post-title

''Nə etməli?''

Stefan Zveyq "Dünənin Dünyası" əsərində Vyanada varlı yəhudilərin mədəniyyət adamlarına, yazıçılara, rəssamlara, şairlərə və digərlərinə nə üçün yardım etməsini təxminən belə izah edir ki, Avstriyada yaşayan varlı yəhudilər onların yalnız bankir, sənayeçi və tacir kimi tanınmasını istəmədiklərindən mədəniyyətə, incəsənətə pul xərcləyirdilər. Hər bir varlı yəhudi, incəsənət adamı olan yəhudiyə maddi dəstək olmaq, ona yardım etməklə fəxr edirdi. Çünki onlar yəhudi xalqının, yalnız öz bankiri, taciri ilə yadda qalmasını istəmir, yəhudilərin mədəniyyətdə də uğur qazana biləcəklərini sübut etmək istəyirdilər.

Təbii ki, klassik musiqinin, ədəbiyyatın, bir sözlə, mədəniyyətin fontan vurduğu Vyana kimi bir mühitdə yalnız pul ilə uğur qazanmaq, cəmiyyətdə özünə yer tutmaq, özünü təsdiq etmək müşkül məsələ idi. Ümumilikdə, dünyada yəhdulilərə olan mənfi münasibət, onların sələmçi, bankir, tacir, bir sözlə, merkantil kimi tanınıb alçaldılması, mədəniyyətsiz damğası yeməsi Vyanadan da yan keçməmişdi. Varlı Vyana yəhudilərinin öz millətindən olan mədəniyyət və elm adamlarına etdikləri yardımları "əskiklik kompleksi", cəmiyyətdə özünə yer tutmaq istəyi və s. bir çox faktorlla izah eləmək olar. Amma bütün bunlar əsas olan faktı dəyişmir, yəni, varlı yəhudinin bir istedad işartısı olan digər yəhudiyə yardım etməsi, ona dəstək olması və hətta onunla fəxr etməsini. Zveyq də həmin yəhudilərdən biri idi. Zveyqin fonunda biz, maddi kapitalın necə mənəvi kapitala çevirilə bildiyini görürük.

Bu günlərdə, Jan Jak Russonun "Etiraflar" əsərini oxuyurdum. Fransız İnqilabının, həmin o kralın başının vurulduğu inqilabın, fikir atası sayılan bu adamın keçdiyi həyat yolu kimə maraqlı deyil ki?!

Kitabda bu böyük adamın keçdiyi yolda qarşılaşdığı əziyyətlər, yeniyetmə yaşında evi tərk etməsi, yalın ayaqla Avropanı gəzintiyə çıxması, müxtəlif işlərdə işləməsi, maddi çətiniklər çəkməsi, ac qalması, insanlarla olan münasibәtləri, sevgi xatirələri, oxuduğu kitablar, dostları tərfindən satılması, İsveçrədən qovulması, Fransada məskən salması və s. bu kimi çoxsaylı maraqlı söhbətlər var.
Kitabı oxuduqca, bu adamın çoxlu sayda insan tərəfindən haqsızlığa uğraması diqqətimi çəkirdi. Elə qəfildən ağlıma bir sual gəldi. Bu adama bu qədər pislik etmiş adamlar indi hardadır? Özü də bu adamlar nə az, nə çox, dövrünün iri çaplı feodalları, hətta kral ailəsinin üzvləri olublar. İndi aydın olan budur ki, onların hamısı dünya tarixinin zibilliyinə gedib, Russo isə dünya durduqca varlığını qoruyacaq. Amma Russonun həyatında dövrünün, sayları az da olsa, varlı, nüfuzlu adamları müsbət mənada müəyyən rol oynayıb. Onlar Russoya müxtəlif vaxtlarda, müxtəlif yardımlar edib, evsiz qaldıqda ev, pulsuz qaldıqda pul verib. Russo kitabında bu adamlara dərin minnətdarlıq duyğusu ilə təşəkkürünü çatdırıb.

Russo isveçrəli idi, amma çoxumuz onu fransız kimi tanıyırıq. Səbəb sadədir. Ona görə ki, dövrünün konservativ isveçrəliləri bu aydın insanı ölkədən qovanda fransızlar ona qucaq açıb, dəstək olub. Hətta vəziyyət o dərəcəyə çatıb ki, Russo İsveçrə vətəndaşlığından imtina edib. Bununla da, tarixin ta o zamanından İsveçrə bu adamla fəxr etmək, onu özündən biri saymaq haqqını itirib.
İndi əsas olanları deyim:

Azərbaycanlılar da, digər millətlər kimi, onun torpağından çıxan, onun vətənində doğulan məşhur insanlarla fəxr etməyi sevir. Amma azərbaycanlılar onların gələcəkdə fəxr edəcəyi insanların heç birinə yardım etməyi, onlara dəstək olmağı qəti qəbul etmir. Bu kimi onlarla insan vətənində yad qaldığından ya ölkəni tərk edir, ya da məhv olub gedir. Ölkədən gedən insanlar içərisindən bir gün məşhur alim, mədəniyyət adamı çıxacaqsa, bunun Azərbaycana və azərbaycanlıya heç bir aidiyyatı olmayacaq (isveçrəlilərin nümunəsinə baxın). ABŞ-a, Avropaya və s. - bu kimi yerlərə gedib uğur qazanacaq istənilən azərbaycanlı ona bu uğura catmağa kömək edən cəmiyyətin fəxri olacaq.

Məsələn, cəmiyyət olaraq gözləyirik ki, bizim yazıçılarımız, ailmlərimiz də "Nobel" mükafatı alsın. Kim istəməz ki? Amma cəmiyyətimizdə milyonlara sahib yüzlərlə adamın hansını yoxlasan, görəcəksən ki, həyatı boyu bir elm və ya incəsənət adamına on manat pul xərcləməyib. O ki qala onun təhsilinə, kitabına pul xərcləyə. Yaxşı deyək ki, hər şeydə olduğu kimi bu incəsənət sahəsi də ona dəxli olmayan adamların monopoliyasındadır. Bu işə girişən adam siyasi hakimiyyətin şübhəli nəzərlərinə tuş gəlir. Ona görə də adamlar incəsənət sahəsinə kömək etməkdən, yardım etməkdən qorxur. Amma, məncə, bu bəhanədir, ortada çoxlu sayda varlı insan var ki, onların yardımları heç kimin vecinə də olası deyil. Amma etmirlər. Hələ bunun Avropada, Amerikada, Rusiyada və digər biz bilmədiyimiz xarici ölkələrdə yaşayan onlarla milyonçusu var. Hətta deyək ki, ölkədə olanlar hakimiyyətin qorxusundan bunu edə bilmir (ki əslində, bu fikri qəti qəbul etmirəm), bəs, xaricdə olanlara nə gəlib? Yaşadıqları ölkələrin ab-havası bunlara niyə dəyməyib?

Niyə belә iş bu qədər çətin olmalıdır? Məsələn, adi götürək kitab işini. Kitabın tərcüməsi, kitabların nəşri üçün heçmi verəcəkləri pulları yoxdur? Məgər ağızdolusu təriflədikləri ölkələrin mədəniyyətinin nələrin hesabına yarandığına heçmi fikir verməyiblər?

Bəs, yaxşı bu adamlar pullarını nəyə xərcləyir, görəsən? "Manıs"lara və idmançılara, çin səddi kimi hasarladıqları evlərə, maşınlara. Daxilən o qədər kasaddırlar ki, ağıllarına pulu xərcləyə biləcəkləri başqa heç nə gəlmir.

Bu kimi insanların içərisində elələri də var ki – qeyd edək ki, onlar xüsusi tiplərdir, unikal ikiüzlülükləri ilə seçilirlər - hər gün mədəniyyətdən dəm vursalar da, mədəniyyət adına iki qəpik də xərcləməyiblər. Mədəniyyətsiz kimi baxdıqları azərbaycanlının mədəni olması üçün əllərində olan imkanı istifadə etməyən bu insanların, yüksək mədəniyyətdən danışmalarına qəti haqları çatmasa da, danışırlar. Bu adamlar qətiyyən "əskiklik kompleksi" də keçirtmirlər ki, hərəkətə gəlsinlər. Heç olmasa, susa biləydilər.

Bu ölkə üçün bir ədəbiyyat, bir rəssamlıq, bir musiqi, bir kino, bir elm, bir təhsil fondu yaratmaq bu qədərmi çətindir? İçlərindən istənilən birinin aylıq xərcini ayırsan, hər sahə ilə bağlı fond yaratmaq olar. Onlarla müsabiqələr keçirmək olar, onlarla istedalı uşağı oxutmaq olar, onlarla kino çəkə biləcək insanlar üzə çıxarmaq olar, onlarla bədii istedadlı adam ortaya çıxar.

Deyək ki, fond çox bahalı fəaliyyətdir. Xub.

Azərbaycanda kitab tərcümə edən, onu nəşr edən adamlara baxırsan, görürsən ki, zülmlə, min bir əziyyətlə, yeyəcəyi yemәkdən, geyəcəyi paltardan imtina edib kitabı tərcümə edir, nəşr edir. Sonra bu kitabın satışına gələn insanlara baxırsan, görürsən ki, ciblərində iyirmi manatdan çox pulları yoxdur, amma gəlib o kitabı alırlar. Bu, o qədər ağır mənzərədir ki, deyiləsi dərd deyil. Amma yuxarıda təsvirini verdiyim varlı biri bu pulu tək bir günorta yeməyinə xərcləyir.

Avropada, Amerikada, Yaponiyada (çox uzaq oldusa, sevimli nümunəmiz olan Gürcüstanda da) yaşayan varlıların artıq çoxu bunu dərk etdiyindən, bu və ya digər şəkildə fondlara yatırımlar edir, müxtəlif elmi, mədəni layihәlərə, gənclərin təhsilinə milyonlar xərcləyirlər. Araşdırsan, bu adamların çoxusu simic çıxacaq. Amma onlar tarixdə qalmaq üçün əllərindən gələni edirlər, onlar nə qədər varlı olsalar da, tarixdə varlı kimi yadda qalmağın bəs etmədiyini, bu günə kimi millyonlarla belə varlının adsız-sansız yoxa çıxdığını bilirlər.

Daha nəsə deməyə ehtiyac varmı? Hazırda Azərbaycanda, lap elə ondan kənarda, milyardlara, yüz milyonlara sahib bir varlı azərbaycanlı göstərin ki, bu kimi işlər edir. Yaxşı ki, tarix var və o, bu kimi insanlara qarşı da xüsusi amansızdır.

Bir daha Zveyqin yazdıqlarına qayıdaq. "Dünənin Dünyası" əsərini, yəhudilərdən zəndeyyi-zəhləsi gedən, onlara "mason" deyib adlarına min şər-şəbədə qoşan bütün müsəlmanlar diqqətlə oxumalıdır. Yüzmilyardlara sahib neftlə zəngin müsəlman dünyasının, indiki elm və mədəniyyətə heç bir töhvə verə bilməməsi düşündürücü sualdır. Bu suala yəhudi Zveyq, kitabında cavab verib. Maddi kapitalın mənəvi kapitala çevrilməsi üçün lazım olan düsturun, əslində, çox bəsit olduğunu göstərib.

Müxtəlif elm, mədəniyyət sahəsinə uğur qazanmış "yəhudi möcüzəsini" məhz Sveyqin yazdığı sadə düsturda axtarmaq lazımdır. Avropa yəhudiləri sevir deyə, onların elm adamına, yazıçısına "Nobel" mükafatı vermir. Lap dərinə getsən, Qərbin yəhudiyə münasibəti müsəlmana münasibətindən daha qəddar olub. Hələ indinin özündə də, antisemitizim kölgəsi oralarda dolaşır. Nasizmin nələr etdiyini müsəlmanlar unutsa da, tarix unutmayıb. Demək ki, düşdükləri vəziyyətin səbəbini özlərində axtarmalıdırlar. İndi neft də öz əhəmiyyətini itirir, məzmunsuzluq daha qabırıq şəkildə üzə çıxır. Müsəlmanlar ciddi-ciddi düşünməli və nəhayət üzünü insana çevirib, ona yatırım etməlidirlər.

Emin Aslan

Meydan Tv
Yuxarı