Şostakoviçin xatirələri 1 - Cambul Cambayev

Альтернатива



Bizdə hamı Cambul Cambaevin adını tanıyır. Oğlum onun şeirlərini məktəbdə öyrənirdi. Nəvələrim də öyrənməyə davam edirlər - əlbəttə ki, rusca. Qazax dilindən tərcümədə. Şeirciklər xeyli həssas səslənirlər. Bəs müharibə vaxtı necə idi? “Övladlarım, Leninqradlılar.” Xalat geymiş 100 yaşlı müdrik. Bütün xarici qonaqlar onunla şəkil çəkdirməyi xoşlayırdılar. Şəkillər çox ekzotik alınırdılar. Xalq artisti, gözlərindən yağan əsrlərin müdrikliyi və s. Günahkaram, mən də davam gətirmədim. Mən onun bir şeircikinə musiqi yazmışam. Belə bir şey olub.

Hər şey isə uydurma idi. Cambul Cambayev özü əlbəttə ki, mövcud idi. Tərcümələr də. Orijinal isə yox idi. Çünki, Cambul bəlkə də yaxşı adam idi. Ancaq şair deyildi. Nə bilim, bəlkə də şair idi. Amma bu heç kimi maraqlandırmırdı. Çünki, Cambulun guya rus dilinə tərcümə olunmuş mövcud olmayan şeirləri elə rus şairləri tərəfindən yazılırdı. Bu şairlər dahi xalq artistindən heç icazə də almırdılar. Heç almaq istəsələr də ala bilməzdilər. Çünki bu “tərcüməçilər” qazax dilində bircə kəlmə də bilmirdilər. Cambul isə rusca.

Yalan deyirəm. Ona bir söz öyrətmişdilər: “qonarar”. Cambula başa salmışdılar: hər dəfə qol çəkəndə (Cambul əlbəttə ki, savadsız idi, ancaq ona qol çəkməyi öyrətmişdilər və o, imza kimi nəsə qaralayırdı.) o, bu möhtəşəm sözü deməli idi – “qonorar”. Onda ona pul verərlər. Cambul da bu pula çoxlu yeni qoyun və dəvə ala bilərdi. Doğurdan da Cambul hər dəfənövbəti müqavilənin altını qaralayanda ona qonarar verirdilər. Və xalq artisti getdikcə daha çox varlanırdı və bu, onun çox xoşuna gəlirdi.

Amma bir dəfə pərtlik düşdü. Cambulu Moskvaya gətirdilər. Digər  görüşlərdən, qəbullardan və banketlərdən əlavə pionerlərlə görüş də təşkil olunmuşdu. Pionerlər isə Cambulu əhatəyə alıb ondan avtoqraf istəməyə başladılar. Cambula başa saldılar ki, “məşhur” imzasını qaralamalıdır. O, onu çəkməyə və “qonorar-qonorar” deməyə başladı. Cambul axı əmin idi ki, pulu ona imzasına görə verirlər. “Öz” şeirləri haqda o, heç nə bilmirdi. Və bu dəfə qonorar olmayacağını başa salanda əməlli-başlı kefi pozulmuşdu. Bu dəfə onun cibinə pul girmədi.  

Çox təəssüf ki, Qoqol bunu təsvir edə bilmir. Bütün ölkədə məşhur dahi şair. Ancaq mövcud deyil.

Dahi qroteskin faciəli üzü də var. Bəlkə bu bədbəxt Cambul doğurdan da dahi şair idi? Axı o, öz dombrasında nəsə danqıldadırdı. Nəsə oxuyurdu. Ancaq bu, heç kimi maraqlandırmırdı. Stalinin şəninə möhtəşəm mədhiyyələr lazım idi. Şərq üslubunda təriflər lazım idi. İstənilən bəhanə ilə: Rəhbərin Doğum Günü; Stalin Konstitusiyasının qəbul edilməsi. Sonra, seçkilər. İspaniyada vətəndaş müharibəsi və s. Savadsız qocanın bilmədiyi, şeir yazılması üçün onlarla səbəb. O, bunları bilə də bilməzdi. Axı “Asturiya mədənçilərindən” ona nə var.

Cambulun əvəzinə bütöv bir briqada rus şairi çalışırdı. Onların arasında xeyli məşhur olanlar da var idi: məsələn Simonov. Onlar isə konyukturanı yaxşı bilirdilər. Və elə yazırdılar ki, rəhbərin və müəllimin xoşuna gəlirdi. Əlbəttə ki, əsasən Stalin haqqında. Ancaq əlaltıları da unutmurdular. Məsələn Yejovu. Yadımdadı, o vaxtlar Yejov haqqında mahnıları təifləyirdilər. Burda psevdo xalq üslubunda orqanlar da, onların şanlı rəhbəri də təriflənirdi. Belə bir arzu da ifadə olunmuşdu: “Qoy mənim mahnım doğma igidimin şöhrətini bütün dünyaya yaysın”. Yejovun mahnısının şöhrəti şairlərin arzulaya bilməyəcəyi qədər məşhur oldu. Onlar tələsik və çox yazırdılar. Hansısa “tərcüməçi” tükənəndə onu yeni, təptəzəsi ilə əvəz edirdi. Bu minvalla da istehsal dayanmırdı. Bu fabric ancaq Cambulun ölümü ilə bağlandı.

Həmişəki kimi deyəcəklər: tipik deyil. Mən də yenə etiraz edəcəm: niyə ki, kifayət qədər tipikdir. Axı burda qaydalara zidd heç nə yox idi. Əksinə, hər şey qaydası üzrə gedirdi. Necə lazımdır. Bütün xalqların möhtəşəm rəhbərinə bütün xalqlardan istedadlı müğənnilər də lazım idi. Bu müğənniləri də administrativ üsulla axtarırdılar. Tapmayanda yaradırdılar. Elə Cambulu da yaratmışdılar.

Məncə yeni dahi şairin dünyaya gəlmə tarixinin özü çox tipikdir. Və ibrətamizdir. 30-cu illərdə qazax partiya qəzetində (rusca nəşr olunurdu) çalışan bir şair və jurnalist ora bir neçə şeir gətirib. Deyib ki, bunu hansısa nəğməkar qazaxın mahnısının sözlərindən götürüb, tərcümə edib. Şeirlər bəyənilmişdi. Çap eləmişdilər. Hamı razı qalmışdı. Elə bu vaxt möhtəşəm bayram hazırlıqları gedirdi: Moskvada qazax mədəniyyətinin nəaliyyətləri nümayiş olunmalı idi. Qazaxstanın partiya rəhbəri qəzetdən “naməlum şairin” şeirlərini oxuyub əmr vermişdi: tapılsın. Və təcili Stalinin şəninə musiqi sözləri yazsın. Jurnalistin üstünə düşdülər: hardadı sənin şairin? O da çiynini çəkmişdi. Görürlər oğlan yalan danışıb. Amma axı bəladan qurtulmaq lazım idi. Həm də onsuz da Stalinə təriflər üçün “qazax xalq şairi” lazım idi. Kimsə xatırladı ki, uyğun gözəgəlimli qoca tanıyır:dombr çalır və oxuyur – şəkildə yaxşı alınmalıdır. Rusca qoca bir kəlmə də bilmir, pərtlik olmayacaq. Ona sadəcə yaxşı bir “tərcüməçi” vermək lazımdır.

Beləcə Cambulu tapdılar. Onun adından tələsik qoşulmuş Stalinin mədhləri Moskvaya göndərildi. Təriflər Stalinin xoşuna gəldi. Əsas bu idi. Beləcə Cambulun Cambayevin yeni, qəribə həyatı başladı.

Bu hadisənin harası qeyri-tipik, gözlənilməzdi ki? Əksinə, hər şey qanunauyğundur. Hər şey rəvan, plan üzrə gedirdi. Bu hadisə o qədər tipikdir ki, hətta qabaqcadan xəbər verilmiş və bədii ədəbiyyatda təsvir edilmişdi. Mənim yaxın tanışım Yuriy Tınyakov “Podpurçik Kije” adlı böyük bir hekayə yazmışdı.  İmperator Pavlın zamanında olan əhvalata oxşayırdı. Pavlın vaxtında neccə olduğunu bilmirəm. Bizim dövrümüz üçün isə əməlli-başlı actual hadisə idi. Çünki, bu hekayədə mövcud olmayan adamın mövcudluğundan danışılırdı. Mövcud olanın isə olmadığından. Və heç kim buna təəccüblənmir. Çünki, bu, adi və tipikdir. Və hamının başına gələ bilər. “Podpurçik Kije”ni hamımız gülə-gülə oxuyurduq. Və qorxuyla.



Şastokoviçin xatirələri – 2

Solomon Volkov – “Şostokoviç və Stalin: sənətkar və şah”


İndi bu əhvalatı uşaqlar da bilir. Əmrdəki səhv nəticəsində mifik fiqur meydana çıxır. Hekayədə bu mifik fiqur – Podpurçik Kije – uzun karyera keçir, evlənir, gözdən düşür. Sonra Kije “İmperatorun sevimlisi”nə çevrilir. Və general rütbəsində “ölür”. Uydurmanın zəfər çaldığı vaxtlar idi. Çünki, totalitar ölkədə insanın qiyməti yoxdur. Ancaq bir şeyin əhəmiyyəti vardı – dövlət mexanizminin şərtsiz hərəkəti. Mexanizm üçün yalnız vintlər lazımdır. Stalin hamımızı elə vintcik adlandırırdı. Bir vintcik isə digərindən seçilmirdi. Onları bir-biri ilə əvəz etmək çox asan idi.

Vintin birini seçib ona belə demək olar: “Bu gündən sən dahiyanə vintsən”. Və hamı birağızdan bu seçilmiş vinti dahiyanə hesab edəcək. Əslində isə dahiyanə olub-olmaman heç də vacib deyil. Rəhbər əmr etsə hər kəs dahi ola bilər. Bu psixologiya qudurğanlıqla yayılırdı. Hər gün radioda dəfələrlə verilən məşhur musiqinin sözləri də elə bunu iddia edirdi: “Bizdə hamı qəhrəman ola bilər”. “Ən yaxşı və istedadlı” olan Mayakovski tez-tez şeirlərini “Komsomolskaya pravda” (Komsomol həqiqətləri) qəzetində çap elətdirirdi. Bir dəfə kimsə zəng edib soruşdu ki, niyə bu gün qəzetdə Mayakovskinin şeirləri yoxdur? Cavab verdilər ki, Mayakovski səyahətdədir. “Yaxşı, bəs onu kim əvəz edir?”

Mən Mayakovskini sevmirəm. Ancaq səciyyəvi psixologiya belədir. İstənilən yaradıcı şəxsin müavini olmalı idi. Müavinin də öz müavini. Və onlar hamısı istənilən an “daha yaxşı və istedadlı” olanı əvəz etməyə hazır olmalı idilər. Görürsən də, dünən sən “ən yaxşı və istedadlı” idin, bu gün isə artıq heç kimsən. Sıfır. Pox.

Stalin. Xrennikov.

Stalin öz xəyallarına qarşı çox tələbkar idi. Yaxşı bir şərq hekayəsi var: Xan öz portretini çəkməsi üçün bir rəssam gətirməyi əmr edir. İlk baxışdan adi işdi. Ancaq əngəl onda idi ki, xan topal idi. Bir gözü də çəp idi. Rəssam onu elə beləcə də çəkdi. Və dərhal edam edildi. Xan: “Mənə şər atan lazım deyil”. İkinci rəssamı gətirdilər. O, daha ağıllı olmaq istədi. Xanı “Qartal gözlü, iki ayağı da eyni” təsvir etdi. Onu da dərhal edam etdilər. Xan: “Mənə mübaliğəçi lazım deyil”. Əfsanəyə görə ən ağıllı üçüncü rəssam oldu. O, xanı ov edərkən çəkdi. Şəkildə xan marala ox atırdı. Əyri gözü qıyılmışdı. Axsaq ayağı daşın üzərinə qoyulmuşdu. Bu rəssam ənam aldı.

Mən şübhələnirəm ki, əfsanə Şərqdə yox, bir az yaxın yerlərdə uydurulub. Bu xan da elə Stalindir. Stalin bir neçə rəssamı güllələtdirmişdi. Əvvəlcə rəhbər və müəllimi əbədiləşdirmək üçün onlar Kremlə çağrılmışdılar. Görünür onlar rəhbərin işinə yaramadılar. Stalin hündür olmaq istəyirdi. Əlləri də bərabər olmalı idi. Rəssam Nalbandyan hamını aldada bildi. Onun portretində Stalin əllərini qarın hissəsində birləşdirib tamaşaçının üstünə gəlir. Rakurs aşağıdan götürülüb. Belə rakursda liliput da pəhləvan cüssəli görünər. Nalbandyan Mayakovskinin məsləhətinə əməl etdi: rəssam modelə ördək eyvana baxdığı kimi baxmalıdır. Bax elə bu ördək mövqeyindən Nalbandyan Stalinin portretini çəkdi. Stalin çox razı qalmışdı. Portretin reproduksiyaları bütün idarələrdə asılmışdı. Hətta bər-bərxana və hamamlarda da. Nalbandyan isə portret üçün aldığı pula Moskva yaxınlığında möhtəşəm bir gümbəzli mülk tikdi. Mənim tələbələrimdən biri bu mülkü zarafatla Спас на Усах  adlandırırdı.

Mənim Stalinlə görüşüm belə alındı. Müharibə zamanı qərara gəldilər ki, “İnternasional” sovet himni olmağa yaramır. Sözləri uyğun deyil. “Heç kim bizə qurtuluş verən deyil – nə allah, nə çar, nə qəhrəman”. Allah və çar – artıq Stalin idi. Odur ki, sözləri ideoloji zərərli idi. Yeni sözlər qoşuldu: “Bizi Stalin yetişdirib”. Axı məlum olduğu kimi o, həm də dahi bağban idi. Və ümumiyyətlə “İnternasional” xarici - fransız - bəstə idi. Rusiyanın fransız himni? Öz himnimizi yarada bilmirik? Söz qoşdular. Bəstəkarlara payladılar. İstəsən də, istəməsən də konkursda iştrak etməlisən. Yoxsa, iş yapışdırarlar. Deyərlər, məsuliyyətli tapşırıqdan yayınırsan, əclaf. Əlbəttə ki, bir çox bəstəkarlar üçün bu, seçilmək, iməkləyə-iməkləyə də olsa tarixə düşmək imkanı idi.

Yaxşı, mən himn yazdım. Bitməz-tükənməz dinləmələr başladı. Stalin bəzən dinləmələrə gəlirdi. Əmr verdi ki, Xaçaturyanla mən himni birgə yazaq. Axmaq ideya idi. Biz Xaçaturyanla fərqli idik. Üslub, işləmək manerası, temperament. Ancaq tabe olmaq lazım idi. Əlbəttə ki, heç bir ortaq iş baş tutmadı. Bizdən İlfa və Petrova çıxmadı. Nə vaxtsa mən də istənilən şəraitdə bəstələyə bilirdim. İstənilən səs-küydə. Lap stolun küncündə olsa da. Təki itələməsinlər. İndi daha pisəm.

İndi öz yaradıcılıq planlarım haqqında da daha könülsüz danışıram. Aktual süjet olan xam torpaqların öyrənilməsi barədə nə yazmağı düşünürsünüz? Ya da sülh uğrunda mübarizə haqqında balet. Yaxud kosmonavtlara həsr olunmuş simfoniya. Gənckən hərdən belə düşünülməmiş bəyənatlar verirdim. Mənnən indiyədək soruşurlar ki, “Sakit Don” operasını nə vaxt yazıb qurtaracam. Mənsə bu operanı heç vaxt qutarmayacam. Çünki onu heç vaxt başlamamışam. Sadəcə çətin vaxtlardan birində belə söz deməli olmuşdum. Bu axı bizdə özünümüdafiənin növlərindən biridir. Deyirsən ki, belə bir bəstə düşünürəm. Mütləq hansısa təsirli bir adla. Bu səni daşa basmamaları üçündür. Özün isə hansısa kvartet yazırsan. Bundan sakit həzz alırsan. Rəhbərliyə isə bildirirsən ki, “Karl Marks” operası üzərində çalışırsan. Ya da “Gənc Qvardiya”. Odur ki, kvarteti sənə bağışlayırlar. Rahat buraxarlar. Belə “plan”ların güclü müdafiəsində bəzən 1-2 il sakit yaşamaq olurdu. Biz Xaçaturyanla əmrlə həmmüəllif elan olunmuşduq. Xaçaturyanla görüşürsənsə, deməli mütləq dadlı nəsə yeməli, məmnuniyyətlə içməlisən. Və ordan-burdan söhbətləşməlisən. Buna görə də vaxtım olanda Xaçaturyanla görüşdən qaçmırdım.

***

Belə bir qərar qəbul etdik. Hərə ayrıca himn yazsın. Sonra birgə baxaq. Kiminki yaxşıdı. Yaxı olanı ümumi himnə daxil edərik. Materialı eskizlərdən başlayaraq bir-birimizə göstərməyə başaladıq. Eskizi hərə öz evində bəstələyirdi. Sonra yığışıb kimdə nə alındığına baxırdıq. Yenə ayrılırdıq. Ancaq bu dəfə ikimiz də ağlımızda digərimizin bəstəsini saxlayırdıq. Nə isə, iş xeyli sürətləndi. Ancaq Xaçaturyan – küsəyəndir. Yaxşısı budur onu tənqid etməyəsən. O, Rastrapoviç üçün konsert-raspodiya yazanda Rastrapoviç vəziyyətdən əla çıxmışdı. O, istəyirdi ki, Xaçaturyan nəyisə düzəltsin. Ancaq necə desin? İnciyər. Və Rastrapoviç belə çıxış tapdı: dedi: - “Aram İliç, Siz əla bəstə yazmısız. Qızıldır. Ancaq bəzi yerləri gümüş kimi alınıb. Onları qızıl suyuna çəkmək lazımdır”. Xaçaturyan bu formada tənqidləri qəbul edirdi. Ancaq mənim Rastrapoviç kimi poetik istedadım yoxdur axı. Ümumiyyətlə Rastrapoviç əsl rus idi: hər şeyi bilirdi, hər şeyi bacarırdı. Musiqidən mən artıq danışmıram. Amma Rastrapoviç istənilən fiziki işi də bacarırdı. Texnikadan da başı çıxırdı. Mən də bəzi şeylər bacarıram. Məsələn indiyədək bir kibritlə tonqal qalaya bilirəm. Ancaq Rastrapoviçə çatmaram. Məndə onun poetik və diplomatik bacarığı yoxdur. Odur ki, Xaçaturyanın öhdəsindən gəlmək mənim üçün çətin olurdu. Mahnının başlanğıcı mənim, nəqarəti onun idi.  

Sonda beş himn alındı: Aleksandrovun, İona Tuskiyanın, Xaçaturyanın, mənim və ümumi. Dinləmə Böyük teatrda idi. Hərəninki 3 dəfə ifa edilirdi. Orkestrsiz; xorsuz orkestrlə; xorla orkestrdə. (Suyun altında da səsləndirmək lazım idi – ağıllarına gəlməyib.) İfa yadımda qaldığına görə pis deyildi. Əsl eksportluq idi. Xor – Qızıl Ordunun mahnı və rəqs ansamblının idi. Orkestr – Böyük teatrın. Heyif ki, himnə oynamaq olmur. Olsaydı yəqin Böyük teatrın baleti oynayardı. Yaxşı da oynayardılar sözün düzü. Onsuzda orkestirovka paraddakı kimi dəqiq idi. Balet əhli üçün anlaşılan olardı.

Elə öz xorunun dirijorluğunu aparan Aleksandrov yaman vurnuxurdu. Adam əməlli başlı özündə deyildi. Onun dövlət himninə namizəd olan musiqi “Bolşevik partiyasının himni” adlanırdı. Stalin bu mahnını xoşlayırdı. Aleksandrov sevinc və sadiqlikdən nəfəsi kəsilə-kəsilə mənə danışırdı ki, necə Stalin bu mahnını digərlərinin içində “ayırmışdı”. Qızıl Ordunun mahnı və rəqs ansamblı onu ilk dəfə Aleksandrovun rəhbərliyi altında təntənəli konsertdə ifa etdi. Bu, müharibəyə qədər olmuşdu. Antraktda Aleksandrovu Stalinin lojasına çağırdılar. Rəhbər və müəllim mahnını konsertdən sonra bir daha təkrarlamağı əmr etdi. Onun üçün personal. O vaxt o, “Partiya üçün musiqi” adlanırdı. Aleksandrov onu öz ansamblı ilə marş ritmində ifa etdi. Stalin əmr etdi ki, musiqi daha asta ritmlə - himn kimi ifa edilsin. Dinləyəndən sonra onu “musiqi linkoru” adlandırdı. Və yeni ad verdi – “Bolşevik partiyasının himni”. Bu mahnı belə adlandırılmağa başladı. Aleksandrov çox istəyirdi ki, musiqi elə sabahsı gündən feldmarşal adlandırılsın. Necə olsa dövlət himni idi.

Dinləmə davam edirdi, bəstəkarlar həyəcanlanırdı. Çoxları həyat yoldaşları ilə gəlmişdi. Xaçaturyan və mən də. Hamı ehtiyatla hökümət lojasına tərəf boylanırdı. Bunu hiss edilmədən etməyə çalışırdılar. Nəhayət səhnədəki hay-küy sakitləşdi. Bu zaman Xaçaturyanla məni hökümət lojasına, Stalinin yanına gətirdilər. Yolda elə belə, əlüstü üstümüzü axtardılar. Hökümət lojasının qarşısında balaca bir “soyunma odası” vardı. Bizi elə ora saldılar. Stalin “soyunma odasında” idi. Onun xarici görünüşünü mən artıq təsvir etmişəm. Səmimi deyirəm, Stalini görəndə heç bir qorxu hiss etmədim. Həyəcan isə əlbəttə ki, vardı. Ancaq qorxu yox. Qorxu o zaman olur ki, əlindəki qəzetdə sənin xalq düşməni olduğun yazılıb. Sən isə özünə haqq qazandıra bilmirsən. Heç kim səni dinləmək istəmir. Öz müdafiən üçün söz deməyə bircə adam da yoxdur. Sən baxıb görürsən ki, hamının əlində o qəzetdən var. Hamı səssizcə sənə baxır. Sən nəsə deməyə çalışanda isə, hamı üzünü çevirir. Səni eşitmirlər. Bax bu, doğurdan da dəhşətlidir. Mən tez-tez belə yuxu görürdüm. Burda ən dəhşətlisi odur ki, artıq hər şey deyilib. Hər şey çoxdan həll olunub. Sənsə bilmirsən ki, niyə hər şey məhz belə həll olunub. Etiraz etmək də gecdir. Mübahisə etmək mənasızdır. Bəs burda qorxmalı nə var? Hələ heç nə həll olunmayıb. Və sən hələ nəsə deyə bilərsən.  

Bu toskun adama baxıb bunları düşünürdüm. O, elə balaca idi ki, heç kimin yanında dayanmasına icazə vermirdi. Məsələn müjdəçi M.Qorki ilə müqayisədə Stalin çox gülünc görünürdü. Onlar Pat və Pataşon kimi görünürdülər. Buna görə də şəkillərdə Stalinlə Qorkiy həmişə oturmuş olurdular. Burda da Stalin ayrı dayanmışdı. Qalan yüksək çinlilər bir qədər kənarda dayanmışdılar. Bizdən başqa burada iki dirijor da vardı: orkestr rəhbəri Məlik-Paşayev və xor rəhbəri Aleksandrov. Bizi niyə çağırmışdılar? İndiyə kimi anlamamışam. Ola bilsin Stalin mənimlə söhbətləşmək istəyirmiş. Ancaq söhbət alınmadı.

Əvvəlcə Stalin dövlət himninin necə olması haqda çoxmənalı fikir söylədi. Adi çeynənmiş, Stalinsayağı sözlər idi. Bu, o qədər maraqsız idi ki, yadımda da qalmadı. Yaxınları astadan və ehtiyatla təstiq edirdilər. Nədənsə burda hamı çox astadan danışırdı. Otaqda dini mərasim havası vardı. Adama elə gəlirdi ki, indi nəsə möcüzəvi bir şey baş verəcək. Məsələn, Stalin doğacaq. Möcüzə bütün yaltaq üzlərdə yazılmışdı. Ancaq o baş vermədi. Stalin doğdusa da, bu, ancaq hansısa anlaşılmaz fikir qırıntıları oldu. Bu “söhbəti” dəstəkləmək mümkün deyildi. Ya təsdiqləmək, ya da susmaq lazım idi. Mən susmağı seçmişdim. Mən himnin yazılması incəsənətini teoritikləşdirmək fikrində deyildim. Incəsənət teoriyasına baş qoşmuram. Stalin deyiləm axı.

Cansız söhbət birdən təhlükəli səmtə yönəldi. Stalin orkestirovkadan əla baş çıxardığını nümayiş etdirmək qərarına gəldi. Görünür ona çatdırmışdılar ki, Aleksandrov mahnısını özü orkestrləşdirməmişdi. Aleksandrov onu professional orkestirovkaçıya vermişdi. Yeri gəlmişkən, namizədlərin çoxu belə etmişdi. Səsləndirilən himnlərin onlarlası xeyli təcrübəli bir adamın orkestrləşdirməsi idi. Bu mənada Xaçaturyanla mən əla azlıqda idik. Çünki orkestrləşdirməni özümüz etmişdik. Stalinə elə gəlirdi ki, Aleksandrovun orkestrləşdirməsinə irad bildirsə uduzmaz... O, Aleksandrovdan pis orkesləşdirmənin səbəbini soruşmağa başladı. Aleksandrov təlaşlandı, darmadağın oldu, məhv edildi. Ürəyində o, karyerası və bəlkə də daha böyük şeylərlə sağollaşırdı.

Belə anlarda insan tam açılır. Aleksandrov alçaq bir gediş etdi. Hər şeyi orkestirləşməni edənin boynuna yıxdı. (Axı nəticədə o adamın başı ağrıya bilərdi.) Mən gördüm ki, bu iş pis bitə bilər. Stalin Aleksandrovun etirafları ilə maraqlanmağa başladı. Bu, qurdun quzuya olan marağından idi. Bu yerdə mən dözmədim. Dedim ki, o adam əla mütəxxəsisdir. Təhlükə sovuşdu.

Stalin məndən hansı himni bəyəndiyimi soruşdu. Mən Tuskiyanın adını çəkdim. (Aleksandrovu heç bəyənmirdim.) Stalinə görə mənimki ilə Xaçaturyanınkını ən yaxşı hesab edirdi. Ancaq nələri isə düzəltmək lazım imiş. 5 saat az deyil, əsəbləşmişdi.


Qopardılmış səhifə

...Qəhrəmanı adı ilə çağıracam. Axı o da hərdən mənim familyamı dilinə gətirirdi. Müxtəlif hesabatlarda və məqalələrdə. Hələ rəhbərliyə yazılan raportları demirəm. Bizim mağazalarımızda ruhlandırıcı şüarlar asılıb: “Alıcı və satıcı, bir-birinizlə mədəni davranın”. Bu şüarlardan ruhlanıb xeyli mədəni olacam. Mən alıcı olacam, qəhrəmanım satıcı.

Söhbət Tixon Xrennikovdan - Bəstəkarlar İttifaqının sədrindən gedir. Deməli həm də mənim rəisimdən. Niyə mən alıcıyam, o satıcı? Əvvəla, satıcı bizdə həmişə alıcıdan üstün olub. Satıcıdan həmişə bunu eşidərsən: “Siz çoxsuz, mən az”. Xrennikovdan da eləcə. Biz – bəstəkarlar çoxuq, o - tək. Əlbəttə, beləsi ələ düşməz. İkincisi, Xrennikovun atası prikazçik olub. Hansısa varlı tacirin mağazasında çalışıb. Buna görə də bizim ölməz sədrimiz anketlərdə özünü “mağaza işçisinin oğlu” adlandırırdı. Məncə məhz bu onun Bəstəkarlar İttifaqına seçilməsində əsas rol oynayıb. Bildiyim qədər Stalin əvvəlcə rəhbərliyə namizədlərin anketini oxuyurdu. Sonra onların fotosunu gətirməyi əmr edirdi. Şəkli stolun üstünə qoyurdu. Fikirləşdikdən sonra barmağını Xrennikovun şəklinə qoyub, “bu” deyib. Və yanılmayıb. Stalinin belə adamları seçmək duyumu vardı. “Balıqçı balıqçını uzaqdan sezər”.

Bir dəfə rəhbər və müəllimin əla bir mülahizəsi keçdi əlimə. Unutmamaqçün elə ordaca üzünü köçürdüm. Bu fikir Xrennikovu əla xarakterizə edirdi.
Məndə hətta belə bir təsəvvür yarandı ki, Stalin bu fikri məhz Xrennikov barədə yazıb: “Bir sıra kommunistlər arasında hələ də ticarətə, xüsusən sovet ticarətinə qarşı yekəxana və etinasız münasibət hökm sürür. Bu – belə adlandırmaq mümkündüsə - kommunistlər sovet ticarətinə ikinci dərəcəli, lazımsız iş kimi, ticarət işçilərinə isə bitmiş insanlar kimi baxırlar. Onlar anlamırlar ki, sovet ticarəti bizim doğma, bolşevik işimizdir, ticarət işçiləri isə - əgər onlar düzgün işləyirlərsə - bizim inqilabi bolşevik işimizin bələdçiləridir”. “Bizim” nəsillikcən ticarət işçimiz də bax elə həmən “bizim” (Stalin özü haqda cəmdə danışmağı sevirdi) işimizin bələdçilərindən idi. Xrennikovun əhvəlatı da çox maraqlıdır. Xrennikov Bəstəkarlar İttifaqının sədri kimi hər il Stalin mükafatına layiq bəstəkarların namizədliyini təqdim etməli idi. Son söz Stalinin idi.

Stalin xəstə dərəcəsində mövhumatçı adam idi. Bütün bağışlanmaz millət ataları və insaniyyət xilaskarları bu xəstəlikdən əziyyət çəkirlər. Bu, onların mütləq xüsusiyyətidir. Buna görə də onlar divanələrə müəyyən hörmət, hətta qorxu ilə yanaşırlar. Bəziləri düşünürlər ki, şahların əhdini kəsən divanələr keçmişdə qalıblar. Necə deyərlər ədəbiyyatda qalıblar. “Mənə dua et, ey müqəddəs.” Musorqskidə bu yeri lap güclü alınıb. Burda Musorqskiy necə dahi opera dramaturqu olduğunu göstərib. Dramatik təsir naminə bütün effektləri kənara atıb. Doğurdan da ağlamalı təsir alınır. Ancaq divanəlik aradan qalxmayıb. Tiranlar da əvvəlki tək onlardan qorxurlar. Buna günümüzdə misal da var.

Əlbəttə ki, Stalin kəmağıl idi. Bunda təəccüblü heç nə yoxdur. Dəli rəhbərlər az deyil. Rusiyada da kifayət qədər olublar – İvan Qroznıy. Yaxud Pavel. Böyük ehtimal ki, İngiltərənin Neronovu da başdan xarab olub, Georqlardan da hansınınsa əqli çatışmazlığı olub. Odur ki, təəccüblü heç nə yoxdur. Təəccüblü olan başqa şeydir. İvan Qroznıy öz yatağında, tamhüquqlu monarx kimi ölüb. Ancaq növbəti dəliyə canını belə asan qurtarmaq qismət olmayıb. I Pavlı məlum olduğu kimi boğublar. İnkişaf göz qabağındadır. Adama elə gəlirdi ki, bundan sonra hər şey qaydasında olacaq. Və növbəti xəstə rus rəhbəri sanatoriyaya dəvət etmək mümkün olacaq. işdən dincəlməyi üçün. Eyni zamanda müalicə də almağı üçün.

Ancaq yaxşı olmadı. Tiranlardan ən başdan xarabı və ən əzazili heç bir müqavimət olmadan hakimiyyətdə qaldı. Stalinin yatağında, yoxsa onun altında öldüyünü bilmirəm. Ancaq onun anormal sələflərinin hamısının üst-üstə yığanda olduğundan daha çox ziyan vurduğunu dəqiq bilirəm. Heç kim heç ürəyində də Stalinin ağıldan kəm olduğunu demədi.

Deyirlərailə dostumuz Qrekovun yaxşı dostu olan möhtəşəm psixiatr Bexterov Stalinin anormal olduğunu bəyan etməyə cürət edib. Bexterovun onda 70 yaşı vardı. Onu Kremlə çağırıblar. Kremldə o, Stalinin psixi vəziyyətini dərindən öyrənib. Bundan az sonra Bexterov vəfat etdi. Qrekov əmin idi ki, Bexterovu zəhərləyiblər. Ancaq axı bu, növbəti dəhşətli lətifə idi. Dəlixanalar və onların sakinləri seriyasından. Dəli öz həkimini zəhərləyib.

Son illərində Stalin daha çox dəliləşirdi. Onun mövhumatı da artırdı. Musiqişünas tanışım Stalinin mühafizəçisinin qonşusu idi. Kişi əvvəlcə söhbətdən yayınırdı. İçəndən sonra ağzı qızışdı. Yaxşı maaşlı iş idi. O, Stalinin Moskvadakı mülkünün mühavizəçisi idi. Qışda xizəklə, yayda velosipedlə. Onlar fasiləsiz mülkün başına fırlanmalı idilər. O, şikayət edirdi ki, bundan adamın başı fırlanır. Rəhbər mülkdən kənara çıxmırmış. Çıxanda da özünü izlənilmə maniyasına mübtəla adam kimi aparırdı. Fasiləsiz ətrafına baxırmış. Boylanırmış. Günlərlə heç kimi yaxın qoymurmuş. Radioya çox qulaq asarmış.

Bir dəfə Stalin bizim radioverliş idarəsinə zəng vurub. Soruşub ki, bir az əvvəl dinlədiyi Mosartın 23-cü fortopiano konsertinin plastinkası onlarda var, ya yox. “Pianoçu Yudina ifa edirdi” – deyə əlavə edib. Stalinə deyiblər ki, əlbəttə var. Əslində isə yox imiş. Konsert bir başa studiyadan yayımlanırmış. Ancaq Stalinə yox deməyə çox qorxublar. Heç kim bilmirdi ki, bunun axırı necəolacaq. İnsan həyatının heç bir qiyməti yox idi. Ancaq təsdiqləmək olardı. Dəlinin sözlərini təsdiqləmək lazım idi.

Stalin əmr etdi ki, Motsartın konsertinin bu ifasını ona bağa çatdırsınlar. Radiokomitədə panika. Yudinanı çağırırlar. Orkestr yığırlar. Gecə təcili səsyazma təşkil olunur. Hamı qorxudan özünü itirmişdi. Yudinadan başqa – ona nə var ki? (onun nə vecinə?) Onun sonradan danışdığına görə dirijoru evə qaytarmalı oldular. Çünki, qorxudan heç nə dərk etmirdi. Başqasını çağırıblar. Ancaq bu da əsirmiş və ancaq orkestri çaşdırırmış. Yalnız sonuncu səsyazmanı sona çatdıra bilib. Məncə bu, səsyazma tarixində unikal hadisədir. Bir yazılış zamanı üç dirijor dəyişmə faktı. Səhərə hər şey hazır idi. Sabahsı gün plastinkanın yeganə eqzemplyarı hazırlandı. Bu işin tarixində ən qısa zamanda. Stalinə göndərdilər. Bu da rekord idi. Yaltaqlıq rekordu.

Tezliklə Yudina içində 20 000 rubl olan zərf aldı. Ona dedilər ki, bu, Stalinin şəxsi tapşırığı ilə edilib. O, Stalinə məktub yazdı. Onun danışdıqları həqiqətə bənzəmir. O isə heç vaxt yalan danışmayıb. O, belə yazıb: “Mən gecə-gündüz sizin üçün dua edib Allahdan istəyəcəyəm ki, o, Sizin millət və ölkə qarşısındakı günahlarınızı bağışlasın. Pulu isə kilsənin təmirinə verdim”. Yudinaya heç nə etmədilər. Stalin dinmədi. Deyilənə görə onu ölü tapanda Motsartın konserti olan val onun potefonunda imiş.

Bütün zamanlarda tiranlar və dəlilər eyni adamlar olublar. Puşkini və Şekspiri oxuyun. Musorqskini dinləyin.

Solomon Volkov – “Şostakoviç və Stalin: sənətkar və çar”

Tərcümə etdi: Sənubər Heydərova

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade