı stress, sonrakı basqı, təhdid və təqiblər öz işini görüb – çox çəkməyib, Nazim Hacıyev yatağa düşüb, vəfat edib. Bəlkə də ölümü sürətləndirən başqa səbəblər də olub.

Dil, milli adət-ənənə, vətən təəssübü çəkən bu siyasi xadimlər daha yüksək vəzifələr tutacaqdı. Kremlə isə təəssübkeş milli kardlar lazım deyildi!

Gənc bir partiya xadiminin qoca kommunist “başyeyən”lərlə döş-döşə gəlməsi rəğbət duyğusu yaratmaya bilməzdi. “Nazim Hacıyev” yazıb axtarış saytlarına baş vurdum. Yalnız Vikipediyanın ruscası onun haqqında bioqrafik məlumat dərc edib.

Azərbaycan türkcəsində isə tək-tük halda rastladım, məsələn, Əziz Mirəhmədov, Cəmil Əlibəyov, İlyas Tapdıq, Nodar Şaşıqoğlu məqalə və müsahibələrində onun adını çəkiblər. Osman Mirzəyevin ondan bir oçerk yazdığını da oxudum, öçerkin özünü tapmasam da. Bakıda 400 metrlik bir küçə də var “Nazim Hacıyev” adında, amma bilmədim həmin adamdırmı!?

Kinomuzun “Mixaylo”su Nodar Şaşıqoğlunun müsahibəsindən:

“O zaman Nazim Hacıyev adlı bir şəxs vardı. Mərkəzi Komitədə təbliğat və təşviqat üzrə katib idi. Yəqin, daha böyük vəzifə tutacaqdı. Vaxtsız ölüm imkan vermədi. Mən onun xatirəsini həmişə əziz tuturam. Bu insan Azərbaycan incəsənətinə o qədər can yandırırdı ki, hər bir sənət xadiminin necə yaşadığını, nəyə ehtiyacı olduğunu xırdalığına qədər bilirdi və kömək eləyirdi. O cümlədən mənim evlə təmin olunmağıma da kömək etdi”.

İçində həqiqət bildiyinə sadiqliyin varsa, hansı ideologiyaya qulluğun önəm kəsb eləmir, ideologiyalar da hakimiyyətlər kimi gəldi-gedərdi. Əsas odur ki, bu günkü şüar vətənpərvərliyi zamanında əsl vətənsevərləri seçə bilək, onları tanıyaq, yad edək, örnək göstərək.

Xüsusən də Xuruşşov dövrünün Qarabağ şəhidi – Nazim Hacıyev kimi tanınmayanları!

Vahid Qazi

P.S. Nazim Hacıyevin oğlu professor Aydın Hacıyev Rusiyanın Arxangelsk şəhərində yaşayır. Onu qohumu Hikmət Hacızadənin bələdçiliyilə feysbukda tapdım. Atasının şəkillərini istədim. Göndərdi. Hələ üstəlik atası haqda yazdığı ”Все понять, но не все простить” adlı kitabını göndərəcəyini də söz verdi. Aydın müəllimdən aldığım fotoları dərc edirəm.

nazim-haciyev-veli-axundovla-sixeli-qurbanovla
Nazim Hacıyev Vəli Axundov, Şıxəli Qurbanovla

nazim-haciyev-semed-vurgunla
Nazim Hacıyev Səməd Vurğunla

nazim-haciyev-aleksandr-selepin-v%c9%99-ekaterina-furseva-il%c9%99
A. Şelepin, Y. Furseva ilə

erm%c9%99ni-partiyasi-ramgavarin-qarabagin-verilmesi-muracieti
Qarabağın Ermənistana verilməsi ilə bağlı erməni partiyasının müraciəti

sov-ikp-mk-musaid%c9%99-m%c9%99ktubu
Nazim Hacıyevə ünvanlanan müşaiyət məktubu

nazim-haciyev-yusif-memmedeliyev
Yusif Məmmədəliyevlə

veli-axundov-nazim-haciyev
Vəli Axundovla

nazim-xx-gurultayda-ikinci-c%c9%99rg%c9%99d%c9%99-molotovdan-bir-bas-yuxarida
Sov.İKP-nin XX qurultayı. İkinci cərgədə Molotovun arxasında
Kultura.az | Developed by Samir Yahyazade