Dostoyevski: Kimlik axtarışları və Qərb problemi

Публицистика


İki yüz il əvvəl Rusiya indikindən daha aktualdı: istər siyasət, istərsə də düşüncə və sənət sahəsində. Həmçinin, XIX yüzillik, bir çox xalq kimi rus xalqı üçün də taleyüklü bir mərhələ olmuşdu. Bununla belə, Sənayeləşmə çağının rus insanı yeni başlanğıclar üçün önlərindəki naməlum dünyaya atılmağa hazır, lakin çox güclü duyğu qarmaşasında başsız idi; onları içində olduqları lənətli əsarətdən çıxarıb yeni torpaqlarda krallıq qurmağa aparacaq bir Musaya, mənəvi rəhbərə ehtiyacları vardı. Bu işi siyasətçi görə bilməz, təqlidçi rus ziyalısı da bacarmazdı. Elə isə kim?! İşin öhdəsindən yalnız bir ruh bilicisi, əsrarlı-mistik təcrübələrin usta bir kahini gələ bilərdi. Şübhəsiz ki, əsl ruslar bu qnostik həqiqətdən xəbərdar idilər; çünki missiya öz xalqının ilkin başlanğıcları ilə birləşmə və onun ruhi topoqrafiyasına yaxşıca bələdçiliyi tələb edirdi. Çünki vəd edilən krallıq, yeni Rusiya qaçılmaz şəkildə nəhayət özünün bütün formaları və mənəviyyatı ilə xalqının mayasında olanı əks etdirməli; içində olduğumuz maddi dünyanı tərsinə çevirib təmiz dini məzmun qazanmalı idi. Rus olanlar üçün, bu, ciddi şəkildə vəd edilən və hazırlaşılan bir axır-zaman, çoxdan gözlənilən apokalipsisdi (Bəlkə də elə kommunizm kimi?). Elə isə, bu, həm də bir iman məsələsi idi və şübhə götürmürdü. Onlara həmin qeyri-dünyəvi missiya üçün dünyamıza şeytani bir sərxoşluq içində yad, yad olduğu qədər də doğma olan biri gərəkdi. Elə biri ki, Rusiya uğrunda bu rusların hər birinin yerinə illər uzunu artıqlaması ilə əzab çəkmiş olsun; öz dünyasını cənnətlə cəhənnəm arasındakı Ərafda quran yeni bir məsihin Rusiyanın ruhunu xilas etmək, arındırmaq və bəlkə də qutsamaq üçün yaxında çarmıxa çıxacağı bütün ruslar tərəfindən, ən azından hissi səviyyədə, çoxdan bilinən hadisə idi və heç şübhəsiz, bu yaxınlaşan əlamətdar hadisənin oyanıq milli şüura ilk müjdəsi ilk həqiqi rus dəhası Puşkinlə verilmişdi.

Belə bir taleyüklü məqamda Tanrı Rusiyaya verdiyi müjdəni doğruladı; xalqının arasından bir nəfər çıxaraq az da olsa tərəddüd etmədən Rusiyanın gedəcəyi yolu açıq-aydın göstərdi, aydınlatdı və bu yolu özündən sonrakı yeni nəsillər üçün miras qoydu. Başqası, yaxud yad biri tərəfindən deyil, elə Rusiyanın öz peyğəmbəri, vaizi, baş kahini Fyodor Mixayloviç Dostoyevski tərəfindən açıldı bu yol. Əlli səkkiz illik ömrü ərzində bir an belə taleyinin çarmıxından düşməyən Dostoyevki, öz əsərləri ilə yeni bir universal insanlığın, yeni bir Rusiyanın - Birləşmiş Rusiyanın - həm müjdəçisi, həm də təlimçisidir. Hətta ölümü ilə də artıq Rusiyanın ruhu xilas edilmişdi; əsl rus ruhu daşıyanlar öz mənəvi qaranlıqlarından qurtuluş üçün ən azından onun əsərlərinin dünyasında hər zaman bir ümid işığı tapa bilərdilər.  

F.Dostoyevskini Rusiya ilə bağlayan bağlar çox dərin idi. Lap uşaqlığından Dostoyevski bütün qəlbi ilə təhkimli Rusiyaya iman etmişdi. Bu imanda, şübhəsiz, İbrahimdən, onun saf və böyük imanından nə isə vardı. Dostoyevskinin çəkdiyi bütün əzablar Rusiya üçün idi; qəhrəmanlarından Stavroqinin qəfil verilən "Tanrıya inanırsınızmı?" sualı qarşısında təvazökar Şatov dərin sarsıntı və tərəddüdlə "Mən Rusiyaya inanıram" cavabını verir və sadəcə Rusiya uğrunda Tanrının varlığını qəbul edir. Avropada yaşadığı vaxt, daha doğrusu onun üçün ikinci sürgün olan həmin əzablı illərdə belə, səfalətə, kəskinləşən epilepsiyaya, ödənməsi üçün dayanmadan işlədiyi borclara, ən pis həyat şərtlərinə baxmayaraq Dostoyevski ümidsizliyinin qurtarmaq bilməyən tək fəryadı vardı: Rusiya... Başqası yox, elə Dostoyevskinin özü, Şatov və digər qəhrəmanları kimi, bütün ömrü boyu daxilində Tanrı sualı soruşan şeytan və yalnız Rusiyaya iman edən qəlb gəzdirmişdi. Ən inanılmaz şərtlərdə, xəstəlik və səfalətin ən dözülməz həddində tək istəyi vardı; Rusiyaya geri qayıda bilmək.

F.Dostoyevski, həyatının ən çətin vaxtlarında, bir neçə dəfə, ruslar, öz sevimli uşaqları tərəfindən faciəvi şəkildə unudulmuş və tərk edilmişdi. İllər uzunu taleyi yazıçıya şüurlu şəkildə əzab vermiş, xalqı da sanki onun öz tale şeytanıyla olan bu amansız çarpışmalarını görmək istəməmişdi. Dostoyevskinin tale portretini çox böyük psixoloji ustalıqla yaradan Stefan Sveyqin diqqət çəkdiyi kimi, "Həyat onu üç dəfə havaya atıb, üç dəfə yerə sərir. Erkən yaşda şöhrətin şirin qidasıyla yenilir: İlk kitabı ona ad bəxş edir, amma dərhal ardınca güclü pəncələr onu yenidən tutaraq adsızlar diyarına atır: Həbsxanaya, Katorqaya, Sibirə. Sonra daha güclü və daha cəsur halda yenidən qayıdır: "Ölülər Evindən Qeydlər" Rusiyanı gic edir. Hətta Çar da kitabı gözyaşları ilə oxuyur. Rus gəncliyi onun üçün alışıb yanır. Jurnal çıxarır, səsini bütün xalqa yönəldir, ilk romanlar yaranır. Sonra qəfil maddi vəziyyəti tamamilə pisləşir, borclar və qayğılar onu ölkəsindən çıxarır, xəstəlik bədənini gəmirir, bir köçəri kimi bütün Avropanı gəzir, xalqı tərəfindən unudulur. Amma iş və məhrumiyyət illərindən sonra üçüncü dəfə adsız səfalətinin qorxunc sularında yenidən baş qaldırır" (burada S.Sveyqə aid edilən hissələr onun "Üç büyük usta: Balzak-Dikens-Dostoyevski" kitabının türkcəyə tərcüməsindən (Türkiye İş Bankası kültür yayınları) götürülmüşdür) və sonda (nəhayət!) Tanrı Əyyuba üzünü yenidən çevirir. Yehova tərəfindən iman sınağına çəkilən və bu sınaqdan üzü ağ çıxan peyğəmbər Əyyub kimi Dostoyevski də, metaforik şəkildə, Rusiya uğrunda sağlamlığını, olan-qalan varını, hətta övladını itirmişdi, lakin ən çətin anlarında belə, Rusiyadan üz döndərməmişdi. Artıq sınaq bitmiş və o, öz vətəninə, bütün hayqırışlarının tək ünvanı  Rusiyaya geri qayıtmağı bacarmışdı. Bu ümidsiz, tərki-dünya, çağının qeyri-müəyyənlik girdabında başsız və məqsədsiz dolaşan insanların, həqiqi Üçüncü Səltənət sakinlərinin bütün suallarına cavab vermək və onları yeni bir iman və krallıqla müjdələmək üçün, çox sevdiyi uşaqlarını, öz ruslarını qəlbindəki bitib-tükənmək bilməyən imanın şölələri ilə vaftiz etmək, onların qaranlığa qapılmış ümidsiz ruhlarını xilas etmək üçün, bəlkə də, Rusiyanın baş kahini kimi son vəzini vermək üçün Tanrı nəhayət Dostoyevskiyə böyük bir imkan vermişdi. Bəlkə də, necə ki meyvənin saf yetişməsi üçün ağacın qışın soyuğundan, qarından, digər çətinliklərindən keçməsi lazımdır, eləcə də Dostoyevskinin bütün həyatı boyu sürən əzabları da son meyvənin - Rusiyaya qoyacağı zehni mirasın - daha mükəmməl və əminliklə yetişməsi üçün idi.

F.Dostoyevski 52 yaşında Avropadan Rusiyaya qayıtdı və daha bir neçə il yaşadı. O, bu illərdə şöhrətinin zirvəsində, S.Sveyqin sözləri ilə desək, "son gücünü də yığıb, sənətinin ən son həddinə yüksələrək xalqının gələcəyinə olan vəsiyyətini bitirir: "Karamazov Qardaşları" ". Əgər Dostoyevski Rusiyanın yeni İsasıdırsa, heç şübhə yoxdur ki, "Karamazov Qardaşları" onun İncilidir. "Karamazov Qardaşları" Dostoyevskinin yeni Rusiya üçün şad xəbərləri, həm də peyğəmbərcəsinə son vəsiyyəti idi. Bununla belə, bütün ruslar üçün böyük  günah çıxartma günü hələ qabaqda idi.

1880-cı il, iyun ayının 7-də Moskvada Puşkinin - yüzüncü ad günü münasibəti ilə - abidəsinin açılış mərasimi baş tutmalı idi. Hər iki cəbhədən, qərbçilər və slayyançılardan, Rusiyanın ən böyük ziyalıları, həmçinin Dostoyevski və fikir düşməni qərbpərəst Turgenyev Puşkin haqqında çıxış etmək üçün Rus Ədəbiyyatını Sevənlər Cəmiyyəti tərəfindən həmin mərasimə dəvət edilmişdi. Dostoyevski bu münasibətlə bütün "həyatı boyunca heyranlıq duyduğu, mənəvi yol göstəricisi və böyük rus dəhası olaraq gördüyü Puşkin haqqında bir nitq hazırladı" (Konstantin Mochulsky) və mərasimdən bir neçə gün əvvəl Moskvaya gəldi. Yazıçı burada slavyançılar ilə xalqçılar tərəfindən yüksək bir coşğuyla qarşılandı. Yeməklərdə, etdiyi çıxışlardan sonra verilən fasilələrdə böyük bir insan kütləsi - gənclər və yaşlılar - qaçaraq Dostoyevskinin yanına gəlir, əllərindən öpür, çiçək verir, ağlayır, onu yenidən danışmağa məcbur edir,  "Siz bizim peyğəmbərimizsiniz, 'Karamazov'u oxuduğumuzdan bəri biz daha yaxşıyıq" - deyirdilər. Yazıçının özü bütün bunları tamamilə yeni bitirdiyi romanı "Karamazov qardaşları"nın təsirinə bağlayır. O, bu vəsilə ilə arvadına göndərdiyi məktubda yazırdı: "Və doqquzun yarısında getmək üçün qalxdıqda (kütlənin üçdə ikisi orda idi) ...bütün kütlə mənimlə birlikdə paltosuz və papaqsız halda çölə töküldü və arabama qədər məni müşayət etdilər. Və birdən əllərimi öpməyə başladılar - və sadəcə bir deyil, onlarla adam, üstəlik sadəcə gənclər deyil, saçları ağarmış yaşlı adamlar" (Konstantin Mochulsky, "Dostoyevski: His life and works", Princeton University Press, 1971). Lakin Dostoyevskinin Turgenyev və qərbçilər üzərində bir neçə gün sonrakı böyük zəfərinin - Puşkini Rusiyanın peyğəmbəri elan etdiyi həmin çıxışının - yanında bütün bunlar çox kiçik şeylərdi.

Puşkinə qoyulan abidənin açılış mərasimində Turgenyevin mülayim, dostyana abu-havada etdiyi çıxışının sabahısı gün olanlarla bağlı S.Sveyq yazır: "...Dostoyevski söz aldı və şeytani bir sərxoşluq içində, daşlaşmış bir fosil kimi danışdı. Qısıq və alçaq səsindən birdən bir göy gurultusu kimi qopan sərxoşluğun alovlarıyla rus xalqının birləşməsinin müqəddəs missiya olduğunu elan etdi. Dinləyicilər həyəcan içində onun dizlərinə qapandı. Salon sevinc qışqırıqlarından sarsılır, qadınlar onun əllərini öpür, bir şagird önündə huşunu itirir və digər bütün natiqlər çıxışlarını ləğv edirdi. Həyəcan və coşğunun qarşısı alına bilmirdi..." Gözlənilən möcüzə baş vermiş, yazıçının bütün həyatı uğrunda çalışdığı, xəyalını qurduğu birləşmiş, bütün fikir ayrılıqlarını bir kənara atan milli Rusiya bir anlığa mümkün kimi görünmüşdü. Tarixi çıxışın ardından dünənin düşmənləri bir-birini qucaqladılar. Turgenyev göz yaşları içində "Əcinnələr"in yazarının əlini sıxdı. Elə bir təəsürat vardı ki, bundan sonra artıq heç nə əvvəlki kimi olmayacaq. Dostoyevski Puşkin barədəki nitqi ilə bağlı arvadına belə yazırdı: "Bu gün Cəmiyyətdə çıxışım vardı; salon tamamilə doluydu. Xeyr, Anya, xeyr, yaratdığı təsiri əsla təxmin edə bilməzsən... Sonda insanlığın universal qardaşlığından bəhs etdiyim zaman salon demək olar ki, isteriyaya tutulmuşdu (sənə hayqırışlardan və vəcd içindəki bağırışlardan danışmayacağam) ...bir-birini tanımayan insanlar ağlayaraq qucaqlaşır və daha yaxşı olacaqları, bundan sonra bir-birinə nifrət etməyəcəklərini, sadəcə sevəcəklərini hayqırırdılar" (Konstantin Mochulsky). Bu vəziyyət təxminən yarım saat çəkir. Kütlə sanki dəli olmuşdu. Bəziləri hətta yazıçıya doğru qaçaraq ayaqlarına qapanırdı. Rus Slavyançılığının liderlərindən Aksakov Dostoyevskinin bu çıxışından sonra danışmaqdan imtina edir, lakin kütlənin təkidi ilə kürsüyə çıxmalı olur və yazıçını peyğəmbər elan edir. Həmin gün xalqçılarla yanaşı qərbçilər də təbii bir həyəcanla bir müddətliyinə aralarındakı ayrılığı unudub vəcd içində Rusiyanın "peyğəmbərini" qutsayırdılar.

Bu böyük hadisədən cəmi səkkiz ay sonra, 1881-ci ilin 10 fevral günü bütün Rusiya daha bir "səssiz ağrı anı" yaşayır. Dəmirçilər küçəsinə Rusiyanın hər tərəfindən, ən uzaq yerlərindən üstəlik öz aralarında razılaşdırmadan minlərlə insan axışır; ömürləri boyu unutduqları ölünü görmək, son vəzifələrini yerinə yetirmək üçün. Rusiyanın bütün təbəqələrindən, yüksək və aşağı siniflərindən olan minlərlə insan qardaşcasına bir duyğuyla birləşərək ortaq bir ağrı içində (fəhlələr tabutun ardınca əllərində yazıçının sürgün zəncirlərini aparır) bu dəyərli ölünün arxasınca gedir. Dostoyevski öz xalqına son anında belə, barışıq bəxş edir. "Cənazə aparılarkən Dostoyevskinin müqəddəs yuxusu bir saatlığına gerçək oldu: Birləşmiş Rusiya!" (S.Sveyq).

Ölünün ardından ona "böyük bir salam vermək istəyərcəsinə" qiyam qalxır, Çar öldürülür.

***

Heç şübhəsiz ki, Fyodr Dostoyevskini dövrünün və özündən sonrakı bütün nəsillərin Rusiyası üçün fövqəladə əhəmiyyətli edən onun rus ruhunun kamil bilicisi olmasıdır. Çünki rus nəsrinə aid olan heç bir əsərdə rus insanı  - istəkləri, qorxuları, ümid və ehtirasları - Dostoyevski romanındakı qədər reallıq və ağrıyla təsvir edilməyib. Dostoyevskinin "qəhrəmanları yeni bir dünyanın avanqardlarıdır: Dostoyevskinin romanı yeni insanın mifi və onun rus ruhundan doğuşudur" - belə yazırdı onun Rusiya üçün əhəmiyyətini böyük bir həssaslıqla duymuş dahi alman Stefan Sveyq.

F. Dostoyevskinin qəhrəmanları əsasən ruslardır - həqiqi, təxəyyül məhsulu olmayan, həyatın içindən gəlmiş ruslar. Bu qəhrəmanların əsas xarakterik xüsusiyyəti onların yarımçıq, belə demək mümkünsə, tamamlanmamış olmasıdır. Dostoyevskinin özü təbiəti etibarı ilə bu cürdür, qəhrəmanlarını da bu halda sevir, çünki daim sərhədləri aşıb keçməyə çalışan bu daşqın ruslar onun özü kimi fasiləsiz əzab çəkir, iki yerə bölünmüş problemli təbiətləri ilə fasiləsiz və əbədi olaraq reallığı aşmaq, sonsuzluğa çatmaq istəyirlər. Başqa sözlə, Dostoyevski qəhrəmanlarının çatmaq istədikləri şeylər, onlara maraqlı gələn problemlər və axtardıqları cavablar onların metafizik təbiətləri ilə daha çox əlaqəlidir, nəinki maddi reallıqla. Bu ruslar nə istəyirlər? Xoşbəxtlik? Bəlkə məmnunluqdur axtardıqları? Yoxsa zəngin və güclü olmaq istəyirlər? Xeyr, qətiyyən; bu şeylər, praqmatik Qərb insanından fərqli olaraq, onlar üçün maraqsız, eləcə də əhəmiyyətsizdir. S.Sveyqin çox yaxşı duyduğu kimi, bu ruslar heç bir şey istəməz, bu dünyadan nə isə gözləməzlər. Fransız realist romanının, məsələn O.Balzakın qəhəmanlarından fərqli olaraq reallığın başlıca atributları - dəyərlər, pul, güc, sərvət - nə məqsəd, nə də vasitə olaraq onlar üçün maraqlı deyil, əksinə, tək istəkləri var - "bu ölçü bilməzlərin, ölçülərini yalnız sonsuzluqda axtaran və tapan bu insanların" - o da reallığı aşmaq, sonsuzluq. Özlərini və həyatı - onun "kölgəsini və aynadakı yansımasını, xarici həqiqətini deyil, əksinə, böyük və mistik olan əslini, kosmik gücü, mövcudiyyət duyğusunu - hiss etmək istəyərlər". Hiss edilmək istənilən bu mövcudiyyət duyğusu elə əbədiyyət, sonsuzluq və zaman hissini çıxarıb atmaq istəyidir; nə öyrənmək, nə də hakim olmaq, yalnız həyatı olduğu kimi hiss etmək. Ruhlarının mayasını təşkil edən tərki-dünyalıq, dini məzmun almış təbiətləri ilə "xaricə istiqamətli deyil, əksinə, köz və alov halında fasiləsiz olaraq öz daxillərinə, öz mövcudluqlarına baxarlar". Çox sadə bir həqiqət üzündən bu dünyanın müvəffəqiyyəti, rahatlığı, qənaətkarlığı, sərhədləri onlar üçün anlaşılmazdır, çünki "onların krallığı bu dünyada deyil". Bəlkə də, bu gündən baxıldığında, bu qəhrəmanlar həmin tərki-dünya və dini məzmunlu təbiətləri ilə axır-zaman ideallı xristian minilçilərə daha çox bənzəyirlər; çünki "hər biri bir xidmətçi, yeni İsanın xəbərçisi, şəhid və Üçüncü Səltənətin müjdəçisidir" (S.S).

F.Dostoyevskinin iki dünya arasına gərilmiş bu insanları, eyniylə onun özü kimi, böyük bir ehtirasla və insafsızca özlərini israf edərək əzab çəkərlər. Ağrını sevərlər; ağrı və daha çox ağrı. Tək istəkləri budur. Ağrı onların ən güclü mövcudluq dəlilləridir, çünki ağrıda həyatı və həqiqəti daha çox sevir və hiss edirlər. Bu insanlar R.Dekartın 'Cogito ergo sum, düşünürəm, elə isə varam' fikrinin yerinə 'Ağrı çəkirəm, elə isə varam' formulunu qoyarlar. Dostoyevskinin ruslarına həyatı hiss etmək üçün gərəkən bu ağrı sevgisi, rus ruhunun tərki-dünya məzmununu aydın şəkildə ümumiləşdirir. Və S.Sveyq Dostoyevski romanlarını nəzərdə tutaraq soruşur ki, "bu əsərlərin zehin yoluyla ağrıdan qurtuluş əfsanəsinin izah edildiyi müasir həvari hekayəsindən fərqi nədir?" Tragediya hər vaxt daxildə, zehində, ruhi dünyada baş verir və qəhrəman universal insana - həqiqi mənə, Tanrı insanına, son həqiqətə - çatmaq, maneləri aşmaq üçün mübarizə aparır. Bu mübarizəni S.Sveyq öz-özünə doğuş mübhəmi, dünyəvi insandan yeni insanın yaradılışı, insan halına düşmə adlandırır və bu baxımdan Dostoyevski qəhrəmanlarının tragediyası ruslarlarla yanaşı, həm də bütün insanlığın tragediyasıdır. Bu məzmunda ondakı bütün tale hekayətləri eyni təcrübənin müxtəlif varasiyalarıdır və insandakı insana, mütləq, bütün mədəniyyət laylarının arxasında yatan mücərrəd insana yaxud hər birimizdəki ortaq mənə çatmağı hədəfləyir. Başqa sözlə, Dostoyevski insaniliyi təbliğ etdiyi universal dəyərləri ilə bütün insanlığın çatmaq istədiyi ortaq hədəflərə istiqamətlidir. Bu fantastik və möcüzəvi şəkildə həqiqi gələn universal insanilik varlığımızın, daxili dünyamızın ən alt, ən gizli qatları - köklərimiz - ilə təbii şəkildə əlaqəlidir: "...yalnız orada, ən alt qatda, mövcudluğumuzun sonsuz və dəyişməyən yerində, kökləri qaza-qaza Dostoyevski ilə aramızda bir bağ qurmağa ümid edə bilərik". (S.S.).

Lakin Dostoyevskidəki bu uşaqlar, xeyrə yaxud şərə xidmət etmələrindən asılı olmayaraq hər birinin başının üstündə müqəddəslik haləsi yanan bu həqiqi ruslar əbədi bir dünya istəyi, hiss etdikləri mövcudiyyət sərxoşluğu ilə hələ hədəfsizdirlər. "... Dünya üzərində kor kimi səndələyərək və əl hərəkətləri ilə, eynilə sərxoşlar kimi gəzərlər. Dayanıb, ətraflarına baxarlar, bütün sualları soruşarlar və cavab almadan naməluma doğru qaçmağa davam edərlər: bizim dünyamıza lap yeni girmiş və hələ ona alışa bilməmiş kimi görünərlər. Dostoyevskidəki bu insanları az qala heç anlamarıq, onların rus olduqlarını düşünmərik, min illik bir barbar şüursuzluğundan Avropa mədəniyyətimizin içinə düşmüş bir xalqın uşaqları kimidirlər. Köhnə mədəniyyətdən, ataerkil cəmiyyətdən qopmuş, yenisini hələ tanımayan qəhrəmanlar tam ortada dayanarlar... və hər birinin narahatlığı bütün cəmiyyətin narahatlığıdır. Biz avropalılar, sanki yaşlı ənənəmizin içindəki isti bir evdə oturmuşuq. On doqquzuncu əsrin, Dostoyevski çağının rus insanı isə arxasındakı köhnə barbar zamanların taxta daxmasını yandırmış, amma yeni evi hələ inşa etməmişdir. Hamısı da köklərindən qoparaq yolsuz-yöndəmsiz qalmışdır ". Sveyq daha sonra ən mühim məsələyə gələrək davam edir: "Bu nöqtədə Dostoyevski qəhrəmanlarının hər birinin tragediyası, hər birinin ruhundakı yarılma və bütöv bir xalqın tale tərəfindən tutulub saxlanılması hiss edilir. On doqquzuncu əsrin ortasında Rusiya hara yönələcəyini müəyyənləşdirə bilmirdi: Qərbəmi yoxsa Şərqəmi? Avropayamı yoxsa Asiyayamı; "süni şəhər" Peterburqa, mədəniyyətin içinəmi, yoxsa çöldəki kəndlərəmi?"

"Bütöv bir ənənənin köksüz qalmış", hara üz tutacağını bilməyən, əskinin inanc və qanunlarından məhrum olmuş Dostoyevski qəhrəmanları, bu həqiqi ruslar, keçid dövrü insanları çox böyük bir narahatlıq içindədirlər. Bu narahatçılığın əsas səbəbi qeyri-müəyyənlik, dəyərlərin ucuz banknotlar kimi havada uçuşub ayaqlar altına düşdüyü və ölçüsüzlüyün hakim olduğu bir çağda kim olduqlarını bilməmələrindən qaynaqlanır. Keçmişlərini yerlə yeksan ediblər, lakin hara üz tutacaqlarını da bilmirlər. Başqa sözlə, Dostoyevskinin insanları keçmişdən qopma lakin əvəzində özləri üçün yeni ruhi-mənəvi sığınacaq, məbəd inşa etməmə-edə bilməmə ilə təsvir oluna biləcək bir kimlik problemi ilə üz-üzədirlər. "Qəhrəmanlarının hamısı, eynilə Rusiyanın özü kimi soruşar: Mən kiməm? Dəyərim nədir?" Sofoklun Edipi sayaq daima özlərinə əziyyət verərək soruşduqları bu "Mən kiməm" sualı, başqa sözlə, kimlik arayışı onların daima özgüvən, komlpeks, qorxu, utancaqlıq, qürur, peşmançılıq, çaşqınlıq kimi duğyuların arasında gedib gəlmələrinə səbəb olar. Kim olduqlarını bilmək, sərhədlərini tapmaq üçündür çəkilən bütün ağrılar. Özlərini dərk etmək, dərinliklərini yoxlamaq üçün bütün aşırılıqlara - şəhvətə, cinayətə, zorakılığa, zövq-səfaya - baş vurarlar, hissin sərhədlərini sonuna qədər zorlayarlar. Onları bütün bu qüsurlara yönəldən isə həmin kimlik ağrısıdır, həvəs deyil.

 

***

Bununla belə, hər nə qədər heyrətamiz olursa-olsun, rus insanı və Rusiya bu cür ikili, hüdudsuz, kimlik problemi yaşayan çətin təbiəti ilə XIX əsrin qərblisi üçün bir anlaşılmazlıq idi. Və anlaşılmazlıq iki əsrdən çoxdur ki, heç bir əsaslı dəyişiklik göstərməyərək davam edir. Çünki universal mahiyyət daşıyaraq Avropanı da içinə almağa iddialı olan rus insaniliyi öz başgicəlləndirici ölçüsüzlüyü və metafizikliyi ilə rus olmayanlar, xüsusilə, rasional Qərb insanı üçün - ilk baxışdan nə qədər sehirli gəlsə də - yaddır. "...kənardan baxıldığında nə qədər də yaddır bu rus torpaqları, eynilə vətəninin çölləri kimi, yolsuz və bizim dünyamızdan nə qədər uzaqdır!" Sveyq Dostoyevskinin qəhrəmanlarının timsalında rusların mənəvi dünyasından bəhs edərkən, Berdyayev kimi, rus torpağının hüdudsuzsluğunun öz xalqının ruhi durumuna yansımasından danışır və Qərb üçün rus insanındakı bu (rus torpağı və sərhədsiz rus düzəngahı ilə bağlı güclü) təbiət ünsürünü, kor-təbii gücü, ruhi dünyanın hüdudsuzluğunu anlamağın çətin olduğuna diqqət çəkir. Başqa sözlə, burada diqqət rus mənəvi dünyasının digərləri üçün anlaşılması çətin mahiyyətinə çəkilir. Və bu hüdudsuz ruhi dünya, hər nə qədər bütün insanlığın mənəvi dünyası ilə qardaşsa da, rus olmayanlar, dünyanın yerdə qalanı, xüsusilə artıq oturuşmuş, sistemli ictimai-siyasi və mədəni strukturlara malik Qərb üçün yaddır və əgər belə demək mümkünsə, bir anlaq problemidir.

Dostoyevskinin özü  də müəyyən mənada bu fikirlərlə şərikdir. O, Avropaya qarşı hiss etdiyi və getdikcə yüksələn etirazının fonunda avropalıların Rusiyanı, onun universal insanlıq idealını anlaya bilməsinin imkansızlığını və uzun müddət də anlaya bilməyəcəklərini yazırdı; lakin bu vəziyyət, düşünüldüyü kimi, Rusiyanın özündən qaynaqlanmır, tam əksinə, Avropanın düşdüyü acınacaqlı halın göstəricisidir. Yazıçını Avropaya dair ən çox hiddətləndirən şeylər Qərb tərzi fərdiyyətçilik, çürüyən ictimai nizam, burjuaziya yaşam tərzi və vəhşi mənfəətçilik idi. Fransız inqilabının Avropanı ucaldan və bütün insanlığa istiqamətli azadlıq, bərabərlik, qardaşlıq prinsiplərinin oradakı ictimai mühitlə ziddiyyətini öz gözləri ilə görməsi, Dostoyevskinin Qərb sivilizasiyasına qarşı olan hiddətini daha da artırmışdı. Avropada yaşadığı illər onun - vətəni Rusiyanın dəyərinin böyüklüyü məsələsində - daha əvvəl mövcud olan slavyançı inanclarını daha da möhkəmləndirmişdi. Dostoyevskinin Avropaya dair əsas fikirləri "Yaz müşahidələri üzrə qış notları"nda, "Bir yazarın gündəliyi" jurnalında və bu jurnalın 1880-cı il sayının həsr olunduğu "Puşkin nitqi"ndə yer almışdı. Xüsusilə, "Bir yazarın gündəliyi" bir neçə illik nəşr həyatında davamlı olaraq rus xalqının ucaldılması, xalq sevgisi, rus ruhu, rus düşüncəsi, xalq-ziyalı problemi, Qərbləşmə, Qərb düşüncəsi, Şərq və Qərb sivilizasiyaları, universal birlik düşüncəsi, milli şüur, Katoliklik və Ortodoksluq, İsa inancı, Şərq problemi və.s. kimi əhəmiyyətli məsələlərə toxunaraq Dostoyevskini Rusiyanın təlimçisinə çevirmişdi.

F.Dostoyevskiyə görə, qərblinin yaradılışında qardaşlıq hissi yoxdur, əksinə, onda bir yüksəlmə ehtirası, hər kəsdən başqa olma istəyi, özünə hər kəsdən, hər şeydən çox dəyər vermə duyğusu hakimdir. Məhz buna görə, qərbçi rus ziyalıları tərəfindən ideallaşdırılan katolik təməlli Qərb mədəniyyəti, mayası dərin bir qardaşlıq duyğusu və universal sevgi ilə yoğrulan Rusiya üçün üz tutulacaq bir mədəniyyət ola bilməz. Rusiya üçün ümid başqa bir yerdə deyil, öz içindədir; uzun sürən zülmündəki saflıqda, alçaq könüllülükdə və dərin dini köklərdəydi. Başqa sözlə, qurtuluş Şərqdə - Ortodoksluqda, həqiqi İsa inancında və deməli hər bir rusun öz daxilində - həqiqi rusluqdadır. "Həqiqi bir rus olmaq, tam anlamı ilə bir rus halına gəlmək, bəlkə də bütün insanlıqla qardaş olmaqdan keçir, tamamilə universal bir insan olmaqdan..." (F.Dostoyevski, Puşkin çıxışı", ingilizcədən çevirən Tektaş Ağaoğlu, İletişim Yayınları, 2009, İstanbul).  Rus xalqının təbiətinə çox yatqın olan bu universal insanlıq idealı əkslikləri bağışlayan, bir-birinə bənzəməyənlərə həyat haqqı tanıyan, ayrılıqlara xoş baxan, ziddiyyətləri yumşaldan, insanlar arasında qardaşlıq bağlarını canlı tutmağa can atan bir idealdır və maddi yaxud iqtisadi-siyasi deyil, öz gücünü dindən, İsa inancından alan, əxlaqi bir xüsusiyyətdir. İsa idealı, həmçinin, Dostoyevskinin həyat və yaradıcılığının yönünü də müəyyən edən əsas amil olmuşdu. Yazıçının iki başlıca əsəri "İdiot" ilə "Karamazov Qardaşları"nın əsas xətti məsihçi təlimlər üzərində qurulub. Məsələn, "İdiot"da baş qəhrəman Mışkinin yaşamağa çalışdığı ideallar - bağışlamaq, hər şeyə rəğmən sevmək, puldan və gücdən ziyadə insana önəm vermək - İsanın həyatına aid ideallardır. Həmçinin, Dostoyevskinin şəxsi həyatında da İsa bir ideal kimi əhəmiyyətli yer tutub. O, gəncliyində xalqdan uzaqlaşaraq inandığı Avropa təməlli fikirlərlərinə görə az qala həyatı ilə vidalaşmalı olacaqdı, lakin sonda tale üzünə gülmüş və Çar tərəfindən bağışlanaraq əvəzində isə sürgün əzabı çəkməli olmuşdu. Dostoyevski həmin sürgün illərində xalqla bərpa olunan təmaslarının nəticəsində yenidən İsa inancına qayıdaraq ömrü boyu bu inancı tərk etməmişdi. "Xalqı tanıdıqdan sonra könlümü yenidən İsaya verdim. Uşaqlığımda necə də yaxından tanıyırdım onu! 'Avropa fikirli liberallar'dan biri olduğum günlərdə isə az qala əldən qaçırırdım..." (Dostoyevskinin Puşkin çıxışı ilə bağlı Aleksandr Dimitriyeviç Gradovskiyə yazdığı cavabdan).

Bununla belə, Dostoyevski, özünün universal insanlıq sevgisi reseptini yalnız Rusiya üçün deyil, bütün insanlıq üçün yeganə xilas yolu hesab edir və gələcəkdə bu idealı həyata keçirmək, Avropanı düşdüyü ziddiyyətlərdən qurtarmaq vəzifəsini bütün xalqlar arasında məhz Rusiyanın taleyi olaraq görürdü. Ona görə, Qərb düşdüyü mərəzli vəziyyətdən çıxmaq və özü üçün gələcəkdə labüd olacaq  məhvdən xilas olmaq istəyirsə, rusluğun bir simvolu olan "universal insanlıq idealına" üz tutmalıdır. O, məhz rus ruhunun universal birliyə bütün digər xalqlardan daha yatqın olduğunu önə sürürdü. "Bəli, heç şübhəniz olmasın, rusun taleyi Avropanın birləşməsi, bütün insanlığın birləşməsi yönündə dəyişəcəkdir. Həqiqətən rus olmaq, bütün insanlarla qardaş olmaqdır, universal insan olmaqdır... Bu idealın izləri tariximizdədir, yetişdirdiyimiz dəhalardadır, Puşkinin sənət dühasındadır" (Puşkin çıxışı). Yazıçı öz məşhur çıxışında Puşkini məhz bu məziyyətinə görə göylərə yüksəldirdi: rus kimliyinə, milli-mənəvi gücünə inam, rus insanının gələcəyinə duyulan böyük ümid Puşkinin yaradıcı dəhası ilə başlamışdır. Eyni zamanda da, bütün insanlığı əhatə edən birliyin, univeral sevgininin mümkün olduğunu rus ruhunun timsalında göstərən, bu faktı ədəbiyyat üçün ilk kəşf edən Puşkindir. "Puşkinin köksündə öz milləti ilə yanaşı, yad millətlərin də ürəyi çarpardı... Puşkinin ömrü daha uzun olsaydı, kim bilir, daha necə coşğun, ölümsüz tiplər yaradacaq, avropalı qardaşlarımız da rus olmanın nə demək olduğunu anlaya biləcəkdilər".

Dostoyevski Rusiyanın öz milli prinsiplərini reallaşdırması üçün heç də qərbçilərin düşündüyü kimi Avropa kimi zəngin olmağı, ictimai-siyasi, elmi inkişafa çatmağı gözləməyi lazım bilmir; bunlarsız da keçinmək olar. Onun fikrincə, səksən milyonluq yoxsul və zavallı xalq onsuz da birlik içində yaşayır və belə bir birliyə Avropanın hansısa yerində rast gəlmək mümkün deyil. Rusiyanın ideallarının reallaşdırması üçün sadəcə yuxarı siniflərlə ziyalıların xalqla birləşməsi gərəkdir. İzlənməli olan yol, yəni rus aydınlanması Avropanı təqlidçilik, Qərb tərzi Modernləşmə deyil, rus toplumunun öz gücü, milli qaynaqları ilə inkişafına imkan vermək olmalıdır. Dostoyevskiyə görə, rus xalqı onsuz da İsaya, onun təlimlərinə könül verdiyi üçün çoxdan həqiqi aydınlanma qatına çıxmışdır və tarixin bütün dövrlərində İsadan başqa kimsəsi olmayan rusların inancı onları ümidsizlik quyusuna yuvarlanmaqdan qorumuşdur. Avropada isə nə həqiqi xristian inancı, nə kilsə qalıb, Katolik Qərb kilsəsi İsanın mahiyyətini təhrif etmişdir. Rusiyanın öz zəngin iman xəzinəsinin yanında Qərbdən yalnız elm alına bilər və bu, xalq üçün həqiqi bir nemət olardı. "Problem elmi metod almaqdırsa, başımızın üstündə yeri var. Yox əgər aydınlanmadırsa, heç bir Avropa qaynağından işıq almağa ehtiyacımız yoxdur bizim" (Gradovskiyə yazdığı cavabdan). Rusiya Avropanın ardınca gedib öz milli varlığını itirməməlidir. "Gələcəyə baxan böyük məqsəd yolunda bütün daşqın könüllü ruslarla işıqlı rusların əl-ələ verməsi! Məsələ budur" (Puşkin çıxışı).

F.Dostoyevskinin xristian Şərqlə xristian Qərbi, Rusiya ilə Avropanı, ənənə ilə Modernizmi barışdırma cəhdi və təklif etdiyi sülh planı hər nə qədər utopist prinsiplərə dayansa da, onun bu fikirlərinin indiyə qədər davam edən Şərq-Qərb mədəniyyətlər toqquşmasında Rusiya baxımından hələ də əhəmiyyətli bir yer tutduğu şübhəsizdir. Bu gün Rusiya prezidenti Rusiyanı anlamaq üçün nə etməli sualına elə Dostoyevski sayaq "Rusiya ağılla anlaşılmaz, arşınla ölçülməz, Rusiyaya sadəcə inanmaq olar" cavabını verir və bu dini məzmunlu cavabının yanında, onu hiss etmək üçün həm də rus klassiklərini tövsiyyə edir. Lakin aydındır ki, bu günün dünyasında Rusiyanın çözülməsi üçün təkcə qatı bir hissiyyatlılıq yaxud ədəbiyyat və sənət ilə keçinmək mümkün deyil. Müasir Rusiyanın məqsəd və hədəflərini, həmçinin xarici siyasət kursundakı Qərb əleyhdarlığını başa düşmək üçün eyni zamanda Rusiyadakı slavyançılıq və qərbçilik təmayüllərinin tarixi arxa planını bilmək lazımdır. (Ardı var...)


Misir Məmmədli
Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade