"Koroğlu türk bəylərinə qarşı döyüşən əfsanəvi obrazdır, məhz buna görə də çox şişirdilib"

POX (Обязателен к прочтению)

 
Zəruri qeyd: Yuxarıdakılar rəhbərliyin “ağlını başına topla, müsahibəyə giriş yaz” formalı hədə, tələb və təzyiqləri nəticəsində meydana çıxmışdır. Müsahibəmiz isə ardını yazmadığım lətifədən çox daha maraqlıdır. “Kubik-rubik”də deputat Ceyhun Osmanlı ilə fantastik maraqlı söhbət etmişik. Bu qədər gəlmisiniz, məncə, sona qədər oxumağa davam edin. Mən aradan çıxdım.
 
 - Ceyhun bəy, artıq 3 ildir deputatsınız. Deputat seçiləndən sonra həyatınızda nələr dəyişib? Məşhur bir “KVN” süjetində deputatlığa namizəd deyir, seçilsəm, əvvəl özümə ev, maşın… alacam. Sizdə necə oldu?
 
 - Deputat seçilməzdən əvvəl evim də, maşınım da var idi. Elə indi də həmin evdə yaşayıram, həmin maşını sürürəm. Yəni nə evi, nə də maşını dəyişmişəm. Deputat seçiləndən sonra ilk növbədə zəngin təcrübə qazanmışam. Ancaq hələ də öyrəniləsi çox şey var və insan üçün ən böyük kapital məhz bu təcrübədir.
 
 - Amma ötən dəfə Milli Məclisdən çıxanda müşahidə etdim, sürücünüz var artıq. Deputatlıqdan əvvəl maşını özünüz idarə edirdiniz bildiyim qədəri ilə.
 
 - Bunu yəqin ki, ən yaxşı yol polisləri bilər, mənim sürücüm yoxdur, ancaq bəzi önəmli günlərdə, tədbirlərin çox olduğu zamanlar dostların xidmətindən yararlanıram.
 
 - Siz uşaqlığınızın xeyli hissəsini nənənizlə keçirmisiz. Uşaq vaxtı nənəniz sizə nağıllar danışırdımı? Sevimli nağıllarınız hansılar idi?
 
 - Nənəm nağıl danışırdı, əlbəttə, ancaq mən oxumağı daha çox sevirdim. Nağıl uşaqların xəyal dünyasını genişləndirir. Bizdə yaşlı insanların danışdığı standart nağıllar var idi. Bunlar “Məlikməmmədin nağılı”, “Cırtdan”, “Qırmızı papaqlı qız”, “Ağ atlı oğlan”, “Təpəgöz” və s. idi. Xatırlayıram, o zaman evimizdə Azərbaycan nağılları kitabı var idi, mənim sevimli kitabım idi. Uşaqlığım nağılla bol olub yəni.
 
 - Uşaq vaxtı özünüzü oxuduğunuz hansı nağıl qəhrəmanı kimi görürdünüz?
 
 - Özümü heç vaxt nağıl qəhrəmanına bənzətməmişəm. Uşaq olsam da, başa düşürdüm ki, bunlar nağıldır. Əsas özünü hansısa nağıl qəhrəmanına bənzətmək yox, oxuduğun nağıllardan müsbət nəticə çıxarmaqdır.
 
 - Sizcə, Cırtdan müsbət qəhrəmandır, yoxsa mənfi? Çünki onunla bağlı məşhur nağılda yağ-yaxmacdan rüşvət verilməsi, yaxşılığı dostun üzünə vurmaq və s. kimi mənfi motivlər var.
 
 - Orda söhbət təkcə yağ-yaxmacdan getmir axı. Daha başqa fəlsəfi məqamlar da var. İşıq yanan tərəfəmi, yoxsa it hürən tərəfəmi getmək doğrudur? Əlbəttə, işıq yanan tərəf ilk baxışda cəlbedici görünür, ancaq o demək deyil ki, it hürən tərəfə getmək olmaz. İnsan elə, çətinliklərin üstünə getməlidir. Cırtdan mənim üçün nə müsbət, nə də mənfi qəhrəmandır. Ancaq uşaqlar onu sevir. Cırtdan kiçik deməkdir. Niyə görə Azərbaycan uşağının sevdiyi qəhrəman kiçik olmalıdır? Olmazdımı daha böyük, nəhəng olsun? Başqaları Robin Qudu öyrənəndə biz Cırtdanı öyrənirdik. Və ya nağılda yazılır ki, Məlikməmməd əjdahanın 7 başını kəsdi. Uşaqları yalana öyrətməyin mənası yoxdur axı. Bu 7 baş yoxdu, uşaqlara yalandan belə şey öyrətmək nəyə lazımdır?!
 
 - Məlikməmməd ipi kəsib, onu quyuya atan qardaşlarını sonda bağışlayır. Siz necə, xəyanəti bağışlayansınız?
 
 - Xəyanət deyəndə, baxır, nə nəzərdə tutulur? Hansısa bir dostum mənə qarşı səhv edibsə, mən ona sonsuza qədər kin saxlamaram. Hər kəs səhv edə bilər. Əgər bir adamın 100 cəhətindən 99-u mənfi, biri müsbətdirsə, mən çalışıram, özümü həmin müsbət cəhətə indeksləyim. Ümumiyyətlə, xəyanət pis sözdü. Buna səhv deyək. Əgər səhvi Allah bağışlayırsa, bəndə dünəndən bağışlamalıdır.
 
 - Ceyhun bəy, Ukrayna Avropa Birliyi ilə saziş imzalamaqdan imtina etdi. Sizcə, bunun Azərbaycana və Qafqaza hansısa mənfi və ya müsbət təsirləri olacaqmı?
 
- (Deputat bu suala cavabında Ukraynanın Avropa Birliyi ilə saziş imzalamamağının səbəb və nəticələrini açıqlamış, Azərbaycanın Avropayamı, yoxsa Gömrük İttifaqınamı yönəlməsinin daha perspektivli olduğunu izah etmiş, özünün bu yöndə düşüncələrini bildirmiş, Cənubi Qafqaz və MDB-də ölkələrinin Gömrük İttifaqı-Avropa Birliyi arasındakı seçimlərinin ətraflı analizini və qeyd olunan iqtisadi birliklərin potensialları barədə geniş iqtisadi və siyasi arayış vermişdir. Qəzetimizdə yer az olduğu üçün bu suala verilmiş geniş və tutarlı cavabı bu şəkildə ümumiləşdirmişik).
 
 - Uşaqlıqda ən çox sevdiyiniz cizgi filmi obrazı hansı idi?
 
 - Sevdiyim yeganə milli cizgi filmi Dədə Qorqud dastanı əsasında çəkilmiş cizgi filmi idi. Məni indi ən çox narahat edən məsələlərdən biri budur ki, milli qəhrəmanlarımız əks olunduğu cizgi filmlərimiz yoxdur. Uşaqlarımız xarici qəhrəmanların olduğu cizgi filmlərinə baxaraq böyüyürlər. Bizim evdə balaca uşaqlar var deyə, indi mən bilirəm ki, “Ben Ten”, “Spider man”, “Hörümçək adam”, “Kayo” və s. kimi cizgi qəhrəmanları var. Buna görə də milli cizgi filmlərinə çox böyük ehtiyac var.
 
 - Milli cizgi filmlərimizdə uşaqlara təqdim olunan obrazların özü də mübahisəlidir. Məsələn, “Tıq-tıq xanım” cizgi filmində bir qız təkbaşına küçələrə düşüb, özünə dost axtarır. Necə düşünürsünüz, mühafizəkar Azərbaycan cəmiyyətində təkbaşına küçələrə düşüb gəzən bir xanımın uşaqlara müsbət obraz kimi təqdim edilməsi nə dərəcədə doğrudur?
 
 - Birincisi, siz özünüz də dediniz ki, Tıq-tıq xanım orda özünə sadəcə dost axtarır, burda pis bir şey yoxdur. Xahiş edirəm, siz dost sözünü öz kontekstindən çıxarmayın və dosta müasir cizgi filmlərindəki “girlfriend” obrazı geyindirməyin. Bu da əslində Azərbaycanda qız və oğlanlar arasında saf dostluğun ola biləcəyinin göstəricisidir. Burda da qəbahətli bir şey görmürəm.
 
 - Belə başa düşdüm, siz Tıq-tıq xanımı Azərbaycan üçün ideal bir qız obrazı hesab edirsiniz.
 
- Yox, ideal hesab eləmirəm. Mən buna normal bir cizgi filmi kimi yanaşıram. Orda dostluğa xələl gətirəcək bir şey görmürəm. Təbii ki, Tıq-tıq xanım da ideal qız deyil. Cizgi filmində ideal obraz axtarmaq düzgün deyil. Məsələn, “Nu poqodi”də biz görürdük ki, dovşan illərdir bir qurdu dolayıb, qurd dovşanla bacarmır. Ancaq sonra öyrənəndə ki, qurd türklüyün rəmzidir, burda da altşüura yerləşdirilmək istəyən bir fikrin olduğunu anlayırsan.
 
 - Siz də sovetin məhz türklüyü ələ salmaq üçün “Nu poqodi”ni çəkdiyini düşünürsünüz?
 
 - Qurd türklüyün rəmzidir də. Təcrübə göstərir ki, bir çox qəhrəmanları Sovet maşını insanların ictimai şüuruna sırımaq istəyirdi. Məsələn, Koroğlu türk bəylərinə qarşı döyüşən əfsanəvi obrazdır, məhz buna görə də çox şişirdilib.
 
 - “Tıq-tıq xanım”ın sonunda bir epizod var. Suda boğulan Tıq-tıq Siçan bəyə naz edir, “əlini mənə bəsdərəcik”, “yox, yox, mən səndən küsdərəcik”. Siçan bəy də axırda bezib, ona quyruq göstərir. Necə düşünürsünüz, xanımların nazını sona qədər çəkmək lazımdır, yoxsa nazın da bir həddi olmalıdır?
 
 - Ümumiyyətlə, deyim ki, bu, ağır sualdır. Buna çox fərqli cavablar var. Baxır situasiyaya, baxır ünsiyyətdə olduğun insan kimdir? Əgər söhbət ailə üzvündən gedirsə, insan bütün kaprizləri çəkməlidir. Mən hesab edirəm ki, kişi daha güclüdür və qadınların nazını da çəkməlidir. Ancaq söhbət iş məsələsindən gedirsə, qarşındakı sırf xanımdır deyə, güzəştə getmək olmaz. Mən sizə bir misal deyim, Osmanlı Sultanlarından bir çoxu rəqibləri məhz qadındır deyə bir çox milli maraqlarını güzəştə gediblər. Qadın çox önəmlidir, ancaq hər şey demək deyil. Yəni ailəiçi xanım münasibətləri ilə iş məsələsində münasibətlər bir-birindən köklü fərqlənir. Əgər kiməsə şəxsi mənada qayğı göstərirsənsə, bunun limiti yoxdur. İnsanın anasına göstərdiyi qayğının limiti yoxdur, çünki o, sənin anandır. Biri də var ki, kimsə öz qadınlığından istifadə edərək, hansısa məsələdə güzəşt əldə etmək istəyir. Bu zaman insanın immuniteti güclü olmalıdır.
 
 - Ceyhun bəy, vətəndaş nikahına münasibətiniz necədir?
 
 - Vətəndaş nikahı ailə məsuliyyətini boynuna götürə bilməyən insanların uydurduğu fəlsəfədir. Sən bir adamı sevirsənsə, nə fərqi var ki, onunla bu gün, yoxsa 7 il sonra ailə qurdun?! Deməli, sən ya özünə, ya sevginə arxayın deyilsən, ya da normal adam deyilsən. Kişi olan kəs qərar qəbul etməyi və məsuliyyət daşımağı bacarmalıdır. İndi baxırsan ki, həm qızlar, həm də oğlanlar məsuliyyətdən qaçır. Hər kəs birdən-birə yaxşı yaşamaq istəyir. Bu gün mən öz ailəmi orta gəlirli hesab edirəm, Allaha şükür, yaşayışımdan bir şikayətim yoxdur. Ancaq mən bir otaqlı evdə dünyaya gəlmişəm. Atamla anamın o bir otaqlı evdə münasibətləri necə idisə, indi də elə qalıb. Heç nə dəyişməyib həyatlarında. İnsan öz həyatını zəhmətlə qazanmalıdır. Bax, zəhmətsiz yaşamaq ehtirası da vətəndaş nikahı kimi anlayışların yaranmasına səbəb olur. Azərbaycan əhalisinin 90 faizdən çoxu müsəlmandır, islam dinində belə bir şey yoxdur. Hətta xristianlıqda və iuadizmdə də vətəndaş nikahı deyə bir anlayış yoxdur.
 
 - Deyirlər, evlilik eşqi öldürür. Siz belə düşünmürsünüz, deyəsən. 
 
 - Yox, qətiyyən. Nə dəxli var axı? Gündə bir fikrə, gündə bir eşqə düşən adamları mən qeyri-ciddi hesab edirəm. İnsanın bir mövqeyi, əqidəsi olmalıdır.
 
 - Liberal cəmiyyətlərdə müzakirə olunan əsas mövzulardan biri də eynicinsli nikahlara icazə verilib-verilməməyidir. Bu məsələdə sizin fikirləriniz maraqlıdır.
 
 - Mən eynicinsli nikahlara birmənalı şəkildə qarşıyam və hesab edirəm ki, bu, müasir dövrdə cəmiyyətin altına yerləşdirilmiş bombadır. Nikah Azərbaycanda kişi və qadın arasında olan prosesdir. İndi dünya əhalisi 7 milyarda çatıb. Bəzi filosoflar da iddia edirlər ki, müəyyən yollarla dünyada əhalinin sayını azaltmaq lazımdır. Dünyada torpaq, içməli su azalır, insan isə durmadan artır. Arada fikirləşirəm ki, bəlkə də eynicinsli nikahların bəzi ölkələrdə təbliğ olunması bu insan artımının qarşısını almağa hesablanıb. Bu, müəyyən dairələr tərəfindən irəli sürülüb. Bu insanlar 20 il qabaq da var idilər. Ancaq o zaman eynicinsli nikah yox idi. Deyirlər ki, bunlar guya xəstədirlər. Yaxşı, xəstədirlərsə, o zaman niyə evlənmirdilər, indi mütləq evlənməlidirlər?! Yəni bir şeylər dayanır bunun arxasında. Bu, bir növ cəmiyyətlərə dadanan virusdur. Bu mövzuda həkimlər çıxıb danışmalıdır. Çünki sübut edirlər ki, bu adamlar xəstədir. Maraqlıdır ki, o adamlar özlərini heç xəstə hesab etmir. Özlərindən soruşsan, deyəcəklər, xəstə deyilik.
 
 - Sizcə, necədir, homoseksuallıq xəstəlikdir, yoxsa yaradılış?
 
 - Sözün düzü, mən bunu xəstəlik kimi qəbul edirəm. İnanmıram ki, kimsə homoseksual kimi dünyaya gəlir. Bu, məncə, psixi məsələdir. Psixi xəstəlik də zamanla qazanıla bilər. Ancaq bu sahəni tam bilmədiyimə görə, bu mövzuda danışmaq istəməzdim. Ancaq şəxsən mənim fikrimi soruşursunuzsa, mən hesab etmirəm ki, kimsə homoseksual kimi dünyaya gəlir.
 
 - Süni mayalanma vasitəsilə ana olmağı doğru hesab edirsiniz?
 
 - Bəzi məsələlər var ki, onlara insan hüquqlarının tərkib hissəsi kimi baxmaq lazımdır. Deyək ki, bir qadındı, qardaş, bu, ailə qura bilmir, hər hansı bir səbəbdən heç kim onla ailə qurmaq istəmir, heç kim onu bəyənmir və s. Amma bu qadın da övlad sahibi olmaq istəyir. Və yaxud eləsi ola bilər ki, evlilik onda hansısa psixoloji travma yaradıb, evlənmək istəmir. Məsələ burdadır ki, biz bunu öz ölkəmizdə qadağan etsək belə, həmin şəxslər süni mayalanmanın leqal olduğu yerlərdə ana olacaqlar.
 
 - Ceyhun bəy, masonların varlığına inanırsınız? Sizcə, dünyanı idarə edən görünməz güclər var?
 
 - Söhbət masondan getmir, ancaq dünyada çox sayda gizli təşkilatlar olub, indi də var. Məsələn, Corc Mason universiteti var, Mason soyadlı insanlar var. Mən hərdən düşünürəm ki, bizim cavablarını bilmədiyimiz çox sayda suallar var. ABŞ-da 20 milyon narkoman var, böyük dövlətlər də başa düşür ki, bunlar xəstədirlər və narkotiklə təmin olunmasalar, aqressivləşib, cəmiyyətə zərər vurmağa başlayacaqlar. Dövlət isə özü rəsmi olaraq bu işi həyata keçirə bilmir. Bunun üçün də gizli təşkilatlar yaranır və belə qeyri-leqal işlər onların vasitəsilə tənzimlənir. Mən bunları bilmirəm, sadəcə təxmin edirəm.
 
 - Dünyanın əsas güc mərkəzləri son bir neçə ildir Suriyadakı mövcud rejimi devirməyə çalışırdı. Ancaq görünən odur ki, artıq Qərb və ABŞ da Əsəd rejimini dəyişməkdən vaz keçib. Sizcə, Bəşər Əsəd Qərb və ABŞ-a qalib gəldi, yoxsa bu qüvvələr sadəcə Əsədə güzəştə getdilər?
 
- (Deputat bu suala cavabında ABŞ və Qərb dövlətlərinin son bir neçə ildə Yaxın Şərqdə yürütdüyü siyasəti analiz etmiş, diktaturalarla idarə olunan ərəb dövlətlərində baş verən hakimiyyət dəyişikliklərinin nəticələrindən danışmış, Yaxın Şərqdə, xüsusən də Suriyadakı mövcud vəziyyətin regiona və ən əsas da Türkiyəyə verdiyi ziyanları, həmçinin, qardaş ölkənin Yaxın Şərq siyasətində yol verdiyi bir sıra riskli addımları sadalamış və ABŞ-ın Əsəddən sonrakı Suriyanı idarə edə bilməyəcəyi qənaətinə gəldiyi üçün bu ölkə ilə bağlı siyasətində dəyişiklik etdiyini vurğulamışdır. Qəzetimizdə yer az olduğu üçün bu suala verilmiş geniş və analitik cavabı bu şəkildə ümumiləşdirmişik).
 
 - Sevgiyə inanırsınız?
 
- Təbii olaraq inanıram. Sevgiyə inanmayan insan ümumiyyətlə normal insan deyil. Sevgi deyiləndə təkcə qız-oğlan sevgisi düşünülməməlidir. Sevgi deyiləndə anaya, vətənə, dövlətə və digər şeylərə olan sevgi başa düşülməlidir. Ümumiyyətlə, sevgisiz həyatın heç bir mənası yoxdur. İnsan sevməlidir. İnsan dövlətini, millətini, əks-cinsi, dostunu, valideynini, işini, Allahını sevməlidir. Sevgi ruhun qidasıdır.
 
 - Bəs ilk baxışdan sevgiyə necə?
 
- İlk baxışdan sevgi də ola bilər. İndi mən inanmıram, başqası inanır. Mən hesab edirəm ki, hər şey düşünülmüş, rasional olmalıdır. Xaraktercə praqmatikəm. Ancaq mən beləyəm deyə, başqaları da praqmatik olmalı, ilk baxışdan sevgiyə inanmamalıdır kimi bir qayda da yoxdur.
 
Lent.az
Kultura.az | Developed by Samir Yahyazade