post-title

Cəbhədən cəbhəyə

Sən yalamasan, mən yalamasam, o yalamasa, necə çıxar qaranlıqlar aydınlığa

 
(İradə Dəstərxanlı)
 
“Bu ölkədə Şahveled Çobanoglu, Zamin Hacı, Elnur AS var olduğu üçün yaşamaq istəyir adam, hər şeyə rəğmən...” -  Xədicə xanım belə deyir. Xədicə İsmayıl. Yaşayan jurnalistikamızın ən cəsarətli qələmi. Sonrakı adlar da sanki cəsarət dərəcəsinə görə sıralanıb. Dünənə qədər ən cəsarətlilər sırasında başqa adlar vardı, lakin hakimiyyət onları tovladı və ya başqa sözlə desək, ovladı. Onlar indi medalın tərs üzüdür. Hakimiyyət süfrəsindən çörək yeyən, həqiqəti basdıran, hər şeydən danışaraq heç bir şeydən danışmayan, “danışa-danışa susan” jurnalistlər sırasına könüllü qoşulan bizim haqq aşiqi dostlarımız. 
 
Jurnalistika sahəsi qanlı bir sahədir. Burada duruş gətirmək, sona qədər öz simanı saxlamaq, həqiqətə sadiq qalmaq və onu yazmaq çətin məsələdir. Azərbaycanı Şimali Koreyadan fərqləndirən də elə burada mətbuatın, azad sözün hələ diri olmasındadır. Azad, aykırı söz fədailəri bizdə hər zaman olub, yaxşı ki Azərbaycan bu ənənədən məhrum deyil. Dolayısıyla, Azad Söz qazanılmış nailiyyətdir, uğrunda nə qədər qurbanlar verilib, bu gün də verilməkdədir. Onu əldən vermək olmaz və verənlərə qarşı da laqeyd qalmaq olmaz. 
 
Hakimiyyətin açıq-aşkar jurnalist ovuna çıxdığı məgər göz qabağında deyilmi? Artıq ovçuluq yöntəmləri dəyişib, öldürməklə, həbsə atmaqla deyil, satın almaqla, yüksək maaş verməklə bunu edirlər. Maraqlıdır ki, indiki medya başqanlarının əksəriyyəti bilavasitə keçmiş müxalifət yazarlarıdır. "Mən həmişə öz sözümü demişəm, indi də deyirəm" deyə-deyə hakimiyyətin nökərinə çevrildiklərindən özlərinin də xəbəri olmadı. Əlbəttə, onun adı hakimiyyətdir, gücdür, bu onun özünüqoruma vasitəsidir, jurnalistlər ovlanmalıdır. Öz məntiqinə görə o bunu etməlidir. Sadə qələm adamları onun qarşısında acizdir. Lakin bu acizliyi meydana gətirən həm də cəbhədən cəbhəyə keçən həmin keçmiş dostlardır. Bizi zəif düşürən, eyni zamanda ümumən ifadə azadlığının tarixinə, ənənəsinə təpik vuran onlardır. Onların məsuliyyəti bax bundadır.
 
Təəssüf ki, Xədicə xanım da daxil olmaqla, cəbhədən cəbhəyə atlayan jurnalistləri heç kim qınamır, onlara güldən ağır söz deyən yoxdur. Bağımsız jurnalistlərin yalnız Facebook üzərindən “şöylə-böylə” bir dayanışması var, özlərinə məxsus bir qurumlarısa yoxdur. Və ən önəmlisi, satılmayacaqlarını şərtləndirən bir manifestləri yoxdur. 
 
Təsadüfi deyil ki Azad Yazarlar Ocağı 2003-cü ilin 16 oktyabrında öz Manifestini qəbul etmiş, yazıçılar qarşısında formal bir öhdəlik qoymuşdur. “Həqiqətə sədaqət bizim yeganə fəaliyyət meyarımızdır. Bu sənədi imzalamaqla biz, guya Xeyirin naminə Şərlə əməkdaşlığın mümkün olduğu xülyasına qarşı inamsızlığımızı ifadə edirik” demişdir. Əlbəttə sənəd həlledici məsələ deyil, ancaq prinsipial məsələlərdə sərhəd dirəkləri basdırılmayanda kimin hansı ərazidən olduğunu da bilə bilmirik. O zaman satqın da özünə bəraət üçün min dərədən su gətirir. 
 
 
Şərtlər qoyulmalı və satılanlar qınanmalıdır. Maləsəf, ən kəskin siyasi mövzularda cəsarət sərgiləyən bizim jurnalistlər, yüksək maaş və karyera naminə sıralarını tərk edən həmkarları haqqında həmin cəsarətin yarısını belə göstərə bilmirlər. Yoldaşlıq etdikləri, çörək kəsdikləri dostlardan utanırlar, ya da özlərinin də belə bir tale yaşayacaqlarını gözardı etmirlər. Bəlkə də qarşı cəbhəyə keçmiş dostlarının prestijlərini xilas etmələrindən ötrü onlara şans tanıyırlar, ola bilər. Mənim görüşüm, onlar bir an öncə qınanmalıdır. Əks-təqdirdə get-gedə həyasızlaşacaq və sizin özünüzü suçlu duruma düşürəcəklər. Təcrübədə bu özünü göstərib.
 
Azad söz bir ictiami nəzarət formasıdır, o varkən oğrular, yalançılar və talançılar raha ola bilmir. Sərvətlərin talanması, qanunların pozulması, rüşvətin bir epidemiya kimi hər yanı bürüməsi və norma halına gəlməsi və s. neqativ hallara qarşı yalın əllə döyüşən, canını fəda edən, türməyə düşən, şantaj edilən qəhrəman insanlar -  jurnalistlər olmasa vəziyyət indikindən qat-qat acınacaqlı olacaq. Bu mənada hakimiyyət süfrəsinə oturan qələm adamlarını qınamaq, bu hərəkətin satqınlıq olduğunu onlara və hələ ki iki yol ayrıcında qalıb tərəddüd edənlərə başa salmaq zəruridir. 
 
Həqiqət müqəddəsdir, ona arxa çevirmək ilahi nizamı pozmaq deməkdir. Bəşəriyyət azad sözün, azad mətbuatın sayəsində irəli gedib, bu gün əldə olunan bütün nailiyyətlər cəsarətli qələm adamlarının sayəsində baş verib. Susan jurnalistlərin məsuliyyəti rüşvət alanlardan, seçkini saxtalaşdıranlardan, xalqın malını talan edənlərdən, Dövlət Konstitusiyasını pozanlardan daha artıqdır, çünki döyüşən yeganə cəbhə jurnalistikadır.
 
Rasim Qaraca
 
Kultura.az
Yuxarı