post-title

Emin Aslan: Həcc ziyarəti

Əgər Gülər Əhmədova, doğurdan da, əməllərindən peşman olduğunu göstərmək istəyirdisə, xalqdan üzr istəməli idi

Bu günlərdə hamımızın yaxşı tanıdığı Gülər Əhmədovanın Həcc ziyarətinə getməsi ilə bağlı xəbər çıxdı. Bu xəbərdən yola çıxıb, insanların onun şəxsiyyəti haqqında, eləcə də, bu hadisə ilə bağlı nə və necə düşündüklərini öyrənməyə çalışdım. Sosial şəbəkələrdə insanların bu məlumata göstərdiyi münasibət birmənalı olaraq lağ-lağı, ironiya, məzə xarakterli idi. Yekdil olaraq, hamı bir ağızdan - ən azı, gördüyüm bu idi – Gülər Əhmədovaya mənfi münasibət bəsləyirdi. Təbii ki, buna səbəb onun etdikləri ilə birbaşa bağlıdı.

Həcc ziyarətinə gedən insanlar məndə həmişə mənfi təəssüratlara səbəb olub. Buna səbəb, ola bilsin, dinə olan şübhəli münasibətim, Azərbaycan klassik və bəzi müasir yazıçılarının lağ, tənqid etdikləri dindar (mollalar) obrazları, Sovetdən gəlmə ənənə, ailəmin təsiri, dindar cəmiyyətlərin düşdükləri tragikomik vəziyyət və s. olub. Bunları obyektiv səbəb kimi sinifləndirə bilərəm. Bəs, axı, nə üçün indiyə qədər şəxsən tanıdığım hacıların əksəriyyəti, yumşaq ifadə etsəm, əclaf olub? Şəxsi təcrübə insana hər şeydən daha ciddi təsir edir, onu tamamilə dəyişdirə bilir. Bu, o deməkdir ki, mənim hacılara münasibətim çox çətin dəyişəcək, onlar gözümdə həmişə dəhşətli əməl(lər) törətmiş, amma bundan daxilən peşman olmamış, şübhəli insan obrazı kimi qalacaq. Həm də düşünürəm ki, insan daxilən peşman olmadıqda Həcc ziyarətinə gedir.

Bu insanların əksəriyyəti, yenidən digərlərinin gözləri qarşısında legitimlik qazanmaq üçün nümayişkaranə sürətdə ziyarətə getdiklərini hamıya car çəkirlər. Yaxşı əməl sayılan hərəkətlərin nümayişkaranə şəkildə ortaya qoyulması isə insanları onu edənlərə qarşı həmişə ehtiyatlı olmağa vadar edir.

Gülər Əhmədova həcc ziyarətinə gedərkən, foto: sosial şəbəkə

Təbii ki, Həccə gedənlərin motivləri çox fərqli ola bilər. İnsan, doğurdan da, ziyarətə gedib daxilən paklaşacağına, Şeytana daşa ataraq, onu özündən kənar tutacağına, təyyarəyə, otelə, yemək-içməyə on minlərlə pul xərcləyib, təmizlənəcəyinə inana bilər. Mənə maraqlı olan koqnetiv dissonans yaşayan bu sadəlövh insanlar yox, zəhərləri, xıltları, pislikləri, şərləri daha dərinlərə işləmişlərdir. Onlar düşünürlər ki, bu göstərişli hərəkətləri ilə insanlarda özünə qarşı münasibəti müsbətə dəyişə biləcəklər. Ola bilsin, buna nail olurlar da.

Amma Gülər Əhmədova hadisəsində, onun bunu edə bilməyəcəyini yayılan məlumatlara insanların verdiyi mənfi reyaksiyadan aydın etmək olur. Əgər Gülər Əhmədova, doğurdan da, əməllərindən peşman olduğunu, daxilən təmizlənmək istədiyini, vicdanının sızladığını, ruhunun olmazın əzablar içində qıvrıldığını göstərmək istəyirdisə, (nə sadəlövəm, deyilmi?) o zaman etdiyi bütün çirkinlikləri sətirbəsətir yazmalı, ifadəli şəkildə danışmalı, bu əməllərindən peşman olduğunu, olmazın əzablar çəkdiyini xalqa açıq şəkildə deməli və yekə bir üzr istəməli idi.

Etiraf edək ki, etiraf çox güclü təsir vasitəsidir. Hətta deyim ki, kələyə əl atıb, daxildən gəlməyən etiraflar etsəydi belə, insanların əksəriyyətinin ona rəhmi gələcəkdi. Bir anlıq, Gülər Əhmədovanı bu kimi etirafları edib, daha sonra Həcc ziyarətinə getməsini və buna insanların verəcəyi reaksiyaları gözünüzün qabağına gətirin. O, bunu etsəydi, şəxsən bir də ona qarşı heç bir mənfi düşüncə və hiss bəsləməzdim. Əksər insanlar isə ona arzularının çin olmasını diləyəcəkdi. Amma xalqdan üzr istəmədən gedilən Həcc ziyarəti ilə o, nə özünə oxşar hakimiyyət təmsilçilərini, nə də merkantilləşdirdikləri, pozduqları Azərbaycan insanını inandıra biləcək. Bunu türkə, ərəbə, hətta, bərk yerdə iranlıya sata bilərsən, amma azərbaycanlıya, əsla! O sizi, sizdən daha yaxşı tanıyır, çünki özü də hardasa sizin kimi düşünür. O zaman bu kələk kimə və nəyə lazımdır ki?

Qeyd: Açığı, bizim siyasətçilərin etiraf mədəniyyəti kimi güclü silahı indiyə kimi istifdə edə bilməməsi mənə son dərəcə təəccüblü gəlir.

Əcinələrin Şeytanı daşlaması ilə bağlı o qədər zarafatlar edilib ki, bu barədə heç nə yazmaq istəmirəm. Amma Gülər Əhmədovanın Şeytana daş atması görülməyə dəyər kadrdı. Şəkilləri gözləyirik, Gülər xanım.

Emin Aslan

Meydan TV
Yuxarı