post-title

Bir əsr bakirə qalanlar

Bu yaxınlarda belə bir xəbər oxudum: "Gecəyarısı bəy gəlini tərk edib rus qızlarının yanına getdi".

 
 
Əvvəlcə fikirləşdim ki, ola bilsin oxucu yığmaq üçün bu başlıq qoyulub. Bizim ölkədə belə şeylər çox olur. Baxırsan xəbərin başlığına elə bilirsən ölkədən yazılıb, amma xəbəri açanda görürsən ki, Afrikanın hansısa bir qəbiləsindən söhbət gedir. 
 
Buna görə, ilk olaraq tərəddüd elədim, xəbəri açıb oxumaq istəmədim. Sonradan savadına, dünyagörüşünə inandığım bir dostum bu xəbəri paylaşdığını gördüm. Və xəbəri açıb oxuyanda, həqiqətən də, söhbətin düz olduğunu, hətta hadisənin bizim ölkədə baş verdiyini gördüm. 
 
İnanmayanlar xəbəri oxumaq istəsə, yuxarıda yazdığım başlığı axtarışa verib tapıb oxuya bilərlər. Xəbər isə belə idi ki, Abşeronda Rusiyada işləyən bir oğlana el adətiylə toy edilib. Toy qurtaran kimi oğlan qıza deyib ki, mən səni tanımıram və səni sevmirəm, məni sənlə məcbur evləndiriblər. Mənim öz sevdiyim var. Bunları dedikdən sonra, hansısa bir yolla evdən qaçıb. Sonra məlum olub ki, bəs oğlan Rusiyada ailə qurubmuş.
 
 Xəbəri oxuyandan sonra duruxdum, adətən bizim ölkədə gəlinin nişan, toy günü qoşulub kiməsə qaçdığını eşidirik. Amma bəyin toy gecəsi qaçdığı çox az olur. Bəlkə də, çox olub. Amma mətbuata təsadüf hallarda belə şeylər çıxır. 
 
Ağlımda elə bunun fikirləşirdim birdən yadıma Yusif Vəzir Çəmənzəminlinin "3 gecə" hekayəsi düşdü. Hekayəni yenidən dəfələrlə oxudum. Çəmənzəminli necə də gözəl təsvir edib. Bu həqiqətləri necə müşahidə edib, necə səliqəli, aydın şəkildə yazıb, adam heyrət edir. Və çox qəribədir ki, XX əsrin əvvəllərində yazılan eybəcərliklər hələ də öz "sima"sını qoruyur və bizi tərk etmir... Ya da ki, biz onlardan imtina etməyə gecikirik.
 
Hekayədə qeyd olunur ki, Rusiyada yaşayan bir cavan oğlan ata-anasının xahişi ilə gəlir rayonlarına. Valdeyinləri başlayıb yalvarırlar ki, bəs biz qocalırıq, yaş o yaş deyil, bəs sən mütləq evlənməlisən. Nəhayət, valdeyinlər istədiklərinə çatırlar, oğlanlarını 15 yaşında Matan adlı bir qızla evləndirilər.
 
Əsas məsələ bundan sonra başlayır. Toy günü oğlanı mağara yaxın qoymurlar, deyirlər sən get gizlən, el adətiylə bəy öz toyunda görsənməz. Toyda sonra isə yengələr gəlinlə birlikdə otağa daxil olurlar. Hekayənin qəhramanı Mir Qasım bunu nə qədər etiraz etsə də, amma alınmır. Bəyin anası yenə ağlamağa başlayır ki, bəs yengə qızın bakirə olub-olmadığını bilməlidir. Bununla da camaata xəbər çatmalıdır ki, qız bakirə çıxdı. Yoxsa biabır olarıq. Amma Mir Qasım bu deyilənlərə məhəl qoymur, yıxılıb yatır. Sabah axşam da qıza yaxın durmur, nə qədər məcbur etsələr də, Matanla aralarında o "müdhiş əməliyyat" baş tutmur. 
 
Axırda üçüncü gün Mir Qasım gecəyarısı evdən çıxıb gedir rus sevgililərinin yanına, ordan da Rusiyaya.
 
Bir əsr bundan öncə yazılmış hekayə hələ də öz aktuallığını qoruyub saxlayır. Bu bir əsrdə bəşəriyyət iki dəfə dünya müharibəsi görüb, xəritələr bir neçə dəfə dəyişib, insanlar ayı fəth edib, amma bizim ölkə "qapı deşiyi"ndən yengəlik etməkdən, oğluna qız almaqdan bezmədi. İcma təfəkkürü ilə yaşayıb, sürü halında nəsil artırmaqla məşğul oldular. 
 
Bəlkə də, yüz il bundan sonra da belə olacaq. Çünki işıq gələn, gəlmək istəyən yerlərə pambıq tıxamaqla məşğuldur bu ölkənin insanları. Nadirin yarım saatına 4 min manat verib onu toyunda oxutduran, amma bir kitabın 5 manat olmasına etiraz edən millətdən nəsə gözləmək inandırıcı deyil. 
 
Ümidsiz danışmaq istəmirəm, indi də işıqlı, aydın düşüncəli adamlar var, gələcəkdə də olacaq. Necə ki, bir əsr bundan qabaq, Kərbəlayi Məmmədin, Məşədi Zülfüqarın, Hacı Valeh kimi minlərlə bir sortdan olan adamların içərisində M.C.Məmmədquluzadə, M.F.Axundov, S.S.Axundov, Ə.B.Haqverdiyev kimi adamlar olubsa, bundan sonra da olacaq. 
 
Evdən qaçan həmin oğlana isə öz təşəkkürümü bildirirəm. Bu addımıyla o saxta cəmiyyətə öz etirazını bildirib. Bundan sonra da hər bir qız, oğlan bu cür addımlar atmalıdır. Kiminsə onların şəxsi həyatlarına qarışıb gələcəklərini zəhər etməsinə, adət-ənənə adı altında insanlara işgəncə verilməsinə etiraz etməlidir. Bəlkə də, bu cür hərəkətlərdən sonra kimlərsə utana, xəcalət çəkən gələcəkdə bu kimi addımlar atmaya.
 
Elkin Xəlilov
 
Kultura.az
Yuxarı