İki Cəfər Cabbarlı

Dilqəm Əhməd

 
 
Cəmi 35 il ömür yaşayan Cəfər həm teatrda, həm kinoda, həm də siyasətdə önəmli fiqur idi. Cümhuriyyətin elanına qədər o artıq ölkədə kifayət qədər tanınan sima idi. 1915-ci ildən etibarən Cəfər ilk hekayələrini, pyeslərini artıq təqdim etmişdi, uğurlar onun yanında addımlayırdı. 
 
Amma gənc yaşda əldə edilən bu uğurlar asan başa gəlməmişdi. Bir qədər əvvələ nəzər yetirək.
Cəfər 1899-cu il martın 20-də Novruz bayramında anadan olmuşdu və ailənin sonbeşiyi idi. Ailə başçısı Qafar kişi dolanışıq üçün ailəsini Xızıdan Bakıya köçürmüşdü. 
 
Lakin iki il sonra Qafar kişi vəfat edir, ailənin yükü xanımı Şahbikənin və böyük oğlu Hüseynqulunun üzərinə düşür. 
Cəfər bu dövrdə artıq Bakıda ilk təhsilini alırdı. Belə ki, Quranı bitirəndən sonra Bədəl bəyin məktəbinə daxil olur. Bu məktəbdə ona Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə dərs deyir. Lakin nadincliyinə görə oradan qovulur, buna görə də təhsilini rus-tatar məktəbində davam etdirir. Bu məktəbdə ona S. S. Axundov, A. Şaiq kimi şəxsiyyətlər dərs deyir. 
 
Abdulla Şaiq sonralar xatirələrində yazacaqdı:
 
“Cəfər Cabbarlını hələ kiçik ikən, Bakının yeddinci şəhər məktəbində оxuduğu zamandan tanıyırdım. О mənim ən çоx sevdiyim şagirdlərimdən idi. О, ilk şerini çоx zaman hamıdan əvvəl mənə оxuyar, mənim göstərişlərim əsasında işləyərdi. Оnda möhkəm iradə və nikbinlik vardı. Heç bir müvəffəqiyyətsizlik оnu ruhdan salmaz, əksinə, şeirlərinin üzərində daha səylə çalışmasına səbəb оlardı. Məsləhət və göstərişləri о, çоx asanlıqla qavrayar və əməl edərdi. Ehtimal ki, Cəfərin ilk şeirlərinin əksəriyyəti çap оlunmamışdır”.
 
Daha sonra Cəfər İsa bəy Aşurbəyovun yardımı ilə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olur. Hətta Cəfərin təhsil formasını də Aşurbəyov tikdirir. 
 
Cəfər bu ərəfələrdə artıq ilk şeirlərini “Babayi-Əmir”, “Molla Nəsrəddin”, “Məktəb” jurnallarında çap etdirirdi. Bu şeirləri “Qəyur-əyyar”, “Şəbrəng-əyyar” və başqa təxəllüslərlə çap olunurdu. 
Son tədqiqatlarda Cəfər Cabbarlının ilk şeirinin 1915-ci ildə “Məktəb” jurnalında çap edilən “Bahar” şeiri olmadığı vurğulanır. Amma Cəfərin xanımı, Sona xanım Cabbarlı “Onun unutmaq olarmı” adlı kitabçasında da ilk şeir kimi onu xatırlayır: 
 
“Cəfər jurnalın həmin nömrəsini evdə bizə göstərəndə əvvəl heç nə başa düşmədik. Elə zənn etdik ki, Cəfər həmişəki kimi bizim üçün yenə şəkilli jurnal alıb. Vərəqləyib şəkillərinə baxdıq. Bunu görən Cəfər jurnalı əlimizdən alıb dedi: - İndiki bilmədiz, onda dayanın sizə bir şeir oxuyum – və “Bahar” şeirini ucadan bizə oxudu”. 
Eyni zamanda Sona xanım Cəfərin ilk tamaşaya qoyulan pyesi kimi “Solğun çiçəklər”i xatırlayır:
“Tamaşaya mən də getmişdim, salon ağzına qədər adamla dolu idi. Pyes tamaşaçılara o qədər təsir etmişdi ki, hətta salonda ağlayanlar da vardı. Tamaşa zamanı Cəfəri atıb-tuturdular. Çiçək də gətirmişdilər. Bu zaman Cəfər politexnikumda oxuyurdu”.
 
Amma imperiyada iki il sonra inqilabın baş verəcəyinin ilkin qığılcımlarının olduğu bir məqamda Cəfər texnikumda sadəcə təhsil almırdı. 
 
Müsavatçı Mirzə Bala Məmmədzadə sonralar yazacaqdı:
 
“Gənclər arasında isə vəziyyət belə idi: Hər orta-lisey dərəcəli məktəbdə bir tələbə cəmiyyəti vardı. Bu cəmiyyətin nümayəndələrindən ibarət bir də gizli məktəbdəki təşkilatın adı ”İrşad" idi və özümüzə məxsus “Arzu” adlı əl ilə yazılı, rəsmli bir də məcmuəmiz vardı. Cəfər bu təşkilatın ən fəal üzvlərindən biri idi. Zatən o zaman Bakı məktəbləri arasında ən fəal və inqilabçı olanlar “bizim məktəblə Bakı oğlan liseyi (real məktəb) və qız gimnaziyası idi”. 
 
Bakı Politexnik Məktəbini Cəfər 1920-ci ildə bitirir. Sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin tezliklə ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.
Bütün bunlardan əvvəl isə onları ağır faciə gözləyirdi.
 
Mart soyqırımı
 
Sona Cabbarlı xatirələrində soyqırımı bu cür anladır: “Şəhərin iki kilometrliyindəki qayalara çatmamışdıq ki, bizi gülləyə tutdular. Qayaların üstü ilə böyük bir izdiham axışırdı. Kimi ağlayır, kimi acından yeriyə bilmir, kimi yorulub yolda qalırdı. Başımızın üstündən vıyıltı ilə güllələr uçurdu”.
 
Lakin Sona Cabbarlı hadisələrin kimin törətdiyini yaza bilmir. Eləcə də, Cümhuriyyət dönəminin də üzərindən sükutla keçməyə məcbur olur:
 
“1919-cu ilin axırı idi. Cəfər “Aydın” pyesini yazıb qurtarmışdı. Lakin bu əsərin o zaman oynayıb-oynanılması yadıma gəlmir. Bundan sonra 1920-ci ilə kimi Cəfərin nə işlədiyini deyə bilmərəm. Çünki o vaxtlar mənim uşaqlıq illərim olduğundan həmin dövrləri bir qədər dumanlı xatırlayıram”.
 
Cəfər isə həmin ərəfədə Azərbaycan Cümhuriyyətinin parlamentində stenoqrafçı işləyir, ədəbi, mədəni cameədə öz uğurlarını davam etdirirdi. “Ulduz” və “Ədirnə fəthi”ndən sonra yazılan, Bakının işğaldan azad olunmasına həsr olunan “Bakı müharibəsi” dramını Sona xanım əsla xatırlamaya bilməzdi. Nuru paşanın ziyafətdə “Ədirnə fəthi”nin müəllifini qucaqlayaraq bağrına basmasını unuda bilməzdi. Üstəlik, Cəfər 1919-cu ildən Müsavat Partiyasının Bakı Komitəsinin üzvü idi. Cümhuriyyətin işğalından sonra da, “Gizli Müsavat”ın üzvü olaraq qalırdı və bu fəaliyyətinə görə həbs olunmuşdu.
 
***
 
Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yaranan “Gizli Müsavat”da Ə. Yurdsevər, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə, Məhəmməd Həsən Baharlı təmsil olunur. Bu barədə Yurdsevər yazır: “27 aprel axşamı Mirzə Bala ilə birlikdə Rəsulzadənin evinə gedərək məsləhət almış və yoldaşlarımızdan Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı ilə birlikdə mərhum şair Cəfər Cabbarlının şəhər kənarındakı evində ilk gizli Partiya mərkəzini qurmağa qərar vermişdik”.
 
Sonralar gizli təşkilatın üzvü olan Mirzə Bala Məmmədzadə keçmiş silahdaşının ölümü barədə yazacaqdı:
 
“Qara, çox qara bir xəbər... Hürriyyət düşkünü, milliyyət vurğunu, istiqlal aşiqi gənc bir sənətkar çox sevdiyi yurdunun qurtuluşunu görmədən gözlərini qapadı... O, yalnız Azərbaycanda deyil, bütün Qafqazda, Türküstanda, İdıl-Ural ölkəsində, Krımda tanınmış qüvvətli mühacir, dramaturq, şair, ədib və rejissor idi. Onun pyesləri türkməncə, özbəkcə, tatarca kimi türk şivələrindən başqa, gürcü, erməni və rus dillərinə də çevrilib və bu gün belə təmsil edilməkdədir”. 
 
Və Cəfər 1923-cü ilə qədər gizli şəkildə bolşeviklərə qarşı mübarizə aparır, daha sonra isə fəaliyyətini əsərlərində dolayısı ilə mesaj verməyə başlayır.
 
Sona xanım xatırlayır ki, tamaşalar zamanı Cəfər izləyənlərin içərisində gəzir, dialoqlar zamanı onların verəcəyi reaksiyalara diqqət yetirirdi. Bəzən yazdığı pyeslər tənqidçilərin ağır hədəfinə tuş gəlir, mövcud siyasi atmosferə uyğun hesab edilmirdi. Məsələn, “1905-ci ildə” əsərini Sona xanım qeyd edir. Cəfər bununla bağlı fəhlələrin, tənqidçilərin önündə məruzə etməli olur.
 
Hətta Sona xanımın da xatirələrdə təqdim etdiyi kimi, onun teatrda monopoliya yaratmaq iddiası ilə əleyhinə kampaniya başladanda, Cəfər Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə aşağıdakı məzmunda məktub yazır:
"...Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".
 
Sona xanım Cəfərin ən çox üzərində işlədiyi əsər kimi “Od gəlini”ni qeyd edir. Təkcə Elxanın monoloqu üzərində üç gecə çalışdığını yazır. Ən qalmaqallı əsərlərdən biri də təbii ki, həmin ərəfədə çadra əleyhinə başlayan kampaniya fonunda “Sevil”in yazılması idi. Hətta Cəfər “Sevil”dən sonra Sonanın adından qəzetə çadra əleyhinə məqalə verir. Sona bundan əsəbləşsə də, Cəfər ona durumu izah edir: “Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz axı!...”.
 
Və beləcə Sona xanım çadranı atır: “Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq çadranı atmalı olduq”.
 
“Sevil”in tamaşasından sonra isə bu hal kütləviləşir: “Teatra çadralı gələn çoxlu qadın tamaşadan sonra evə çadrasız getdi”. 
 
Beləcə, Cəfər Cabbarlı zatən Cümhuriyyətin ənənələri olan qadın azadlığı, maarifçilik kimi anlayışları sonrakı həyatında da əsərlərində davam etdirdi.
 
Lakin gərgin iş rejimi, üstünə atılan böhtanlar, yaradıcılıqla yanaşı ömrünün sonlarında deputat kimi fəaliyyət göstərməsi və bəlkə hələ də bilmədiyimiz hansısa sirləri daşıması onun ürəyini xəstə salmışdı. Sona xanım xatirələr boyunca Cəfərin tez-tez ürəyinin xəstə olduğunu yazır, bir dəfə həkimin tələbindən sonra siqaret çəkməyi tərgitməsindən, lakin Cəfərin qısa müddətə buna əməl etməsini yazır.
 
Və nəhayət bir gün dostları onu evə ağır halda gətirirlər...Gecə isə  illərlə bizə Sovetin şanlı dramaturqu kimi təqdim olunan Cəfər həyata gözlərini yumur. Bu birinci Cəfər Cabbarlının ölümü idi. 
 
İkinci Cəfər Cabbarlının ölümü ilə bağlı isə Rəsulzadə yazırdı:
 
"O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır".
 
Dilqəm Əhməd
 
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade