post-title

Zirvəyə gedirdilər, yamacda qaldılar...

Bu əsər yaradıcı insan ömrünün yaşanılmamış anları, günləri haqqında elegiya, reallaşdırılmamış istedadın faciəsindən doğan həzin, kədərli bir hekayədir.

Söhbət Ernest Heminqueyin "Kilimancora qarları" əsərindən gedir.  

Klimancaro Afrikanın ən yüksək nöqtəsidir. Əfsanəyə görə bu zirvədə soyuqdan donub qaxaca dönmüş bəbir cəsədi var. Nə idi bəbiri bu yüksəkliyə çəkib gətirən? Bunu heç kəs izah edə bilmir. 

"Kilimancora qarları" Heminqueyin həcmcə böyük olmasa da, amma dünya ədəbiyyatı siyahısında mühüm yer tutan əsərindən hesab olunur. 

Əsərin qəhrəmanı yazıçı Harri kübar həyat yaşayan bir xanımla evlidir. Harri həyat yoldaşı ilə Afrikanın ən uca zirvəsi olan Kilimancaroya ov etməyə gəlir. 

Amma gözlənilmədən baş verən qəza nəticəsində Harrinin ayaqları qanqerana verir və nəticədə yatağa düşür. 

Harri yazmaq istəyib, amma yaza bilməyən yazıçılardandır. İstedadı olub, onu məhv edənlərdəndir...

"İstedadını zərrə-zərrə, hissə-hissə doğrayıb maddiyyata satan Hari ömrünün son saatını öz mənəvi dünyasının sərt həqiqətləri, kəskin ittihamlar girdabında keçirməyə məruz qalır: Özündən iyrənə-iyrənə yaşadığını ona yad bir cəmiyyətin bütün vaxtını müşahidə və əyləncələrə xərcləyən, özünün başlıca missiyasını yerinə yetirməyi isə günü günə sat-sata həmişə sonraya, hansısa müəmmalı gələcəyə saxlayan və bütün həyatı ərzində topladığı zəngin materialı hamıdan daha yaxşı yazacağı ümidiylə, əslində, özünü aldadan Böyük Yazıçı axırda yazmağın daşını atır".

Əsəri mütailə etdikcə gözümün önünə zaman-zaman özünü məhv edən insanlar gəlirdi. Düzdür, onların sırasında Harri kimi yazıçılıq eşqinə düşən də vardı, jurnalist, vəkil olmaq istəyən də...

Amma göz önünü tutan yüksək həyat tərzi Harri kimi onları da öz yolundan döndərdi. 

Heminquey əslində Harri obrazı ilə öz istedadına, öz düşüncəsinə sadiq qalmayanları göstərir. 

Onlar da Harri kimidilər, nə zamansa yazacaqlarını, deyəcəklərini, göstərəcklərini fikirləşirlər. Zamanları var deyə düşünürlər. Zaman isə durmur. Saat əqrəblərinin belə gərəksiz olduğu Kilimancaro zirvəsində ölüm səni haqlıya bilər. Və bununla da hər şeyin sonunun gəldiyini anlayırsan. 

Harri ölümünü dərk edirdi. Buna görə içmək istəyirdi, onu yüksək həyata çəkən qadını acılayırdı. Amma gec idi. 

Bu mənada, nə qədər acı da olsa, məhv olmuş daxili aləmin, iflasa uğramış düşüncələrin xarabalığında gecələr kaftar zingiltisi, göreşən ulartısı ilə baş-başa qalıb iztirablar çəkmək və özündən sonraya heçnə qoymadan dünyanın bu iztirabların ümidsizliyi içində tərk etmək Harrinin labüd sonluğu, qaçılmaz aqibətidir, - deyirdi Heminquey. 

Bəli, Harri təəssüflənirdi, Afrikanın ən uca zirvəsi olan Kilimancaroda bu hiss onu yaxalamışdı. Nəfəs aldıqca amansıcasına sinəsinə hopurdu. Əslində, bir çoxları kimi Harri də zirvəyə qalxmaq istəyirdi. Lakin özünə xəyanət edən Harri bunu bacarmadı.

Ölümü belə zirvədə olarkən, Harri necə aciz, müti olmasını dərk edir, əslində, Kilimancoranın zirvəsində deyil, özünü onun ətəyində hiss edirdi. 

Bəli, onlar zirvəni fəth etmək istəyirdilər, amma özünəxəyanət imkan tanımadı...

Elkin Xəlilov

Qaynarinfo.Az
Yuxarı