"İstəyirəm məzarıma "burda rəqs edə bilərsiniz" yazılsın" - Şade

Литература



Şadenin həyat qanunları

Əsl adı Helen Foloşade Adu, müğənni, 57 yaş.

Mən sardinya balığı kimiyəm – hədsiz böyük ağızı olan balaca balıq kimi. 

Babamın 7 arvadı vardı və hamısı da elə düşünürdü ki, o biri onu zəhərləmək istəyir. 

Uşaqlığımda mən musiqiyə az qulaq asırdım, çünki anam musiqi dinləməyi o qədər də sevməzdi. Atam isə sevirdi, amma mən anamla yaşayırdım. 

Bir-birini çox sevsələr də, anam atamdan ayrılmışdı, onunla yaşaya bilmirdi. O, ayrılığı çox çətin keçirirdi – atam onun həyatının məhəbbəti idi. Evləndiklərində atam ona qırmızı qızılgül vermişdi. Atam öləndə anam qızılgülü onun məzarına atdı – o, qızılgülü 30 il qoruyub saxlamışdı. 



Nigeriyadan İngiltərəyə qayıdanda, anam kənddə tibb bacısı kimi işə düzəldi. Mən uşaqlarla dostluqlar qurmağa başladım və heç kim də mənim dərimin rənginə fikir vermirdi. Uşaqlar təbiət etibarilə irqçi deyillər, ancaq onlar valideynlərinə, cəmiyyətə və mədəniyyətə görə irqçi ola bilərlər. 

Yaşadığım kənddə iki oğlan məndən qruplarının solisti olmağı xahiş etmişdi, onlara dedim ki, mən müğənni deyiləm, əylənməyi sevən sadə qızcığazam, amma cəhd edərəm. Onlar əla oğlanlar idilər, onların mənə olan korkoranə inamları olmasaydı, bu gün mən oxumazdım. 

İlk öpüşüm gecə kinoseansında olub. 14 yaşım vardı. İlk seksim də belə, pis deyildi. İşi çardaqda görmüşdük. 

Kiminləsə bir yerdə olmaq ideyası hər zaman qeyri-praktikidir. 

Ümumiyyətlə, kiminləsə bir yerdə yaşamaq çətindir. Nəsə bir iş görəndə, başqası üçün mənim dünyamda yer qalmır. Əgər kiminləsə telefonda danışıramsa, ancaq onunla çənə döyürəm. Bir başqasına heç cür vaxt ayıra bilmərəm. 

Səhnəyə çıxanda, elə bil səni şirlərin ortasına buraxırlar. 

Çox güman çoxları məni fil dişindən düzəldilmə qəsrində ağlayıb sızlayan depresiv qız hesab edir.



Mən biraz ifritəyəm. 

Mahnılardakı kədər – bu, əslində çox poztiv bir şeydir. Axı səni kədərləndirən mahnı deyil – kədər sənin içindədir, mahnı isə səni onu  etiraf etməyə və ondan qurtulmağa səsləyir. 

Mahnını yazandan sonra, artıq o mənim deyil. Mahnının məğzi də elə budur – o, insanlara məxsus olmalıdır. 

Hər hansı bir yerə gecikəndə keçirdiyim təlaş, hansısa bir yerə vaxtında gəldiyim zaman keçirdiyim təlaşla müqayisə oluna bilməz. 

İngiltərə insana hədsiz düşmən kəsilə bilər: o deyingən qoca xala kimidir. Ancaq sən onun yanına gedirsən, yanında qalırsan, baxmayaraq ki, o səni hər zaman tənqid edir, sənə qarşı ədalətsizlik edir, hətta yaxşı olmaq üçün dəridən qabıqdan çıxsan belə. Sən isə onu özün üçün sevməkdə davam edirsən, sonra isə ölürsən. Bu qancıqlar isə həmişə sənə görə narahat qalırlar. 

Ana güclü olmalıdır. Əgər özündə güc tapmasa belə, ən azından güclü görünməlidir. 

Arxa - mənim bədənimin yeganə hissəsidir ki, ondan narazılığım yoxdur. 

Mən “Qremmi” mekafatımı sındırmışam. Telefonda menecerimlə danışırdım, biz mübahisə elədik, əsəbləşdim və nəsə pis iş tutmaq istədim. Elə o an, “Qremmi”ni götürüb yerə çırpdım. 

Əgər 10 ildə bir dəfə albom buraxırsansa, o yaxşı olmağa məcburdur. 

Mən ruhlara inanıram. Anamın evində ruh görmüşdüm. Yuxudan durdum və “onu” gördüm. O, formasız idi, otaqda eləcə uçurdu. 

İstəyirəm məzarıma bu sözlər yazılsın: “İstəsəniz, burda rəqs edə bilərsiniz”. 

Mənbə: “Esquire” jurnalı

Rus dilindən tərcümə: Cavid Ramazanlı

Qaynar.info
Kultura.az | Developed by Samir Yahyazade