Talıbın xatirəsinə

Публицистика

Britaniyada bir cavan oğlan ayağını iplə bağlayıb, 70 metr hündürlükdən hoppanıb, əlindəki peçenyeni yerdə qoyulan qəhvə fincanına batırıbdır. Buna görə ona Ginnesin rekordlar kitabının diplomunu veriblər, bir sürü adam da toplaşıb əl çaldılar, internetdə videosuna özüm baxdım. 

Gör dünyada nə qədəq xoşbəxt, eyni zamanda boş-bekar millətlər vardır. Bir şərq lətifəsi yadıma düşdü. Adamın biri gəlir müdrik şahın yanına, deyir, möcüzəvi qabiliyyətim var, nümayiş etdirim, mənə hədiyyə, ənam verərsən. Sonra qaça-qaça uzaqdan gəlir, dayanmadan sapı iynənin gözündən keçirdir. Şah soruşur bu “qabiliyyəti” neçə ilə öyrənmisən, adam deyir 7 ilə. Şah deyir tutun buna 70 şallaq vurun. Şallaqlayırlar, adam birtəhər qalxıb soruşur ki, şah sağ olsun, hədiyyə vermədin, vermədin, ta döydürmək niyə. Şah deyir: “Sən ki həyatının 7 ilini belə mənasız bir hərəkəti öyrənməyə sərf eləmisən, səni öldürsək azdır, hələ bu yüngül cəza idi, rədd ol”.

Əlbəttə, mən britaniyalı qardaşımıza cəza verilməsini arzu eləmirəm, çağdaş dünyada əylənmək üçün, adrenalin üçün belə əcaib-qəraib ekstrim üsullarından yararlananlar çoxdur. Sadəcə adam paxıllıq edir. O şeylər ki, Qərbdə ekstrimdir, bizdə adi həyat tərzidir. Misal üçün, həmin Saymon Berri 70 metr uçub peçenyeni qəhvəyə batıran anda Azərbaycanda hansısa bədbəxt “Süleyman bəy” əmək təhlükəsizliyi qaydaları sıfır olan hansısa tikintidə ailəsinə çörək qazanmaq üçün əlləşirdi və bu zaman bəlkə də ayağı sürüşüb 70 metrdən yerə gəlirdi. Və bu yazığı aşağıda qəhvə fincanı gözləmirdi, çünki heç uçan anda da onun əlində peçenye yox idi. 

“Hər kəs öz yaşayışına, dövlətinə, hakimiyyətinə layiqdir”, “Azadlıq qurban tələb edir”, “Bacarana baş qurban” tipli söhbətlər də, təbii, belə hallarda arqument kimi havada dolaşır, ancaq hərdənbir gərək özünü o uğursuz adamların, uğursuz cəmiyyətlərin yerinə qoyasan. Onların layiqli hökumətlər qurmaq imkanları nə qədər olub, bu fürsətlər düşəndə kim yardım edib, kim badalaq vurub, guya indi yaxşı yaşayan xalqların hər bir üzvü o azadlıq və imkanlara haqq edirmi - bu sualları düşünmək lazımdır. 

90-cı illərin ortalarında “Qarayev” metrosu tərəfdə bir fəhlə yataqxanasında qalırdım, orda Talıb adlı faciəvi insanla tanış olmuşdum. 40-a yaxın yaşı vardı, uzun illər sovetin hansısa iyrənc, zəhərli zavodunda çalışıb ağciyər xəstəsi olmuşdu. Ailəsi bezib atmışdı, SSRİ dağılmış, Talıb işsiz qalmışdı, təsadüfi qazancla birtəhər başını girləyirdi. Bir gün mən həyatımın ən tragikomik, indiyədək də unutmadığım və daxilən məni utandıran hərəkətini elədim. Gənc idim, başım bir az fəlsəfə, ədəbiyyat, tarixi qəhrəmanlar havasıyla doluydu, o üzdən Talıba... Nitşe-dən danışmışdım. Ona güclü olmağı, həyatın çətinlikliklərinə sinə gərmək üçün enerjini öz daxilində, öz qəlbində aramağı məsləhət görmüşdüm. Təcili yardım təzəcə iynə vurub getmişdi, yazıq Talıb çarpayıda uzanıb, sönük işığın altında meyit rəngli üzüylə mənə qəribə, küt baxışlarla baxırdı, mən isə ona fövqəlinsandan, kamilləşməyin yolundan, nə bilim, “Zərdüşt belə söylədi”, dəqiq xatırlayıram ki, lap təzə oxuduğum"Antixristian" əsərlərindən mühazirə oxuyurdum. 

Tanışlardan öyrənmişdim, deyirdilər, Talıb mənim o mühazirəmdən hardasa 6 ay-1 il sonra ölübmüş. Doğrusu, mən onu sonralar heç görməmişdim, ancaq “müdrik fikirlərim” hər zaman xatirimdədir, həmişə yadıma düşür, kiməsə bir daha məsləhət vermək istəyəndə, məni çəkindirir. 

Bu gün, yazını yazdığım an bazardır, xristianların müdəqqəs günüdür, ancaq Tanrı varsa, onun istənilən günü qutsal olmalıdır və mən bu günü Talıbın xatirəsinə həsr elədim, getdi. 
O, güclü ola bilməmişdi.

Zamin Hacı

Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade