Şahmat və həyat

Альтернатива

 
Hər gün 16 yaşdan 70 yaşına qədər milyonlarla  kişi, maddi vəziyyətindən, vəzifəsindən asılı olmayaraq çayxanalarda vaxt  öldürür. Siqaret tüstüsü altında, domino və nərd daşlarından çıxan səslərlə beyinlərini daha da kütləşdirir.  Söhbətləri çox mənasızdır,onsuz da bacardıqları qədər az danışırlar, siqaret tüstülədib domino daşını “şap” yerə çırpırlar.  Bütün bunlara isə onları heç kim məcbur etmir. Bu mənada sistemi günahlandırmaq əbəs olardı. 
 
Valideynlər oğlan uşaqlarını bizdə güləşə qoyub qulaqlarını, boksa qoyub burunlarını sındırtmağa razı olur. Əslində, bununla onlar yaşadıqları yerin vəhşixana olduğunu altşuürlarında göstərirlər və əməlləri ilə də bunu dəstəkləyirlər. Onlar uşaqlarını şahmata qoyaraq bununla onlara çox fayda verərlər. Profesional şahmatçı olmağa da ehtiyac yoxdur, şahmat uşağın zehni inkişafına öz töhfələrini verəcək və gələcəkdə onun həm bir şəxsiyyət kimi həm də tutduğu ixtisasda fərqlənməsinə kömək edəcəkdir. Beləcə insanlar boş vaxtlarını  daha faydalı məşğuliyyətlə keçirəcəklər. Şahmat təkcə uşaqlara yox, həm də böyüklərə də lazımdır. Bunun elmi sübutu da var.  Yaddaşın və zehnin itiliyi beyindəki sinir hüceyrələri, beynin sahələri arasında şəbəkə quran bağların sayından asılıdır. Yaşlılıq, alkoqollu içki, siqaret, stres, yuxusuzluq bu bağları azaldır, beyin məşğələləri  və konkret olaraq şahmat isə bu bağları gücləndirir və artırır.  Nəvəsi ilə şahmat oynayan baba səhnəsi bizim ən çox ehtiyac duyduğumuz səhnələrdən biridir.
 
Tutduqları vəzifədə fərqlənməyə gəlincə isə Microsoftun qurucusu və dünyanın ən zəngin adamı Bill Gatesi nümunə çəkmək bəs edər. Eləcə də Corc Sorosu. Hazırda iş dünyasında bunlarla  yanaşı bir çox qurucu və idarəçi var ki, gözəl şahmat oyunçularıdır. GroupMe, N-Trans Group, Amicus, YouAre.TV, PayPal, Grid Dynamics kimi şirkətlərin qurucu və idarəçiləri, onlarla tanınmış fond menecerləri, bank treyderləri, analistlər.  Çe Qevaranı, Fidel Kastronu, Lenini tanımayanımız yoxdur.  Eləcə də Tolstoyu, Nobokovu, Çarli Çaplini, Rey Çarlezi. Dünya tarixində rol oynamış, siyasətdə və incəsənətdə öz sözünü demiş bu şəxsiyyətlərin şahmat ortaq nöqtəsidir.
 
Filmlərdə və reklam çəkilişlərində çox vaxt şahmat səhnələri çox məzmunsuz çəkilir. Bir nəfər uzun-uzadı düşünür və bir gediş edir, şah və mat. Rəqib vurub öz şahını yerə salır. Onlar bununla mat edəni çox ağıllı göstərmək istəyirlər, amma əslində onu ağılsız göstərmiş olurlar. Ortabab şahmat oyunçuları belə bu oyunu mata qədər oynamır, üstəlik bir gediş sonra mat olacaq vəziyyətdə heç vaxt bu qədər uzun və dərin düşünülmür.  Şahmatın mistikası isə bir neçə gediş sonrakı vəziyyəti görmək və ya adi gözlə kiminsə üstün olduğu anlaşılmazkən, fiqur sayları və onların əyarları eyni ikən rəqiblərdən birinin vəziyyətin sonunun məğlubiyyət olacağını anlayaraq təslim olmasıdır. Həyatda da belədir, bəzi insanlar var ki, beyin və qəlb gücləri ilə, mütaliələri və zəhmətləri ilə çoxluğun burnunun ucundan o tərəfi görə bilməməsinin əksinə, çox uzaqları sezə bilir, vəziyyəti dəqiq təhlil edə bilir, çətinliklərdən düzgün çıxış yolu göstərə bilirlər.Bizə düşən isə belə insanların varlığını anlamaq və qiymətləndirməkdir.
 
Aqşin İbişov
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade