Lətifin qayıtması

Rasim Qaraca


Lətif Mustafaoğlu Bakıdadır. Kaş bu cümləni oxuyan hər kəs, dərindən ah çəkə, ola bilməz deyə, Lətifin adı gələndə hər kəs bir anlığa yerində donub qala, nəfəsini tuta, bu canlı əfsanəni heç olmasa bir dəfə yaxından görmək istəyə. Yox, yanlış anlamayın, Lətif xaricdə uğur qazanmış bilim adamı, məşhur idmançı, bərkgedən biznesmen deyil. Tam əksi, Lətif həyatda uğur qazanmamış, heç bir şeyə nail olmamaış, sözün əsl mənasında sərgərdan bir insandır. Telefonu, elektron adresi, facebook səhifəsi, onu axtarıb tapa biləcəyiniz heç bir koordinatı yoxdur. 63 yaşında ailə qurmamış bir adam. Gürcüstanda doğulub, ancaq nə orda, nə burda, nə də indi 10 ildən bəri yaşamaqda olduğu Türkiyədə evi var. Pasportunda türkcə bu sözlər yazılmaqdadır: “Vatansız kişi”.  

Bəs necə yaşayır Lətif? Hə, burası bir möcüzədir. Çünki Lətif ölümsüzdür. Dərisinə güllə batmır. Təkcə hava və su ilə 3 il yaşaya bilir. Sərçənin sağ budunu yeməklə aclıq ehtiyacını ən azı 10 il doldura bilir. Rəsmi qeydlərdə ilk dəfə b.e. əvvəl II minillikdə, misirli Tutanhamonun zamanında görünüb. Yer üzünün ölümsüz bəndəsi olaraq, daha sonralar Çində, Sun Szı zamanında, Xarəzmşah Məhəmmədin sarayında, Kristofor Kolumbun gəmisində, IV Lüdovikin qəsrində, habelə II Əbdülhəmidin əsabələri arasında, ən son Elçibəyin cəbhəsində zühur edib. Yeni ölkənin düşüncə memarlarından biri  kimi özünün dəyərli məsləhətlərini Elçibəydən əsirgəməyib. Bax, belə bir adamdır Lətif. Nəfsi handa bir seyyidin cəddindən daha kəsərlidir. Sadəcə bir əfsanə deyim, siz də bunu qəbul edin.

Onunla tanışlığımın yaşı 40-ı haqladı ya da haqlayacaq. Tələbəlik vaxtlarımdakı uzun söhbətlərimiz yadımdadır. Söhbətə dalıb 3-cü mikrorayondan Əhmədliyə yürüyərək getməyimiz unudulmazdır. 2006-cı ildə Bakıdan gedib, 10 ildən sonra yenidən geri qayıdıb. Yenə həmin söhbətlər, yenə həmin danışıq tərzi, yenə həmin fikirlər. Lətif dəyişməyib. Bir az saç-saqqalı bəyazlayıb, o qədər.  Təhr etmiş oğul ata evinə qayıdar kimi qayıdıb Lətif.

Dərin mütaliəsi var Lətifin. Son dərəcə məlumatlı insandır. Yüksək analitik təfəkkürə malikdir. Ədəbiyyatçı, jurnalist, strateji araşdırmaçı, konspiroloq, toplum mühəndisi deyə bilərik ona. Söhbətlərinə doymaq olmur bu adamın.

2000-ci illərin əvvəllərində tez-tez görüşərdik Lətiflə. Qeydiyyat və iş məsələsini həll edə bilmirdi, çox yüksək vəzifədə olan həmyerliləri Lətifə kömək etmədi və ya etmək istəmədi. Beləcə Lətif havada qalmış kimi yaşadı o illərdə və indi məlum olduğu kimi, hələ də həmin o həyatı yaşamaqdadır. Bir ömür dostların, tanışların yardımıyla yaşamaq nə deməkdir, - bunun canlı misalı Lətifdir.

Lakin... Lətifi əski halında, dəyişmədən, necə varsa elə o cür görmək məni çox sevindirdi. Elçibəy dönəmindən bəri heç olmasa bir nəfərin dəyişmədən, pozulmadan, sağ-salamat bu günlərədək gəlib çıxması nə böyük sərvət idi mənim üçün. Fikrimi necə izah edim? Bilirsiniz, o dövr dəlisov dövr idi, havalı başların zamanıydı. Havalı başların çox olması, əlbəttə, zərərlidir, hətta fəlakətdir. Zaman keçdi, hər kəs ipə-sapa düzüldü, hər kəs ağıllandı, dəlisov başlar yoxa çıxdı. Bu gün toxumluq olsa belə, bir havalı baş qalmadı. Çox olanda dəyəri olmayan dəlibaşlılıq bu gün tutiya-təbərrük kimi ələ düşməz oldu. Lətifi 40 il, 30 il, 20 il, 10 il əvvəl olduğu kimi evsiz-eşiksiz, işsiz gücsüz, oğulsuz uşaqsız görmək, üzürlü sayın, məni sevindirdi. Lətifin Bakıda xəbərini mətbuatda oxudum; “Hardasan ay Lətif” deyə bir səs qopdu içimdən, bir an öz təkliyimin fərqinə vardım, bu dərviş adamın, yurdsuz-yuvasız sərgərdan adamın gəlişindən elə bil güc aldım, “hardasan ay Lətif, ay müqəddəs adam! Sən gedəli nələr oldu bilersənmi? Hər kəs neft puluna bələndi, mərdlik daraldı, kişilik qalmadı, hər kəs satıldı ay Lətif, nə yaxşı sən dəyişmədin. Necə saf idinsə eləcə də qaldın, nə böyük, nə nurlu insanmışsan sən!” – deyəcəkdim ona görüşdüyümüz zaman. Bir dost çiyninə necə böyük ehtiyacım olduğunu anladım birdən-birə. Bu təmənnasız Vətən aşiqinin, “vatansız kişi”nin aynasında onun bir zaman oturub-durduğu, şair-yazar adıyla meydana atılan dostları necə əyri-böyrü görsənirdi, əsl simaları necə də üzə çıxırdı. İndi dövlət qulluğunda olan, hədsiz imkan sahibi dostlar hərəsi bir bəhanəylə Lətifdən qaçar oldu, telefonuna cavab vermədi, üz-üzə gəlmək istəmədilər. Səbəb, Lətifin ehtiyacı olan 20-30 manatı itirəcəkləri deyildi, əlbəttə. Onlar Lətifin açıq alnına, kölgəsiz gözünə baxa bilməzdilər, səbəb bu idi, bunu gün kimi bilirəm. Bu səbəbdən Lətifdən qaçdılar. Lətifin söyləyəcəyi, söyləməyə haqqı olduğu acı bir həqiqət onları sarsıdar, haram pullarla süslənmiş həyatlarını kömürə döndərərdi. “Hanı bəs hamınız haqq adıyla yola çıxmışdınız, indi ellikcə şeytana nökərçilik edirsiniz, heçmi namusunuz yoxdur, heçmi vicdan əsərəti qalmadı sizdə, heçmi? Tüpürüm sizin üzünüzə, şərəfsizlər!” – deyə bilərdi Lətif onlara. Ancaq Lətif bunları deməz. Lətif mənəvi yüksəlişin elə mərtəbəsinə çatıb ki, bunları heç vaxt deməz onlara, ləyaqətinə sığdırmaz, əksinə, yenə də onları dost gözündə görər, özlüyündə bəraət qazandırmağa çalışar. Bu sözləri deməsə də, “Ah, yenə Lətif, hələ ölməyib bu həqiqət dağarcığı” deyərcəsinə ondan qaçan, telefonuna cavab verməyən, görüşünə gəlməyən dostlara Lətifin sadəcə kölgəsi yetərlidir. Lətifin təkcə bir qıyqacı baxışına duruş gətirə bilməz bu satqınlar güruhu.

Cəmi bir neçə gün aramızda dolaşıb yenidən özünün sonsuz zamanına, bilinməz gələcəyinə qayıdacaq Lətif. Öz nəfsinə qul olub ağırlaşan, günü-gündən torpağa yapşan ölümlü dostlarıysa onu axtarsalar belə tapa bilməyəcəklər.

Rasim Qaraca

Literaz.com
Kultura.az | Developed by Samir Yahyazade