post-title

Əziz Nesin niyə “Türklərin 60 faizi abdaldır” demişdi?

Mehmet Nüsret Nesin, biz isə onu Əziz Nesin adı ilə tanıyırıq. Onun adı böyük bir coğrafiyada ədəbiyyat və ictimai fikir tarixinə damğa vurmuşdur.

 
Öldürücü sarkazmı ilə bilinən Nesin, bütün şüurlu həyatını cəhalətə, sömürgəyə, yalana qarşı mücadiləyə həsr etmiş, ömrü boyu əzən deyil, əziləndən, güclüdən deyil, haqlıdan, zalımdan deyil, məzlumdan yana bir insan və yazar duruşu sərgiləmişdir.
 
Yalnız nəsrində deyil, həyatdakı davranışlarında, nitqlərində, müsahibələrində belə, siyasi, ictimai və mənəvi bəlalara qarşı təpkisini ortaya qoymaqdan heç zaman çəkinməmiş, şəxsiyyəti ilə yaradıcılığını bütünləşdirərək təkcə doğulduğu və yaşadığı Türkiyədə deyil, ondan kənarda, üçüncü dünya ölkələrində də mütərəqqi, çağdaş düşüncəli, azadlıqdan və ədalətdən yana olan hər kəsin rəğbətini qazanmışdı.
 
***
 
Zaman-zaman gerçəklikləri çılpaqlığı ilə dilə gətirdiyi, çəkinmədiyi üçün Əziz Nesinin başı az ağrımamışdı. Məsələn, “Türklərin 60 faizi abdaldır” dediyində yer-yerindən oynamışdı.
 
Bəs sonradan çoxlarının haqq verdiyi, indinin özündə belə, Əziz Nesinin adı gəlincə, ilk yada düşən bu sözlər nə vaxt və nə üçün söylənmişdi?
 
Yazıçı bu sözləri 1982-ci ildə dilə gətirir.
 
Bu o vaxtdır ki, Türkiyənin siyasi gündəmi konstitusiya referendumu ilə çalxalanır, ölkə yeni hərbi çevrilişin sancılarını yaşayır, özgürlüklər və insan haqları ilə bağlı ağrılı günlərdən keçirdi Nesinin ölkəsi.
 
Yazıçı İzmirdə ünlü jurnalist İlhan Səlcuq və tanınmış aktyor Müjdat Gəzənlə birlikdə bir seminara qatılır. Seminarın mövzusu mizah idi.
 
İştirakçılardan biri Əziz Nesindən soruşur: “Biz türklər, Molla Nəsrəddinin nəvələri olaraq çox ağıllıyıq, elə deyilmi?”
 
Əziz Nesin zarafatsız-zadsız, tam ciddi cavab verir: “Xeyr, türklərin 60 faizi abdaldır”.
 
Seminara qatılanlar yazıçının bu sözlərini alqışlarla qarşılasa da, sonradan Əziz Nesinə təpkilərin böyük əksəriyyətini həqarət, “vətən xaini”, “xalq düşməni” kimi ittihamlar təşkil edirdi.
 
***
 
Seminardan çıxınca Müjdat Gəzən Əziz Nesindən soruşur:
 
- Niyə belə dedin?
 
- Az dedim. 92 faiz deyəcəkdim, amma dilim varmadı.
 
Məsələ burasındadır ki, o zamanlar hərbi çevrilişlə iqtidara sahiblənən Kənan Evren hökumətinin hazırladığı yeni Konstitusiya xalqdan məhz bu qədər - 92 faiz səs almışdı.
 
***
 
Əziz Nesin 1995-ci ildə, 80 yaşında dünyasını dəyişdi.
 
Ölümündən az əvvəl onun üçün cənazə mərasimi keçirilməməsini vəsiyyət etmiş və səbəbini belə açıqlamışdı: “Əvvəlki heç bir vəzifəsini yerinə yetirməyənlərin ”son borcumuzu yerinə yetirdik" deməsindən iyrənirəm".
 
***
 
Türkiyənin layiq-dünyəvi Cümhuriyyətini yıxıb yerində şəriət dövləti qurmaq cəhdlərinin baş alıb getdiyi bu günləri isə Əziz Nesin hələ 20 il öncə - 1993-cü ildəki çıxışlarından birində belə ifadə etmişdi: “Sabah, birigün dinçilər iqtidara gəlib, imam-hatib məktəblərindən yetişdirdikləri tələbələri hakim, prokuror, polis, həkim, mühəndis kimi dövlətin hər qoluna yerləşdirməyə başlayıb, ən sonda isə ordunu ələ keçirərək öz arzularına çatacaqlar, amma bu gün heç kim bunun fərqində deyil”.
 
Türkiyə ustadın onillər əvvəlki bu öngörməsini ciddiyə alsa, kim bilir, bəlkə də bu gün başına bütün bunlar gəlməzdi.
 
***
 
Öz güclü sarkazmı, ictimai-siyasi eybəcərliklərə qarşı kəskin satirası ilə Əziz Nesin hekayələri, romanları indi bizim üçün də çox aktualdır.
 
Onun bu sözləri isə sanki özünün və ölkəsinin taleyinə qarşı biganəliyin, səssizliyin, təpkisizliyin, susqunluğun baş alıb getdiyi Azərbaycana xitabla söylənib: “İnsanlar yalnız söylədiklərinə görə yox, susduqlarına görə də məsuliyyət daşıyır”.
 
Elnur Astanbəyli
 
Azadliq.az
Yuxarı