post-title

Özünü Kubrick kimi təqdim edən fırıldaqçı 10 il hamını aldadıb



Dünyaca məşhur kinamotoqraf olandan sonra şedevr əsərlər yaratmaq üçün öz küncünə çəkilib dünyadan təcrid oluna bilməzsən. Birincisi pərəstişkarlar bu cür əlçatmazlığı özlərinə təhqir biləcəklər, ikincisi jurnalistlər isə gecə-gündüz şayə şayə dalınca yazacaqlar. Məşhurluq özü ilə belə xoş olmayan məcburiyyətlər gətirir. Ona görə də gərəksiz baş ağrıları yaşamamaq üçün daim göz önündə olmalısan. Yox əgər inzivaya çəkilməyin mütləqdirsə onda yerini kimsə başqası tutacaq. Belə bir şey Stanley Kubrick-in başına gəlib: 80-lərdə özünü bu böyük rejissor kimi təqdim edən Alan Conway adlı bir fırıldaqçı ortaya çıxıb. Conway Kubrickin hesabına yaxşı pul qazanır, on litirlərlə keyfiyyətli içkilər içir, hətta müxtəlif gənc aktrisalardan yeni filmində oynatmaq vədi ilə seks xidməti də alırdı. Beləliklə görək saxta Kubrick bütün şou-biznes əhlini necə aldada bilib.

Kubrickin möhtəşəm uğuru və inzivaya çəkilməsi

Əslində Stanley Kubrick kimi adamın yerinə saxta birinin ortaya çıxması, onun reputasiyasını alt-üst etməsi bir növ həyatın ironiyasıdır. Çünki hələ Kubrickin gəncliyindən bəri onun reputasiyasının qeydinə manyakal dərəcədə ciddi qalması dillərə dastan idi. Belə ki, rejissor filmlər üzərində işləyərkən mütləq kamilliyə can atırdı. O aktyorları bezənə qədər eyni səhnəni oynamağa məcbur edirdi, həm də həmin səhnədə işıq və səs normaları da onu razı salmalıydı. Filmlərində kiçik tərcümə xətalarının olmaması üçün bütün dünyada onlara ancaq ingiliscə baxmağa icazə verirdi. Özü şəxsən subtitrlərin kadrlarla üst-üstə düşüb-düşməməsini yoxlayırdı. Hələ deyirlər Kubrick ilk filmlərindən olan “Qorxu və ehtiras” filmi qüsurlu saydığına görə sonradan yığışdırıb məhv etmişdi.

Rejissor Stanley Kubrick-in gənclik illəri.
Rejissor Stanley Kubrick-in gənclik illəri.

Dərd orasındadır ki, Stanley Kubrick özü də kifayət qədər karizmatik adam idi və onu kiminləsə qarışdırmaq mümkünsüz bir şey olmalıydı. Hələ bir saxta Kubrickin xarici görnüşcə qətiyyən rejissorun özünə bənzəməməsi işi lap komik vəziyyətə gətirir. Stanley daim publika qarşısına qara eleqant kostyumla çıxır və hər kəsin diqqətini üzərinə çəkə bilirdi. V. Nabokovun əsərinə çəkdiyi “Lolita”nın ardınca “Avtomatik portağal” filmlərindən qazandığı baş döndürən şöhrətdən sonra hələ bir, “Parıltı” filminin də yaratdığı səs-küy Kubricki yorur və o gözlənilmədən özünü qaranlığa qərq edir.

Alan Conweyin filmdən başı çıxmır, amma təqribən 10 il hamını Kubrick olduğuna inandırır

Əsl Stanley Kubrick 80-lərdə belə görünürdü.
Əsl Stanley Kubrick 80-lərdə belə görünürdü.

1987-ci ildən başlayaraq Kubrick 10 illiyinə yoxa çıxıb. Onda Stanley artıq qərb kinosunun ən tanınmış siması idi. Onun filmləri insanları zövqə gətirir, dəhşətə qərq edirdi. Heç kim Kubrickin filmlərinə soyuq başla baxa bilməzdi. Ancaq di gəl ki, yaradıcı yoxa çıxmış, şedevrlər isə hələ də ortada idi. Kubrickin “Geniş qapanmış gözlər” filminin üzərində çalışdığından xəbərsiz ingilisdilli publika özləri üçün yeni Kubrick kəşf etmək məcburiyyətindəydilər.

Kinonun yeni dahisi Britaniyadan olan Alan Conwey idi. O fırıldaqçılığa uşaqlıqdan başlamışdı, hardasa 13 yaşında oğurluq üzündən həbsxanaya düşmüş, azadlığa çıxdıqdan sonra öz kimliyindən uğurlu brendlər yaratmağa başlamışdı. O sadəlöhvlərdən pul qopartmaq üçün özünə müxtəlif adlar və bioqrafiyalar uydururdu. Evlənəndə artıq onun üzərində bir neçə fırıldaqçılıq işi vardı və bu üzündən gənc evlilər Cənubi Amerikaya gedib fırıldaqçılıq yolu ilə qazandıqları pulları orda xərcləməyə qərar vermişdilər. Lakin, bir müddət sonra hökümət Conwey-in saxtakarlıq fəaliyyətindən xəbər tutduğu üçün o Afrikadan da baş götürüb qaçır. İngiltərəyə qayıdan Conwey özünü təmizə çıxartmaq və namuslu iş adamı kimi göstərmək üçün turist bürosu açır. Düzdür onun bürosuna müraciət edən turistlərin də uzaqlara uçub gedə bildiklərini demək çətindir.

80-lərdə Alanın arvadı dünyasını dəyişmiş və o homoseksual kimliyini artıq ortaya çıxarmış, özünə sevgili tapmışdı. Arvadından sonra qalan yeganə oğlu Martini isə hər gün döyür, dostları ilə birgə onu ələ salırmış. Axırda 16 yaşlı Martin də Alanı yalnız buraxıb uşaq evinə gedir. Elə bundan sonra içkidən və pulsuzluqdan əziyyət çəkən Alan Conwey-in qara günləri başlayır. O dərin depressiyadaykən günlərin bir günü ağlına dahiyanə bir plan gəlir. Axı niyə də özünü xeyli müddətdir itmiş Kubrick kimi qələmə verməsin. Bu ona bohem həyata, gözəl yeməklərə, bahalı maşınlara və gizli klublara üzv olmaq imkanları yarada bilərdi. Bir əmma vardı ki, Alanın kinodan başı çıxmırdı, Kubrickin filmləri haqda isə heç təsəvvürü də yox idi. Dahi rejissorun cildinə girən Alana kino haqda elementar bir sual versən belə dalana dirənəcəkdi. Əvəzində isə Alan Conwey Kubrickin hərəkətlərini, danışığını inanılmaz artistizm və karizma ilə oynayırdı. Şou-biznes adamları saxta Kubrickdən yaradıcılığı haqda nəsə soruşmağı ağıllarına da gətirmirdilər.

İngilis müğənnisi saxta Kubrickə "Rolls Royce" də kirayələyib

Kubrickin cildinə girdikdən sonra Alandan nəsə soruşulsa belə o suallara nəsə dumanlı cavablar verirdi. Hətta illərlə film jurnalistliyi etmiş adamlar belə Alanın Kubrick olmadığını anlaya bilməmişdilər. Saxta Kubrick nə desə hamı heyranlıqla onun ağzına baxırdı.

Ancaq Alan qətiyyən Stanley-ə bənzəmirdi. O publikaya bunu belə izah edirdi ki, əvvəl saqqalı olduğundan üz cizgiləri aydın görünmürmüş və saqqalını qırxandan sonra tamamilə özünə oxşamır. Beləliklə əsl Kubrickin saqqallı olması Alan Conwey-ə qol qanad açmağa kömək edib.

Conwey ən yaxşı gecələrə dəvət alır, burda kinoulduzlarla tanış olur, bəzilərinə hətta filmlərində rol da vəd edirmiş. Aktyorlar isə dərhal bu saxta Kubrickin filmində oynamağa razılıq verirlərmiş. Bu yolla o Julie Walters və Patricia Hayes kimi tanınmış aktrisaları aldatmışdı. Hələ bir müddət sonra Conwey ulduz xəstəliyinə də tutulur. Onun filmində çəkilmək istəyən gənc qızlara daha yaxşı namizəd tapılmadığı halda onu çəkə biləcəyi vədini verirmiş

Alan-Stanley çox tezliklə özünə nüfuzlu dostlar tapır, onların arasında keçmiş parlament üzvü Fergus Montgomeri də olub. O Britaniya müğənnisi Joe Lingthornu da musiqisini yeni şedevrinə daxil edəcəyi ilə bağlı aldadaraq xeyli tərlədə bilib. Musiqi parçasının məşhurlaşacağı vədiylə yazıq Joe Alan üçün dəniz sahilində dəbdəbəli mehmanxanda otaq da tutur, hələ bir onu gəzdirmək üçün “Rolls Royce” də kirayələyir.

Cəmi bir həftə sonra Longthorn Warner Brothers-ə zəng edib pul xərclədiyi adamın Kubrick olmadığını aydınlaşdıranda işin üstü açılır. Ancaq müğənni belə asanlıqla fırıldaqçılığın qurbanı olduğundan utandığı üçün başına gələnləri açıb-ağartmır. Beləliklə Conwey rahatca növbəti fırıldaqçılıqlarına davam edir.

Alan başqalarının hesabına kef edir, bahalı hədiyyələt alır. O yaraşıqlı kişiləri onlara dünya şöhrəti qazandıracağı vədi ilə aldadaraq öz seksual partnyoruna çevirir. Hələ bir dəfə içib başını tamam itirmiş saxta Kubrick iki yaraşıqlı oğlanın müşayəti ilə amerikalı jurnalistlə müsahibəyə gəlir və bununla da Kubrickin homoseksuallığa haqda şayiələr yayılmağa başlayır.


Kubrick özü Alan Conweydən xəbər tutanda buna etinasız yanaşır

Yalan əbədi olaraq davam edə bilməzdi, çünki Warner Brothers-ə müraciət edən “qurbanlar”ın sayı hər keçən gün artırdı. Hətta bəzi “qurbanlar” birbaşa əsl Kubrickin vəkilinə də müraciət edirdilər. Vəkilsə hamıya Kubrickin hələ də saqqal saxladığını və xalq arasında görünmədiyini deməklə kifayətlənirdi. Bir müddət sonra Conwey haqda Stanley-in özü də xəbər tutur. Ancaq gəncliyində reutasiyasının qeydinə diqqətlə qalan rejissordan əsər-əlamət qalmamışdı. Əsl Kubrick saxta Kubrickə kifayət qədər dözümlü yanaşmış və onun hərəkətlərini vecinə belə almamışdı, bax onun arvadı Cristina Kubrick isə homoseksual kimi ad çıxartmış saxta Kubricki bağışlamamış və onu “iyrənc tip” adlandırmışdı.

"Stanley Kubrick olmaq" filminin posteri
"Stanley Kubrick olmaq" filminin posteri

1997-cı ildə Alan-Stanley-in macərası sona çatır. Britaniya mətbuatı xəbər verirdi ki, yalançı Kubrick əsl Britaniya banklarından birindən böyük miqdarda pul götürüb Stanley Kubrick kimi imza atarkən yaxalanır. O saxlanılarkən pulu London gey-klublarının birinə verəcəyini bildirir.

Alan Conwey 1998-ci ildə böyük rejissor Stanley Kubrickin ölümündən üç ay öncə dünyasını dəyişib. Onun fırıldaqçılıqları ilə bağlı 2005-ci ildə “Stanley Kubrick olmaq” adlı film də çəkilib. Filmdə böyük avatüristi aktyor John Malkovich oynayıb.

(Azadliq.org)
Yuxarı