Misir Məmmədov: Rusiyanın sivilizasiya probleminə baxış

Публицистика

.
Rusiya hardadır? Rusiya, Şərqdir yoxsa Qərb? Rusiya üzünü hara tutmalıdır? Şərqəmi, Qərbəmi? Rusiyanın məqsədi nədir? Bu kimi suallar artıq iki əsrdən çoxdur ki, həm ölkənin içində, həm də çölündə davamlı olaraq soruşulur, lakin düşünən və yaradan Rusiya iki əsrdən çoxdur ki, qərarsızdır. Rusiyanın mövcud sivilizasiya problemi, demək olar ki, XVIII əsr rus kəndlisinin gündəlik sadə məişətindən tutmuş, müasir Rusiyanın sosial, siyasi və iqtisadi inkişaf modellərinin seçiminə qədər, ölkə həyatının bütün sahələrinin təbiətini müəyyən edən ən kritik amil olmuşdur.
Düşünürəm ki, başlanğıcda Rusiyanın sivilaziya probleminin xarakterini bir qədər aydınlaşdırmağa ehtiyac var və (yazıda) bu məqsədlə, biri filosof, digəri kültür tarixçisi olmaqla, iki müəllifə müraciət edilib. O müəlliflərdən birincisi filosof Nikolay Berdyayevdir.

***

Görkəmli rus filosofu Nikolay Aleksandroviç Berdyayev özünün "Rus kommunizminin qaynaqları və mənası" adlı əsərində (1937) rus kommunizmini anlamağın çətinliyinə toxunaraq, diqqəti bu fenomenin ikili xarakterinə çəkir. Ona görə, rus kommunizmi bir tərəfdən cahanşümul, beynəlmiləl hadisədir, digər tərəfdən də öz milliliyi və rusa xaslığı ilə seçilir. Berdyayev belə hesab edirdi ki, rus kommunizmini anlamaqda çıxış nöqtəsi kimi məhz onun rus tarixi ilə əlaqəsini götürmək lazımdır, nəinki - adətən edildiyi kimi - marksizm təlimini. Başqa sözlə, rus kommunizmi öz insanının ruhuna heç də yad deyil; milli köklərə malik rusa xas hadisədir və onu anlamaq üçün əvvəlcə rus ruhunu anlamaq lazımdır. Bu, "Qərb adamları üçün xüsusilə vacibdir". (Əsərin bu yazıda istifadə edilmiş hissələri Yeni Yazarlar və Sənətçilər Qurumunun “Çağdaş dünya ədəbiyyatı. Esse” adlı ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyasından (2013) götürülüb. N. Berdyayevin bəhs edilən əsərindən bu hissələr ilk dəfə "Yunost" jurnalının 1989-cu ildə çap olunmuş 11-ci nömrəsində işıq üzü görüb. 1990-cı ildə isə "Xəzər" jurnalı o hissələri Azərbaycan dilinə tərcümə edib).

Berdyayev rus ruh qurumunun topoqrafiyası və məzmununu tarixi prespektivdən təhlil edərkən diqqəti ilk növbədə rus xalqının Şərqlə olan bağlılığına çəkir. Rus xalqı formalaşma prosesində tarixən hansı amillərlə şərtlənib? Berdyayev bu məsələyə adətən bir xristian-ortodoks ruhanisi kimi yanaşır və rus xalqının inkişafını məhz Şərqlə ruhi bağlılıq məzmununda şərh edir. Təsadüfi deyil ki, Berdyayevin rus ruhu ilə bağlı mülahizələrinin arxa fonunda həmişə Şərq var. "Rus xalqı öz ruhi qurumuna görə şərq xalqıdır. Rusiya – xristian şərqidir..." Rus ruhundakı bu şərqlilik ilk növbədə Şərq Xristian kilsəsinin törəməsi, əməlidir. Bu ruh, tarixən Xristian-Ortodoks Kilsəsi tərəfindən yaxşıca yoğrularaq "təmiz dini" məzmun qazanır. Nəticədə, Bizansdan alınmış şərqlilik mirasını, yəni provaslav tərki – dünyalığı ilə axirətə meyli, iudeylərin əhd sandığı sayaq, indi də ruslar öz çiyinlərində daşımalı idilər. 

Rus insan tipində daim üz-üzə gələrək onu eyni dərəcədə səciyyələndirən iki elementdən biri Provaslav-Şərq Xristianlığıdırsa, digəri də, belə demək mümkünsə, coğrafi determinizmdir. Coğrafi rus xalqının da taleyinə çevrildi və "rus xalqının ruhunda intəhasız rus torpağı və sərhədsiz rus düzəngahı ilə bağlı güclü təbiət ünsürü qalmışdır". Rus insanındakı bu güclü təbiət ünsürü, yaxud Berdyayevin ifadəsiylə kor-təbii güc Qərb adamlarından daha güclüdür. İndi, "rus adamının qarşısında intəhasız dərəcədə çətin məsələ dayanmışdı – özünün hüdudsuz torpağını qanuniləşdirmək və təşkil etmək məsələsi. Rus torpağının intəhasızlığı, sərhəd və hüdudunun olmaması rus ruhunun qurumunda ifadə olunmuşdu. Rus ruhunun mənzərəsi rus torpağının mənzərəsinə, habelə hüdudsuzluğuna, yayğınlığına, genişliyə meylinə, ənginliyinə müvafiqdir". 

Göründüyü kimi, bu təbiət ünsürü yaxud özünün hüdudsuz torpağını qanuniləşdirmək və təşkil etmək problemi tədricən rus qəlbini və ruhunu təşkili probleminə çevrilir. Nəticədə, coğrafiyadan xalqın ruhuna köçürülən bu intəhasızlıq onların yaratdığı Rus-Provaslav sivilizasiyanın tipində və xarakterində də həlledici rolu oynayır. Belə ki, Rus-Provaslav sivilizasiyası, rus ruhuna müvafiq olaraq, öz kor-təbiiliyinin işiğında identifiklik qazana bilmirdi. Rusiyadan fərqli olaraq daha çox sıxlıqla, məhdudluqla şərtlənən Qərbdə isə hər şey daha asan kateqoriyalar üzrə qanuniləşdirilmiş və bölüşdürülmüşdü. Burada sanki hər şey sivilizasiyanın yaradılmasına və inkişafına - həm torpağın quruluşuna, həm ruhun qurumuna əlverişli şərait yaradır. Rus xalqı isə özünün intəhasız torpağı ilə kor-təbii gücünün qurbanına çevrilir. Son iki əsr ərzində də "... Qərbin güclü təsiri altına düşərək öz mədəniyyətinin üst qatında bütün Qərb ideyalarını assimilyasiya etməsinə baxmayaraq, rus xalqının tarixi taleyi bədbəxt və əzablı olmuş, o, faciəvi sürətlə, sivilizasiya tipinin fasiləliyi və eyniləşdirilməsi vasitəsilə inkişaf etmişdi".

Berdyayev, slavyanpərəstlərin əksinə olaraq, rus tarixinin üzvi vəhdətinə kəskin şübhə ilə yanaşır. Burda söhbət ilk növbədə mədəni vəhdətdən gedir, hansı ki, Rusiya üçün mühim tarixi keçid mərhələlərində belə bir vəhdətin olmaması rus xalqının müasir taleyində böyük paya sahibdir. Bu məsələdə Berdyayev elə tarixin özündən nümunə gətirir: "Biz beş müxtəlif Rusiya görürük: Kiyev Rusiyası, tatar dövrü Rusiyası, Moskva Rusiyası, imperiyaçı Pyotr Rusiyası və nəhayət yeni sovet Rusiyası." Sivilizasiya tipinin inkişafı baxımından bu beş Rusiyanın mədəni fərqləri diqqət çəkicidir. "Kiyev Rusiyasında o vaxt Qərbdə olduğundan daha yüksək mədəniyyət yaranmışdı: artıq XIV əsrdə Rusiyada klassik – bitkin ikona çəkmək və vəhdətə layiq memarlıq vardı. Moskva Rusiyasına bütöv üslubla vəhdətdə olan yüksək plastik mədəniyyətin, məişətin olduqca təkmilləşdirilməsi xasdı. Bu, şərq mədəniyyəti idi, xristianlaşdırılmış tatar hökmranlığının mədəniyyəti idi. Moskva mədəniyyəti latın Qərbi ilə və yadelli adətlərlə daimi ziddiyyətlərdə yaranmışdı". Kiyev və Moskva Rusiyasına xas diqqətəlayiq vəhdət və üslubu ilə seçilən Şərq mədəniyyəti Pyotr Rusiyası dövründən başlayaraq getdikcə bu üstünlüyündən məhrum olur. Artıq Qərbə pəncərə açan Rusiya daim ziddiyyətdə olduğu latın mədəniyyətinin ideyalarını mənimsəməyə başlayır, nəticədə "fikri və sözü oyadan Rusiya, düşünən, böyük, ədəbiyyat yaradan, sosial həqiqət axtaran Rusiya" parçalanır və üslubsuzlaşır, üzvi vəhdətini itirir. 

Əlbəttə ki, Nikolay Berdyayevə xas reallığa dualist yanaşma, yaxud xristian-ortodoks meyl onun fikirlərini tarixi prespektivdən həmişə mübahisələndirilməyə açıq saxlayır. Lakin, heç şübhəsiz ki, Berdyayevin bu mülahizələrində müasir dövr üçün diqqətə layiq əsas məsələ, Şərq və Qərb sivilizasiya ziddiyyətləri fonunda rus ruhunun ziddiyyətləridir. Berdyayevin öz sözləri rus ruhundakı bu ziddiyyətin mahiyyətini daha dəqiq ifadə edir: "... provaslav kilsə tərəfindən formalaşdırılmış və təmiz dini formasiya almış rus ruhu... rus qəlbinin ziddiyəti rus tarixi taleyinin mürəkkəbliyi ilə, onda Şərq və Qərb elementlərinin qarşılaşması və mübarizəsi ilə müəyyən edilmişdi". Rus ruhu sanki şərq və qərb xristian mədəniyyətlərinin toqquşma, eyni zamanda qovuşma yeridir və bu, böyük ölçüdə müasir rus insanının taleyinə də təsir edib. Çünki, rus insanı, xüsusilə müasir rus insanı həmin tarixi prosesin məhsuludur. Bu ziddiyyətlərin anlaşılması həm müasir Rusiyanın, həm də rus insanın anlaşılması baxımından əhəmiyyətlidir. Bu gün Böyük Pyotrun Rusiyanı Şərq məzmunlu Moskva mədəniyyətindən ayırıb Qərb tərzi Sankt Peterburq mədəniyyəti içinə soxmaq cəhdlərindən üzü bu yana düşüncə, sənət və ədəbiyyat müstəvisində bütün ciddi ruslar tərəfindən cavab axtarılan iki əsirlik əsas sual hələ də soruşulur: Şərq yoxsa Qərb?

***
Tarixçi Orlando Figes "Nataşanın Rəqsi; Rusiyanın mədəni tarixi" (Natasha's Dance; A Cultural History of Russia, 2002) kitabını adlandırarkən L.Tolstoyun "Hərb və Sülh" romanında məşhur sənhələrdən biri olan Nataşanın rəqsini seçib. Tarixçi iddia edir ki, yazıçı təxəyyülü ilə qurğulanmasına baxmayaraq, Nataşanın rəqsi kimi ədəbi səhnələr rus xalqının özünü anlamağa çalışdığı anlayışları simvolizə edir və bu mənada bir xalqın daxili yaşantısına açılan pəncərə rolu oynaya bilər. Rusiyanın mədəni tarixinin izini sürmək üçün Nataşanın rəqsi üzərindən hərəkət edən O.Figes, öz kitabında "Hərb və Sülh"lə yanaşı rus milli şüurunun izlərini daşıyan digər böyük folklor, ədəbiyyat, sənət, düşüncə nümunələrinə istinadla Rusiyanın mədəni tarixini incələməkdədir. 
O.Figesin seçdiyi, Tolstoyun özünün də xüsusi əhəmiyyət verdiyi bu səhnə, Nataşanın 'Dayı'sının kənd evində bir xalq mahnısına rəqs etməsini əks etdirir. Nataşanın rəqsinin mərkəzində iki fərqli dünya-mədəniyyət qarşılaşır; Avropavari rus zadəgan mədəniyyəti ilə rus kəndli mədəniyyəti. Bu qarşılaşma, həm də yuxarı və aşağı siniflərin qarşılıqlı münasibətləri baxımından xüsusi simvolik əhəmiyyəti daşıyır. Tolstoyun və liberal soylu vətənərpərvər 1812-cilər nəslinin rus kəndlisinin də içində olduğu daha geniş bir cəmiyyətə olan həsrəti yazıçı tərəfindən sanki qəsdli şəkildə bu rəqs vasitəsilə ifadə olunur. Figesə və elə gəlinən ortaq tarixi qənaətə görə də, Napoleon və mütəffiqlərinin məğlub edildiyi 1812-ci il Müharibəsi zadəgan və kəndli sinifinin milli bir şey ifadə etmək üçün birlikdə hərəkət etdikləri ilk andır və bu xarakteri ilə, fikrimizcə, həm də rus xalqının milli şüurunu canlandıraraq taleyinin sonrakı istiqamətini müəyyən edən əhəmiyyətli bir dönüş nöqtəsidir. Belə ki, müharibənin ardından "təhkimlilərin vətənpərvər ruhu ilə canlanan Nataşanın nəslinin zadəganları öz sinifinin yad ənənələrindən qopub "rus" prinsiplərinə söykənən bir yurddaşlıq duyğusu axtarışına çıxdılar. Fransızca danışmağı tərk edib (bu məzmunda, əsəri yazmaq üçün çox geniş tarixi araşdırmalar edən Tolstoyun "Hərb və Sülh"də fransızcadan bolluca istifadə etməsi rus zadəgan mühitinin orjinal ruhunu ifadə edə bilməsi üçün bir məcburiyyət idi - M.) öz dillərini istifadə etməyə başladılar, adətlərini və paltarlarını, yemək vərdişlərini və daxili dekorasiya zövqlərini ruslaşdırdılar; sıravi insanla dil tapmaq və onu öyrətmək, bütün sənət sahələrində milli bir forma meydana gətirmək məqsədiylə folkloru, kəndli rəqsini və musiqisini öyrənəcəkləri şəhər kənarlarına getdilər və Nataşanın 'Dayı'sı (yaxud "Hərb və Sülh"ün sonunda Nataşanın qardaşı) kimi bəzi insanlar, St. Peterburqun saray mədəniyyətini rədd edib mülklərindəki kəndlilərlə birlikdə daha sadə (daha "rus") bir həyat sürməyə çalışdılar" (Bu yazıda O.Figesə istinad edilən hissələr kitabın türkcə nəşrindən (Nataşa'nın Dansı, Rusya'nın Kültürel Tarihi, Orlando Figes, © 2009, İnkılap Kitabevi Yayın Sanayi ve Ticaret A.Ş.) götürlmüşdür). 

Nataşanın rəqsi səhnəsi sanki Tolstoy tərəfindən "fikri və sözü oyadan, düşünən, böyük, ədəbiyyat yaradan, sosial həqiqət axtaran" (N.Berdyayev) Rusiya üçün həyati əhəmiyyətli bir məqama, XVIII əsrdə Böyük Pyotrun Rusiyanı Avropa mədəniyyətinin içinə sürükləyərək sivilizasiya baxımından əvvəlki 'Rusiyalar' ilə üzvi vəhdətini qırmasına baxmayaraq, bütün rusları şüurda yaxud duyğuda birləşdirən milli bir xarakterin mövcudluğuna vurğu etmək üçün qurğulanıb. Tolstoy bu səhnə vasitəsilə demək istəyirdi ki, həqiqi Rusiya süni şəhər mədəniyyəti (St.Peterburq) tərəfindən müəyyən müddət kəndlərə və çöllərə sıxışdırılmasına baxmayaraq, o, hər zaman rus şüurunda milli bir mif kimi yaşayıb və mahiyyət etibarıyla Avropa Rusiyasından öncəki antik Moskva Rusiyasından - kilsənin Rusiyasından - başqası deyil. Nataşanın rəqsində də ortaya çıxan məhz həmin milli, əsl Rusiya idi; zadəgən, saray adət-ənənələri tərbiyə edilib böyüyən əsil-nəcabətli bir qızın hardan gəldiyi bilinməyən təbii bir instinktlə birdənbirə milli bir rəqsi əsl rus kəndlisi kimi oynamasının izləyənlərin ürəklərində bu qədər yanğı oyandırması, gözlərini yaşartması da bu səbəbdəndi. Başqa sözlə, fransız bir mürəbbiyədən Avropa tərzi tərbiyə almış gənc bir qrafiniyanın qoşulduğu bir kəndli rəqsini bu qədər əhəmiyyətli edən məhz rus milli kimlik mifinə işarə etməsidi. Daha əvvəl heç vaxt eşitməməsinə baxmayaraq 'Dayı'nın kəndlilər sayaq oxuduğu xalq mahnısı Nataşanın ürəyində bilmədiyi bir duyğunun tərpənməsinə səbəb olur. Nataşanın ürəyində xalq mahnısını eşitməsi ilə qeyri-ixtiyari oyanan bu duyğu bütün Rusiyanı, sinif fərqi olmadan kişili-qadınlı bütün rusları əsrlər boyu gizli şəkildə bir arada tutan şey idi. Figes də məhz bu məqama diqqət çəkir; Nataşa "içinə rus havasını çəkərkən - insanların uzun zaman əvvəl pas de chale'nin sildiyini zənn etdiyi - bu ruhu və o hərəkəti harada, necə və nə vaxt mənimsəmiş və əldə etmişdi? ...Bu ruh və hərəkətlər 'Dayı'nın ondan gözlədiyi o bənzərsiz və öyrədilməsi mümkün olmayan rus ruhu və hərəkətləri idi". 'Dayı'nın çağırışı ilə irəli qaçan Nataşa əvvəllər heç vaxt oynamadığı rəqsə elə qüsursuz, qərarlı, qürurlu şəkildə qoşulmuşdu ki, bu vəziyyət istər-istəməz belə bir sual doğurmuşdu: ictimai sinif və təhsil baxımından çox uzaq olduğu kənd mədəniyyətinə Nataşa necə bu qədər asanlıqla girə bildi? Bəhs edilən səhnə hər nə qədər yazıçı təxəyyülü məhsulu olsa da, şübhəsiz ki, zadəganı ilə, kəndlisi ilə bütün rusları birləşdirən bir milli xarakter nəsildən-nəsilə ötürələrək şüurun alt qatlarında, yaxud haradasa ona bənzər bir yerdə yaşamışdı və sənət əsərində də olsa duyğu birliyi şəklində ortaya çıxıb birləşmiş Rusiyaya olan çoxdanki bir həsrəti ifadə edirdi.


O.Figes mədəni tarix adlandırdığı kitabının girişində rus sənət və ədəbiyyatının xalqının milli kimlik problemi üçün oynadığı müzakirə platforması rolu barədə çox əhəmiyyətli təsbitlər edir: "Son iki əsrdə Rusiyada sənət, parlamentin və ya azad mətbuatın yoxluğu şəraitində siyasi, fəlsəfi və dini bir müzakirə sahəsi kimi xidmət göstərmişdi. Tolstoyun "Hərb və Sülh barədə bir neçə söz"ündə də (1868) yazdığı kimi, rus ənənələriylə bağlı sənət işləri, Avropavari mənada bir roman deyildi. İkonalardan çox da fərqli olmayan, fikirlərin test edildiyi bir laboratoriya, simvolik düşünməyi tələb edən böyük bir poetik təsisat idilər; elm və din kimi həqiqət axtarışı ilə nəfəs alıb-verirdilər. Bütün bu işlərin hamısını birdən qucaqlayan subyekt isə Rusiya idi; xarakteri, tarixi, ənənə və adətləri, mənəvi özü və taleyi ilə Rusiya". Bu yerdə Figes fövqəladə adlandırdığı və sadəcə Rusiyaya məxsus bir vəziyyətə diqqət çəkir; bir ölkənin sənət gücünün, demək olar ki, hamısı inanılmaz şəkildə millilik axtarışlarına yönəlir və rus olan böyük ədəbiyyat, elm və sənət adamlarının hər biri könüllü olaraq, bir vəzifə kimi, ölkələrinin milli kimlik mifini yaratmaq (yaxud bərpa etmək) işinə girişirlər. Bu vəzifə isə (heç şübhəsiz!) hər zaman əsl Rusiyanın axtarışı ilə başlayırdı və bu mənada bir kimlik problemi idi. Həmin böyük düşüncə və sənət adamlarının hər biri ilk öncə digər bütün sadə ruslar kimi kim olduqlarını bilmək istəyirdilər. "Heç bir yerdə əxlaqi liderlik və milli kəhanət vəzifəsi sənətçiyə bu qədər çox yüklənməmiş və heç bir yerdə dövlət, sənətçidən bu qədər qorxub, ona bu qədər çox əziyyət verməmişdi. Siyasi fikirləri səbəbiylə rəsmi Rusiyadan, təhsilləri səbəbiylə də kəndli Rusiyadan təcrid olunan rus sənətçilər, ədəbiyyat və sənət vasitəçiliyi ilə milli dəyər və fikirlər topluluğu yaratma vəzifəsini boyunlarına götürmüşdülər. Ruslar üçün nə demək idi bu? Rusiyanın dünyadakı yeri və məqsədi nə idi? Və həqiqi Rusiya harada idi? Avropadamı, Asiyadamı? St.Peterburqmu, Moskvamı? Çarın imperatorluğumu, yoxsa Nataşanın 'Dayı'sının yaşadığı palçıqlı tək prospektiylə kəndmi? Puşkindən Pasternaka qədər Rus mədəniyyətinin qızıl çağındakı bütün ciddi yazarların, ədəbiyyat tənqidçilərinin, tarixçilərin, rəssamların, bəstəkarların, teoloqların və filosofların ağılını məşğul edən "lənətli suallar idi" bunlar..." (O.Figes). Lakin bütün bu "lənətli suallar"la çarpışan və əzab çəkənlərin içində xüsusən bir nəfəri vardı ki, o, Rusiya üçün onların cəmindən daha çox əzab çəkmişdi və "Rusiya hardadır? Rusiya üzünü hara tutmalıdır? Rusiyanın məqsədi nədir" suallarına tam qərarlıqla ölkəsinin taleyinə bu gün də təsir edən müfəssəl cavablar verə bilmişdi.
(Yazının ardı var...)

Kultura.az
Misir Məmmədov

Kultura.az | Developed by Samir Yahyazade