Rasim Qaraca: Ədəbiyyatı ayağımın altına qoyub, karyera qurmadım...

Литература


2000-ci illərdə təşkilatanan Azad Yazarlar Ocağı qısa zamanda müasir Azərbaycan ədəbiyyatına xeyli sayda yeni imza və əsər verdi. Təxminən on il boyu təşkilat şəklində fəaliyyət göstərən ədəbi çevrə zamanla müxtəlif ədəbi cəbhələrə bölündü. Faktiki olaraq, ədəbiyyatda müxalifətdə olan bu qurumu maddi rifah naminə də, təkəbbür hissindən də tərk edənlər oldu. Bununla belə, AYO-ya yeni gələnlər də oldu, elə əvvəldən bu marginal quruma sadiq qalanlar da...

Rasim Qaraca isə AYO-nun özü hesab olunur. Belə bir təsəvvür var ki, AYO-nu hamı tərk etsə də, tək Rasim Qaraca burda qalacaq və özü AYO olacaq. Amma nə qədər müsbət notlara köklənsək də, istənilən halda qurumdan qopmalar, gedənlərin sonradan dedikləri və AYO-nun son illərdəki zəif fəaliyyəti – "Alatoran" jurnalının nəşrinin dayanması, yeni imzaların parlamaması suallar yaradır.

- Rasim bəy, elə insanlar var ki, müəyyən qurumlarla bağlı olurlar, onları başqa yerdə, tək və ya bu qurumdan kənarda təsəvvür etmək mümkün deyil. Bu mənada AYO və kitab işi ilə o qədər bağlısınız ki, sizi başqa heç yanda təsəvvür etmək olmur. Amma çox yəqin ki, bura qədər keçdiyiniz bir həyat yolu olub. AYO-ya qədərki Rasim Qaracadan bir az danışa bilərsinizmi?

- Günel, əvvəla deyim ki, səninlə söhbət etmək mənə xoşdur, birlikdə başladığımız ədəbiyyat hərəkatına sadiq olduğun üçün sənə təşəkkür edirəm. Bu sualınıza belə cavab verə bilərəm: haqqımda bu cür təsəvvürü media yaradıb, adətən biz, ictimai insanlar olaraq, öz istədiyimizdən daha çox medianın istədiyi kimi görünürük. Mən həmişə yaradıcılıq mövzularında danışmağı arzu etmişam, ancaq jurnalistləri AYO mövzusu, skandal doğura biləcək cavablar maraqlandırıb. Həyat yoluma gəlincə, mənə elə gəlir həyatım bir-birinə dəxli olmayan ayrı-ayrı fraqmentlərdən ibarətdir. Ən gözəl illərim sovetin durğunluq illərinə, imperiyanın dağılmasına, Qarabağ müharibəsinə, aclıq və səfalətin hökm sürdüyü keçid dövrünə təsadüf edib. "Nə yatdıq ki, nə də yuxu görək", - belə bir deyim var. 1993-cü ildə bir şans əsəri Rusiyada, bir türk şirkətində tərcüman olaraq işə düzəlmişəm, tam 7 il ərzində ədəbiyyatdan qopuq, sistematik bir həyat yaşamışam, əlbəttə, nələrsə yazmışam, oxumuşam, lakin ədəbiyyat mühitinin içində olmayınca inkişaf edə bilmirsən, o zaman hələ internet də yox idi. Bu 7 ildə, ondan əvvəlki 2 illlik işsizlik dönəmində, daha əvvəl Əli Bayramlıdakı "Mayak" və "İşıq" qəzetlərində keçən illərim, tələbəlik, Leytenant Şmidt adına Zavodda fəhləlik dönəmlərində - hər birində fərqli bir kimliyim vardı. Detallarını yazsam, çox uzun alınar, - indi yazmaqda olduğum bir kitabda bu dönəmlər əks olunacaq, - həyatımdakı maraqlı hadisələrdən qəşəng bir çələng düzəldib oxucuya təqdim edə bilər, özüm haqqında əfsanə yarada bilərəm, bunun üçün material həqiqətən çoxdur, ancaq mən bu tərzi qəbul etmirəm, elə yazdığım kitabda da bu cür özünüideallaşdırmadan uzağam. Sadə azərbaycanlı ailəsində doğulduğumu, rayon uşağı olduğumu, kasıbçılıqla böyüdüyümü, çoxlu komplekslərim olduğunu, saysız-hesabsız səhvlər buraxdığımı gizlətmək istəmirəm. Dəmirin necə bərkidiyini deyil, - çünki nə dəmirəm, nə də bərkimiş, - bizim şərtlərdə "bir yazar hansı qazanda bişir" sualına cavab vermək istəyirəm bu əsərimdə. Dolayısıyla sənin bu sualına tam bir kitablıq cavabım olacaq yaxın aylarda.



- Belə bir əminlik var ki, 4-5 nəfər AYB-nin ədəbi orqanlarında çap oluna bilmədi və AYO yarandı. Bu təxmin doğrudurmu, yoxsa zaman və yeni ədəbi estetika belə bir qurumun mütləq yaranmasını tələb edirdi?

- Çap olunmaq çətinliyi AYO-nun yarandığı illərdə hələ də vardı, amma ciddi bir çətinlik deyildi bu, ən azından sərbəst şəkildə kitabını buraxa bilirdin. Şəxsən mənim barışmadığım prinsipial məsələ ədəbiyyat idarəçiliyində sovet modelinin hələ də qorunub saxlanmasıydı. Aradan 10 il keçmiş, müstəqil dövlət olmuşduq, fəqət ədəbiyyat aləmində heç nə dəyişməmişdi. 2000-ci ildə Rusiyadan qayıdandan sonra gördüyüm əsas işlərdən biri ədəbiyyat mühitindəki durğunluğu aradan qaldırmaq olub. Nəhayətində dostlarla bir araya gəlib, belə bir ədəbiyyat təşkilatı yaratmağa qərar vermişik. Lakin təşkilati forma alana qədər dəfələrlə toplaşmışıq, çoxlu mübahisələr olub. Özün də bilirsən, marjinal yazar qrupu, hərənin ağzından bir avaz gəlir, idarə etmək, bir yerə toplamaq çox çətin məsələdir. "Alatoran" qəzet versiyasında çıxmağa başlayanda artıq məsələ ciddiləşdi, təşkilati bir forma ala bildik. Təqribən 10 il boyunca AYO intensiv fəaliyyət göstərib, "Alatoran" jurnalının 18 sayı işıq üzü görüb, hələ də yaşayır və yenidən revanş götürəcəyi günlər yaxındadır.

- Hərdən qurumun keçmişi barədə düşünəndə, yadıma sizin uşaqları bir yerə yığmaq üçün ucuz kafe axtarmağınız, az qala heç kim işləmədiyi üçün hesabı sizin ödəməyiniz, məmurların qapısına düşüb kitablarımızı çıxarmaq üçün pul istəməyiniz gəlir. İndi hərə bir tərəfə çəkilib, amma Rasim Qaraca yenə kitab çıxarmaq, tərcümə etdirmək, uşaqları toplamaq, jurnal buraxmaq üçün pul axtarır, çalışır, vaxtını və əsəblərini xərcləyir. Rasim bəy, bu sırf ədəbiyyat təəssübkeşliyidir, yoxsa ədəbi iqtidarda oturmuş Anara olan şəxsi mübarizəniz bu əziyyətləri tələb edir?

Rasim Qaraca, foto: AFU

- Birincisi, nə Anara, nə də başqasına mənim münasibətim şəxsi deyil. Hətta Murad Köhnəqala bu yaxınlarda yayınlanmış bir müsahibəsində "dostluq"dan gen-bol danışıb. Onunla, digər AYO-çularla mənim dostluq münasibətim yalnız qələm yoldaşı, həmkar çərçivəsində olub, içki məclislərindən uzaq qaçmağa çalışmışam, çox nadir hallarda, hər hansı əlamətdar gündə toplaşmışıq, bu ayrı məsələdir, hətta məşhur "Aqşinin evində" mən bircə dəfə də olmamışam, halbuki bütün AYO-çular, və AYO simpatizanları hər gün bu evdə toplaşıb yeyib-içiblər... Mənim mübarizəmin motivləri nə idi? Məsələ burasındadır ki, bizim insanlar yüksək idealların yalnız kitablarda və ya filmlərdə olduğunu düşünür. Öz yanlarında olan, çox yaxından tanısalar belə, bir insanın idealsit olmasına inanmazlar, hər şeydə şəxsi-qərəzlik axtararlar, AYB ilə davalarımızda da bunu görmüşəm, söhbəti şəxsi müstəviyə çəkməyə çalışıblar. Lakin qarşı çıxdığımız insanlar da bizim həmvətənlərimizdir, biz onları yox etmək deyil, islah etmək istəmişik, köhnə sovet düşüncəsini, sovet idarəçilik üsullarını tərk etmələrini, çağdaş, demokratik, dünya meyarlarına uyğun olmalarını istəmişik, bunu onlara təklif etmişik. Ancaq dəyişmək istəməyiblər, artıq, bu, onların öz seçimidir. 2000-ci illərin əvvəllərində ictimai fikirdə bir canlanma vardı, ədəbiyyatda, jurnalistikada, ictimai həyatın başqa sahələrində. Yeni ədəbiyyat qurumunun yaranması birdən-birə ictimaiyyətin diqqət mərkəzinə düşdü, üstəlik qəzet və jurnal fəaliyyəti bu marağı körüklədi. Mən buna "altın dövr" deyirəm, AYO-nun təqdim etdiyi imzaları insanlar qəbul etdi, əleyhimizə yazılan yazılar bu imzaları məşhurlaşdırdı, bir dəfə də demişəm bunu, bizən yaxşı əsərlərimizi AYO-nun aktiv olduğu illərdə yazmışıq. İndi də imzalar var, amma görürsünüz parlaya bilmirlər, bəlkə də daha istedadlı uşaqlardır, amma artıq o meydan yoxdur. Belə yerdə deyiblər, at ələ düşər, meydan ələ düşməz... O illər mənimçün qiymətlidir. Pulumuz yox idi, ancaq ürəyimiz doluydu, həyəcanlıydıq. Bir yerə toplaşmağı bacarırdıq. Məşhur bir foto var, universitetin qarşısında qrup halında çəkdirmişik. Bax o gün mənim dəqiq yadımdadır, bir türk lokantasında oturduq, çay içdik, çox zaman keçdi, artıq yemək yeməliydik, ancaq heç birimizdə pul yox idi. Bax beləcə lokantadan çıxdıq, acqarına o şəkili çəkdirdik. Səhv eləmirəmsə, "Alatoran"ın yeni sayı çapdan çıxmışdı həmin gün... Məmurların qapısına düşməmişəm heç vaxt, bir dəfə çox ağır "şərtlərlə" Gənclər və İdman Nazirliyindən qrant almışam və 8 gənc müəllifin ilk kitabını buraxmışam. Sağ olsun, Fehruz Şamiyev yardım etmişdi bu məsələdə. AYO-nu və "Alatoran"ı dirçəltmək üçün maliyyə imkanlarını hər zaman axtarmışam. İctimai birlik olduğu üçün qurum kənardan maliyyələşməli idi, təbii ki, jurnal da gəlir gətirmirdi. Əslində bu işlərdə pul ikinci dərəcəlidir, istək önəmlidir... Gördüyüm işlərə görə əsəblərimi xərcləyirəm deməzdim, sevdiyim iş olduğu üçün əksinə, zövq almışam və alıram. Lakin məni hərəkətə gətirən motor nədir, loru dildə desək, bunu soruşmaq istəyirsiniz, mən də qısaca cavab verməyə çalışım: Yaşadığımız toplumu bulaşmış olduğu yalanlardan qurtarmaq lazımdır və bu işdə canlı ədəbiyyatın, vicdanlı qələm adamlarının rolu böyükdür, bunu başa düşürəm, lakin bu qiymətli silahı susdurublar, zahirən var belə bir silah, amma oyuncaqdan başqa bir şey deyil.

- Sizcə, nə idi AYO-çuları maraqlı edən - ədəbi müxalifətdə olmaları, yerli dəyərlərə qarşı müxalifətdə olmaları, qəbul edilmiş bütün şərtiliklərə müxalifətdə olmaları? Yaxud sadəcə o dövrün ədəbiyyatı o qədər boz idi ki, fonda AYO-çular görünməyə bilməzdi?

- AYO-nu maraqlı edən də elə yalana bulaşmamış insanların bir araya toplaşmasıydı, hər kəs bir qığılcım gətirmişdi və gur yanan bir lampa olmuşdu. Bu lampanın işığında yalançı millət atalarının iç üzü göründü, klassiklərə yeni baxış, yalançı milli dəyərlər sərf-nəzər edildi, ənənəvi milli ədəbiyyatın çürüklüyü ortaya çıxdı, birdən birə 10 amansız qələm sağdan-soldan özlərinə yalan imperiyası qurmuş xalq yazıçıları ordusuna, vərəsəliklə ədəbiyyata gəlmiş qrafoman sürüsünə qarşı həqiqətləri yazmağa başladı. Tarixi sınma dönəmində biz bunu bacardıq. Əslində bu bir qəhrəmanlıq idi. Hər bir AYO-çunu mən spartalı döyüşçülərə bənzədərdim. Onların bir qəhrəman olduğu gec-tez öz yerini alacaq. Lakin buna təəssüf edirəm, bəzi dostlarımız bu tarixi missiyanı dəyərləndirə bilmədi, bizim uşaqları məqsədyönlü şəkildə, tək-tək satın aldılar, çox ucuz qiymətə, və dostlarımız da buna getdilər, özlərini dahi sandılar, AYO-nun fövqündə hiss etdilər özlərini, halbuki p hərfi də deyildilər, anlamadılar ki biz yalnız birlikdə olanda güclüyük, dəyərliyik. Daha da böyük ola bilərdik, daha da güclü ola bilərdik, əgər hər kəs bu missiyanı dərk etsəydi. Bütün bunlar bizdə kollektiv şüurun inkişaf etmədiyini göstərir, yazarlar hələ nisbətən irəli getmiş sayılırlar, ancaq onlar da təşkilatlanmağa ən yararsız tayfa olduqlarını sübuta yetirdilər, "mən" dedilər, amma "biz" deməyi bacarmadılar.

- AYO-dan ilk və sonradan qopmaların səbəbləri barədə də danışmağınızı istəyərdim. Həmid, Aqşin, Murad... Axı biz hamımız eyni sosial statusa sahib, eyni dəyərləri paylaşan adamlar idik. Niyə Rasimin, Seymurun, Nərminin getdiyi yolu Həmid, Murad, Aqşin və digərləri yarıda buraxdılar?

- Səbəbləri barədə heç nə deyə bilmərəm, müxtəlif səbəblər ola bilərdi, nə də heç kimi qınamaq istəmirəm. İnsan ətdən, sümükdən ibarət zəif bir varlıqdır, bir yerdə dözməyə bilər, iradəsi yetməyə bilər. Axı biz cənub qütbünü kəşf etməyə yollanmamışdıq, böyük iradə göstərməyə ehtiyac da yox idi. Elə Həmidin sözləridir, "hər kəs özü öz bioqrafiyasını yaradır" deyirdi. Səbəb maddiyyat idisə, məsələn, Aqşinin belə maddi sıxıntısı yox idi.

Muradın o illərdə elə hörməti vardı, heç işləmədən də rahat yaşaya bilərdi. Kimi-kimi, ancaq Muradı ütülü kabinetlərdə, yumşaq kreslolarda təsəvvür edə bilməzdim, adam Azərbaycan bardının unikal nümayəndəsidir, amma özü fərqində deyil, xalqın arasında olmalıykən holdinq-holdinq dolaşdı, yumşaq kreslolarda bir az xumarlandı, bacarmadığı rollara girməyə çalışdı. "Rasimə qoşulmasaydım, Elçinlə dost qalsaydım, indi hansısa nazirlikdə bir iş-güc sahibiydim" - dedi, indi də Anarla dostlaşıb, AYB-yə qəbul olunub. Özü demişkən, "ay şair, ay şair, eşqə dair...". "Təbiət səni hazır artist yaradıb, nəşəli, canlı bir insansan, nə işin var sənin rəsmi yerlərdə?"- demək istəyirsən, amma artıq gecdir. Aqşini son dəfə təsadüfən "Karvan" restoranında görmüşəm, xəstələnmədən öncəydi, yanındakı bir yerlisinə, "mənə desəydin, karyerə zəng vurardım sənə bir kamaz kubik verərdilər" - deyirdi, elə o gün bu dəyərli dostumuzun aqibəti mənə məlum idi, çox yüksəklərdə pərvaz edirdi.

Əlbəttə, yüksəklərdə uçmaq yaxşı şeydir, əgər bir gün oradan gurpəlləzinə yerə gəlməsən. Bu cür havalara heç vaxt girməmişəm, ədəbiyyatı ayağımın altına qoyub karyera pillələrində ucalmaq, deputat olmaq, fəxri xiyabanda basdırılmaq kimi arzularım olmayıb, təbii halımdan qopmaq məni hər zaman qorxudub. Seymur, Nərmin və ya sən nə üçün daha uzaqgörənsiniz, özünüqoruma instiktiniz nə üçün belə güclüdür, deyə bilmərəm. Bəlkə də yeniyetmə yaşlarda oxuduğunuz kitablardakı bir söz, filmlərdən eşitdiyiniz bir cümlə sizin zamanın alovlarından sağ çıxmağınıza səbəb olub. Bəlkə də, Həmid demişkən, burada bir mistika var, gözəgörünməz kosmik qüvvələr bunu belə istəyib.

- Bizim çevrə indiyə qədər ən çox söyülən və nifrət edilən ədəbi çevrədir deyə bilərik. Sizcə, niyə? Nə idi istər başqa yazarları, istər oxucuları söyməyə vadar edən?

- İstər yazarlar, ədəbiyyat adamları, istər oxucular sovetlərdən yalana bulaşaraq, əxlaqı pozularaq çıxmış bu xalqın parçalarıdır. Sovet quruluşu insanlarımızı ikiüzlü, yalançı, yaltaq və görməmiş edib və bu cahil kütlənin qrafoman yazarları yetişib, o yazarlar ki ataları Leninə, Stalinə poemalar həsr edərək sağ qalıblar, bunu edərkən öz qələm yoldaşlarını da sürgünlərə göndərməkdən qalmayıblar və oxucu dediyin insanlar da on illər boyunca onlardan tərbiyə alıb böyümüş nadan bir təbəqədir. Birdən-birə bir qrup gənc meydana çıxır və həqiqətləri oxucuların, yazıçıların və xalqın üzünə deyir. Səncə, necə olmalıydı? Axı Seymuru necə sevsinlər, bu adamın aynasında özlərini görüb tanımaq istəmirlər və ya xalını tərsinə sığallayan Güneli, Nərmini necə sevsinlər? Rafiqin Səməd Vurğuna tənqidi baxış sərgiləyən bir yazısına görə, - "Qafqazın qartalı Şaumyan belə..." - az qala üsyan qopmuşdu, zəng zəng dalınca gəlir, öldürməklə hədələyirdilər, bu yazısına görə 2001-ci ildə Yazıçılar Birliyindən xaric etdilər və AYO sıralarına qəbul etdik bu böyük yazıçımızı. Ancaq siz də geri çəkilmədiniz, oxucuların söyə-söyə tərbiyə olunan cinsdən olduğunu başa düşdünüz.



- Yaxşı yadıma düşdü, siz, doğrudan da, heç vaxt siyasətə qarışmadınız. Bunu sizə daxili müdrikliyiniz diqtə edirdi, yoxsa belə lazım idi rahat işləyə bilmək üçün?

- Azərbaycanın ən böyük bədbəxtçiliyi siyasət adıyla ortaya düşənlərdir. Kimlərisə anaları "hökumət" olaraq doğub göndərib, bəziləri iqtidarda olmasalar da, müxalifətdə öz "hökumət"lərini qurublar. Bir baxın onların mavi kostyumlarına, ütülü qalstuklarına, heç iqtidardakılardan fərqlənmirlər. Məqsəd kənddəki bir-iki yetim qohum əqrəbaya hava atmaqdır. İşdir xalq ayağa qalxsa, onlar da iqtidarda öz yerlərini tutacaqlar. Bu mənzərəni görüb siyasətə qoşulmaq deyil, yalnız iyrənmək mümkündür. Əsas məsələ əməli fəaliyyətdir mənə görə, ən azından fərdi nümunə göstərmək, bu cür olmamaq da mümkündür demək.

- "Alatoran" jurnalını yenidən buraxmaq fikrinizin olduğunu eşitdim. Bu necə oldu? İşin istər təşkilatı, istər yaradıcı, istər maddi tərəflərinə bir az aydınlıq gətirməyinizi istərdim...

- Yeni seçilən AYO sədri Fərhad Yalquzaq belə bir təşəbbüs qaldırıb, maliyyə tərəfini 3 ayda bir dəfə qurumun üzvlərindən toplayaraq həll etməyi nəzərdə tuturuq.

- Rasim bəy, ədəbiyyatdan uzaq olsa da, bunu sizdən mütləq soruşmaq istəyirəm. Bu qədər şəxsi, ədəbi, maddi qayğının içində necə belə gənc qala bilmisiniz? Bunun ədəbiyyatla bir bağlılığı varmı?

- Fevralda 57 yaşım tamam olacaq, deyilənə görə, bu yaşı göstərmirəm, ancaq mənə görə elə öz yaşımdayam, başqaları öz yaşında deyil, hərislik, tamah insanları erkən yıprandırır, az qane olmağa çalışıram, həyatın poeziyası mənə görə aza qane olmaqdadır.

Söhbətləşdi: Günel Mövlud

Meydan.tv
Kultura.az | Developed by Samir Yahyazade