Soyuq qış günlərində izləyəcəyiniz 3 gözəl film

Кино



"Lars və Əsl Qız" soyuq qış günlərində izləmək üçün ən gözəl filmlərdən biri, eyni zamanda 2000-ci illərin ən orijinal ssenariyə sahib işlərdən biridir. Balaca bir qəsəbədə qardaşı Gus və onun yoldaşı Karin'in evlərinin arxasındakı qarajda yaşayan Lars Lindstrom olduqca sakit, asosial, ancaq bir o qədər də mədəni və mehriban birisidir. Hər nə qədər Karin, onu tez-tez evlərinə dəvət etsə də, Lars nadir hallarda bu təklifi qəbul edir və ettikdə də oranı mümkün qədər tez tərk etməyə çalışır. Ümumiyyətlə atasının ölümündən sonra insanlardan uzaq duran Lars onunla birlikdə işləyən Marqo'nun da onunla yaxınlaşmaq cəhdlərinə laqeyd yanaşır. Bir gün Lars özünün internetdə yarı-braziliyalı, yarı-danimarkalı Bianca adlı bir qızla tanış olduğunu və aralarında sevgi münasibətinin başladığını bildirərək həmin qızı Karin və Gus'la tanış etməyə gətirir….. ancaq bu qız əslinda plastik bir kukladır. Bunu hami qəribsəsə də, Lars'ı hamı çox sevdiyi üçün və onun xətrinə dəyməmək üçün bütün qəsəbə əhli Bianca'nı qəbul etməyə və onunla həqiqi insanmış kimi rəftar etməyə başlayır.

Ən Yaxşı Orijinal Ssenari üzrə Oscar mükafatına namizəd göstərilmiş "Lars və Əsl Qız" çox sakit inkişaf edən və hər dəqiqəsində izləyəni özünə daha çox cəlb edən bir filmdir. Baş rolda dövrümüzün ən diqqət çəkən istedadlarından biri kanadalı aktyor Ryan Gosling mükəmməl bir aktyor oyunu sərgiləyir lakin film sadəcə Lars surəti və Gosling'in istedadından ibarət deyil. İkincə dərəcəli rollarda yer alan Emily Mortimer, Patricia Clarkson və "All the Real Girls" filmindən tanıdığımız Paul Schneider hər biri təqdirəlayiq aktyor oyunu nümayiş etdiriblər. Filmdə romantik komediya və dram elementlərinin çox gözəl balansına nail olunub və rejissor işi xüsüsilə təqdirəlayıqdir. Plastik bir kukla olan Bianca'nı insanların həqiqi bir insanmış kimi qəbul etməsi filmi izləyənə nəinki qəribə gəlmir, əksinə bəlkə də Bianca'nı hansı aktrisanın canlandırdığını axtaranlar belə olacaq. Buna görə rejissor Craig Gillespie'dan əlavə, əlbəttə ki başda Gosling olmaqla istedadlı aktyor heyətinə də təqdir düşür. Uzun sözün qısası, əla ssenarisi, musiqiləri, aktyorları və tolerantlıq barədə gözəl mesajı ilə "Lars və Əsl Qız" hərdən gülməli, hərdən də emosional olan bir sənət əsəridir. Baxmamısınızsa çox şey itirmisiniz.

Rejissor: Craig Gillespie
Rollarda: Ryan Gosling, Emily Mortimer, Patricia Clarkson.
Əmsal: 9/10

Mənsur Zeynalov.
_________________________________________________________________

Diana (2013)

Şahzadə Diana 1997-ci ilin avqustunun son günündə faciəvi şəkildə vəfat etmişdi. Bu barədə xəbərlərdə eşidəndə mən Lady D'nin kim olduğunu bilmirdim, əslində heç indi də bilmirəm. Yalnız ona əminəm ki, o kral ailəsinin digər üzvləri kimi deyildi və öz statusundan istifadə edərək başqalarına kömək etməyə can atırdı.
Film Diananın tam həyatından bəhs etmir, yalnız ömrünün son 2-3 ilini, bəlkə də ən əlamətdar hissəsini əks etdirir. Bu müddət onun böyük sevgi macərası və dünyanı dəyişmək cəhdlərini əhatə etməyə kifayət edir. Filmdə bu hadisələr eyni dərəcədə təsirli alınıb.

"Doğru və səhv addımların olmadığı yerdə bir bağ var. Biz orada görüşəcəyik."    
Cəlaləddin Rumi.

Şahzadə rolunu Hollivud nəhəngi Naomi Watts canlandırır. Bəzi səhnələrdə izləyici əsl Diananı gördüyünü düşünür və buna görə yalnız qrim ustasına təşəkkür etmək lazımdır. Watts'un işini təqdirəlayiq hesab etmirəm. Onun yerişi Diananın yerişi kimi deyil, o Diana kimi danışmır və ən əsası aktrisa Diana'da olmayan seksual cazibəyə malikdir. Filmdə bəyənmədiyim digər bir şey isə bioqrafik filmlərin çoxunun paylaşdığı texniki qüsur, bir-birini əvəz edən hadisələrin tarixinin qeyd olunmamasıdır ki, bu da izləyicini bir növ zaman tələsinə salır. Filmdə digər baş rolu, Hindistan əsilli aktyor Naveen Andrews (LOST serialından Sayid Jarrah) canlandırır. Bu onun böyük ekranda ən ciddi işidir və kifayət qədər uğurlu alınıb.

- Əgər məni sevirsənsə, niyə evlənmirik?
- Səninlə evlənsəm, bütün dünya ilə evlənməli olacağam.

Paparazi Diana üçün xərçəng xəstəliyi kimi oldu, onu yavaş-yavaş məhv etdilər. Əvvəl şəxsi münasibətlərini əlindən aldılar, sonra isə həyatını.

Türkel.
__________________________________________________________________

Mud (2012) / rejissor: Ceff Nikols (Jeff Nichols)

“Mad” (Mud) filmin baş qəhrəmanlarından biridir. Kriminal dram janrlı bu filmi izləyən tamaşaçını asan məzmun və konkret sonluq gözləmir. Amerika istehsalı olsa da arthause-a yaxındır. Təsadüfi deyil ki ekran işi 2012-ci ilin Kann kinofestivalında “Qızıl Palma Budağı”na nominant olub. Film iki yeniyetmə dost və onların adada rastlaşdıqları Mad haqqındadır. Mad`ın bu dostların köməyinə ehtiyacı var. O adam öldürüb və yerli polislər onu axtarırlar. Əsas maneə isə polislər yox, öldürülən adamın Mad`ı tapıb cəzalandırmaq istəyən ailəsidir. Amma bunlar filmin sadəcə kriminal məzmunudur. Ceff Nikols`un filmi bu iki yeniyetmə dostdan biri olan Elis`in həyata baxışı, baş verənləri anlamaq və problemləri nəyin bahasına olursa olsun çözmək istəyi üzərində qurulub. Hər halda mən filmdə əsas fiqur kimi Metyu Makkonaxi`nin (Matthew McConaughey) qəhrəmanı Mad`ı yox, məhz Tay Şeridan`ın (Tye Sheridan) qəhrəmanı Elis`i gördüm. Və ümumiyyətlə məncə azyaşlı Tay Şeridan öz rolunun öhdəsindən digərlərindən daha yaxşı gəlib.

Mad sevdiyi qızı da götürüb buradan getməlidir. Elis heç bir təmənnasız bu insanların bir yerdə olması üçün əlindən gələni etməyə hazırdır. Azyaşlı olmasına baxmayaraq onda çox vacib keyfiyyətlər var ki bu keyfiyyətləri adətən böyüklər gizlədirlər və həyatları boyu biruzə verməkdən qorxurlar.

Boşanmaq ərəfəsində olan ana və ata, zərbə alan uşaq, adada gecələyən və ümidi iki yeniyetmə dosta qalan insan, onunla birgə buradan qaçmalı olan sevdiyi qadın, onu uşaqlıqdan böyüdüb saxlayan keçmiş snayperçi, oğlunun qatilini tapıb qisas almaq istəyən ata və s. personajlar Ceff Nikolsun filminə rəngarənglik qatsa da filmdə bəyənmədiyim nüans firkimcə lazım olduğundan daha uzun metraj və hadisələrin bir az qeyri-dinamik inkişafı oldu..

Nurlan

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade