post-title

Klassik müxalifətin sonu

Müxalifətin hakimiyyətə gələ bilməməsinə haqq qazandırmaq olmaz, bu öz yerində, amma nəyisə izah etmək olar. Onlar hakimiyyətə gələ bilməsələr də çox şeyi dəyişə bilərək ən azı nümunə ola bilərdilər. Müxalifət bu nümunəni göstərə bilmədi. Nə mədəni, nə də prinsipiallıq baxımından.

 
Qəzetləri biabırçı gündədir. İki üç adamı çıxmaq şərti ilə orada yazanların yazıları müasir gənclərə təsir etmir. Bəzən o iki-üç adam da ümumi ab-havaya uymağa məcbur olurlar. Kitablar nəşr etmədilər. Müxalifət liderləri kitablar yazmadılar. Heç bir fərqlilik ortaya qoyulmadı. Müxalifət dünyəviliyə xəyanət etdi. Bunu biz Rafiq Tağının qətlində gördük. Müxalifət düşərgəsində təfəkkürü Siyavuş Novruzovun təfəkküründən fərqlənən on adam tapmaq çətindir. Məhz buna görə YAP-ın qərargahında Ramil Səfərovun baltası ətrafında birləşdilər. Adını da qoydular ki, bizi şantaj etdilər. Bir müxalifət ki, adamları inandıra bilmir, daha nəyə lazımdır. Hanı bunun yazarları, fikir adamları, ziyalıları... 
 
Müxalifət partiyalarına yığışan adamlar ideyanın yox, şəxsin ətrafına yığışıblar. Bu şəxslər də özlərini istədikləri kimi aparırlar. Onlar sual sevmirlər. Zatən heç onlara sual verən də yoxdur. Müxalifət partiyalarına yığışan adamlar ideyalarına yox, şəxsə xəyanət edərək cəbhəni tərk edirlər. Ona gorə də onlar utanmırlar. Çünki şəxsdən incimək asandır, bir-iki bəhanə uydurub aradan çıxmaq olar. Fakt odur ki, qarşı cəbhədən dayanmadan atəş açan adamların bir çoxu bir zamanlar müxalifət düşərgəsində olan adamlardır. Onların davamlı atəş açmasının bir səbəbi də odur ki, onlar öz keçmişlərin unutdurmaq üçün daha çox canfəşanlıq etməlidirlər. Çünki onlar əvvəldən YAP cəbhəsində olmayıblar. Keçmiş onların başı üzərində kabus kimi dolaşmaqdadır. Əldə etdikləri onların real qiymətləri deyildir, əldə etdikləri məhz öz cəbhələrini tərk etdikləri üçün onlara verilib. Bu adamlar müxalifət düşərgəsini kəskin tənqid etdikdə hətta şəxsi söhbətlərdən də istifadə edirlər. Onlar özlərin elə aparırlar ki, guya əqidələrinə, Rəsulzadə-Elçibəy yoluna sadiq qalıblar, sadəcə bir zamanlar yanlarında olduqları adamların satqın olduqlarını bir gün başa düşüblər.
 
Müxalifətin kitabsızlığı böyük problemdir. Kitabın olmaması ideyanın olmamasına səbəb olubdur. Siyasi əqidəsini dəyişən adam asanlıqla hər bir şəraitə öyrəşə bilər. Bu gün başının üstündən bir adamın portretini, sabah isə tamam başqa adamın portretini asa bilər. Təfəkkürü dəyişən adam isə hər bir şəraitdə fayda verə bilər. Onun bir həkim, bir müəllim, bir menecer, bir məmur kimi fayda verməsi mümkündür. Antonio Tabukkinin "Pereyra iddia edir" əsərini oxuyanlar bunu bilir. Hər bir insan vəziyyətdən asılı olaraq və vəziyyətdən asılı olmayaraq öz vicdanının səsinə qulaq asa  və cəmiyyətə öz töhfəsini verə bilər. Təəssüf ki, müxalifət təfəkkür dəyişikliyinin vacibliyini anlamadı. "Orta statistik azərbaycanlı" statusuna sadiq qaldı. Öz prinsipialliğını nümayiş etdirmək əvəzinə muğamdan, meyxanadan, adət-ənənədən qorxdu. Nəinki qorxdu, muğamı, meyxananı, adət-ənənəni sevməkdədir. Sovet dövründə şişirdilmiş, hakimiyyəti təbliğ edən, hakimiyyətin gücünə sığınan və bu gücü yeganə alternativsiz güc kimi qiymətləndirən psevdoziyalıları ifşa edə bilmədi. Tam tərsinə bu ziyalıları yeni nəslin tənqidlərindən qorudu. 
 
Bu psevdoziyalıların  vətəni, milləti, azərbaycan klassiklərini öz alverinə çevirmələrinə şərait yaratdı. Biri, "Yaşa prezidentim yaşa" şerinin müəllifinə ad günü təbriki yazdı, bir başqası isə Anarı öz qərargahından, yanındakı adamlardan daha bərk və ürəkdən qorudu. Qərəz, müxalifətin problemləri, səhvləri haqqında çox yazmaq olar. Zatən bu günə düşməkləri öz günahlarıdır. Nə ediblərsə öz qarşılarına çıxdı. 
 
Müxalifət haqqında, "Müxalifətin qış, yaz, yay, payız yuxusu", "Yarımçıq müxalifət liderləri" yazımda xeyli yazmişam. Müxalifətin bütün günahlarını bağışlamaq olar. Bir günah bağışlanmazdır. Əgər bu illər ərzində Əli Kərimli və İsa Qəmbər hər şeyi bir kənara qoyub vətən, millət adına birləşə bilməyibsə, deməli öz şəxsi kaprizlərin, münasibətlərin, öz mənafelərin ideyadan, yoldan daha üstün tutublar. Birləşmək üçün bu qədər əzilməyə, bu qədər itki verməyə ehtiyac yox idi. Bunu əvvəldə də etmək olardı. O zaman nə Rüstəm İbrahimbəyov kimi peşəkar oyunçunun, nə Lalə Şövkətin, nə də başqalarının meydana çıxmasına şərait yaranmazdı. Bu oyunçulara meydan verilməsinin, bu oyunçuların meydan əldə etməsinin səbəbkarı Əli Kərimli və İsa Qəmbərdir. Bugünkü vəziyyətə görə məhz bu iki adam günahkardır.
 
Mən bu adamları itirilmiş gəncliyimə görə ittiham edəndə bu başqalarına xəyanət kimi görünə bilər. Əvvəla, bütün bunlar xoş niyyətdən doğur. İkincisi, lap gənc yaşlarından proseslərə qoşulan bir adam kimi buna tam haqqım çatır. Onsuz da mənim mövcud hakimiyyətdən umacağım yoxdur. Bəs bu illər ərzində bütün mənafelərini, kaprizlərini kənara qoymağa özündə güc böyüklük tapa bilməyən İsa Qəmbəri və Əli Kərimlini necə bağışlamaq olar?
 
Cəbhənin və Müsavatın bir-birinə qarşı dərin düşmənçilik münasibəti bu iki şəxsdən qaynaqlanır. Kim daha çox günahkardır bilmirəm amma biri xalq, vətən naminə müdrüklük, böyüklük nümayiş etdirə bilərdi. Heç biri bunu edə bilmədi.
 
Bu gün cəbhəçilərin və müsavatçıların bir-birinə qarşı daxili nifrətləri hakimiyyətə qarşı nifrətlərindən daha dərindir. Bunun səbəbi partiyaların başında duran adamlardır Çünki hər kəs özünə oxşarını ətrafına yığır.
 
Onlar istəsəydi bu düşənçiliyi aradan qaldıra bilərdilər. Qaldırmadılar. Onlar istəsəydilər partiyada hökm sürən şəxsiyyətə pərəstiş sindromunu sındıra bilərdilər. Sındırmadılar. Əgər ətrafındakı adamlar tam azad olmayıblarsa, bir büt əvəzinə başqa bütə sitayiş edirlərsə sən özün onlara azadlıq bəxş etməlisən. Amma müşahidələr onu göstərir ki, müxalifət liderləri şəxsiyyətə pərəstişdən həzz alır.
 
Bu adamlarla necə davranmağı mövcud hakimiyyət çox gözəl bilir. Yəqin ki, bizim hakimiyyət İsa Qəmbər və Əli Kərimli kimi bir müxalifətinin olmasından hədsiz dərəcədə məmnundur. Kim olsa məmnun olar, hələ bir az da çalışar ki, onların ömürləri uzansın.
 
Müxalifət müasir standartlara cavab vermir. Onlar "Qurdlar Vadisi" serialının təsiri altındadırlar. Zarafat etmirəm. Çox şeylər yaza bilərəm, sadəcə dava açmağa həvəs yoxdur. Bir onu yaza bilərəm ki, müxalifətin tanınmış fiqurlarından biri "Qurdlar Vadisi" serialına baxaraq qəzetlərdən birində Amerikanın Yaxın Şərqdə siyasəti haqqında yazılar yazmaqdadır. Ciddi bir prosesə bu qədər qeyri-ciddi yanaşan adamlar savadlı, təfəkküründə dəyişiklik baş vermiş adamlara təsir edə bilmirlər.
 
Böyükləri Siyavuş Novruzovun, balacaları Hacıbəy Heydərlinin əlində aciz qalıb.
 
Bütün bu sadalanan və sadalanmayan xeyli səhvlərdən belə bir nəticə çıxarmaq olar - Bugünkü hakimiyyətin siyasi səhnədən getməsi nə qədər vacibdirsə klassik siyasi müxalifətin də (REAL- da torbasinda) siyasi səhnədən getməsi bir o qədər vacibdir.
 
P.S. Müəllifin icazəsi olmadan yazının başqa saytlarda yerləşdirilməsi qəti qadağandır.
 
Seymur Baycan
Kultura.Az
Yuxarı