Ləyaqətlə yaşamaq haqqı

Публицистика


“Dövlət sisteminin köhnəlmiş və çürüməyə başlamış təməlləri, keçmiş dövlətin effektiv idarətetmə üsulları bu gün mənasını itirib və işəyaramaz haldadır. Müdrik bir atalar sözündə deyilir ki, “Yeni dövr özü ilə yeni musiqilər gətirir”. Yeni nəsillər yeni anlayışlar, hədəflər və tələblərlə gəlir. Zamanı keçmiş idarəetmə formaları yeni nəsillərə zorla tətbiq edilə bilməz. Onların həyatı məntiqə əsaslanmaqla ədalətli və sağlam dövlət idarəetməsi ilə formalaşdırılmalıdır”

Qriqoriy Petrov “Bəyaz zanbaqlar ölkəsində”


Azərbaycan əhalisinin 40%-i 25 yaşdan aşağıdır. Azərbaycanlılar dünyanın ən gənc xalqlarından biridirlər. Bayramlarda, əlamətdar günlərdə valideynlər uşaqlarını götürüb gəzməyə çıxanda görürsən ki, ölkədə necə böyük demoqrafik partlayış baş verib. Hər tərəfdə gözünə saysız-hesabsız uşaq dəstələri sataşır, Bakı hərdən elə uşaq baxçasına oxşayır. Bir neçə ay əvvəl təhsil naziri Mikayıl Cabbarov çıxışlarının birində dedi ki, qarşıdakı 5 ildə Azərbaycanda şagirdlərin sayında 30% artım baş verəcək və biz buna hazır olmalıyıq. Təbii olaraq, belə bir sual ortaya sual çıxır: azərbaycanlıların sürətlə gəlməkdə olan yeni nəsilləridəmi bugünkü şərtlər altında yaşamağa məcbur ediləcəklər? Biz bir ölkə kimi, xalq kimi uşaqlaradamı eyni cür həyat tərzini – təhsilsizliyi, kültürsüzlüyü və mühitsizliyi təqdim edəcəyik? O şeyləri ki, bizə və bizdən əvvəlki nəsillərə “alternativin yoxdur, istəsən də, istəməsən də qəbul etməlisən!” deyib zorla sırıyıblar... 

Türkiyə dövləti yeni qurulan dövrdə Atatürk ən sevdiyi kitablardan biri olan Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsində” əsərini türk dilinə tərcümə etdirib, məktəblərin tədris proqramına daxil edibmiş. SSRİ-də qadağan olunan rus yazıçısının əsərinin azərbaycancası bu yaxınlarda əlimə keçdi. Kitabda “bataqlıqlar ölkəsi”, heç bir təbii sərvəti, yararlı torpağı, daimi müstəmləkə şəraitində yaşayan yoxsul Finlandiyanın müstəqilliyə necə qovuşmasından və necə varlı, cənnət bir ölkəyə çevrilməsindən bəhs edilir. Müasir Finlandiya dünyada ən keyfiyyətli təhsil sistemi olan ölkə sayılır, onun buracan gəlib çıxmağının arxasında isə olduqca böyük insan fədakarlığı dayanırmış. 

Qriqoriy Petrov yazır ki, bir xalqın içindən həm uca, həm də naqis insanlar çıxa bilər, bunlardan hansının iqtidara gələcəyini müəyyən edən faktor xalq kütlələrinə hakim olan ruh halıdır: “Xalqın sahib olduğu dəyərlər nədir? Zəkası, iradəsi və vicdanı inkişaf edir, yoxsa zəhərli otlar sarımış kimi, çürüyərək yox olur və ya yazıq, utancverici bir mövcudiyyət üçün sərf edilir?

Burda əslində hamımızın həyatı və işləri sorğulanmaqdadır. Öz ölkəmizdə nə işlə məşğuluq, xalqımızın taleyində hansı rolu üzərimizə götürürük?

Cənub ölkələrində mərcan adaları var. Mərcanlar xüsusi daş yığınlarıdır. Çox kiçik poliplərin bədənindən çıxan kiçik parçalar gözlə görülmədən böyüyərək, üzərində insanların yaşaya bildiyi adalar silsiləsinə çevrilir. Digər tərəfdən cənub coğrafiyasında insanlar üçün həqiqi bir bəla olan kiçik qarışqalar da yaşamaqdadır. Bu həşaratlar evləri və mebelləri belə yeyərək, insanları yurdlarından qaçmağa məcbur edir. 

Ölkəmizdə görəcəyimiz işlərin nəticəsi və mahiyyəti necə olacaq – yaradıcı, yoxsa dağıdıcı?”

Deyirlər ki, Novruzəli məktubu poçta sala bilsəydi, Cəlil Məmmədquluzadə “Poçt qutusu”nu deyil, daha irəli bir mövzuda hekayə yazar, mədəniyyətimiz də tamam başqa mərhələdə olardı. Gələcək artıq başımızın üstünü kəsdirib, bəlkə də artıq gələcəkdəyik. Bugünkü Azərbaycanda mövcud olan təhsilsizlik, kültürsüzlük, mühitsizlik, alternativsizlik isə ölkəni yenidən Novruzəlilərin - ikiayaqlı bəsit məxluqların qaynaşdığı bir əraziyə çevirməkdədir. Belə bir iddia var ki, elmi, mədəniyyəti, xüsusilə texnologiyanı inkişaf etdirən ölkələrlə bunları təmin edə bilməyən ölkələr arasında yaxın gələcəkdə böyük bir uçurum yaranacaq, aradakı fərq hətta sənaye inqilabı zamanında olduğundan da böyük olacaq. Ağıllı ölkələr tezliklə bu prosesə qoşulmağa tələsirlər. Qonşu kasıb Gürcüstan hökuməti ordan-burdan vəsait qırparaq, 2016-cı ildə Kutaisi şəhərində bir milyard avroluq texnologiya universitetinin təməlini qoyub, 140 hektarlıq ərazidə ultra müasir avadanlıqlarla və laboratoriyalarla təchiz olunmuş universitetdə 60 min tələbə təhsil alacaq. Maraq üçün qeyd edim ki, Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı yalnız bu il, deputatlardan birinin layihəsi əsasında gürcü dilinə tərcümə edilərək nəşr edilib...

Qriqoriy Petrov yazır: “Ölkələrin dağılması, böyük sarsıntılara məruz qalması və ya böyük düşüncənin nəticəsi olan xalqların nizamlı həyatına dair xoşbəxtlik hekayələri yalnız dövləti idarə edən şəxslərin – nazirlər, krallar və ya millət vəkillərinin fəaliyyətindən irəli gəlmir. Bu məsələlər bütün vətəndaşları düşündürməlidir. Kişi, ya da qadın, gənc, ya da qoca, şəhərli, ya da kəndli, fiziki güc, ya da beyin gücü ilə çalışan hər kəs bu məsələləri düşünməlidir.

Ölkələrin güclü və ya zəif, xalqların inkişaf etmiş və ya geridə qalmış qalmış olmasının tək səbəbi idarəedənin ədalətli və ya ədalətsiz olması deyil. İdarəçi necə olursa olsun – yaxşı və ya pis, qəhrəman və ya zalım – hər zaman öz xalqının canından bir candır, onun bir parçası, ruhunun əksidir. Xalq necədirsə, onu idarə edənlər də elədir. Buna görə keçmişdən bəri deyilir ki, hər bir xalq olduğu iqtidara və idarəçilərə sahibdir”. 

Total yalan və saxtakarlıq,

iftira və böhtan,

şərləmə, haqsızlıq,

rüşvət və korrupsiya,  

pulla, vəzifəylə satın alma, 

zülm və işgəncə, 

gənc nəsilləri cahilliyin və nadanlığın pəncəsində saxlamaq,

bacarıqsızlıq, istedadsızlıq, yaradıcılıq, təsəvvür yoxsulluğu

və s. və ilaxır. 

“Bəyaz zanbaqlar ölkəsində” əsərinin müəllifi deyir ki, bütün şər idarəçilikləri ehtiva edən bu mənhus cəhətlərə görə xalq, hər kəs bir-bir cavabdehdir, heç kim yaxasını kənara çəkə, bəhanə gətirə bilməz, hamı, xüsusilə dərk edənlər daha çox günahkardırlar.

Söhbət birdən birə bütün problemlərin həll olunmasından, ölkənin qəfildən qüdrətli bir ölkəyə, rifah dövlətinə çevrilməsindən getmir. Bir ölkə bunlara çatmaq üçün uzun yol qət etməlidir. Amma bir dövlət kasıb da olsa, zəif də olsa, problemli də olsa, ən azından, heç olmasa  vətəndaşlarına ləyaqətlə yaşamaq imkanı verməlidir. Öz ölkəsində çirkaba bulaşmadan ləyaqətli həyat yaşamaq hər bir insanın ən təbii, təməl hüququdur...

4-5 ildən sonra Azərbaycan əhalisinin az qala yarısı uşaqlardan ibarət olacaq. Bu uşaqların yalansız-dolansız, ləyaqətli həyata qədəm qoymağa heçmi haqları yoxdur?..

Cavid Ramazanlı

Qaynarinfo.Az
Kultura.az | Developed by Samir Yahyazade