Alternativsiz həyat

Публицистика

Ola bilsin, bu maraq çox adamda var: hərdən qarşımıza elə insanlar çıxır ki, onların həyat yolunun necə olacağı bizi az, ya da çox dərəcədə maraqlandırmağa başlayır. Sən görürsən ki, o, hamı kimi deyil, onu başqalarından fərqləndirən hansısa bir müstəsna özəllik var. Bu, güclü istedad da ola bilər, böyük ağıl da, hiper həssaslıq da, hərtərəfli tərbiyə də, zərif mədəniyyət də. Sən belə insanla rastlaşanda, istər-istəməz düşünürsən, görəsən, o, əlindəki bu xəzinəylə haracan gedib çıxacaq? Həyat yarışında qarşısına çıxan maneələri aşa biləcək, yoxsa hansısa bir məqamda məğlub olub digərləri kimi adi bir orqanizmə çevriləcək? Yaradan, fəaliyyətdə olan biri olacaq, yoxsa təsəlli dalınca qaçacaq, mehr salan birinə çevriləcək?

Mən inanıram ki, müstəsna bir varlığı görəndə, bir çoxlarımızın ağlından dumanlı da olsa, belə fikirlər gəlib keçib. Çünki biz insanıq, maraqlanmağı sevən məxluqlarıq. 

Bugünlərdə çoxdan görmədiyim bir tanışımla təsadüfən rastlaşdım. Təqribən on il olardı ki, ümumiyyətlə üz-üzə gəlməmişdik. Bir vaxtlar “görəsən, bunun axırı necə olacaq?” kateqoriyasına aid etdiyim  tiplərdəndi. Təbii olaraq, zaman ərzində dəyişmiş, yetkinləşmiş, başqa bir insana çevrilmişdi. Sanki beynimdən keçənlərdən duyuq düşübmüş kimi, mənə suallar verdi. Məhdud söz ehtiyatı, dolanbac yollarla verilmiş sualları təxminən bu səpkidəydi: “Sən necə elədin, yolunu tapa bildinmi?”, “Allaha inanırsanmı?”, “Gələcəyi necə görürsən?” və s. 

Suallarını cavablandırdım. O da mənimkiləri cavablandırdı. Bəlli oldu ki, universiteti axıracan oxumayıb, yarımçıq atıb. Neçə illər başını orda-burda girləyib. Müxtəlif yerlərdə işləyib. Həssas insan olduğundan, çəkdiyi mənəvi əzablara görə, intihar həddinə belə gəlib çıxıb. Sonda isə dində təskinlik tapıb. İndi əyalətdə bir kənddə yaşayır, ibadətlə məşğul olur, “dünya malından gözünü çəkib”, kiçik şeylərdən zövq almağa çalışır...

Eyni, köhnə hekayət. 

Onun hekayəsini dinləyəndən sonra təəssüfləndim, düşündüm ki, heyf, daha bir faydalı insan, daha bir özəllik itirildi və həm də birdən dərk elədim ki, bir vaxtlar “görəsən, bunun axırı necə olacaq?” dediyim adamların demək olar ki, hamısı qeybə çəkiliblər. Qızlar ərə gediblər, oğlanlarsa ya evlənib ağır məişət yükünün altına giriblər, ya da dinə qurşanıb özlərinə təsəlli verməkdədirlər. Maneələri aşan, tab gətirən, özünü təsdiq edən demək olar yoxdur.    

Bizim mühitimiz batmış istedadlar, puça çıxmış ümidlər, baş tutmayan sövdalar qəbiristanlığıdır. 

Azərbaycanın bir ölkə kimi dramı xüsusi insanlarına, istedad yiyələrinə özlərini reallaşdırmaq imkanını verməməsidir. Ona görə də kövrəkləri burda ilişib qalıb həyatlarını puç edirlər, nisbətən fərasətliləri isə üzərində iri milçəklər uçuşan bu ölü mühitindən baş götürüb qaçmağa çalışırlar. 

İnsanı aktiv yaradıcılığa, yaratmağa, ixtira etməyə, həqiqi zövqə, o cümlədən təsəlliyə təşviq edən elm və mədəniyyət kimi ali məfhumlar azadlığın, təhlükəsizliyin, ədalətin mövcud olduğu yerlərdə təşəkkül tapırlar. Aydındır ki, bizdə azadlıq və ədalət mühiti mövcud deyil, ancaq daha da pisi bir cəmiyyət kimi güclü mədəni, elmi ənənələrə malik olmamağımızdır.  Devalvasiyalar, dünyaya qapanma, gün keçdikcə sərtləşən idarəçilik hələ əsl problem deyil, həqiqi problem mühitlə yanaşı, ənənənin olmamasıdır. Təəssüf ki, bunu inzibati yollarla belə olsa, yaratmaq, təşviq etmək üçün istək və həvəs görünmür, bəlkə də bunu dərk edəcək qabiliyyət belə mövcud deyil.  

Mədəni ölkələri güclü edən cəhətlərdən biri onun istedadlı, seçilmiş fərdlərinin ən ümidsiz, çətin vəziyyətlərə belə düşəndə özlərini reallaşdırmaq alternativlərinin olmasıdır. Məlum məşhur şəxsiyyətlər var: Maykl Faradey elmə olan həvəsindən başqa bir şeyi olmayan yoxsul bir gənciydi, Balzakın dəftər-qələmindən savayı bir şeyi yoxuydu, Corc Oruel restoranlarda qabyuyan işləyirdi, Pirosmani acından ölməmək üçün kiçik bəxşişlərə görə harda gəldi şəkillər çəkirdi. Nümunələr çoxdur, istəyən qədər. 

Bizdə isə indinin özündə də alternativ əsasən iki dənədir: ölkədən qaçmaq və dində təsəlli tapmaq. 

Yaratmaq, özünü inkişaf etdirmək, həvəslənmək, görüb-götürmək üçün şərait yoxdur. Nə etsən, özün etməlisən. Başa düşməlisən ki, təksən, fədakarlığından başqa heç nəyin yoxdur, heç kim səni dəstəkləməyəcək, əksinə, mane olmaqdan ötrü, ruhdan salmaqdan ötrü hərə bir tərəfdən qollarını çırmalayıb üstünə gələcək. Belə şəraitə dözüm gətirmək hər kəsin işi deyil və belə bir fədakarlığa da heç kəs borclu deyil. 

Azərbaycan insan resurslarını itirməkdə olan və formalaşdırmaq əzmində, istəyində olmayan ölkələrdəndir. Reallıq budur.  İnsan resursları olmayan ölkələr isə gözlərimizin qabağındadır, hər gün televiziyada, internetdə görürük belə ölkələrdə nələr baş verir. Ölkədə hərdən gözə dəyən istisna inkişaf işartılarının zamanın sınağından çıxa biləcəyi, sürətlə dəyişən dünyada belə ləngliklə özünü doğrulda biləcəyi isə şübhəli məsələdir. 

Kəsəsi, gələcək heç də xoş şeylər vəd eləmir. Bir-birinin ardınca keçirilən bahalı idman yarışları, dəbdəbə, atəşfəşanlıq itirilən və formalaşmayan insan resurslarını əvəz edə bilməz. 

Yəni ki, bədbin olmaq üçün hər cür əsas var. 

Ola bilsin, qorxunc səslənir. 

Amma bəlkə də indiki halda hədsiz bədbin olmaq lazımdır. Çünki bizim ölkənin gələcəyi ilə bağlı yalançı nikbinliyimizin kökündə çox vaxt reallığı qəbul etməmək istəyi dayanır, biz özümüzü və başqalarını aldadırıq, hərəkətsiz, passiv məxluqlara çevrilib gözümüzü qeyri-müəyyən gələcəyə dikirik. Pessimizm isə bizə həqiqi mənzərəni görmək, diaqnoz qoymaq və nə cür addımlar atmalı olduğumuz barədə ipucları verə bilər.

Heç nə yaxşı olmayacaq deyə düşünmək lazımdır. Bəlkə bunda nəsə alındı, çünki o bir cür də alınmır.

Cavid Ramazanlı

Qaynarinfo.Az
Kultura.az | Developed by Samir Yahyazade