Yazmaqla düzələndirmi bu ölkə?..

Публицистика

Bir vaxt Artur Konan Doylun və Aqata Kristinin təsiri altında məndə İngiltərə haqqında da belə təsəvvür yaranmışdı - bu ölkə o qədər sirli və tilsimli görünürdü ki, bəzən kitablardan aldığım təəssürat əməlli-başlı qorxudurdu məni...

İndi “Azərbaycan da məni qorxudur!” desəm, bir azacıq ifrata varmış olaram. Amma yalnız bir azacıq... 

Böyük hesabla götürəndə isə indi elə bizim Azərbaycan da məni lap qorxutmağa başlayır. Yox, bu, detektiv romanların təsiri altında yaranmayıb. Doğrusu, mən heç əməlli-başlı bilmirəm də ki, bu ədəbi janr bizdə nə qədər inkişaf edib... Amma mənə məlum olduğuna görə, bu sahədə ən azı axırıncı yerlərdə də deyilik, hətta deyilənlərə inansaq, lap ilk yerlərdən birindəyik...

Fəqət, mən Azərbaycan detektivinin elə də oxucusu deyiləm. Sadəcə, bu yaxınlarda özümüz haqqında fikirləşəndə birdən ağlıma gəldi ki, əcəba, niyə bizim seriallarımız, sənədli filmlərimiz bu qədər zəifdir? Niyə bizdə kino sənəti ürəyimiz istəyən səviyyədə deyil?

Baxıb görürsən ki, bu vaxta qədər bizim bəzi strukturlarımızda baş verən proseslər ən kəskin detektiv süjetlərin ustalarını belə lap mat-məəttəl qoyardı. Amma yazmırıq, çəkmirik və tamaşa qoymuruq. Niyə? Bəlkə də ona görə ki, bizdə bütün iplərin ucu çox uzaqlara gedib çıxır...

Burada böyük Volterin bir fikrini azacıq dəyişərək, “redaktə” edərək sizlərə çatdırmaq istəyirəm. Volter deyirdi ki, siyasət maqnit kimdir, bir ucu adamı çəkir, o biri ucu isə elə eyni qüvvə ilə də itələyir...

Əslində “detektiv məsələsi” də hər dəfə siyasətdən yazanda ağlıma gəlir. Bəzən elə hey özümdən soruşuram: “25 ildən çoxdur ki, siyasi publisistika ilə, siyasi təhlillə məşğulsan. Bu illər ərzində səndə heç belə sual yaranıbmı ki, bütün bunlar nəyə lazımdır və bütün bunların heç bir faydası varmı?”...

Bəli, Azərbaycan bizim yazdıqlarımızdan qat-qat qəliz və mürəkkəb bir ölkədir. Baxmayın ki, çox kiçikdir! Baxmayın ki, gənc dövlətdir və bu ölkə dünya siyasətində elə bir rol da oynamır...

Əslində biz əsl problemlərdən yazmaq əvəzinə əksər hallarda onların ətrafında gəzişirik və özümüzü də elə göstəririk ki, guya, hansısa dərin mətləblər xırdalayırıq...   

Amma bu, yalnız bizim günahımız deyil. Bu ölkə haqqında əsl həqiqəti yalnız bircə dəfə yazmaq olar. Bundan sonra ya dünyanı, ya da ən yaxşı halda ölkəni dəyişməlisən...

Şəxsən mən isə hələ bu dünyadan usanmamışam və o biri dünyaya da tələsmirəm. Ölkəyə qaldıqda isə, onu da dəyişmək fikrim yoxdur. Elə bu səbəbdən də yazmaqdan çox, hansısa mövzu ətrafında gəzişmələr edir, variasiyalarla məşğul oluram. Başqa nə etmək olar?..

Ən maraqlısı isə bilirsinizmi nədir? Bu, təkcə Azərbaycanda belə deyil, əslində çox yerlərdə belədir. Bir vaxtlar ilk dəfə amerikalı F.Zakarianın “Azadlığın gələcəyi” bestselleri haqqında oxuyanda ağlıma gələn ilk fikir bu olmuşdu ki, heç azadlıqla bağlı da narahatlıq keçirməyə dəyərmi?.. 

O vaxt mənə belə gəlirdi ki, azadlıq və demokratiya ilə bağlı problemlər yalnız iki-üç ölkədə qalıb və çox tez zamanda bu problemlər də öz həllini tapacaq. Amma indi düşünürəm, çox tələsik nəticə imiş bu və sən demə, bir vaxtlar soyuq müharibənin olması, iki qlobal siyasi sistem arasındakı çəkişmələr azadlığın və demokratiyanın da keyfiyyətinə təsir edirmiş...

İndi baxıb görürsən ki, yalnız kiçik və gənc Azərbaycanda belə deyildir, elə digər ölkələrdə də siyasətçilər azadlığı və demokratiyanı sıxışdırmağa, onları daha çox məhdudlaşdırmağa və özlərinə sərf edən çərçivəyə salmağa çalışırlar. Uzağa getmirəm, Türkiyədə bunu getdikcə daha çox hiss edirəm...

Məsələn, televiziyaları götürün. Azərbaycanda onlar hansı vəziyyətdədir, bu, hamıya çox yaxşı bəllidir. Amma baxıb görürsən ki, bütün digər ölkələrdə olmasa da, çoxunda vəziyyət belədir - telekanallar elə bil hər yerdə bayağılaşıblar, şitləşiblər... 

Sanki onların bir qayğısı var: mümkün qədər daha çox adamı güldürmək və yaxud da ağlatmaq... Hətta bəzən adama elə gəlir ki, imkanları olsaydı lap ekranlardan əllərini uzadıb bizləri qıdıqlayardılar ki, onların bayağı “yumor”larına gülək...

Ona görə də əsl jurnalistika məsələsi düşünüləndən qat-qat qəlizdir. İstənilən məsələni ciddi şəkildə araşdırsan, bir detektiv olayın qurbanı olmaq şansın var. Təbii, bu sarıdan ən çox “bəxti gətirən” də ilk növbədə siyasətdən yazan jurnalistlərdir...

Bir az əvvəldə böyük Volterin sözlərini nahaq yerə xatırlatmadım. Ürək adama deyir ki, biganə olma, yaz-poz... Ağıl isə buyurur ki, yox, ehtiyatlı ol, birini görəndə, çalış, üçünü görmə, çünki belə daha yaxşıdır. Həm də  yazmaqla düzələsi dünya deyil bu... 

Min ildən çoxdur ki, insanlar hey yazırlar. Amma düzəlmir ki, düzəlmir... Ona qalsa, ilk yazını yazan və onu Yerə, insanlara göndərən Tanrının özü olub. Amma nəsə düzəlibmi?..
 
Bəli, çox çətin sualdır. Həm də ona görə ki, burada başqa bir sual da meydana çıxır: gör, yazılar olmasaydı, Tanrı özü, onun yaratdığı sevimli insanlar yazmasaydılar onda nə gündə olardı bu dünya? Elə bu səbəbdən hərlənib-fırlanıb yenə də bir qənaətə gəlirsən: yaxşısı yenə də yazmaqdır, çünki hər şeydən əvvəl yazı olub...

Hüseynbala Səlimov

Musavat.com
Kultura.az | Developed by Samir Yahyazade