post-title

Yusif Vəzir və Azərbaycan qadını

Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında qadın mövzusu önəmli rol oynayır. Əsərlərindən seçdiyimiz bəzi hissələri təqdim edirik.

 

“Arvadlar üçün çarşablar, qıfıllar, uca divarlar icad edirlər...”

Amaterasu və qadınlar

“Qədim yaponlar bir xeyli allahlara etiqad edirdilər. Bu allahların başçılığı arvad əlində idi, adına Amaterasu deyirdilər. Amaterasu Günəş allahıdır”.

Çəmənzəminliyə görə, günəş işıq və istilik bağışlayıb dirilik verən kimi, qadın da insaniyyətə belə xidmətdə bulunur. Alman və türk xalqlarının qadına hörmət saxladığını, türklərin qadınlarını tanrı səviyyəsinə ucaltmalarını bildirir. Lakin qadının bu tanrılığını, nurunu qara bulud kimi gizlətmək istəyən Azərbaycan kişilərinin olduğunu yazır, onların məqsədini belə izah edir: “Arvadlar üçün çarşablar, qıfıllar, uca divarlar icad edirlər. Elmdən uzaqlaşdırıb fikirlərini, zehinlərini qaranlıqlar ilə əhatə edirlər”.

Yusif Vəzirin qadınlar haqqında məqalələrində ortaq bir ruh var: qadın müqəddəsdir, tanrılıq xarakterinə sahibdir, ona əziyyət vermək günahdır. Qadını döymək insafsızlıqdır, tərəqqi əsrində adam döymək yolverilməzdir, qadın döymək mədəni insan halına ziddir. Əgər tramvayda və ya konkada qadınlar ayaq üstə dayanarlarsa, kişilər onlara yer verməlidir, küçədə üz-üzə gələrlərsə, kişilər ehtiramla kənara çəkilməlidirlər. Bu cür kişi mədəniyyətinin avropalı və amerikalılarda olduğunu yazan Yusif misal olaraq Titanikdə yaşanan faciəni göstərir.

Titanikdəki qadınlar

Yusif Vəzir fikrini əsaslandırmaq üçün “Russkoe slovo” qəzetinin 1912-ci ildə 84-cü sayında çap olunan bir məqalədən sitat gətirir : “Titanik suda üzən bir buz qayasına toqquşub ümidsiz bir halda xarab olduqdan sonra kapitan əmr elədi ki, kişilər qayıqlardan kənar çəkilsinlər. Kişilər kəmali-sükutla kənara çəkildilər, xanımlar qayıqlara əyləşdilər. Bir neçəsi ərlərindən aralanmağa razı olmayıb, bir yerdə suya qərq olmağı qəbul etdi. O cümlədən qoca bir qarı (milyoner Ştrausun arvadı) əri ilə qucaqlaşıb bir yerdə suya batdılar”.

Həmidə xanım Cavanşir , Hənifə xanım Məlikova, Aminə xanım Bəradərşah

Yusif Vəzir üçün qadının təbiətdən gələn bir önəmi qadının ana olmasıdır.

“Arvad əziz məxluqdur” adlı yazısında bir qadının hamiləlik, doğuş, doğuşdan sonrakı mərhələdə çəkdiyi əziyyəti sadalayır, sonuc olaraq yazır ki, analıq o qədər ucadır ki, ona nail olmağa biz kişilər layiq olmamışıq. Avropanın bir çox böyük şəxsiyyətlərinin yetişməsində analarının rolunun böyük olduğunu söyləyir, misal olaraq Şilleri, Şenyeni, Lamartini göstərir. Şillerin ədəbiyyatda ad qazanmasında anası Yelizavetanın rol oynadığını yazır, Şiller və Getenin analarının onlara zamanında hekayələr oxumasını, şeirlər əzbərlətməsinin nəticədə gələcək şəxsiyyətin yetişməsinə səbəb olacağını deyir:

“Şillerlər, Getelər bizim arvadların tərbiyəsi ilə böyüsə idi, baqqaldan ya da hambaldan biri olub adları çoxdan itib getmişdi”.

Çəmənzəminliyə görə, Avropada kişilərin qadınlardan üstün sayılması polemikası o zaman bitdi ki, qadınlar arasından istedadlı ədiblər, rəssamlar, heykəltaraşlar, professorlar, həkimlər yetişdi. Kişilərin qadınlardan üstünlüyü barədə mübahisə açmağın gərəksiz olduğunu yazan Yusif Vəzir, bildirir ki, əgər qadınlar üçün məktəblər olsa, qadınların gücü görüləcəkdir. Örnək qadın kimi isə Yusif Vəzir Qarabağ xanlarının nəslindən olan, Mirzə Cəlilin xanımı Həmidə xanımı göstərir: “İndilikdə Qafqazda bir neçə xanımlarımız əmələ gəlib ki, istedad və elmləri sayəsində “naqislik” ləkəsini arvadların adından silib təmizləməkdədirlər. Möhtərəm Həmidə xanım Cavanşir öz mülkünü dolandırmaqda, abad eləməkdə qeyri-zəmindar bəylərimizdən geri durmur”.

Çəmənzəminlinin örnək göstərdiyi digər xanım Hənifə xanım Məlikovadır. Hənifə xanımın qızlara təhsil verməsi, təhsilsiz qadınların ümid yeri olmasını, onlar üçün məsləhət verəcək bir insan olmasını, qadınları problemlərinə görə dəstək göstərməsini qeyd edir, Peterburqda müəllimlər mədrəsəsində kişilərin cürət edib danışmadığı halda onun nitq söyləməsini cəsarətli addım hesab edir: “Arvadların ağlı naqisdirsə, Həmidə və Hənifə xanım kimi şəxslər necə əmələ gəlib? Bunlar min kişiyə ağıl öyrədər”. Çəmənzəminli həmçinin Peterburqda təhsil alan, Bakıda minlərlə kişini və qadını müalicə edən həkim Aminə xanım Bəradərşahı örnək göstərərək, qadınların kişilərlə bərabər istedadlı olduğunu söyləyir.

Yusif Vəzirə görə həqiqi ana

 · Mətbuatdan xəbərdar olan;

 · Qəzet və jurnalları oxuyan;

 · Çapdan çıxan kitabları alıb mütaliə edən;

 · Övladlarının yaşlarına uyğun xəbərlər barədə onları məlumatlandıran;

 · Xalq yolunda çalışan ədiblərin adlarını övladına öyrədən, əsərləri ilə onları tanış edən;

 

Qadını və ananı bu qədər önəmli hesab edən Yusif Vəzirin öz anası kim idi?

Bu barədə öz avtobioqrafiyasında yazır: “Anam Seyid Əziz Seyid Hüseyn qızı atamın üçüncü arvadı idi (birinci ölmüş, ikincini boşamışdır). Gənc yaşlarından yaşlı atama ərə verildiyindən aralarında bir soyuqluq vardı. Atam nə desəydi, anama xoş gəlməzdi və aralarında qovğalar doğardı. Anam olduqca gözəl, rəhmdil, dindar və ədalətli bir qadın idi...Çox cəsur idi. Atam şəhərdə olmayanda oğurluq, ya qız götürüb qaçmaq məqsədilə evimizə təcavüz etmək istəyən oğru və sərsəriləri dəfələrlə tapança ilə qaçırmışdı. Hər gecə yatmazdan əvvəl bir əlində lampa, o biri əlində tapança həyəti yoxlar, sonra qapıları bərkidib yatardı”.

Qaynaq:

Y.V. Çəmənzəminli: “Əsərləri”- 3-cü cild, “Avrasiya-press”, Bakı, 2005

Dilqəm Əhməd
Kultura.az
Yuxarı