Qorxulu oxumuşlar

Эльмир МИРЗОЕВ

 
Zanbaq dedim, yadıma zavmaq (заведующий магазином, indikilər bilməz, talonlu sovet zamanı balaca cır allah kimi bir şey idi) İbrahim kişi düşdü, zarafat deyil e, o dövrdə NZS-də susatan mağazanın “zambağı” idi, o dükandan uşaqkən dondurma alanda eşitdiyim söhbətlərdən “ala bizim dünyada tayımız olmaz e, prosto imkan yoxdu” kəlməsi idi.
 
İndi də zarafat dögür, kişilər (bunlar artıq akademiklərdi, “zambaq” yox) artıq 150 yaşı (ilk praktik çap maşını Avropada təxmini XIX əsrin 60-ci illərində istehsal edilib) olan Avropa dilləri klaviaturasına od qoydular bununla. Demək, indi necə olacaq? Pozacağıq bütün kompüterlərdəki ləhnətə gəlmiş ingilis-alman-malman-kafər klaviaturasın, vuracağıq özümüzünkün, millisin, dağ boyda alimlərimiz niyə gecə-gündüz özlərini millət yolunda öldürür, qırır, məhv edir, Elmlər Akademiyasında gecə yatmır, mələyin uçma sürətini ölçür, bəs biz bunu tətbiq etməyək kim etsin? Mələyi demirəm, inşallah onu da edərik necə lazımdı, hələlik klaviaturanı edək, deyirəm. Qısası, total savadsızlıq yoluna inamla irəliləyək, latın əlifbasına keçidin əsaslandırılması dünyaya inteqrasiya kimi edilirdisə, indi bunun son dəlilini də qıraq getsin, öyrəşək PÜŞÜD-ə, xaricə də öz laptopumuzla gedərik də, nə olacaq ki?
 
Necə də gözəldi, akademikimizlə “zambağ”ımızın fikirləri üst-üstə düşür, bir-birindən heç nəylə fərqlənmir, daha bundan da böyük milli birlik istəyirsiz, ay camaat?
 
Burada çoxdan gəldiyim bir nəticəni sizinlə bölüşmək istəyirəm. Azərbaycanlıların tərəqqi, sivilizasion inkişaf, dünyəvi cəmiyyət quruluşu, ümumiyyətlə müasir zamanla paralel addımlamaq istəyi qarşısında ən qorxulu baryer düşünüldüyü kimi əsla cəmiyyətin aşağı təbəqələri deyil, əksinə, “oxumuş” adlandırılanlardır. Hazırda düşünürəm ən böyük ictimai mənada təhlükə məhz bu qorxulu oxumuşlardır, iş orasındadır ki, sadə xalqın əksinə, şahidi olduğum kimi inkişafa və mədəniyyətə çox böyük meyli vardır.
 
Bu qorxulu oxumuşlar isə həqiqətən çox qorxulu məxluqlardır, onları korlayan bizim orta məktəb proqramından əzbərlədikləri 15-20 cümlə, sonra oxuduqları 5-10 (o da şübhəsiz, “milli”) kitablar olub. Qalan inkişafa potensialları və enerjiləri olmadığından ortalıqda qalıblar, yarı-bilikləri və dar düşüncələri ilə daima efiri bulandırırlar. Bu qorxulu oxumuşlar çox-çox aqressiv olur, onların təbii ki, çoxunun iddiaları kosmik və boğulmuş olur, istisnasız hamısı özünü dünyanın ədalətsizliyindən qəbul edilməmiş dahi sayır. Qorxulu oxumuşlar aqressiv-aqressiv nədənsə danışanda ona filan əsəri (yaxud filan nəzəriyyəni-filanı, fərq etməz) oxuduğunu əsla sormayın, mənası yoxdur, cavablasa da mütləq “hə, oxumuşam, boş-boş şeylərdi” olacaq. Həyat boyu nə qədər bütün Avropa fəlsəfəsini-filanı oxuyub, “bom-bolom-boş” şey olduğuna əminliyini bildirən adamlara rastlamışam. Heç birinə də izah etmək mümkün deyil ki, oxunulan hər bir kitab insanın daxilini, azından sifətinin ifadəsini dəyişir. Necə deyəsən ki, qardaş, Nietzscheni başdan-ayağa oxumuş adam dəyişilir, tamamilə, başqaları da o cümlədən. Nəsə.
 
Qorxulu oxumuşların təbəqəsi böyükdür, bunlar adi orta məktəb müəllimlərindən tutmuş professorlara kimi, akademikdən "sənət adamları", "ziya(n)lılar", "inteligensiya" çağırılanlara qədərdir. Qorxulu oxumuşların təfəkkürü AzTV məhsuludur, səmimiləri bunu heç danmır da, daha hiyləgərləri “AzTV-yə baxmıram” deyəcək mütləq, amma mantra kimi hamısı mövcudluğu sübutsuz, aksiom kimi qəbul edilməsi gərəkən “milli dəyərlər”, “milli mentalitet”, hətta “milli özünüdərk” kəlmələrini daima təkrar edəcək. Bunlar mantradır, zikrdir, ovsundur, qəbul etməlisiz, vəssalam. Təkrar da bilirsiz də, magik bir təsir bağışlayır, hətta istənilən səfehliyi cəmi 3 dəfə təkrar et, ən azı nəsə bir sehr yaranacaq.
 
Qorxulu oxumuşların əsas və vacib cəhətlərindən biri gəncliyə, gəncliyin istənilən təzahürünə permanent, daimi nifrətdir. Qorxulu oxumuşlar gəncliyi mümkün olan bütün vasitələrlə məhv etmək, inkişafına yol verməmək, aşağılamaq-alçaltmağa, ən yaxşı halda özlərinin icadı olan “qoca gənclər” yetişdirməyə, qısası gəncliyin ümumiyyətlə yoxluğuna çalışır. Bu istək o qədər güclüdür ki, özlərindən asılı olmayaraq qeyri-iradi baş verir, hətta biləndə ki, gəclərdən kimisə heç bir yolla sındırmaq mümkün deyil, yenə də cəhd edib “si...r” cavabı alırlar, amma etməyə də bilmirlər, çünki bunlar nəinki iyrəncdir əziz dostlar, bunlar həm də “tupoy”dur, biləsiniz.
 
Bəzən bizim - yeni nəsil sənət adamlarının - yazdıqlarımız, dediklərimiz insanlarımıza "subyektiv", "qeyri-obyektiv", nadinclik, kapriz, abartma, hətta çığallıq kimi gəlir. Mübahisə etmirəm, bəlkə doğrudan da, kənardan belə görünür. Lakin bir daha onu demək istəyirdim ki, bizim - bu məsələlərlə uzun illər ilgilənən postsovet nəsil kimi, o "sənət adamları", "ziya(n)lılar", "inteligensiya" adlanan cındır tayfanın daxili anatomiyasından bir azca da olsa məlumatımız və xəbərimiz var, bir çoxlarından fərqli olaraq. Sadəcə bir çox məsələlər var ki, bunları tam açıb izah etməkdə belə çətinlik çəkirsən, çünki heç bir kəsin inanmayacağı işlərdir bunlar.
 
Şəxsən mən gəncliyimdə konservatoriyanın bəstəkarlıq fakultəsində təhsil almışam, və ora gəldiyim ilk anlardan şok içində idim, bu məsələləri daxildən anlayanda insan şaşırırdı. Yenicə həyata başlayan gənc bir insan olaraq şəxsən özümə sual verirdim - yəni bəstəkar beləcə cındır olmaqdır? O zaman mən bəstəkar və ya kimsə olmuram, olmaq istəmirəm. Gənc nəslə, gəncliyə necə bir nifrət olduğunu çatdırmaq asan deyil, əslində gənc insanın məhv ilə məşğul olur bunlar, oz nifrət, hədsiz paxıllıq və üstəgəl total savadsızlıqları ilə. Çox sonralar incəsənətin başqa səhələri ilə də dərindən tanışlıq zamanı anladım ki, ümumi qaydaları təsdiqləyən 2-3 müstəsna-istisnadan başqa dediklərim az qala hamısına şamil olunmalıdır. Şəxsən mən o zaman yaşlı nəsildən gördüklərimi özüm üçün görk etdim, insan necə olmamalıdır deyə. Bunlar kimi olmaq olmaz, bazarda göyərti satan adi vətəndaşımız qat-qat ləyaqətli idi bu gördüklərimdən.
 
Əziz oxucu, siz bütün bunları görməmisiniz, şahidi olmamısınız, şükür Yaradana ki, hər hansı bir rabitəniz olmayıb bunlarla, yoxsa necə bir xəyal qırıqlığına uğrayardınız, özünüz də təsəvvür etmirsiniz. Mən o zaman şəxsən özümə söz verdim ki, bu iyrənc gələnəyi qırmaq, onların qaydalarına tüpürmək lazımdır, onların arxetipik-feodal qaydaları ilə bir yerdə folkor "yaradıcılıqlarına" da. Yeni nəslin tərbiyəsi tam başqa əsaslarda qurulmalıdır və bunu bacardığım qədər etdim. Ətrafımda da, ünsiyyətdə də yalnız ləyaqətli insanları saxladım, başqaları şəxsən mənim üçün heç bir məna daşımır, onların dediyi, yazdığı, yaşam tərzi belə ikrah doğurur - bunu lütfən hansısa yekəxanalıq kimi qəbul etməyin, sadəcə yuxarıda qeyd etdiyim kimi bütün məsələləri tam olaraq açıb izahını vermək mümkünsüzdür.
Odur ki, lütfən bizdən inciməyin, nəyisə kəskin formada demək istəyiriksə, inanın, anlayırıq ki, çatdırmaq mümkün deyil, amma insan boğulma həddinə gəlir.
 
Ardını yazmağa dissertasiya işi gərəkdir, məndən bu qədər.
 
Elmir Mirzəyev
 
Meydan TV
Kultura.az | Developed by Samir Yahyazade