post-title

Gözlənilməz bir zəngin tarixçəsi

"İlahi elə et ki, onun əri ona bir də xəyanət etsin"

 
Dünən axşam bir qız zəng etdi. Mehriban səslə, həm də ərkyana tonla halımı-əhvalımı soruşdu. Çox həvəslə danışırdı. Əhvalı çox yüksək idi. Onun əhvalının yüksək olması mənim də əhvalımın yüksəlməsinə səbəb oldu. Mən bu zəngi lütf kimi qiymətləndirdim. Hədsiz sevindim. Danışa-danışa düşünürdüm ki, görəsən bu zəngin səbəbi nə ola bilər? Bu hədiyyə görəsən nəyə görədir? Danışdı-danışdı və sonda mən cəsarətə gəlib ondan harda olmasını soruşdum. Dedi ki, küçədədi...
 
Və bu zaman səsinin tonu dəyişdi, öz təbii vəziyyətinə qayıtdı və əlavə etdi ki, dalımca oğlan düşmüşdü, ona görə zəng edib sənlə danışdım. Mən bilirəm ki, belə bir variant var. Qızların dalınca oğlan düşəndə kiməsə zəng edib elə danışırlar ki, yəni gəlmə dalımca, mənim oğlanım var. Mərifətli oğlan qayıdır geri, mərifəti olmayan sırtıqlıq edir. Nə bilim bunların öz konstitutsiyaları mövcuddur. Qəribə münasibətləri var. Bu dəfə də yəqin mənim bəxtim gətirmişdi.
 
Bu hadisə mənə "Min bir gecə" nağıllarından bir əhvalatı xatırlatdı. Camaat görür ki, bir nəfər belə bir dua edir - "İlahi elə et ki, onun əri ona bir də xəyanət etsin". Qəzəblənmiş adamlar tuturlar bu kişini, sual verirlər ki, “A kişi Allahın evində bu nə sözlərdir deyirsən?“ Kişi görür adamlar çox qəzəblidi, başlayır əhvalatın danışmağa.
 
Deyir ki, mən zibilxanada yatmışdım. Bir də gördüm bir neçə qul məni yuxudan oyatdı. Məni götürüb apardılar bir böyük malikanəyə (indiki dillə desək villaya). Orda məni soyundurdular. Hamamda yaxşı çimizdirdilər. Tər-təmiz təmizlədilər. Hamamdan çıxanda bədənimə ətirlər sürtdülər. Sonra mənə təzə paltarlar geyindirdilər. Daha sonra məni otağa saldılar. Otaqda yumşaq döşəklərin, yastıqların üstündə bir xanım uzanmışdı. Yanında da şərab, mer-meyvə. Quş südü, can dərmanı.
 
Qərəz, qardaş dayandığı yerdə babat kef edir. Xoşbəxt olur. Qadından soruşur ki, bu lütfün səbəbi nədir? Qadın deyir ki, mən ərimi bir qara qulla sevişərkən yaxaladım. Ona da dedim ki, sən qullaq yatırsansa, mən də küçədə yatan səfil bir kişiylə yatacam.
 
Kişi qəzəblənmiş adamlara deyir: "Ona görə indi dua edirəm ki, əri bir daha ona xəyanət etsin, mən də yenə xoşbəxt olum.. " Əhvalatın davamı yadımda deyil... Daha bilmirəm o kişinin aqibəti necə olur..
 
Mənim vəziyyətim hazırda "Min bir gecə" nağıllarıındakı kişinin vəziyyətinə oxşayır. İndi gəl, gözlə ki, onun dalınca bir də oğlan nə vaxt düşəcək...
 
Seymur Baycan
Kultura.az
Yuxarı