Haqq ölməyəcəkdir. Həm də haqqı müdafiə edənlər.

Альтернатива

 
Lakin qoca nəvələrini görmək istədiyini bildirdi. Vəsiyyətini etdi: “Mən yoxsullar üçün 100 min frank qoyuram. Məni qəbristana yoxsullar üçün olan arabada aparsınlar. Mən bütün kilsələrin dəfn ayinlərindən imtina edirəm. Xahis edirəm mənim əvəzimə bütün insanların ruhu üçün dua oxunsun…” 
 
Bu qoca kişi Viktor Hüqo idi. 
 
Bu yazıda Hüqonun ədəbi fəaliyyətindən daha çox ölkəsinin və dünyanın tarixində oynadığı ictimai-siyasi fəaliyyətinin bəzi məqamlarını işıqlandırmaq istəyirəm. Çünki doğulub boya-başa çatdığı ölkə yaşadığı dövrdə ictimai-siyasi hadisələrin qaynayan qazanı idi. Elə bir qazan ki, öz “yeməkləri” ilə qonşu ölkələri, Avropa qitəsini, bütovlükdə dünyanı “doyuzdururdu”. Bütün mütərəqqi qüvvələr, xalqlar Fransadan, inqilablar şəhəri Parisdən bəhrələnirdilər. İnqilab sözündən qorxanlar onu çox vaxt mədəniyyət şəhəri adlandırırlar. Amma Hüqoya görə Paris inqilablar şəhəri olduğu üçün mədəniyyət şəhəridir. 
 
Hüqo əsr ilə birlikdə doğuldu, əsrlə birgə böyüdü və qocaldı. 1802-ci il fevralın 26-da anadan olanda onun çox balaca, sısqa olduğunu görüb yaşayacağına inanmadılar. Lakin O yaşadı, hamıdan çox yaşadı. Bütün yaxınlarını, qohumlarını dəfn etdi, onların kədər yükünü daşıdı. 19 yaşında ikən anasını itirdi. İki il sonra isə ilk övladını.  Sonra atası və 35 yaşında qardaşı Ejen dünyanı dəyişdi. Lakin şəxsi həyatında faciələr bitmirdi. Yenicə ailə həyatı qurmuş qızı və kürəkəni dənizdə boğuldu. 1867-ci ildə həyat yoldaşı Adel onu tərk etdi. 1871-ci ildə oğlu Şarl, 1873-cü ildə isə digər oğlu Fransua Viktorun vaxtsız ölümləri ilə Hüqo bütün övladlarını itirdi. 1883-cü ildə isə rəfiqəsi Jülyetta Druenin ölümü. Hüqo vəfat edəndə doğmalarından sadəcə iki nəvəsi sağ idi. Sanki tanrı ədəbi, ictimai, siyasi həyatda mətin mübarizə aparan, sözün hər iki mənasında nəhəng olan bu insanın çiyinlərinə butün bu ağrıları, övlad acılarını yükləməklə onu sındırmaq, öz içinə gömmək istəyirdi. O isə bəşəriyyətin yükünü daşımaq üçün bu dünyaya gəlmişdi. Məzlumların səsini hayqırmaq, dünyaya sülh, ədalət, qardaşlıq gətirmək üçün. 
 
Bonapart ordusunun generalı olan atası onu mühəndis və ya özü kimi hərbçi görmək istəsə də, uşaqlıqdan anasının himayəsi altında böyüyən və tərbiyə alan Viktor onun təsiri ilə meylini ədəbiyyata salmışdı. 17 yaşından etibarən o müxtəlif imzalar altında jurnalda çıxış edirdi. 1820-ci il Fransa ədəbiyyatına dair qeydlərində yazırdı: ”Zəmanəmiz kasıbdır. Şeir çoxdur, lakin poeziya yoxdur. Məzhəkə çoxdur, amma teatr yoxdur. Bəs nə vaxt bu əsr öz ictimai hərəkatı səviyyəsində ədəbiyyat verəcək, hadisələr kimi eyni dərəcədə böyük şairlər də yetişdirəcək?”
 
Bu illərdə onun ədəbi mövqeyi hələ tam müəyyənləşməmişdi. O həm ənənəçi, həm də yenilikçi olmaq istəyirdi. 
 
“Təkcə şeir qoşmaq forması hələ poeziya demək deyil. Poeziya ideyalardan ibarətdir, ideyalar isə qəlbdən doğur. Fikri ifadə edən şeirlər gözəl bədən üçün tikilmış qəşəng paltardan başqa bir şey deyildir.”
 
“Bilmirəm hansı kinli iblis məni bu sahəyə atmışdır. Burada adam hər addımbaşı gizli düşmənçiliklə və ya paxıllıqla üzləşir. Mən istərdim ki, səndə böyük və nəcib ədəbi peşəyə maraq oyadam, lakin kədərlə etiraf etməliyəm ki, bu peşə çox tez-tez bütün insan rəzalətlərini öyrənmək üçün bir vasitə olur...”. Bütün bunları sevgilisi Adelə yazdığı məktublarında bildirirdi.
 
Hüqo 19 yaşından etibarən Fransa kralı tərəfindən illik təqaüd alırdı. İlk şeirler kitabı Tüilriyə gedib çıxmış və kral gənc royalist şairi həvəsləndirmək məqsədilə ona min frank məbləğində illik təqaüd təyin etmişdi. Lakin dövrün ictimai hadisələrinə obyektiv qiymət verərək, haqsızlıqlara qarşı etirazını ucaldarkən hökumət qəzetləri onu ləkələməyə çalışaraq kraldan təqaüd alması məsələsini qabardırlar. Artıq bu illərdə onun təqaüdü yüksələrək 2000 franka çatmışdı. Buna cavab olaraq Hüqo  ictimai işlər nazirinə məktub yazır: “...görünür hökumət belə zənn edir ki, ədəbi təqaüdlər ölkə tərəfindən deyil, hökumət tərəfindən verilir və bu sərbəstliyin əl-qolunu bağlayan maddi yardımdan başqa bir şey deyildir. Vəziyyət belə olan halda namuslu yazıçı gərək hər şeydən əvvəl hökumətlə pul haqq-hesabını kəssin və mən öz təqaüdümdən imtina edirəm”.
 
Hüqo bilikli və qabilliyyətli insanların dövlət xadimi olması düşüncəsi ilə Fransa Akademiyasına üzv olmaq qərarına gəlir. Lakin baxışlarına görə onu sevmirlər, seçkilərdə cəmi iki səs alır. Sonrakı illərdə o, yenə də bəxtini sınayır, lakin oxu daşa dəyir. İnadından dönmür və nəhayət dördüncü dəfə seçkilərdə akademiyaya üzv seçilir. Qeyd edim ki, onunla birgə Balzakın da namizədliyi irəli sürülür, lakin dahi şairlə rəqabət aparmaq istəməyən Balzak namizədliyini geri götürür. (Bundan sonra Balzak iki dəfə Akademiyaya öz namizədliyini irəli sürəcək, lakin onu seçməyəcəklər. İkinci dərəcəli ədəbiyyatçıları, hersoq və qrafları ondan üstün tuturlar. 1848-ci il inqilabından sonra Balzak öz namizədliyini Milli Məclisə irəli sürsə də yenə onu seçməmişdilər. Layiqincə qiymətləndirilməyən bu dahi də  51 yaşında ikən həyata vida edəcəkdi). Akademiyaya üzvlükdən əlavə kral Lui-Filipp məşhur yazıçıya hüsn-rəgbətini çatdırmaq üçün ona fransa peri titulunu da vermişdir. (Per-yüksək zədagan titulu).
 
Hüqoya görə “şair gərək həyatın təlatümləri üzərində yüksəlməyi bacarsın, həm də yenilməz, sərt və xeyirxah olsun. Bəzən güzəştə getsin, bu isə çətindir, həmişə qərəzsiz olsun, bu isə daha da çətindir; onun qəlbində gərək inqilablara hüsn-rəğbət duyğusu yaşasın, amma bu duyğu gərək qiyama nifrət oyatsın; onun qəlbində gərək xalqa ehtiram duyğusu yaşasın, amma bu duyğu gərək avam kütləyə qarşı nifrətlə birləşmiş olsun...”
 
1848-ci il inqilabından sonra hakimiyyətə gələn Napoleon Bonapartın qardaşı oğlu Lui Bonapart 3 il sonra konstitusiyanı dəyişmək, öz prezidentlik müddətini artıqmaq barədə Milli Məclisə layihə verir. Respublika təhlükədədir, müxalifət mübarizəyə qalxır. Hüqo artıq məclis üzvüdür və məclisdə monarxiya tərəfdarlarına qarşı çıxış edir: 
 
 - Siz başqa əsrin adamlarısınız, siz meyitsiniz. Gəlin canlıları rahat buraxın... Siz qəbirdən xortdamaq istəyirsiniz? Keçənləri unutmusunuz? Ayağınızı məşum Tüilri sarayınin iki addımlığında olan səkiyə qoyun, onda iki şeydən birini seçməli olacaqsınız: ya köhnə monarxiyanı qəbirə sürükləyən eşafot, ya da yeni kralları sürgünə göndərən kirayə edilmiş kareta. Ömürlük prezidentlik hara aparıb çıxaracaq? İmperiyaya. Məgər biz vaxtilə Fransada Böyük Napoleon olduğuna görə Kiçik Napoleonadamı dözməliyik?
 
  - Siz prezidenti təhqir edirsiniz.
 - Prezidentin böyük adam olmadığını söyləmək əsla təhqir etmək deyildir. Bizim cənab prezidentdən tələbimiz odur ki, ləyaqətli bir adam kimi hakimiyyətdən əl çəksin. Mən Boyük Napoleondan sonra Kiçik Napoleonu istəmirəm.
 
Hüqo öz nitqini aşagıdakı sözlərlə bitirir: “Son dərəcə böyük bir toqquşmanın baş verəcəyi saat yaxınlaşır. Böyük və şanlı döyüş meydanı keçmışın inadcıl iddiaları sayəsində yenidən zülmət pərdəsinə bürünəcəkdir. O meydan ki, orada təfəkkür və tərəqqi öz vuruşunu genişləndirir. O meydan ki, onun adı Fransadır. Bu qaranlığın nə qədər sürəcəyini bilmirəm, bu döyüşün nə qədər davam edəcəyini bilmirəm, lakin bir şeyi möhkəm surətdə bilirəm və bunu qabaqcadan xəbər verərək təsdiq edirəm – haqq ölməyəcəkdir.”
 
Dövlət çevrilişi baş verir. Müxalifətçi deputatlar Hüqonun sədrliyi ilə müqavimət komitəsi təşkil edirlər. Hüqo əhalini silahlı üsyana çağırmağın tərəfdarıdır. Lakin 3 il öncə 1848-ci il inqilabını etmiş mübariz parislilər nəticədə hakimiyyətdə yenidən monarxistləri gördülər. Odur ki, indi yenidən usyan çağırışlarına o qədər də həvəslə qoşulmurlar. Parisin küçələrində aşağıdakı müraciətlər yapışdırılır:
 
X A L Q A
 
Konstitusiyanin mühafizəsi Fransa vətəndaşlarının vətənpərvərliyinə etibar olunur. Lui Napoleon qanun xaricində elan edilir. Ümumi seçki qanunu bərpa olunur. Yaşasın respublika. Silah başına.
 
Müqavimət Komitəsi adından – deputat Hüqo.
 
Vəziyyət təhlükəli hal alır. Müqavimət komitəsinin üzvlərini izləyirlər. Onlar 2 gün ərzində 17 dəfə yerlərini dəyişməyə məcbur olurlar. Hüqonu tuta və ya öldürənə 25000 frank mükafat vəd olunub. Hüqo və yoldaşları küçələri, məhəllələri gəzərək əhalini respublikanı qorumağa çağırırlar. 
 
Mütəşəkkil, kütləvi üsyan alınmır. Məhəllə və küçələrdə qurulan barrikadalar dağıdılır, üsyan yatırılır, bəzi deputatlar öldürülür, yüzlərlə üsyançı güllələnir. Hüqonun həyatını isə sevgilisi Jülyetta xilas edir, onu saxta pasportla Brüsselə yola sala bilir.
 
Brüsseldə yaşayan zaman da qələmi ilə mübarizəsini davam etdirir. Lakin burada qalması arzu edilmir və İngiltərənin müstəmləkəsi sayılan Cersi adasına köçür. Burada Hüqo öz gündəliyində yazırdı: “İngilislər üçün mən ədəbsizəm. Mən qalstuku qayda ilə bağlamıram. Mən üzümü qırxdırmaq üçün tindəki dəlləyə gedirəm . Buranın əqidəsinə görə bu fəhləyə yaraşan işdir ki, bu da ingilislərdə ən böyük nifrət yaradır. Mən ölüm cəzasına qarşı mübarizə aparıram ki, bu da ləyaqətli iş deyil; mən lorda müsyö deyirəm-bu hörmətsizlikdir; mən ateistəm, bundan əlavə fransızam ki, bu da murdardır, respublikaçıyam ki, bu da alçaqlıqdır, sürgünlüyəm ki, bu da iyrəncdir, məğlub edilmişəm ki, bu da rüsvayçılıqdır. Nəhayət şairəm ki, bu da deyilənlərin hamısını tamamlayır. Nəticə etibarı ilə şöhrət üçün yer qalmır.”
 
Hüqo bu adada da çox qala bilmir, adanın hakim orqanları onun fəaliyyətindən çəkinərək adanı tərk etməsini xahiş edirlər. Buradan Gernsey adasına köçür. Mubarizəsini buradan davam etdirir. 
 
“Zülmətdən nura doğru yüksələn yollardan ən nəcibi və ən çətini – royalist və aristokrat doğulub sonradan demokrat olmaqdır”. Bu sözləri 1853-cü ildə keçdiyi yola qiymət verərkən söyləmişdi.
 
Sürgündə ikən “Səfillər”i yazan yazıçının bəzi köhnə dostları bu kitabı həddən artıq radikal adlandırdıqda Hüqo onlara belə cavab yazır: ”Əgər radikal olmaq – ideala xidmət etmək deməkdirsə, onda mən radikalam. Bəli səfalətə yol verən cəmiyyət, bəli müharibəyə yol verən bəşəriyyət, bəli cəhənnəmə yol verən din mənim fikrimcə alçaq dərəcəli cəmiyyət, alçaq dərəcəli bəşəriyyət və alçaq dərəcəli dindir. Mən isə yüksək dərəcəli cəmiyyətə, yüksək dərəcəli bəşəriyyətə, yüksək dərəcəli dinə, monarx olmayan cəmiyyətə, sərhəd olmayan bəşəriyyətə, yazılı ehkamlar olmayan dinə can atıram. Bəli mən riyakarlıq alveri edən keşişə qarşı, habelə ədaləti tapdalayan hakimə qarşı mübarizə aparıram... Bəli insanın arzu edəcəyi səviyyədə mən bəşəriyyətə təzyiq edən fələyin məhv olmasını arzu edirəm. Mən köləliyi damğalayıram, mən səfaləti təqib edirəm, mən avamlığın kökünü kəsirəm, mən xəstəlikləri sağaldıram, mən qaranlığı işıqlandırıram, mən nifrətə nifrət edirəm. Budur mənim əqidələrim, məhz buna görə mən “Səfillər”i yazmışam. 
 
Hüqo Gernsey adasında sürgündə olarkən dəniz kənarında bir evdə yaşayırdı. Demək olar ki, hər gün coşğun dalğalarla mübarizə aparan balıqçılar, matroslar ilə görüşürdü. Onların həyatından bəhs edən “Dəniz Zəhmətkeşləri” adlı roman yazmışdı. 
 
Kitabı oxuyub ona təşəkkür edən dənizçilərə yazırdı: ”Sizi alqışlayıram. Sizə özümün kim olduğunu deyəcəyəm. Mən dənizçiyəm. Mən uçurumlarla mübarizə edirəm, şimal küləkləri mənə qızğın təsir edir. Üst-başım tamam su içindədir, dişim-dişimə dəyir, amma mən gülümsəyirəm.Həm də bəzən sizin kimi qəmli mahnılar oxuyuram... Mən müqavimət göstərirəm, siz qasırğalara təsir etdiyiniz kimi, mən də müstəbidlərə təzyiq edirəm. Qoy ətrafımdakı rəzil sürülər, cəhalət köpəklərinin sürüləri hürsünlər, mən öz borcumu yerinə yetirəcəyəm, dənizin köpüyü sizi az narahat etdiyi kimi məni də onların nifrəti elə o qədər narahat edir”.
 
1859-cu ildə Hüqo əhv olunanda və vətənə qayıtmağa maneə qalmayanda da o Fransaya qayıtmır. “Fransanın hazırkı vəziyyətində mənim borcum danışıqsız, yenilməz və əbədi etirazdan ibarətdir. Öz vicdanım qarşısında götürdüyüm təəhhüdə sadiq qalaraq mən azadlıq mövcud olan sürgündə axıradək qalacağam. Azadlıq qayıdanda mən də qayıdacağam”.
 
1870-ci ildə Prussiya ilə başladığı müharibədə III Napoleon məğlub olmuş, Parisdə kütləvi nümayişlər başlamışdır. Sentyabrın 4-də imperiya süquta ugramış və yenidən respublika qurulmuşdur. Artıq Prussiya ordusu Fransanın paytaxtına doğru irəliləyir. Belə bir vaxtda 1870-ci il sentyabrın 5-də Hüqo sürgündən Fransaya qayıdır. Gecə vaxtı minlərlə parisli Hüqonu vağzalda qarşılayır. Hüqo izdihama müraciət edir: ”...Mən demişdim ki, pespublika qayıdan gün mən də qayıdacağam. Budur mən burdayam. Mən buraya öz borcumu yerinə yetirmək üçün gəlmişəm. Parisi müdafiə etmək üçün, Parisi qorumaq üçün. Bilirsinizmi Paris niyə mədəniyyət şəhəridir? Ona görə ki, o inqilablar şəhəridir...Mümkünmüdür bu şəhər ləkələnsin, dağılsın, həmlə ilə vəhşicəsinə hücum nəticəsində alınsın. Yox bu mümkün deyildir və bu olmayacaqdır. Heç vaxt”.  
 
Onun görüşünə gələnlərin ardı-arası kəsilmir. Hamı xarüqüladə Viktor Hüqonu görmək istəyir. 19 illik sürgün həyatından sonra o, yenə də ön cəbhədədir, mübarizə sıralarında.
 
Parisdə kommuna qurulanda o Brüsseldə olur. Oğlu Şarl beyinə qan sızmasından vəfat etmişdir. Hüqo sarsılmışdır, oglunun ailəsinin yanındadır, onun borclarını vermək və işlərini yoluna qoymaqla məşğuldur. Parisdə baş verənləri qəzetlərdən oxuyurdu. Sonradan məğlub olmuş kommunarlara sığınacaq kimi öz Brüsseldəki evini təklif edir. “..Əgər qaçıb gəlmiş kommunarları həbs etmk üçün evimə gəlsələr, onda qoy məni həbs etsinlər. Əgər onları Fransa hökumət orqanlarının əlinə versələr, onda özüm onların dalınca gedərəm. Mən onlarla birlikdə müttəhimlər skamyasında oturaram və beləliklə, hüquq tərəfdarları arasında Versal Milli Məclisi tərəfindən məğlub edilmiş kommunarın yanında Bonapart tərəfindən sürgün edilmiş respublikaçını görərlər”. Bunun qarşılığında Belçika hökuməti qərar çıxardır: ”69 yaşlı ədəbiyyatçı cənab Viktor Hüqo Belçika krallığını dərhal tərk etsin və ona gələcəkdə buraya qayıtmaq qadağan edilsin”.
 
Sonradan o dəfələrlə kommunaları əhv etmək barədə Senatda məsələ qaldıracaqdı, lakin hər dəfə onun müraciətləri rədd olunacaqdı. Nəhayət 1880-ci il iyulun 3-də o yenə də Senatda 14 iyul Bastiliyanın alınması günü munasibətilə kommunalara əhv istəyəcək və bu dəfə qanun Senat tərəfindən qəbul olunacaqdı.
 
Hüqo uşaq yaşlarından etibarən müharibənin gətirdiyi fəlakətlərin, dağıntıların, dar ağaclarından asılan insanların, edam səhnələrinin şahidi olmuşdu. Bütün bunlar onda edama, ölüm hökmünə qarşı etiraz hissi yaratmışdı. Bu hisslərin təsiri altında “Edama məhkumun son günü” adlı povest yazaraq həm yuxarılarda, həm də bu edam cəzalarına bir tamaşa kimi baxan kütlədə ikrah hissi yaratmağa çalışmışdır. Bu povest “Səfillər”dən çox illər əvvəl yazılsa da, ona dogru atılan bir addım idi. Hüqo ölənə kimi bu edamlara qarşı etiraz səsini ucaltdı. Fərqi yoxdur, bu Fransada baş verir, yaxud Amerikada, Avropanın digər ölkələrində. Məzlumların səsi haradan gəlirdisə onlara hay verirdi. 1839-cu ildə Parisdə respublikaçıların üsyanı baş verir. Üsyan yatırılır və rəhbərlərindən biri Arman Barbes ələ keçirilir. Onun haqqında edam hökmü çıxarılır. Bunu eşidən Hüqo krala bir rübai yazaraq Barbesin əhv edilməsini xahiş edir və xahişi yerinə yetirilir. 
 
1854-cü ildə şair İngiltərə dövlət xadimi lord Palmerstona açıq məktub yazaraq qonşu Gerisey adasında baş vermiş ölüm cəzasına qarşı etiraz edir. Ölümə məhkum olunmuş şəxs dar agacından 2 dəfə qopub düşmüş, cəllad isə çapalaya-çapalaya müqavimət göstərən bu adamı zorla dartaraq ilgəyi boynuna keçirmişdir. 
 
1859-cu ildə Amerikada köləliyə qarşı mübarizəyə qalxan Con Braunun edam qərarı ilə bağlı şair hökumətə, məhkəməyə, xalqa, insaniyyətə müraciət edir. “...Əgər hər hansı bir üsyanı insanın müqəddəs borcu hesab etmək olarsa, onda belə bir borc hər şeydən əvvəl köləliyə qarşı üsyandan ibarətdir... Qoy Amerika bilsin, qoy o yadda saxlasın: Habili öldürən Qabildən daha dəhşətlı bir şey vardır - bu Spartakı öldürən Vaşinqtondur”. Lakin elə həmin gün - müraciət dərc edilən gün Con Braunu asdılar.
 
1862-ci ildə Cenevrədə konstitusiya yenidən işlənirdi. Hüqo respublika xalqına müraciət edərək ölüm cəzasını ləğv etməyə çağırdı və konstitusiyada ölüm cəzası ləğv edildi. 
 
1867-ci ildə Kritdə Osmanlı imperiyasına qarşı üsyanın iştirakçılarından biri olan fransız respublikaçı Güstav Fluransın elə Fransada həbs olunması zamanı da Hüqo etiraz səsini qaldırır. Üç həftədən sonra Fluransdan məktub alır: ” ...İctimai vicdan məcbur etdi ki, Viktor Hüqonun müdafiəyə qalxdığı adamı həbsdən azad etsinlər. Barbes sizə öz həyatı ilə borcludur, mən isə azadlığımla borcluyam”. 
 
İrlandiyalı qadınlar Hüqoya müraciət edərək ingilis hökmranlığına qarşı mübarizə aparan ərlərini müdafiə etməsini xahiş edirlər. Hüqo yenə də müraciət edir: ”İngiltərə 1867-ci ildə İrlandiyanı edam edə bilməz. Siz bilmirsiniz şərəf dənizinə düşən rüsvayçılıq damcısı necə dəhşətli nəticələr doğurar. Siz ən irəlidə gedən millətlərdən ən axırda gedən millətlərə çevrilərsiniz... Dar ağacları qurulmayacaqdır”. Hökmə yenidən baxılır və ölümə məhkum olunmuş altı nəfər xilas olur.
 
1875-ci ildə hərbi məhkəmə tərəfindən ölümə məhkum olunmuş soldat Blanı müdafiəyə qalxır və hökmə yenidən baxılaraq ölüm cəzası 5 illik həbslə əvəz edilir. 
 
1882-ci ildə 22 rus narodovolçusunun işinə dair mətbuatda çıxış edir. Narodovolçuların cəzası yüngülləşdirilir, 9 nəfərin ölüm cəzası katorqa ilə əvəz olunur.
 
Bu nəhəng şəxsiyyət həm yaratdığı şedevrlərlə, həm də keçdiyi şanlı həyat yolu ilə bütün millətlərdən olan insanlara işıq saçır. Bu yazıda müqayisələr aparmadım, amma çox müqayisələr aparmaq olardı. Özünü xalqın ziyalısı hesab edənlər, vəzifənin, pulun, gücün, zorun qarşısında əyilənlər, qorxudan haqqı dananlar, təqaüd, orden, nişan, almaq üçün yaltaqlıq yarışına girənlər, övladlarına, nəsil-nəcabətinə vəzifə dilənənlər, özlərinə, əməllərinə min bir bəhanələrlə bəraət qazandırmaq istəyən “ziyalılar” bu sözün müqəddəsliyini də gözümüzdən salıblar. Əgər bunlar ziyalıdırlarsa bəs onda Hüqo kimdir? Keçdiyi mübarizə yolunda puldan da, vəzifədən də, rahat həyatdan da imtina etdi, övladları həbs olundu, özü təqib olundu, lakin haqqın müdafiəsindən bir an da olsun uzaqlaşmadı. 
 
Yazının həcmı çox böyük olmasın deyə konkret faktların bir qismini burada qeyd etdim, lakin Veravyovanın Hüqonun həyatından yazdığı kitabı oxuyan və Hüqonu tanıdıgını zənn edən bir çoxları onu yenidən kəşf edə bilər. 
 
“Xalqlar haqqında onların ədəbiyyatına görə fikir yürüdürlər. İki milyonluq ordu itib gedir, “İliada” qalır.Kserksin ordusu var idi, lakin epopeyası çatmırdı, buna görə də Kserks tarıxdə heç bir iz qoymadan çıxıb getdi. Yunanıstan ərazi cəhətdən kiçikdir, lakin Esxilin sayəsində böyükdür. Roma vur-tut bircə şəhərdir, lakin Tatsitin, Lukretsinin, Vergilinin, Horatsi və Yuvenalın sayəsində bu şəhər bütün dünyaya bəs edər... İşıq! Daim işıq! Hər yerdə İşıq! İşığa hamının ehtiyacı vardır. İşıq kitablardadır. Elə isə kitabı daha geniş açın. Ona imkan verin işıq saçsın, yol verin fəaliyyət göstərsin”.
 
Məhəmməd Nuray
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade