“Aclıq”ın rejissorundan azadlıq haqda yeni film

Кино

 
Hələ kollecdə oxuyarkən  Makkuin  ilk qısametrajlı  filmi -“Ayı”(1993)  üzərində işləməyə başlayır. 1999-cu ildə çəkdiyi qısametrajlı “Ehtirassız adam” filmi ona Törner Mükafatını (Turner Prize) qazandırır. 
 
Stiv Makkuinin ilk tammetrajlı filmi “Aclıq”(2008) 1976-cı ildə İrlandiyada respublikaçı məhkumlar tərəfindən elan olunan 5 illik aclıq aksiyasının yekunundan bəhs edir. Rejissorun bu filmi  dünya kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.  Belə ki, “Aclıq” filmi Kann Kinofestivalında “qızıl kamera” və BAFTA-da “ən perspektivli yeni iş” nominasiyasında qalib olur.  Rejissorun növbəti, “Aclıq” filmindən daha çox səs-küy yaradan filmi 2011-ci ildə  çəkdiyi “Utanc” erotik dramıdır. 
 
2013-cü ildə çəkdiyi  “12 illik köləlik” filmi isə yəqin ki, Stiv Makkuinin bugünə qədərki karyerasının ən parlaq səhifəsi kimi yadda qalacaq. Belə ki, real faktlara əsaslanan bu film, kino aləmində artıq yetərincə səs salıb. 
 
“12 illik köləlik”(ing. 12 Years a Slave) –  Con Ridlinin ssenarisi əsasında çəkilmiş tarixi- epik kinodramdır. Bu ekran işi real həyatda yaşamış Solomon Nortapın eyniadlı avtobioqrafik romanına əsaslanır. Kinonun premyerası 2013-cü ilin 30 avqustunda baş tutub. 
 
Filmdə rolları-  Çivetel Eciofor, Maykl Fassbender, Benedikt Kamberbetç, Pol Dano, Pol Camatti, Lyupita Niongo, Sara Polson, Bred Pitt, Elfri Vudard, Duayt Genri oynayır. 
 
“12 illik köləlik” kino tənqidçilərinin əksəriyyətinin rəğbətini qazanıb, kino mətbuatının böyük hissəsi tərəfindən” ilin ən yaxşı filmi” kimi qiymətləndirilib və  2014-cü ilin “Oskar”-ına real iddialı filmdir. Üstəlik “Qızıl Qlobus”da da  “Amerikasayağı fırıldaq” komediyası ilə birlikdə 7 nominasiyada namizədliyi irəli sürülüb. Ki, bu, rekord göstərici hesab olunur.  Amerika Film İnstitutu bu ilin ən yaxşı filmləri sırasına “12 il köləliy”in də adını daxil edib. 
 
Sujet: Nyu-Yorkda yaşayan və işləyən Solomon Nortap evli, təhsilli və azad qaradərilidir. Bir dəfə iki nəfər ona Vaşınqtonda cəzbedici bir iş təklif edir. Təklifi qəbul etdikdən sonra Nortap  oğurlanır və qul kimi satılır.
 
Maraqlı faktlar: 1853-cü ildə yazılmış memuara əsaslanan filmin sujetindən “Solomon Nortapın  Odisseyası”(1984) televiziya filmində də istifadə olunub.  Evinə qayıtdıqdan bir il sonra Solomon öz memuarlarını çap etdirir. Kitab Vətəndaş müharibəsindən 9 il əvvəl işıq üzü görür. Ən çox satılanlar sırasına  daxil olur və Amerika cəmiyyətində geniş diskussiyalara səbəb olur. Lakin təkrar çap olunmur. Yalnız 1968-ci ildə   Syu İkin  Nortapın əhvalatını sənədli şəkildə təsdiq etdikdən sonra  azad insanın köləlik dönəmi yenidən xatırlanır. Rejissor Stiv Makkuin isə  Nortapın memuarlarının varlığını arvadından öyrənir.
 
Filmin çəkilişləri 35 gün çəkib. Çəkilişlər Vaşeri plantasiyalarında,  real Nortapın saxlandığı  yerin yaxınlığında yerləşən Lauziana ştatında baş tutub. Nyu-Orlean və Saratoqa  limanı isə dekorasiyalarla canlandırıb. 
 
Filmlərində həmişə insanın fiziki ve ruhi azadlığını tədqiq edən rejissor Stiv Makkuinin yeni “12 illik köləlik”filmi artıq Bakı kinoteatrlarında da seyrçilərə təqdim olunub.
 
Hazırladı: İzolda Ağayeva
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade