Xocalı - matəm, ədalət, barışıq, qisas?

Альтернатива

 
 
Üç gün sonra isə Buş Talibanla bağlı məlum çıxışını edir, Bin Ladenin ABŞ-a təvhil verilməyəcəyi təqdirdə Əfqanıstana müdaxilə edəcəyi və qisas alacağını elan edir. Bununla da, matəm bitir, etirazlar, qisas sloqanları, müsəlmanların döyülməsi və təhqir olunması başlayır. Müəllimim deyirdi ki, artıq hər kəs müharibə və qisas haqqında düşünürdü. Matəm bitmişdi. 
 
Bu hekayəni eşidəndə mən Xocalı haqqında gedən təbliğatları, cəmiyyətimizin buna münasibətini gözümün qarşısına gətirdim. Təəssüf ki, biz bu gün heç yerdə, nə ictimaiyyət, nə də fərdi olaraq Xocalıya matəm saxlanılmasının şahidi ola bilmirik. Xocalı faciəsinin hər ildönümü yaxınlaşanda cəmiyyət matəm saxlamaq əvəzinə qisas haqqında düşünür. Halbuki, matəm saxlamaq insanlara faciənin dərinliyi və ağrısını anlamağa imkan verir, insanı baş verənlər fonunda öz vicdanı ilə üzbəüz qoyur və bütövlükdə cəmiyyəti yetkinləşdirir.
Bəs Qarabağ münaqişəsinin ümumi fonunda, bir tərəfdən sülh danışıqları getdiyi halda digər tərəfdən qisas almaq çağırışları barışıq və ədalətin bərqərar olması prosesinə necə təsir edir? 
 
Hegel “Ruhun Fenomenologiyası” əsərində “iki vicdanın dialoqu” haqqında söhbət açır. Şər vicdan və bəşəri, amma mühakimə edən vicdan arasında münaqişə mövcuddur. Şər vicdan bəşəri dəyərlərə qarşı hərəkət edir. O, öz daxili dəyərlərinə istinad edir və bəşəri vicdanın yanlış olduğunu əsaslandırıraq, ona haqsızlıq edir, iztirab yaşadır. Öz növbəsində, bəşəri vicdan da mühakimə edən vicdandır və o da öz mühakiməsini daxili dəyərlərinə kökləyir. Yəni, bəşəri vicdanın mühakiməsi bəşəri dəyərlərə istinad etmir və o, öz mühakiməsi ilə şər vicdanın öz dəyərlərinə istinad etməsinə haqq qazandırmış olur, yəni “bəşəri vicdan özünü şər vicdanla eyni müstəviyə gətirir” (RF, 403). Beləliklə, hər iki vicdan öz davranışları ilə bir-birlərinin davranışlarına haqq qazandırmış olurlar. 
 
Eyni müstəvidə dayanaraq, öz qanunlarına istinad edərək fəaliyyət göstərən və mövcudluqları bir-birlərindən asılı olan iki vicdan oxşardır. Şər vicdan bəşəri vicdanın onun eynisi olduğunu dərk etdiyi anda irəli addım ataraq özünün şər olduğunu etiraf edir. Lakin bu etiraf heç bir halda “alçaldılma və təhqir olunma kimi qəbul edilməməlidir” (RF, 405). Ona görə ki, belə bir addım atmaqla, şər vicdan bəşəri vicdanın öz növbəsində müvafiq addım atmasını ehtimal edir. Bu mərhələdə vəziyyət dəyişir. Günahlarını etiraf edən şər vicdan özünü münaqişədən azad edir və ayrıca bir varlıq olaraq özünü bəşəriləşdirir. Bu addım eyni zamanda münaqişənin aradan qalxmasına imkan yaradır və artıq şər vicdan “şər” olmadığından, qarşı tərəfin, öz yanlışlıqlarını etiraf etməyəcəyi təqdirdə öz kimliyindən məhrum olacağı anlamına gəlir. Eyni zamanda, bəşəri vicdan artıq şər vicdanı mühakimə edə bilmir, çünki ikincisi münaqişəni tərk etmişdir. Beləliklə, “məsum ruhlu bəşəri vicdan özünün ziddiyyətli  mövqeyi ilə qarşı-qarşıya qalır, dəli olmaq və özü-özünü məvh edib bitirmək dərəcəsinə çatdırır.” Nəticədə, mühakimə edən bəşəri vicdan öz günahlarını etiraf edir və yenidən bəşəri olmağa başlayır. Beləliklə, “ruhun yaraları sağalır və geridə heç bir iz buraxmır” (RF, 407).
 
“Tarixdə Ağıl” əsərində Hegel dialektik barışığa başqa bir mövqedən baxır: “...bütün bu hadisələr və təsadüflərdə biz ön cəbhədə insan iztirabının şahidi oluruq. Bu iztirab hər yerdə bizim bir hissəmiz, parçamızdır...” (TA, 88). 
 
İki vicdanın dialoqu göstərir ki, Xocalı qırğınının səbəkarlarından qisas alınması, onların öz əcəli ilə ölməsinə imkan verilməməsi iddiası ətrafında gedən cari müzakirələrin fonunda “qisas” bizə iztirab yaşadan düşməndən fərqlənmək imkanı verməyəcək. Üstəlik, Azərbaycan özünü  beynəlxalq münasibətlər sistemində sülhsevər, beynəlxalq hüququn prinsiplərinə sadiq və bəşəri-humanist dəyərlərin daşıyıcısı və həm də təbliğatçısı kimi təqdim etmək istəyirsə, o zaman şübhəsiz ki, “qisas” bu prinsiplərə ziddir. 
 
Qisas ədalət anlayışını kölgədə qoyur. Günahkar və məsul şəxsləri ədalət məhkəməsinə cəlb etmək əvəzinə, onlardan qisas almaq bizim ədalətə mənəvi haqqımızı əlimizdən almış olacaq. Qisas ədalət adı altında alınsa belə, o, ədalətdən fərqlidir. Qisas heç də həmişə ədalətli olmur. O, “cəzalandırıcı ədalət (retrubitive justice)” deyil. Onun heç bir əxlaq sərhəddi yoxdur. Qisas, məsələn, “başqalarının iztirabından həzz almağı” mümkün edir. Frensis Bekon deyirdi: “Qisas hüququ aşağılayan və onu hüquqilikdən çıxaran vəhşi ədalətdir.” Burada hüquq kateqorik anlayış kimi nəzərdə tutulur. Bəli, bu “vəhşi ədalətin” ən primitiv hisslər üzərində bərqərar olunduğunu və bugünkü maarifçilik dövrünü adlamış yetkin sivilizasiyaya xas olmadığını sübut etməyə ehtiyac yoxdur. 
 
Biz əgər özümüzü iztirablara, haqsızlığa məruz qalan tərəf kimi görürüksə, o zaman qarşı tərəfə, bizə haqsızlıq edən tərəfə öz yanlışlarını etiraf etmək üçün imkan verməli, onu öz vicdanını dərk etməyə vadar etməliyik. Sülh bu yolla mümkündür. Sülh, “unutmaq” olmasa belə, “bağışlamaq” deməkdir. Bağışlamaq isə, “qisas”dan dəfələrlə artıq cəsarət tələb edir. Həqiqətən də, bağışlamağı bacaran tərəf ilk olaraq bəşəri olacaq, münaqişədən və onun iztirablarından qurtulmuş olacaq. Bağışlayan tərəf həm də qarşı tərəfi inanılmaz mənəvi çətinliklər qarşısında qoymuş olacaq. Qarşı tərəf birmənalı olaraq “şər vicdan”a çevriləcək, münaqişə müstəvisində tək qalacaq və tezliklə öz növbəsində öz səvhlərini etiraf etmək, ya da bütün beynəlxalq aləmdə simasını itirmək seçimi qarşısında qalacaqdır. Abraham Linkolnun 1863-cü ildə Amerika qəbilələrindən üzrxahlıq nitqi, Yaponiyanın müharibədə çəkdirdiyi iztirablara görə, dəfələrlə Çin və Koreya xalqından üzr istəməsi, yaxud Avstraliya hökumətinin yerlilərə qarşı törədilmiş vəhşiliklərə görə üzr istəməsi qarşı tərəfi onları bağışlamaq məcburiyyəti qarşısında qoymuş, özlərinin bəşəriyyət qarşısında başıaşağı olmasına imkan verməmişdir. Bugün kim isə bir yapona “Siz Koreyada qadınları zorlamışdınız!” deyərsə, o “Bəli, bilirəm, atalarımın səvhlərindən peşmanlıq çəkirəm və buna görə üzr istəyirəm” deyə biləcəkdir. Aydındır ki, 1970-ci illərdə 30 il əvvəl baş vermiş vəhşilik və insan əleyhinə cinayətlərə görə kommunist Çin hökuməti, yaxud avtoritar Cənubi Koreya hökuməti imperator Hirohitoya sui-qəsd etmək haqqında düşünmürdü. 
 
Bizim vəziyyətimizdə üzr istəmək, aydındır ki, Ermənistanın və ermənilərin üzərinə düşür. Bizim bağışlamağımız üçün cinayətkarların məsuliyyətə cəlb olunması, məsul dövlətin isə üzr istəməsi vacibdir. Amma biz bugün heç bir beynəlxalq dəyərlərə istinad etmədən primitiv instinktlərimizə qapılıb qisas alsaq, o zaman əmin ola bilərik ki, onlar bu üzrü heç zaman istəməyəcəklər və bu xəmir hələ çox su aparacaq. Məsələn, biz suveren bir dövlətin prezidentinə və eks-prezidentinə sui-qəsd etməklə, sonradan bu sui-qəsdi danıb-danmamağımızdan asılı olmayaraq, bizi hansı hadisələrin gözlədiyinə əmin ola bilmərik. Biz ermənilərin bizim ictimai-siyasi xadimləri və günahsız vətəndaşları hədəfə çevirəcək geniş-miqyaslı terrora əl atmayacaqlarına, Qarabağ haqqında danışıqlarda daha aqressiv mövqedən çıxış etməyəcəklərinə və hətta, ola bilsin ki, müharibənin yenidən başlamayacağına – I Dünya Müharibəsinin başlanma səbəblərini yada salın – təminat verə bilmərik. Erməni millətçilərinin XX əsrin əvvəllərində türk generallarına qarşı qisas zəminində sui-qəsdlər, rəsmilərə və vətəndaşlarına qarşı terror aktları törətdiyi hər kəsə məlumdur. Bu baxımdan, keçmişdə nələrin olub-olmamasından asılı olmayaraq üç nəfər məsul şəxsə sui-qəsd etməklə insanların həyatını təhlükə altına qoymaq irrasional, məsuliyyətisiz və qeyri-praqmatik çıxış yoludur. 
 
Bəli, Xocalı faciəsi onu şəxsən yaşayanların, onu dərk edəcək yaşda müşahidə edənlərin yaddaşından və ürəklərindən asanlıqla silinəcək bir hadisə deyil. Mən Xocalını dərk edəndə hadisənin üzərindən 20 il keçmişdi. Mən ürəyimdə, bu hadisəni yaşayanlardan fərqli olaraq, dəfələrlə az qisas hissinin hakim olduğunu anlayıram. Mən bu qisas hissini daha dərindən yaşayanları da anlayıram. Çünki, Azərbaycan xalqının çəkdiyi bu iztirabda mən də öz parçamı görə bilirəm. Amma mən bir siyasi hakimiyyətin qisas almasını heç cür anlaya bilmirəm. XXI əsrdə “qisas” rasionallıqdan kənar, primitiv millətçilik və şovinizmə istinad edən bir hissdir. Bu üsuldan istifadə edən Daşnaqsutyun erməniləri də, sionist Mossad da primitiv millətçilik və şovinizm mövqeyindın çıxış edən təşkilatlar olmuşlar. Humanizmi lağa qoyan, beynəlxalq məhkəmələri məsxərəyə çevirənlərə xatırlatmaq istərdim ki, Srebrenitsa qətliamında məsuliyyət daşıyan və həyatda olan bütün Serb və Xorvatlar hazırda Haaqa həbsxanasındadırlar. Srebrenitsada 8000 Bosniya müsəlmanı güllələnmişdi. Amma Bosniya hökuməti, yaxud Kosovalılar Karadiç, Mladiç, yaxud Miloşeviçdən sui-qəsdlə qisas almağı düşünmürdülər. Onlar cinayətkarların ədalət məhkəməsinə gətirilməsinə davamlı olaraq səy göstərdilər və hər üç ən yüksək rütbəli məsul şəxsin həbs edilərək, Keçmiş Yuqoslaviya Tribunalı qarşısına çıxarılmasına nail oldular. Bu gün Srebrenitsa cinayətini törədənlərin hamısı törətdiklərinin cəzalarını çəkir. Əgər bugün biz ədalətin bərqərar olunmasına heç bir cəhd etmiriksə, əvəzində riskləri gözə almadan daha primitiv, ədaləti və hüququ aşağılayan üsullardan danışırqsa, üstəlik də, Eichman, Nürnberg, Beynəlxaq Cinayət Məhkəməsi və Keçmiş Yuqoslaviya Tribunalında məsuliyyətə cəlb olunmuş bəşəriyyətə qarşı cinayət törədən insanların nümunələrini kənara qoyub bunu terrorist Bin Ladenin (hansı ki, onun məhkəməsiz öldürülməsinə görə ABŞ Avropa hökumətləri və beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qınanmışdı) öldürülməsinin düzgünlüyü ilə əsaslandırırıqsa, demək biz hələ ki, Kant demişkən, yetkin deyilik.
 
Nicat Qarayev
 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade