Bu gün siqaretdən qurtulmaq günüdür

Альтернатива

SİQARETİ ATMAĞIN QIZIL QAYDALARI
 
Hər gün ömrünü qısaldanlar
 
“Siqaret qadınlardan daha vəfalıdır. Sən onu atmayınca, o səni atmır”. Bunu deyən güclü cinsin nümayəndəsi üçün siqaretdən vaz keçməmənin bəlkə də bu, romantik bir izahı idi. Cığallıq da demək olardı buna əslində. Əslində isə dünya bu günə qədər siqaretlə “ömür-gün yoldaşı” olub da, ondan ayrıla bilməyənlər üçün saysız-hesabsız üsullar seçib. Amma bütün üsulların kökündə o sehrli söz dayanıb: iradə, iradə, yenə də iradə.
Araşdırmalar göstərib ki, siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır. 1 siqaret insanın ömrünü 5 dəqiqə 30 saniyə azaldır. Bu gün siqaret xərçəng xəstəliyinin yayılma səbəbinin kökündə durur. Siqaret tüstüsünün verdiyi zərəri atom bombasının ətrafa saçdığı zəhərlə müqayisə edirlər. Siqaretin zərərləri haqda çox danışılıb. Ümumilikdə siqaret bütün orqanizmin fəaliyyətinə çox pis təsir göstərir, həzm sistemini pozur, tənəffüs orqanlarında müxtəlif xəstəliklər yaradır. Ağciyər və qırtlaq xərçənginin yaranma səbəbinin 90%-i siqaretlə bağlıdır. Qan dövranı sistemini pozur. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə infarkt və infarktdan ölüm halları 10 dəfədən çox müşahidə edilir. Bundan əlavə siqaret çəkənlərdə yaddaş zəifləyir, buna səbəb damarlarda kirəclənmənin olmasıdır. Əhval-ruhiyyə pozulur, dəridə qırışlar yaranır və s. Bildiyimiz kimi, orqanizmdə bütün proseslər zəncirvari şəkildə bir-birilə əlaqədardır. Bunlardan birinin zədələnməsi digərlərinə də avtomatik şəkildə təsir edir.
 
Siqareti atanların günbəgün dəyişimləri...
 
Gəlin görək siqareti tərgitmənin ilkin faydaları nədir? Yəni orqanizm ilk dövrlərdə hansı dəyişimə uğrayır. Məsələn, 20 dəqiqə sonra qan dövranı tənzimlənir. Buna görə də əllər və ayaqlar isinməyə başlayır. 8 saat sonra qanda oksigenin həcmi artır. Ürəyin fəaliyyəti normallaşır. 24 saat sonra zəhərli maddə olan karbon monooksid orqanizmdən xaric olur. Ağciyərlərdəki bəlğəm azalmağa başlayır. 48 saat sonra nikotin orqanizmdə artıq olmur. Dad və qoxu hiss etmə qabiliyyəti normala dönür. 72 saat sonra tənəffüs yolları tüstüdən tam təmizləndiyi üçün nəfəs almaq asanlaşır. 2-12 həftə sonra qan dövranı bütün bədəndə düzəlir. Yerimək asanlaşır. 3-9 ay sonra öskürək, nəfəs darlığı düzəlir. Ağciyərin fəaliyyəti yüzdə 5-10 nisbətində artır. 5-10 il sonra infarkt riski heç siqaret çəkməmiş biri ilə bərabər olur. Ağciyər xərçənginə tutulma riski azalır.
 
Hipnoz - siqareti atmağın ən effektli üsulu...
 
Dünən bir çox tibb saytlarında gəzişmə edib, siqareti atmağın qızıl düsturlarını araşdırdıq. Məlum oldu ki, ən effektli üsul akupunktur sayılır. Akupunktur müalicəsinə getmədən öncə ən azı 12 saat boyunca siqaret çəkmək olmaz. Adətən iki və ya üç seans tətbiq etmək yetərlidir. Asılılıq səviyyəsi yüksək olanlar üçün 3 seans şərtdir. Hər seans 2-3 gündən bir baş tutur. Müalicə 100-125 manata başa gəlir. Müsbət nəticəyə 90 faiz söz verilir. 
Hipnoz üsulu. Bu üsul köməkliyi ilə siqareti atmağın effekti var. Bu zaman siqaret şüur altında yerləşmiş və bu səbəbdən avtomatikləşmiş güclü bir asılılıq kimi təsvir edilir. Tez-tez təkrarlanan(ən azı 21 dəfə) hər düşüncə və ya davranış şüura keçərək qeydə alınır və vərdiş halına gəlir. Bu mənada hipnozun siqareti atmaq üçün effektli üsul olduğu qeyd edilir. Hipnozla siqaret çəkməyə səbəb olan vərdişlərin kökləri şüur altından silinir. Bu üsulu tətbiq edənlər, beş seans boyunca bezmədən, darıxmadan siqareti atdıqlarını söyləyirlər. Hər seans 75 manatdan başlayır. Müsbət nəticəyə yenə də 90 faiz söz verilir.
Başqa bir üsul Allan Carr adlanır. Bu üsulun yaradıcısı Allan Carr adlı bir insandır. O da gündə altı saatlıq bir psixoterapiya seansı ilə siqaret asılılığına son qoymağı hədəfləyir. Seans müddətində, fasilələr zamanı siqaret içmək olur, amma üçüncü mərhələdə son siqaretinizi çəkdiyiniz bildirilir. Üç ay içində siqareti tərgidə bilməyənləri seans pullarını geri qaytarırlar. Müəyyən seanslardan sonra bol su içmək və tez-tez duşa girmək də tövsiyyələt sırasındadır.
 
İdman və bir gün öncə hədsiz dərəcədə siqaret çəkmək
 
İdman siqareti əvəzləyəcək ən yaxşı vasitədir. İdmandan sonrakı şirin yorğunluqdan sonra heç bir orqanizm üçün siqaret çəkmək cazibədar görünməyəcək. Buna görə də siqareti atmaq istəyənlərin step rəqsi, yoqa təlimi, tennis və ya qaçışa meyl etməsi arzuolunandır. Əgər bütün bu sadaladıqlarımıza siqareti atmağa qərar verdiyiniz ilk gün başlasanız, nəticə ikiqat uğurlu olar. Gimnastika ilə bağlı kitab alıb, içindəkiləri evdə tətbiq etmək də pis sayılmaz. 
Siqareti atmaq istədiyiniz gündən bir gün öncə çoxlu siqaret çəkmək də arzuediləndir. Yəni siqaretin yarada biləcəyi ən bərbad vəziyyətə düşmək lazımdır ki, ondan iyrənmək də asan olsun. Duman içində bir otaq, acışan bir boğaz, ağızda nikotin dadı və qıpqırmızı gözlər.
 
10 önəmli addım...
 
10 addımla bu istəyinizə daha tez nail ola bilərsiniz. Özünüzə güvənin. Əsas odur ki, siqareti tərk edə biləcəyinizə inanın. İlk olaraq siqareti atmaq səbəblərini və əldə edəcəyiniz qazancları yazın. Məsələn, daha uzun yaşamaq, özünüzü daha yaxşı hiss etmək, pul yığmaq, pis qoxumamaq. Yazdığınız qeydləri hər gün oxuyun.
Ailənizdən və dostlarınızdan sizin qərarınızı dəstəkləmələrini və kömək etmələrini istəyin. Siqareti atdığınız ilk günlərdə müəyyən çətinliklərlə üzləşəcəksiniz. Onlardan sizə qarşı daha səbrli olmalarını istəyin.
Siqareti atmaq üçün dəqiq bir gün təyin edin. Bu günün yeni həyatınızın başlanğıcı olduğunu düşünün.
Özünüz üçün xüsusi idman proqramı hazırlayın. İdman siqareti unutmaq üçün yaxşı vasitədir. Bundan əlavə idman stressi azaldır, siqaretin bədəninizə vurduğu ziyanları aradan qaldırmağa yardım edir. Daha yaxşı olar ki, həftədə 3-4 dəfə 30-40 dəqiqə idmanla məşğul olasınlız.
Hər gün 3-5 dəqiqə nəfəs idmanı edin. Gözlərinizi yumun, burnunuz ilə dərindən nəfəs alın, nəfəsinizi bir necə dəqiqə saxlayın və yavaş-yavaş ağızla verin. Hər dəfə siz bu yolla daha təmiz nəfəs aldığınızın şahidi olacaqsınız.
Siqareti tamamilə atacağınızı təyin edəcəyiniz günə kimi müəyyən addımlar atın. Məsələn, siqaretdən gündəlik istifadəni azaldın. Hər gün başqa markalı siqaretdən istifadə edin.
Dişlərinizi tez-tez təmizləyin.
Çoxlu su için. Su hər mənada bədən üçün faydalıdır. Su bədəndən nikotin kimi zərərli maddələrin çıxarılmasına kömək edir. Su iştahı da azaldır.
Ağzınızdakı boğulma hissini aradan qaldırmaq üçün bir iş tapın. Məsələn, saqqız çeynəyin, su için, qoz-fındıq yeyin və s.
Siqareti tərk edəndən sonra özünüzü mükafatlandırın.
 
Xüsusi qidalanma və yeməklər...
 
Siqaret alüdəçiləri qidalanmaya xüsusi diqqət göstərməli, meyvə-tərəvəz məhsullarını çox istehlak etməli, səhər yeməyindən imtina etməməlidirlər. Araşdırmalara görə, siqaret çəkənlərin orqanizmində C, A, E, B qrupu vitaminləri çatışmır. Diyetoloqlar təsdiq edirlər ki, pomidor, bibər, badımcan, lobya, xiyar, kərəviz, alma, üzüm, nanəli konfetlər, quşqonmaz və süd siqareti atmağa kömək edir. Bu vərdişdən tez qurtarmaq üçün kofe, çay və kola içkisindən imtina etmək lazımdır. Tərkibində kofein olan bütün ərzaqlar siqaretdən alınan həzzi artırır. Siqareti atmaqda çətinlik çəkənlərə mütəxəssislər çoxlu sitrus meyvələri, güclü antioksidant kimi soğan, sarımsaq yeməyi məsləhət görürlər. Onlar siqaret çəkənlərin orqanizmində çatışmayan “C” vitamini ilə zəngindirlər. Hər gün mütləq 1000 mq C vitamini qəbul edilməlidir.
Sonda...Tanınmış amerikalı yazıçı Mark Tven belə deyirdi: “Siqareti buraxmaq çox asandır. Mən bunu min dəfə etdim”. Demək ki, bu işin min dəfəyə qədər yolu var. Əsas məsələ cəhd etməkdir.
 
Sevinc Telmanqızı
 
Yeni Musavat
Kultura.az | Developed by Samir Yahyazade