Şedevrin uğursuz premyerası

Театр

 

“Carmen” barədə, daha doğrusu, onun 1875-ci ilin yazındakı uğursuz premyerası barədə danışmaq istərdim. Nietzsche 1883-cü il tarixli bir məktubunda yazırdı: "Dünən – təsəvvür et – iyirminci dəfə Bizetnin ustalıqla yazdığı əsəri dinlədim. Yenə də eyni şirin ehtiramla axıracan oturdum, qaçmadım. Əsərin mənim səbirsizliyim üzərindəki bu qələbəsi özümü də təəccübləndirir. Bu musiqi, necə də kamilləşdirir! Özün nümunəvi bir əsərə çevrilirsən. Doğrudan da, hər dəfə "Carmen"i dinləyəndə, sanki, daha çox filosof oluram, daha yaxşı filosof oluram.

O, zəngindir. O, təyinatlıdır. O, qurur təşkil edir, bitirir. Nə vaxtsa səhnədən bundan daha əzablı, faciəli səslər gəlibmi? Və necə çatır! Mimikasız! Saxtakarlıqsız! Yüksək üslub yalanı olmadan! Nəhayət, bu musiqi dinləyiciyə dərrakəli bir canlı kimi müraciət edir. Mənə elə gəlir ki, özüm onun yaradılışının narahatlığını çəkirəm. Bizet məni də yaradıcı edir. Bütün bu gözəllik məndə yaradıcılığı oyadır".

Operanı ən az iyirmi dəfə dinlədiyini deyən, yalnız məşhur filosof deyildi, bu siyahıda biz bəstəkar Brahms`ı, siyasətçi Bismark`ı görə bilərik. Brahms bir məktubunda yazır: "Kaş Bizet sağ olaydı, dünyanın qurtaracağında da olsa, gedib onu bağrıma basardım".

Yazılışının üstündən əsr yarıma yaxın vaxt keçməsinə baxmayaraq, indi də "Carmen"i dinləyəndə onun təravətinə valeh olmaya bilmirsən – sanki, opera başdan-ayağa gözəl və həyəcanverici melodiyalar paradıdır. Operadakı parçalar: "Üvertüra", "Habanera", "Sequidilla", Qaraçı mahnısı, Toreadorun kupletləri, Jose`nin çiçəklə ariyası, 4-cü pərdədən Antrakt. Dünya opera tarixində bu qədər sevilən melodiyaya malik ikinci operanı xatırlamaq çox çətindir.

Qayıdaq 1875-ci ilin Parisinə. Televiziyanın, radionun, kinoteatrların olmadığı dövrə. Orta və yuxarı təbəqənin əyləncə və bədii ehtiyacını ödəyən əsas müəssisələrdən biri opera teatrlarıdır. Səhnəyə qoyulan, nəinki premyeradan sonra, bəzən premyeradan xeyli əvvəl də müzakirə olunurdu. "Opera-Comique" teatrında (Grand Opera`dan fərqli olaraq, buradakı tamaşalarda musiqili və musiqisiz nömrələr bir-birini əvəzləyirdi. Beləliklə, səhnədə musiqi müşayiəti olmayan danışıqlar da gedirdi – təxminən, bizim Opera və Balet Teatrı ilə Musiqili Teatrın fərqi kimi) gözlənilən "Carmen" tamaşası haqqında da premyeradan əvvəl söz-söhbətlər başlamışdı. Bu söhbətlərdə əsas vurğu premyerası göstərilən tamaşanın "amorallığı"na, "açıq-saçıqlığı"na idi.

Nəhayət, librettosunun əsasında Prosper Merime`nin eyni adlı novellası duran 4 pərdəli "Carmen"in premyerası, 3 mart 1875-ci ildə Parisin "Opera-Comique" teatrında baş tutdu. Zalda kimlər yox idi. Fransanın o dövrkü yüksək cəmiyyətinin böyük hissəsi: bəstəkarlar Charles Gounoud, Leo Delibes, Jacques Offenbach, Jules Massenet, yazıçı Düma-oğul, səfirliklərin nümayəndələri Rotşildlər ailəsi... Tamaşa başladı. Şahidlərin dediyinə görə 1-ci və 2-ci pərdələr alqışlarla qarşılandı, amma sonra, tədricən, zalda susqunluq və buzlaşma başladı. Premyeranı uğursuz adlandırmaq olardı.

Opera-Comique`də, adətən yüksək cəmiyyətin həyat tərzindən alıntılı mövzular göstərilirdi: varlı ailə, ağıllı və komik qulluqçu, yüngül flirt, xoşbəxt final və s... İndi isə "Carmen"in qəhrəmanlarına göz gəzdirək: tütün kombinatının işçiləri qaçaqmalçılar, yüngül əxlaqlı qadınlar, dezertir əsgər, öküzlə döyüşən matador... Opera-Comique`də qoyulan bu operada demək olar, nə komik əhvalat, nə də komik personaj vardı. Finalda da ölüm!

Yazının əvvəlində xatırladığımız "La Traviata" operasının finalda ölən qəhrəmanını da yüngül əxlaqlı qadın hesab etmək olar. Amma Carmendən fərqli olaraq, o, yüksək təbəqəyə aiddir – onlar kimi geyinir, danışır. Əsasında həmyerliləri Düma`nın "Kameliyalı qadın" romanı duran "La Traviata" operası fransızlara heç də "amoral" görünmürdü. Parislilər, əslində, reallıqla qarşılaşmışdılar. Bir qəzet həmin gecə səhnədə göstərilən personajları “sosial zibillik” adlandırmışdı.

Xatirələrə görə səhərə qədər şəhərdə dolaşan Bizet`ni, sadəcə, dostu, sonradan operanı redaktə edən Ernest Guiraud tərk etməyib. Xanımı Genevieve Halevy də onu tərk etmişdi, tamaşa bitər-bitməz o, pərəstişkarı pianoçu Elie-Miriam Delaborde ilə teatrı tərk edib. Tədqiqatçıların rəyinə görə uğursuzluğun əsas, həm də ikibaşlı səbəblərindən biri tamaşa haqqında vaxtından əvvəl yayılmış söz-söhbət idi. Məsələ burasındadır ki, ictimai rəyə əsasən "açıq-saçıqlıq" gözləyənlərin gümanları doğrulmadı – deyilən qədər deyilmiş. Amma mövzu özü də XIX əsrin ikinci yarısının fransızları üçün o qədər məsum sayılmazdı: əsas ideya sevginin azad olması barədə idi. Baş qəhrəman qaraçı qızı Carmen birinci pərdədə əsgər Jose`yə, 3-cü pərdədə matador Eskamilyo`ya vurulur. Carmenin fəlsəfəsi, təxminən, belədi: "mən azadam, kimi istəyirəm onu da sevərəm və bu azadlığım üçün ölümə də gedərəm". Buna görə də əsərin sonunda keçmiş sevgilisi tərəfindən öldürülür.

Premyeradan əvvəl yaranmış şayiələr premyeradan sonra yazıya çevrilərək qəzet səhifələrini doldururdu. Başı çıxan-çıxmayan yazarların əksəriyyəti, əsəri mütləq tənqid edirdi. Bütün bunlar həssas bəstəkarı həddən artıq həyəcanlandırmışdı. Hətta bir dəfə tənqidçilərdən birini Bizet`in əlindən zorla alıblarmış. Yüksək keyfiyyətli musiqi yazdığına əmin olan Bizet`ni üzən səbəblərdən biri də dostlarının – söz sahibi bəstəkarların, yazarların onu müdafiə etməməsi idi. Qəzetlərdə opera barədə danışan tanınmış şəxslər də Bizet`ni, ya şəxsən şifahi, ya da məktub şəklində yazılı təbrik etmələrinə, xoş sözlər söyləmələrinə baxmayaraq, ictimai çıxışlarında ehtiyatlı olmağa, fikirlərini ictimai rəylə balanslaşdırmağa çalışırdı.

Tamaşanın sabahı günü qəzetlərin biri vətəndaşları ehtiyatlı olmağa çağırırdı: "Hörmətli, atalar və analar! Ənənəyə sadiq olaraq, siz xanımlarınızı və qızlarınızı onlara layiq axşam əyləncələrinə aparırsınız. Qatır oğrusundan hərbçinin, hərbçidən matadorun qucağına atılan fahişə haqqında nə düşünərdiniz? Axırda da aldatdığı aşiq xəncərlə onun biabırçı həyatına son qoyur". Məsələ burasındadır ki, o, dövrün Parisində yüksək cəmiyyət mənsubları operaya, həm də öz övladlarına gələcək həyat yoldaşı tapmaq üçün gedirdilər. (Lap müasir dövr azərbaycanlılarının toy mərasiminə münasibəti kimi.) Lojalarda oturan valideynlər qızlarını qabaq sıralarda əyləşdirərək, özləri arxada otururdu.

Deyilənlərə görə bu söz-söhbətlərdən sonra kişilər "Karmen"ə ailələrini aparmırmış. Amma özləri gedirmiş, yəqin elə buna görədir ki, növbəti üç ay ərzində, yəni düz 3 iyun 1875-ə qədər 33 tamaşa oynanıldı. 34-cüsü isə təxirə salındı. Səbəb - 36 yaşlı müəllifin ürək tutmasından qəfil vəfatı. Amma buna qədər tamaşa, artıq Vyana opera teatrının marağını çəkmiş və onlar müəlliflə Vyana premyerası barədə razılaşmışdılar. Bizetnin vəfatından dörd ay sonra, oktyabr ayında "Carmen"in Vyana premyerası oldu. Operanın dünya şöhrəti də oradan başladı. Bəlkə də, premyeranın uğursuzluğun bir sirri də burdaydı. Əslində, Carmen öz musiqisinin genişliyinə, dramatik ağırlığına görə böyük səhnədə oynanılmalı idi. Ardarda Brüssel, Berlin, London, Barselona, Sankt-Peterburq və digər Avropa premyeraları, daha sonra okeanın o tayında Nyu-York, San-Fransisko premyeraları.

Parisdə isə yanlış yönləndirilmiş ictimai rəy özünü göstərdi. Növbəti teatr mövsümündə “Carmen”ə gəlmək istəyən tamaşaçıların sayı get-gedə azalmağa başladı və 1876-cı ilin fevral ayında əsər repertuardan yığışdırıldı. “Opera-Comique” bu əsəri bir də 1883-də bərpa etdi. Artıq o zaman bütün dünyanın musiqi ictimaiyyətinə aydın olmuşdu ki, “Carmen” şedevrdir.

P.S. Qəribədir ki, parislilərin "qədirbilənliyi" bununla bitmədi: Yalnız 1954-də məlum oldu ki, "Carmen"lə XIX əsrin ikinci yarısı fransız musiqisinin simvoluna çevrilən bəstəkarın qəbri tanınmaz hala düşüb. Parisin baş opera teatrı - Grand Opera`da "Carmen"in premyerası isə 1959-cu ildə baş tutdu. O zamana qədər isə “Carmen”, hətta Bakıda belə səhnəyə qoyulmuşdu. 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında bu opera - özü də azərbaycan dilində oynanılıb. 

Firudin Allahverdi

1937.az
Kultura.az | Developed by Samir Yahyazade