Neft lənəti

Эмин Аслан

 

İstərdim, yazının davamını lətifənin xoş tərəfindən başlayım. Əslində, məntiqlə düşünsək, etiraf etməliyik ki, hər bir ölkənin inkişafı üçün kapitala ehtiyacı var, hətta kapital nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Təbii sərvətlər bu mənada potensial kapital kimi dəyərləndirilməlidir. Belə ki, təbii sərvətlərlə bol olan ölkələr daha çox kapitala sahib olmaq imkanına malikdir. Beləliklə, məntiqi ardıcıllığımızı davam etdirsək,

1) təbii sərvətləri sataraq həmin ölkələr onu kapitala çevirməli,
2) həmin kapitalı əhalinin ehtiyaclarının qarşılanması üçün istifadə etməli,
3) daha da dərinə getsək, düşünməliyik ki, həmin ölkələr əldə etdiyi kapitalı iqtisadiyyatın diversifikasıyasına, yəni qeyri-neft (resurs) sənayesinin yaradılması, kənd təsərüffatının, onun maddi texniki bazasının inkişafı, sosial, siyasi və iqtisadi institutların gücləndirilməsi üçün istifadə etməli, cəmiyyətdə orta gəlirli təbəqənin sayını artırmaqla siyasi və iqtisadi stabilliyə nail olmalıdır. Beləliklə, məntiqi nəticənin sonluğu bu olmalıdır ki, həmin ölkələr müəyyən müddətdən sonra öz əhalisinin maddi təminatını yüksəltmiş, daha dəqiq, iqtisadi, siyasi, sosial və mədəni institutları inkişaf etdirmiş zəngin ölkələr olmalıdır.

Bu düşüncə və yanaşma uzun müddət iqtisadçılar tərəfindən dəstəklənib. İqtisadçı alimlərdən olan Norton Ginsburg 1957-ci ildə yazırdı: “Geniş və çoxşaxəli təbii sərvətlərlə zəngin ölkə sürətli iqtisadi inkişaf üçün digər ölkələrdən bir neçə addım öndədir”. Ancaq 1980-ci ildən başlayaraq, bunun tam əksi olan prosesin getdiyi məlum olmağa başladı.

Lətifənin pis tərəfi nədir?

Sərvətin lənəti (Resuorce Curse)

Son onilliklərdə bütün məşhur iqtisadi fikir cərəyanlarının baş sındırdığı paradoksal fenomenlərdən biri “sərvətin lənəti” adlanır. Bu nəzəriyyəyə görə sosial və iqtisadi inkişafla təbii sərvətlər arasında əks münasibət var. Təbii sərvətlərlə zəngin ölkələrlə müqayisədə təbii sərvəti az və ya olmayan ölkələr sosial və iqtisadi baxımdan daha çox inkişaf etmiş durumdadır. 17-ci əsr İspaniyası koloniyalardan çoxlu qızıl və gümüş gətirirdi, bununla belə, o, iqtisadi baxımdan heç bir resursu olmayan o dövrün Hollandiyasından çox geri qalırdı. 19-20–ci əsrlərdə təbii sərvətlərlə zəngin Rusiya heç bir sərvəti olmayan Yaponiya və İsveçrədən qat-qat geridə idi. Son dövrlərdə isə heç bir resursu olmayan Cənubi Koreya, Sinqapur, Tayvan, Hon-Kong təbii resursla zəngin Venesuela, Meksika, Nigeriyadan dəfələrlə irəlidədir. Bu problem xüsusi ilə neftlə zəngin ölkələrdə özünü biruzə verir. Terry Lynn Karl bu fenomenə “bolluğun ziddiyəti” (paradox of plenty) adını verib. Onun fikrinə görə, Norveçi çıxmaq şərti ilə demək olar, bütün neftlə zəngin və ondan asılı olan ölkələr dünyada ən çox iqtisadi problem yaşayan, avtoritar və konfliktlər içində olan ölkələrdir. Buraya Latın Amerikası, Yaxın Şərq, Asiya və Afrika kimi bölgələr daxildir.

1965-ci ildən 1980-cı ilə kimi neftlə zəngin OPEC ölkələrində ÜDM 1.3 % nisbətində azalıbsa, heç bir resursa sahib olmayan ölkələrdə 2.2% artım olub. Bu ölkələr hətta kənd təsərüffatından asılı ölkələrə müqayisədə daha kasıb olublar. Ölüm halları, təhsil, səhiyyə heç bir təbii sərvəti olmayan ölkələrlə müqayisədə neftlə zəngin ölkələrdə daha pis durumda olub. 1997-ci ilin statistikasına görə, OPEC ölkələrinin təhsillə xərclədiyi pulun ÜDM nisbəti 4% olubsa, bütün dünya ölkələrinin ümumi nisbəti 5% olub. Bu kimi ölkələr hərbiyə digər ölkələrə müqayisədə iki dəfə daha çox pul xərcləyiblər.

Bir milyard barel neft reservinə sahib Ekvatorial Qvineya 1995-ci ildən bu günə kimi gün ərzində 400 min barel neft ixrac edir. Ümumi Daxili Məhsul (ÜDM) baxımından hər adam başına düşən gəlir nisbətində Fransadan, Yaponiyadan və Böyük Britaniyadan irəlidədir. Ancaq cəmi 700 min əhalisi olan bu ölkədə insanlar günü 2 dollara çalışır.

Bu mənada Ekvatorial Qvineya neft lənəti üçün ən yaxşı nümunələrdən birinə çevrilib. Böyük təbii sərvətlərə sahib olan bu ölkə ağlasığmaz korrupsiyanın və pis idarəçiliyin qurbanına çevrilib. Əhalinin vəziyyətinin pisləşməsi fonunda 30 ildən çoxdur ölkəni idarə edən Obiang ailəsi və onun ətrafındakı elita böyük sərvətlərə yiyələnib.

1971-1989-cu illəri əhatə edən araşdırmaların birində məlum olub ki, iqtisadi inkişafla təbii sərvətlərin bolluğu arasında tərs münasibətlik var. Neft və digər təbii resurslarla zəngin ölkələrdə korrupsiya, vətəndaş müharibəsi halları, avtoritarizmə meyllilik, hərbi xərclər bu kimi zənginliyi olmayan ölkələrlə müqayisədə daha çox olub. Bütün bu araşdırmalarda ortaya çıxan maraqlı məqam odur ki, bu ölkələr fərqli mədəniyyəti, coğrafiyanı və siyasi hakimiyyəti daşısalar da, onlar eyni problemlə üzləşiblər.

“Siyasi nöqteyi-nəzərdən əhalinin gəlirlərinin artması həmişə demokratiyanın inkişafı və onun güclənməsinə səbəb olub, ancaq bu halı resurslarla zəngin ölkələr haqqında demək olmur, hətta orada ümumi tendensiya antidemokratik istiqamətli olub”.  
Neft zənginliyi olan və əsas gəlirlərini neft və qazdan əldə edən ölkələrin heç biri demokratik deyil.

Niyə belə olur?

Bu fenomenin izahı üçün dörd müxtəlif əsas irəli sürürlər:

Sosial izah;
İqtisadi izah;
Siyasi izah;
İnstitusional izah.

Sosial izah:

Sosial səbəb kimi göstərilir ki, resursla zəngin ölkələrdə tənbəllik daha çox olur. Bu fenomeni ən yaxşı izah edən aforizmlərdən biri belədir: “Ehtiyac yeniliyin anasıdır”. Təbii sərvətlərlə zəngin olmayan ölkələrin bu sərvətlərlə zəngin ölkələrlə müqayisədə daha inkişaf etmiş olması bu fikri təsdiqləyir, ancaq Norveçin nümunəsində bu yanaşma öz əsaslılığını itirir.

İqtisadi izah:

İqtisadi səbəbi izah etmək üçün “Holland sindromu” deyilən anlayışa baş vururlar. “Holland sindromu” nədir? 1960-cı illərdə Niderland Krallığı, başqa adıyla Hollandiya Şimal Dənizində zəngin qaz yataqları aşkarladı. İqtisadçıların düşüncəsinə görə, bu tapıntının nəticəsi Hollandiya iqtisadiyatında özünü iki formada göstərdi. Birinci formada bu özünü “xərcləmə effekti” şəklində göstərdi. Xərcləmə effekti anlayışına görə, resursla zəngin ölkədə təbii sərvətin çoxluğu və onun sürətli inkişafı həmin ölkənin valyutasının dəyərini artırır və böyük miqdarda valyutaya yiyələnən dövlət, bu valyutanı alınıb-satılması mümkün olmayan, başqa adla qeyri-ticari sahələrə xərcləyir, məsələn, tikintiyə. Çünki ölkənin valyuta dəyəri yüksəldiyi üçün istehsal mallarının da xarici bazarda dəyəri artır və sonda rəqabətə tab gətirməyərək sıradan çıxır. Bu, həm də ölkədə ciddi infilyasiyaya səbəb olur. İkinci formada isə bu özünü işçilərin və kapitalın qeyri-ticari sahəyə axınına təkan verməsində, onu stimullaşdırmaqda göstərirdi. Nəticədə bu iki forma birləşərək, qeyri-ticari sahənin inkişafına, ancaq istehsal sahəsində (kəndə təsərrüfatı və sənaye) işləyən insanların azalmasına səbəb olurdu. Bu isə ölkənin təbii sərvətdən asılılığının artımına, onun dünya bazarındakı təbii sərvətin qiymətindən asılı vəziyyətə düşməsinə, sənaye, kənd təsərüffatı kimi istehsal sahələrinin zəifləməsinə, bir sözlə ciddi deqradasiyasına səbəb olurdu.

Nigeriyalı iqtisadçı Pat Utominin araşdırmasına görə, 1987-1990-cı illərdə Nigeriyanın neft istehsalı kəskin şəkildə aşağı düşərkən, istehsal sahələri qəfil sıçrayış edərək sürətlə inkişafa başlayıb. Ancaq 1990-cı ildə neft istehsalının artmağa başlamasından dərhal sonra istehsal sahələrinin inkişafı dayandı, 1999-cu ildə isə bu sahə tamamilə çökdü.

Son zamanların araşdırmalarına görə isə bu bəladan qurtulmaq mümkündür, ancaq bunun üçün ölkə ciddi fiskal tənzimləmə aparmaqla valyutanı nəzarətdə saxlamalı, qeyri-resurs sahələrinə subsidiya ayırmaqla onu tədricən inkişaf etdirməlidir. Maraqlı məqam budur ki, bu tip tənzimləmələr çox az ölkəyə müəssər olub.
 
Siyasi izah:


Siyasi izahların arasında ən geniş yayılmış nəzəriyəyə “renta” (icarə) adı verilib. Renta dövləti o dövlətdir ki, öz təbii sərvətini uzunmüddətli icarəyə verir. İcarə haqqı verənlər isə xarici şirkətlər, dövlətlər və s. olur.  Təbii sərvətlərini icarəyə vermək və beləliklə, heç bir əməksiz pul qazanmaq asan olduğundan bu tipli gəlirə əməksiz qazanc adını da verirlər, çünki bu cür gəlir dövlətdən, onun vətəndaşından əmək sərf etməyi tələb etmir. Ölkə iqtisadiyyatının “icarədar iqtisadiyyat” adlandırılması üçün dördə şərtin olması vacibdir:

1) Ölkə iqtisadiyyatında dominantlıq icarədən gələn gəlirin olmalıdır;
2) İcarə haqqı verənlər mütləq xarici şirkətlər, dövlətlər bir sözlə xarici əsaslı olmalıdır;
3) Yalnız əhlinin cüzi bir kəsimi bu icarə haqlarının yaradılmasında iştirak etməlidir. Əgər ölkə əhalisinin böyük əksəriyyət icarə haqlarının yaradılmasında və yığılmasında iştirak edirsə, onda həmin ölkə icarə ölkəsi deyil;
4) İcarədən ən böyük payı dövlət almalıdır.

İcarə dövlətinin yaratdığı fəsadlar nələrdir?

Birincisi, heç bir əmək sərf etmədən əldə edilən gəlirdən büdcəni dolduran ölkədə hökumətin vətəndaşdan alacağı vergiyə marağı itir. Bu isə, qarşılıqlı olaraq,  vətəndaşın verdiyi verginin hökumət tərəfindən hara xərclənəcəyinə marağının itməsinə səbəb olur. İkincisi, hökumətlə vətəndaş arasında qarşılıqlı maraqdan doğan əlaqə itdiyi üçün cəmiyyətlə hökumət arasında olan sosial müqavilə də öz əhəmiyyətin itirir. Hökumət əhaliyə xidmət göstərən xidmət aparatından fərqlənən əcaib bir quruma çevrilir. Əgər bir dövlət öz vətəndaşının vergisindən asılıdırsa, o, siyasi liderləri məcbur edəcək ki, onlar uğurlu siyasi-iqtisadi modeller hazırlamaqla vətəndaşının səsini və etibarını qazansınlar. Çünki öz mövcudluğu vətəndaşının verdiyi vergidən asılı olan hökumətdə, vergi dövlət məmurları ilə vətəndaş arasında məsuliyyət hissi yaradan məcburedici alətə çevrilir. Bu zaman dövlət məmurları maksimum çalışır ki, əhalinin gözləntilərini qarşılasın, çünki geniş anlamda dövlət funksiyalarının icrası üçün üçün əsas maliyyə vətəndaşlardan gəlir. Vətəndaş dövlət funksiyalarının icrasında əsas investora çevrildiyindən ödədiyi vergilərin düzgün və effektiv istifadəsində ciddi marağa sahib olur.
Əsas gəlirini vətəndaşın verdiyi vergidən yox, təbii sərvətlərdən qazanan hökumətdə isə (renta hökuməti) vətəndaşa xidmət etmək təşəbbüsü kəskin şəkildə azalır. Dövlət maşını öz-özünə idarə olunur, məmurlar isə vergiyə cəlb edə biləcəkləri yeni sərvət yerləri yaratmaq haqqında düşünmürlər. Bu isə sonda bütün toplum üçün çox bəlalı nəticəyə gətirib çıxardır.

Belə ki, vətəndaşı qarşısında məsuliyyət hissini itirən və ondan asılı olmayan, bir sözlə xaricdən gələn gəlirlə qidalanan məmurlar bu tipli gəlirə öz mülkiyyəti kimi yanaşmağa başlayırlar. Qazandıqları sərvəti və onlara varlanma imkanı yaradan siyasi hakmiyyətlərini qorumaq üçün dövlət aparatını zorakı, basqıçı və əzizci bir orqana çevirirlər. Ölkənin əsas gəliri siyasi hakimiyət tərəfindən paylanıldığı üçün hamı hakmiyyətdə təmsil olunanlara yaxın olmağa can atır. Bu isə sonda dövlətdə korrupsiya və patronaj sistemi inkişaf etməsinə, elit təbəqənin varlanmasına, yerdə qalanların isə asılılığa və kasıbçılığa yuvarlanmasına səbəb olur.

İnstitusional izah:

Darom Acemoğlu və Robinsonun “Xalqlar nə üçün iflasa uğrayır” (“why nation fail”) əsərində institutların dövlətin inkişafında müəyyənedici rolu haqqında geniş bilgi verilir. Onlar institut dedikdə müstəqil məhkəmə hakimiyyətini, mülkiyyət hüquqlarının qorunması və təhlükəsizliyini, təhsilə və siyasi azadlıqlara hər kəsin bərabər çıxış imkanlarını nəzərdə tuturlar. Onların düşüncəsinə görə institutları zəif olan ölkələrin kasıblığa, korrupsiyaya, avtoritorizmə yuvarlanması qaçılmazdır. İqtisadiyyatın sürətli və davamlı inkişafı üçün institutların, xüsusən də özəl mülkiyyət hüquqlarının qorunması, dövlətin vətəndaşı istismar etməsinin qarşısının alınmasında mühüm rol oynayır. Bu tezisi gücləndirən faktorlardan biri Kanada, Avstraliya və Norveç kimi təbii sərvətlərlə zəngin ölkələrin hazırki inkişaf durumudur. Onların düşüncəsinə görə, bu kimi ölkələr məhz güclü, dayanıqlı institutları inkişaf etdirdikləri üçün güclüdürlər. (Dərinə getmədən bildirim ki, bu haqda ayrıca məqalə yazılacaq).

Yazının bu hissəsi daha çox araşdırmalara istinadən yazılıb, bunu öz təfəkkürümün məhsulu hesab edə bilmərəm. Sadəcə oxuduqlarımdan anladıqlarımı sizlərlə bölüşmək istədim.  

Azərbaycan

Əslində məqaləni oxuduqca, istər-istəməz Azərbaycanı da göz önünüzdə tutacaq və müqayisələr edəcəksiniz. Məqalənin uzun alındığını nəzərə alıb, Azərbaycandakı durumla bağlı çox qısa təsvir vermək istəyirəm.

Hamıya məlumdur ki, Azərbaycan neft və qazdan, bir sözlə təbii sərvətdən asılı durumdadır. Dövlət büdcəsinin formalaşmasında neftin payı birbaşa 60-70 %, dolayı yolla isə 95% nisbətindədir. Əgər yuxarıda sadalanan izahlara diqqətlə baxsaq, etiraf etməli olacağıq ki, biz hazırda sərvət lənəti fenomeninin bəlasını yaşamaqdayıq.

Siyasi izahda olduğu kimi hazırda Azərbaycan “icarə hökuməti”dir. Neftdə əsas pay xarici şirkət olan BP-yə (British Petrolium) məxsusdur. Hətta nefti istehsal edən bütün texnoloji qurğular da Azərbaycan vətəndaşının heç bir əməyi olmadan hazırlanıb və istifadədədir. Gəlirlərin yaradılmasında Azərbaycan insanının heç bir payı yoxdur. Biz, Yalçın İslamzadənin dediyi kimi, öz ölkəmizdə turist kimi yaşamaqdayıq. Dövlət büdcəsinin formalaşmasında vergilər neftə uduzur. Azərbaycan vətəndaşı ilə onun məmuru arasında əlaqə isə tamamilə itib. Qarşılıqlı məsuliyyət anlayışı yoxa çıxıb. Azərbaycan məmurunun onun vətəndaşına ehtiyacı yoxdur. 9 milyon yox, lap 200 min olaq, artıq bu hökuməti qətiyyən maraqlandırmır, hətta əhalinin çox olması onların xoşuna gəlmir. Dövlət aparatı bir qrup insanın iqtisadi maraqlarına xidmət etməkdədir. Korrupsiya, patronaj sistemi, “day-day” (yəni əlaqələr) sistemi ölkədə gəlir əldə etməyin yeganə formasına çevrilib. Cəmiyyətin sinikləşməsi, yaltaqlaşması prosesi pik həddə çatıb.

İqtisadi izahdakı kimi Azərbaycan tam anlamında bir “Holland sindromu” yaşamaqdadır. Neft istehsalı başlayandan ölkəyə gələn böyük valyutanın əsas hissəsi tikinti sahəsinə yönləndirildiyi üçün olan-qalan sənaye sektoru və xüsusən kənd təsərrüfatı demək olar, məhv oldu. Aqrar sahələrdə çalışan böyük əhali kütləsi neftin fontan vurduğu Bakıya üz tutaraq, kənd təsərrüfatında olan işçi qüvvəsinin ciddi şəkildə zəifləməsinə və onun sıradan çıxmasına səbəb oldu. Hazırda kənd təsərrüfatının ölkə iqtisadiyyatında payı 1-2% nisbətində dəyərləndirilir. Azərbaycan qida təhlükəsizliyinə görə dünyada risk qrupu ölkələri sırasındadır. Mən hələ bu axının ölkənin mədəniyyətinə vurduğu ziyanlardan, kəndli-şəhərli münasibətlərinin kəskinləşməsindən danışmıram.

Valyutamızın dəyəri baha olduğu üçün Azərbaycanda istehsal, sənaye sahələrinin yaradılması gəlirli deyil, bu isə onu keyfiyyətli və ucuz sənayə məhsulları istehsal edən ölkələr qarşısında aciz duruma salır. Mən hələ korrupsiya və monopoliyanın ağır sənaye və kənd təsərüffatının inkişafı qarşısında yaratdığı əngəlləri xatırlatmıram.

İnstitusional izahdakı kimi, Azərbaycanda mükiyyət hüququna və məhkəmə hakimiyyətinə ümumiyyətlə hörmət yoxdur. İnsanlar məhkəmə hakimiyyətinin nədən var olduğuna artıq təəccüblənir. Təsadüfi deyil ki, məhkəmə hakimiyyətinin yoxluğu kütlənin ədalət axtarmasına təkan verdi, bu ədalət isə öz realizəsini  İsmayıllı və Qubada  tapdı. Kütlənin ədaləti necə olur, hamı buna şahid oldu.  
Şəhərin mərkəzində bazar şərtləri nəzərə alınmadan verilən kompensasiya müqabilində insanlar evlərindən didərgin salındı. Mülkiyyət toxunulmazlığı öz müqəddəsliyini itirdi. Kapitalist sistemdə iqtisadi inkişafın mühərrik funksiyası rolunu oynayan bu iki institut Azərbaycanda məhv edildi.

Hakimiyyət qolları arasında bölgü öz əhəmiyyətini itirdi. Hakimiyyətin icra qolu digər hakimiyyət qolları olan parlament və məhkəmə sistemini bitirdi.

Daron Acemoğlu və Robinsonun təbirincə desək, biz beləliklə, iflasa uğramış dövlətlər sırasına düşdük.
Çıxış yolu varmı? Var. Əslində, mətnin içində çıxış yolları qısa da olsa göstərilib. Geniş formada növbəti yazıda yazacağam.

Emin Aslan

Kultura.az

Foto: Abbas Atilaya məxsusdur


Məqalədə istifadə olunan mənbələr:

Terry Lynn Karl, The Oil Trap: http://iis-db.stanford.edu/pubs/21537/No_80_Terry_Karl_-_Effects_of_Oil_Development.pdf

Michael L. Ross, Does Oil Hinder Democracy? http://www.maxwell.syr.edu/uploadedFiles/exed/sites/ldf/Academic/Ross%20-%20Does%20Oil%20Hinder%20Democracy.pdf

Michael L. Ross, The Political Economy of the Resource Curse
http://www.sscnet.ucla.edu/polisci/faculty/ross/paper.pdf

Daron Acemoglu and James A. Robinson: “Why nation fail”

Larry Diamond and Jack Mosbacher:  “Petroleum to the People”

 http://www.foreignaffairs.com/articles/139647/larry-diamond-and-jack-mosbacher/petroleum-to-the-people


 

Kultura.az | Developed by Samir Yahyazade