Fərid Zülfüqarlı: Aydınlarının yolunu izləyən xalqın ölkəsi

Публицистика

Finlandiyada təhsil aldığım il iştirak etdiyim dərslər, tədbirlər, söhbət etdiyim insanlar və şəxsi mütaliyəmdən gəldiyim qənaət bunu deməyə əsas verir ki, Finlandiya ilə Azərbaycan arasında tarixi inkişaf baxımından fərqliliklərlə müqayisədə oxşarlıqlar daha çoxdur. Griqory Petrovun bir millətin oyanışı – “Bəyaz Zanbaqlar Ölkəsində” adlı kitabını oxumaqla, Finlandiya haqqında biliklərimi bu məqalədə yazmaq qərarına gəldim. Yazıda “bataqlıqlar ölkəsi” Finlandiyanın “bəyaz zanbaqlar ölkəsi”nə çevrilməsində mühüm rolu olan fin milli oyanış və maarifçilik hərəkatının Azərbaycanda baş verən milli oyanış və maarifçilik hərəkatı ilə çox bənzər olmasına baxmayaraq, neft ölkəsi Azərbaycanın zanbaqlar ölkəsinə çevrilməməsinin müqayisəli izahını verməyə çalışmışam. Demək olar ki, hər iki ölkə eyni tarixi prosesi keçib və problemləri yaşayıb. Bənzərliklərin bu qədər çox olduğunu gördükdə, bizim hansı səbəblərdən geri qalmağımızın cavabını verməyə məhkum olduğum suallar beynimi məğul edirdi. Məsələn, 1917-ci ildə Finlandiya müstəqilliyini ilk paytaxtı, təhsil aldığım Vaasa şəhərində elan etmiş, bir neçə aydan sonra paytaxt Helsinkiyə köçürülmüşdür. Sanki hər iki cümhuriyyətin təməlləri eyni ssenari ilə qurulub – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qurulub, sonra Bakıya köçürülməsi kimi! Mövcud olan fərqlər daha çox coğrafi mövqe və təbii sərvətlərin qeyri-bərabərliyi ilə əlaqədardır ki, bu, əslində bizim daha çox inkişaf etmiş ölkəyə çevrilməyimiz üçün potensial üstünlüyümüz idi. Böyük oxşarlıqlara və fərqliliklərin bizim daha çox xeyrimizə olmasına baxmayaraq, Finlandiya tərəqqi edib inkişaf etmiş ölkələr sırasında yer aldığı təqdirdə, biz hələ də geridəqalmış 3-cü dünya ölkələrin sırasındayıq

 

Avropada baş verən aydınlanma və sənaye inqilabından geri qalan Finlandiyada aydınlanmanın başlanması demək olar ki, bizim ölkə ilə eyni dönəmə təsadüf edir, hətta mən deyərdim ki, bizdən də gec başlamışdı. Biz İran, Çar Rusiyası və sonralar Sovetlər birliyindən çəkdiyimiz əziyyətin 5 qatını finlər İsveç krallığı və Çar Rusiyasından, sonralar isə Sovetlər birliyindən çəkmişdilər. Ruslar 1809-cu ildə İsveç Krallığını məğlub edərək Finlandiyanın böyük ərazisini öz imperiyasına qatdı. Çar imperiyası Azərbaycanın işğalını isə hamımıza bəlli olduğu kimi 1813 və 1828 Rusiya-İran müharibələrinin sonu olaraq tamamlamışdı. İsveç Krallığı dönəmində finlər insan yerinə qoyulmur, demək olar ki, şimalın o soyuq iqlimində ölümə, spirtli içki, xəstəliklər və misgin bir həyata məhkum edilmişdilər. Bir millət olaraq, həmişə alçaldılmış və cəhalətdə saxlanmışdır. Rusların gəlişi ilə finlərin əlinə ilk dəfə milləti oyatmaq fürsəti düşmüşdü. İsveç Krallığından fərqli olaraq, ruslar yerli idarəetmədə, məmur postlarında əsl finlərin işləmələrinə imkan yaratmışdılar. Bu zamana kimi finlər idarə etmədən uzaq tutulmuş və bütün məmur postlarını isveç əsilli məmurlar tutmuşdu.

Fin maarifçiləri gənc hegelçi Johan Wilhelm Snelman rəhbərliyi altında ölkəni qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər gəzərək, bütün insanları maarifləndirməyə, təhsilləndirməyə çalışırdılar. Gənc aydınlar xalqa yazıb oxumaqla yanaşı, sağlam həyatdan tutmuş daha məhsuldar əkin-biçinlə məşğul olmağı belə öyrədirdilər. Fin dili və mədəniyyətinin təbliği milli oyanışın və fin millətçiliyin əsas qayəsini təşkil edir və xalqın bütün nümayəndələrini – kəndli və elit təbəqənin bir millət adı altında birləşdirmək məqsədi güdürdü. Çar Rusiyası bizim coğrafiyaya gələndən sonra yalnız azərbaycanlı aydınların apardığı mübarizəni, xalqı ayıltmaq üçün gördükləri işləri, milli oyanış dövründə cumhuriyyətin qurucularının gördüyü işləri hamımız yaxşı bilirik və onların da finli aydınlar qədər iş gördükləri həqiqətini də qəbul etməliyik.

Birinci dünya müharibəsinin sonu Çar Rusiyası parçalanır, Finlandiya azadlığına qovuşur, onun ardınca bizlər, Qafqaz xalqları öz azadlıqlarına qovuşurlar. Fin xalqı azadlığını qoruyub saxlaya bilir, lakin bizlər 23 aydan sonra işğalla barışmalı oluruq. Tarixçilər bəlkə də haqlı olaraq, bu işğalın qarşısıalınmaz, qaçılmaz olduğunu vurğulayır, lakin mən bunun əsas səbəbinin ümumilikdə o dövr insanımızın geridəqalmışlıq, cəhalət və savadsızlığı ilə əlaqələndirirəm. Bəlkə də əsas səbəblərdən biri məhz bu idi. Təqribən 50 ziyalının cəhalət qaranlığında uyuyan müsəlman ümmətindən bir millət yarada bilməsi, yoxdan dövlət var etmələri böyük tarixi uğur olsa da, bu dövlətin yaşaması, ağıllı və savadlı bir millətin olmasını zəruri edirdi. Lakin müsəlman dünyasında və şərqdə ilk demokratiyaya və səsvermə hüququna sahib olan Fatmanisə xalanın bu dəyəri anlayacaq dünya görüşü, savadı, bu azadlığı qorumaq üçün Məhəmmədhəsən əminin vətən, millət və azadlıq eşqi, azadlıq yanğısı yox idi. Uzun müddət İsveç, sonra isə Rus əsarəti altında yaşayan fin xalqı XIII əsrdən ilk müstəqilliklərinə qədər (XIX əsrə qədər)  heç bir zaman azadlığın, dövlət olmağın nə olduğunu bilməmişdi. 13-cü əsrdən ilk cumhuriyyətimizə gedən tarixi yolda bizlər nə imperiyalar, nə dövlətlər qurmuşduq. Bəli həmin o cəhalət idi ki, biz cumuriyyətimizin sevincini 23 ay yaşa bildik. İkinci dünya müharibəsində Sovetlər Finlandiyanı işğal etmək üçün 2 böyük cəhd göstərsə də buna nail ola bilmədi. Fin xalqı istər diplomatik olaraq, istərsə də savaşaraq, müstəqilliklərini qoruyub saxlaya bildi. Polşa, Baltikyanı və digər ölkələr isə işğaldan canlarını qurtara bilmədilər. Qurduqları dövləti qoruyub saxlamaq yalnız ağıllı xalqların bacara biləcəkləri iş idi. Bu xalq müharibədən sonra nəinki dövlətlərinin yaşamasını təmin etdi, həmçinin hegomon qonşusu ilə ortaq dil tapıb iqtisadi-siyasi əlaqələr belə qurmağa və bu əlaqələrdən tərəqqi etməyə müvəffəq oldu.

Finlandiya 2-ci dünya müharibəsindən sonra Sovetlər birliyinə müharibənin qalibi kimi müharibə zərəri olaraq, dönəmin pulu ilə çox böyük miqdarda – bir qismi nəğd, digər qismi isə sənaye məhsulları və xam mal qismində cərimə ödəməli idi. Cərimə 1938-ci ilin qiyməti ilə 300 milion dollar (bu günün pulu ilə 4-5 miliard avro) 8 il ərzində ödənilməli idi. O zaman üçün bu, fin iqtisadiyyatı üçün çox böyük yük idi.  Ölkə iqtisadi olaraq tamamilə çökmüş, böhran içində, müvcud olan yalnız meşə sənayesi və kənd təsərrüfatı var. Lakin bu ağır iqtisadi yük Finlandiyada sənayeləşmənin sürətlənməsinə səbəb oldu. Sovetlər ilə ağıllı qonşuluq siyasəti çərçivəsində finlər həm öz ixracatını reallaşdırmaq üçün Sovetlər kimi böyük bir bazara, həmçinin ucuz enerji daşıyıcılarını almaq üçün etibarlı tərəfdaşa sahib oldular. Finlər müharibə zərərini nəğd pul ilə yanaşı aşağıdakı şəkildə ödəməli idi:

  • maşın və avadanlıq 33,6%
  • yeni istehsal olunmuş gəmilər 20.1%
  • kağız sənayesi məhsulları 19,7%
  • ağac sənayesi məhsulları 13,7%
  • kabellər və əlaqədar məhsullar 8,3%

 

Ağac və kağız sənayesindən başqa digər sahələr inkişaf etməsə də, finlər bu sahələrin inkişafına və bununla da sənayenin diversifikasiyasına (şaxələnməsinə) nail oldular. Xüsusi ilə də mühəndislik və gəmiqayırma sahələrinin inkişafına nail olmaqla finlər meşə sənayesi və kənd təsərrüfatı ölkəsindən ağır sənaye ölkəsinə çevrilmiş oldu. Qeyd etməliyəm ki, bütün bu iqtisadi nailiyyət 8 il ərzində baş vermişdir. Bu hətta bizim 25 illik müstəqillik dövrümüzdə milyardlarla neft pullarının ölkəmizə gəldiyi XXI əsrdə əldə edə bilmədiyimiz bir uğur göstəricisidir. Beləliklə, ağıllı siyasətin nəticəsi olaraq, Finlandiya sonralar Sovet İttifaqından əsasən neft və digər xammal idxal etməklə yanaşı, əvəzində maşın, avadanlıq və istehlak malları ixrac edirdi. 70-ci illər ucuz Sovet nefti Finlandiyaya bahalı dünya neft bazarından qorunmağa yardım etdi. 1983-cü ildə Sovet İttifaqı ilə iqtisadi əlaqələrini ən yüksək zirvəyə çatdıraraq,  idxalı 27, ixracatı isə 25 faiz yüksəltmişdir. Sovetlərlə qonşuluq münasibətini pozmadan illərlə Avropa Birliyinə girməkdən imtina edən Finlandiya hökuməti həm onun üstünlüklərindən yararlanmış, həmçinin Avropa Birliyi ilə münasibətləri daim isti saxlamışdır. 1991-ci il Sovet ittifaqı dağılmadan öncə Avropa Birliyinin (AB) təklifini qəbul etməyən Finlandiya elə növbəti il Sovetlər birliyinin dağılmasından istifadə edərək, AB-yə üzvlük üçün müraciət etmiş, 1995-ci ildən rəsmən AB üzvü və 2005-ci ildən isə AB-nin vahid pul sisteminə (yevro) qoşulur. Finlandiya bəzi iqtisadi, sosial, təhsil və digər göstəricilərinə görə AB-nin qurucusu olan Fransa, Almaniya, İtaliya, Belçika, ABŞ və Yaponiya kimi güclü dünya ölkələrini qabaqlayır. Fin xalqı dünyanın ən çox mütaliyə edən xalqları sırasında birinci yerdədir. Unikal təhsil sistemi, uşağa, məktəbli və tələbəyə fərqli yanaşma və münasibət, özünəməxsus tədris metodları, müəllim pedaqogikası ilə dünya sıralamasında fin təhsil sistemi ön sıralarda yer alır. Sabitlik və təhlükəsizlik baxımından Finlandiya dünyanın ən təhlükəsiz ölkəsi hesab olunur. Güclü səhiyyə sistemi, tibbi sığorta sistemi insanların normal yaşaması, xəstəliklər zamanı pulsuz müalicə və müayinə olunmasını təmin edir. Sosial yönümlü sistemə sahib olduğu üçün Finlandiyada dövlət vətəndaşı iş yeri olmadıqda, evlə və aylıq təqribən 800 avro məbləğində müavinətlə təmin edir. Bir sözlə, dövlət vətəndaşları ən azı minimum yaşaması üçün zəruri olan hər şeylə təmin edir.  Haşiyəyə çıxaraq bildirmək istəyirəm ki, 5 ay Vaasa şəhərində yaşadığım müddətdə mən çöldə dilənən çox az sayda (2 ya 3 dəfə) insan gördüm. Finlandiyada məktəbəqədər, orta və ali məktəb təhsili pulsuzdur. Hər bir tələbə 500 avro aylıq təqaüd alır. 


Johan Wilhelm Snelman və onun yaratdığı ziyalı qrupu, fin gəncinin aydınlatdığı beyinlər özlərinin dili ilə desək, əziz Suominin çiçəklənməsinə nail oldu. Bizim Snelmanlarımızmı yox idi, ya aydınlarımızmı onlar qədər çalışmırdılar? Yox, təbii ki. Bizim aydınlar da az deyildi və hər iki ölkənin aydınları eyni həvəs, güc və ehtirasla xalqlarının aydınlanması üçün mübarizə aparırdılar. Yalnız bir fərq ondan ibarətdir ki, fin xalqı öz aydınlarına inanır, onlara etimad göstərir, yaşlarının gənc olmasına baxmayaraq xalqı ağ günə çıxaracaqlarına inanırdılar. Snelman və onun başçılıq etdiyi bir qrup ziyalıya nəinki xalq, həmçinin məmurlar, həkimlər, tacirlər və s. inanır, onlarla əməkdaşlıq edir, xalqın maariflənməsi üçün öz tövhələrini verirdi. Məlumat üçün deyim ki, Finlandiyada sənayeləşmə Helsinkidə Luteran Keşiş Alfred Kihlmanın (1825–1904) Helsingfors oğlanlar üçün məktəbini yaradaraq ona rəhbərlik etməsi ilə başlamışdır. Bu adam keşiş olmaqla yanaşı çox güclü maliyyəçi, biznesmen və kapitalist olaraq, sahibkarlığın inkişafına ağıllı investisiya yatırımları edib və 1871-ci ildə Nokia şirkətinin yaranmasına öz tövhəsini vermişdir. Biz finlərlə müqayisədə təbii sərvətlərin, iqlimin, münbit torpaqların, gursulu çayların, günəşli saatların miqdarı və s. görə çox şanslıyıq. Bizim aydınlarımız da fin aydınlarından az deyildi, və onlar qədər cəhalətdə uyuyan xalqlarının oyanması üçün mübarizə aparırdılar. Mirzə Şəfi Vazehdən üzü bu yana, Bakıxanov, Şirvani, Axundov, Zərdabi, Cəlil, Sabir, Cəfər Cabbarlı, Haqverdiyev və digərlərinin apardığı maarifçilik mübarizəsində xalqın bu aydınlara arxalarını çevirdiyini, min bir maneələrlə qarşılarını aldığını, öldürmək cəhdlərini və s. çox aydın görmüşük. Xalq ağıllı ziyalıların məsləhətinə, tövsiyyəsinə məhəl qoymayıb, cahil, savadsız və yalançı mollaların ətəyindən yapışmışdı. Bir sözlə, bizim aydınların çəkdiyi əzab-əziyyət, dini xurafat, cəhalət, insanların aydınlara olan etimadsızlığı (burda necə də Sabirin “Oğul mənimdir əgər, xutmuram əl çəkin!, Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!” misraları yada düşür) bizi bu prosesdə geri saldı. Yuxarıda adını çəkdiyim Luteran keşişin Finlandiyaya verdiyi tövhə qədər Azərbaycana tövhə verən bir molla, din xadimi tanıyırıqmı? Maarifçilərin əsərlərindən oxuduğumuz molla simalar yalnız şərin, yalanın, qaranlığın təmsilçiləridir. Bizdən fərqli olaraq, fin din xadimləri daim aydınların yanında yer alıb və maarifçilik ideyalarının yayılmasında iştirak ediblər. Ümumiyyətlə, istənilən xristian ölkəsinin tarixinə baxsaq son 2 əsrdə ölkənin maariflənməsinə tövhə verən ən azından bir nəfər də olsun keşiş tapa bilərik. Din xadimlərinin ziyalılarla çiyin-çiyinə mübarizə aparması nümunəsini mən bizim tarixdə görməmişəm.

Müasiri olduğumuz dövrdə belə dövrümüzün aydınları ardınca getmək istəyənlərin sayı barmaqla sayılacaq qədər azdır. Biz millət olaraq aydınları inkar edərək gəlib bu günümüzə çıxmışıq. Bizim aydınlar çox böyük adamlar olublar vallah, bu qədər maneənin qarşısında tab gətirib, hələ bizim üçün bir cümhuriyyət də qurublar. Aydın övladlarına etimad edən finlərin qurduğu və bu günə daşıdığı ölkə ilə aydınlarını inkar edən azərbaycanlıların qurduğu ölkənin müqayisəyə gəlməməsindəki fərq əslində bu qədər sadədir. İnsan övladı artıq kosmosun sirrinə vaqe olub, digər planetlərdə yaşamaq üçün qarşısına hədəflər qoyduğu bir dönəmdə biz yüz illərdir ki eyni yalnışı etməkdə davam edirik. Yaşadığımız 21-ci əsrdə belə insanlarımız müxtəlif radikal dini təriqətlərdən gələn dini düşüncələrlə silahlanıb cəhalətə yuvarlanırlar. Biz iki əsr bundan öncə əcdadımızın etdiyi inkarçı mövqeyi sərgiləyərək, maarifçi aydınlarımızın yolu ilə deyil, cəhalət yolu ilə gedirik. İşin faciəvi tərəfi odur ki, ölkəni idarə edən qüvvələr belə 20-21-ci əsr aydınlarını inkar etməklə hakimiyyətdə qalmaq yolunu seçiblər. Bir xalq o zaman yazıq olur ki, onun hakimləri xalqı cəhalət və geridəqalmışlaqla idarə etsin. Yuxarıda qeyd etdiyim kimi Fin xalqı 8 il içərisində sənayeləşmənin əsasını qoya bildi. Bu gün müstəqilliyimizin 25-ci ilidir, finlərlə müqayisə olunmayacaq dərəcədə təbii sərvətlərlə zəngin bir coğrafiyada yaşayırıq. Bu illərdə milyardlarla neft pulları gəldi, nə güclü sənayemiz oldu, nə güclü iqtisadiyyatımız, təhsil, səhiyyə və ümumi mədəni durumumuz isə göz qabağındadır. 1918-ci il cümhuriyyətimizin məğlubiyyəti bizi tarixi məcramızdan sapdırdı. Aydınların qurduğu cumuriyyətimiz daha uzun yaşasaydı, 17-ci ildə fin aydınların qurduğu Suomi kimi Azərbaycan da daha güclü və inkişaf etmiş bir ölkəyə çevrilə bilərdi. Əminəm ki, finlərin tərəqqi etmələrinin səbəbi məhz budur, aydınların qurduğu Suomi. Əslində bir yol var, ölkəmizi öz tarixi məcrasına geri qaytarmaq, aydınlara qulaq asmaq, onlara etimad göstərmək, güvənmək, dəstək vermək, onların işıqlandırdığı yoldan getmək, idarə edənlərimizi aydınlardan seçmək, dövlətimizin və gələcəyimizin təminatçısı olan aydınlarımızın ətəyindən bərk-bərk yapışmaq. Necə ki Suomi insanları gənc aydınlarının ətəyindən bərk yapışmışdı. Hələ də gec deyil.


Fərid Zülfüqarlı
Azadlıq.az

Kultura.az | Developed by Samir Yahyazade