Leyla Depp: Qanmazlığın iyi gəlir!

Литература

“Soyadı Qanar idi, amma bütün şəhər ona Qanmaz deyirdi.” Ad, soyad insana nə üçün lazımdır? Digərlərindən fərqlənmək üçün, insan selinin içərisində batmamaq üçün. Bəs elə isə Qanara niyə olduğu soyadı deyil, Qanmaz soyadını yapıdırmışdılar. Bunu kim müəyyən edir? Valideynmi, ya öz şəxsinmi. Bəzi hallarda kənardakılar bunu özləri həll edirlər. Eynilə Professor Qanmaza etdikləri kimi. Gəlin, elm öyrədən, hər hansı dili mənimsədən birinə Qanmaz adını verən bir cəmiyyət təsəvvür edək. Belə bir cəmiyyət bizə yad deyildir. Bəlkə elə biz də özümüzə verilən adın, ayamanın təsirindən başqalarına asanlıqla ayama tapa bilirik. Gimnaziyada dərs verəsən, şagirdlərin də sənə ayama yapışdırmayalar. Bu cür murdar dərs verən müəllimlərin eyiblərini örtən məhz gimnaziyadır. Bizdə isə məktəb. İstər-istəməz müəllim adına “hörmət” şərtsiz refleksə çevrilib. Daha doğrusu, müəllim bu “hörmət”i qarşısındakından gözləyir, hətta buna məcbur hiss etdirməkdən də çəkinməz. “Mən müəlliməm, mən sizin ağanızam, çünki sizə elm verirəm, neçə nəfəriniz bunu dərk edə  bilirsiniz?”

       Söhbət açdığım əsər belə adlanır: “Professor Qanmaz”. Dünya şöhrətli Mann qardaşlarından biri olan Haynrix Mannın qələmindən çıxan bu roman haqqında, yəqin ki, kitabqurdlarının xəbəri var. Roman 1930-cu ildə “Mavi Mələk” adı ilə ekranlaşdırılmışdır. Belə ki, “Professor Qanmaz” – “Mavi Mələk” adı ilə ekranlaşdırıldıqdan və böyük uğur qazandıqdan sonra, roman bütün dünyada filmin adı ilə populyarlaşmışdır.

      Neçə illərlə məktəbə ayaq döyən müəllimlər var, eynilə Professor Qanmaz kimi. Onların hansı markalı ayaqqabı ilə məktəb yolunda addımlamağının bizim üçün əhəmiyyəti yoxdur, baxmayaraq ki, hazırki cəmiyyətimizdə snobizmə tutulanların böyük əksəriyyəti bu cür məktəblərin məhsuludur. Lakin onların ayaqlarının daşıdığı başın, daha doğrusu, başlarında tüğyan edən düşüncələrin bizim məsələyə bilavasitə aidiyyatı vardır. Ətrafa lava püskürən vulkan kimi, daim ətrafa, şagirdlərinə kin, nifrət, əzazillik, atmacalı alçaltmalar püskürən, bundan sanki zövq alan, daxili harmoniyasını düzənləyən qanmazların vaxtında dərdiyi meyvənin növünün necə olması haqqında bizə ilkin təxminlər gəlməmiş deyildir. Bu Katilina canlıları abırsızlıqlarına salıb üstündə gəzdikləri torpağı nə qədər təhqir edəcəklər?!


    Almaniyanın professor qanmazına nədənsə bizim universitetlərdə, digər məktəblərimizdə də sıx rast gəlinir. Onlar, böyük gələcəyi olan bir insana, bu gözəl dünyaya qaranlıqda marıtlayan məzhəkəçi bir səfil kimi rişxənd edir və qoynunda gəzdirdiyi”bomba”n atıb hər şeyin axırına çıxmağa çalışırlar. Romanda Qanmazın həyatını Haynrix Mann iki hissədə təsvir etmişdir. Birinci yaşayış tərzi gimnaziyada dərs dediyi zamanlar, ikincisi isə aktrisa Frölixə rast gəldiyi andan başlayan həyatı. Elmə, biliyə önəm verməyən, elm öyrədən ziyalını alçadanları da yazıçı dolayı yolla qanmaz adlandırır. Əslində romandakıların hamısı bir sürü qanmazdırlar, bir fayton qanmazdırlar və daha çox zibil. İstər şagirdlərini hər fürsətdə alçaltmağa, qarışqa kimi əzməyə fürsət axtaran Professor Qanmaz olsun, istər onlara elm öyrətməyə çalışan bir Qanmazı ələ salan, avaralanmağa meylli olan şagirdlərin ümumiləşmiş obrazı kimi üzə çıxarılan Loman, Kizelak və Fon Ersum olsun, istərsə də şagirdləri dəsrdən yayındıran, bər-bəzəkdən, şan-şöhrətdən, puldan savayı nəyisə ciddiyə almayan aktrisa Frölix olsun. Necə deyərlər, hamısı bir fayton qanmazdırlar. Soyadı Qanar idi, amma bütün şəhər ona Qanmaz deyirdi. Lomandan başqa, təkcə Loman ona “Cənab Professor” deyərdi. Qanmaz da, məhz, Lomandan qorxurdu.


     Mann ailəsi bütövlükdə dövrünün alman ədəbi-mədəni aləminin kiçik modelini xatırladır. Ailədəki intiharlar isə onların uğursuz taleyindən xəbər verirdi. İlk dəfə qardaşı Tomas Mannla aralarındakı böyük fikir ayrılığı Almaniya I Dünya Müharibəsinə başlayarkən üzə çıxdı. Haynrix Mann azsaylı yazıçılardan idi ki, müharibənin əleyhinə çıxırdı və Veymar respubikasını qatı tənqid edirdi, Tomas isə, əksinə, bu illərdə səmimi şəkildə millətçi idi və Almaniyanın müharibədə iştirakını dəstəkləyirdi. 1933-cü ildə Hitler hakimiyyətə gəldikdən sonra H. Mann alman vətəndaşlığından məhrum edilir, əvvəlcə Praqaya, sonra isə Fransaya mühacirət edir. Yazıçı Kaliforniyada Santa-Monika şəhərində 1950-ci il martın 11-də vəfat etmişdir. 1953-cü ildən etibarən Berlin akademiyası hər il Haynrix Mann mükafatı təqdim edir.


Kultura.az
Leyla Depp

Kultura.az | Developed by Samir Yahyazade