post-title

Xilas olmaq istəyənlər var

Ölkəmizi azad və demokratik görmək istəyinə çox illər öncə qoşulmuşam. Həm də çox gənc yaşımda. Bir çox insanlarla uzun bir yol keçmişik. 20 ili ötüb. Indi özünüz təsəvvür edin, bu yolda nə qədər ovqat təlatümləri yaşamışıq. Bəzən qələbəyə çox yaxın olmuşuq. Bu ölkənin xoş gününün başlanğıcı sanki əlimizdən qaçıb, ovcumuzdan çıxıb. Bircə günə hər şey tərsinə dönüb, uğursuzluq, repressiyalar, ruh düşkünlüyü, tənələr başlayıb. Ümidlər ölüb.

 
Bu yolda çox insanlar qat-qat ağır zəhmət və əziyyətlərə qatlaşıb, gerçək zülmlərdən keçiblər. Amma bizim hamımızın ən ağır anları həmin ovqat təlatümü yaşadığımız günlər olub.  Ümidsizlik öldürücüdür. Çox deyirlər ki, ümid axırda ölür, amma axır özü elə ümidin ölməsi ilə başlayırmış.
 
Belə hallarda nə edəsən? Məsələ onda deyil ki, bu insanlar sənə, sənin hərəkatına, partiyana, namizədinə və yaxud sənin ideyana inanmır. Baxırsan ki, böyük əksəriyyət heç kimə, heç nəyə inanmır, onlar dəyişikliyin olacağına, ümumiyyətlə, ümid bəsləmirlər. Hər şeyi birdəfəlik bitmiş sayırlar. Heç kimə və heç nəyə inanmayan, dəyişikliyin olacağına ümidini dəfn edən bu insanlar sənə inanarlarmı?
 
Mübarizə bu səbəbdən ağır gedirdi. Daha çətin idi. Sıralar durmadan seyrəlirdi. Ümidsiz insanları yerindən tərpətmək isə çox ümidsiz işə oxşayır. Bəzən onları belə durumlarda görərkən gülə-gülə, zarafatla deyirdim: “Bu insanlar xilas olmaq istəmirlər!”
 
Bunu məşhur bir ədəbi əsərin qəhrəmanının dili ilə deyirdim. Per Lagerkvist adlı böyük bir yazıçı var, təəssüf ki, elə bir qiymətli irsi olan ədibi bizim ölkədə çox az adam tanıyır. Böyük irsi olan yazıçıları müqayisə etmək düzgün deyil, amma olduqca yaxşı tanınmış və dəbə minmiş Qabriel Qarsia Markeslə bu yazıçı arasında seçim etsəydik, şəxsən mən Per Lagerkvisti seçərdim. 
 
Bu yazıçının “Xilaskar Yuhan” adlı bir hekayəsi var. Yazıçı burada ədəbi fəndi elə qurub ki, Yuhanın dilindən deyilən sözlərin ciddi və zarafat olduğunu anlamaq çətindir. Yuhan təəssüflə deyir: Axı bu insanlar niyə xilas olmaq istəmirlər?!
 
Mən də zarafatla bu sözləri dəfələrlə demişəm. Amma ciddiyə qalanda dərk etmişəm ki, bu insanların ümidi ölüb. Inamı yoxdur. Səbəb də budur.
 
Son illərdə isə vəziyyət dəyişməyə başladı. Zülm də uzanıb ərşə çıxdı, üstəlik, yeni gəncliyin meydana atılması dünyada baş verən hadisələrlə üst-üstə düşdü. Tanrının lütfü kimi insanlığın imdadına çatan Internet də başqa bir amilə çevrildi. Nəticədə, dəyişikliyə ümidlər artmağa başladı.  Nəhayət, bu il qeyri-bərabər şəraitdə, əslində, basqı və təzyiqlər altında, resurslar olmadan professor Cəmil Həsənli prezident seçkilərinə qatılıb cəmiyyəti bu məsələdə xeyli irəli apara bildi.
 
Həm indiki müşahidələrimə, həm də təcrübəmə əsasən deyirəm, mən artıq başqa bir cəmiyyət görürəm. Ilham Əliyevin qələbəsi elan olunub, amma cəmiyyət sınmayıb, ruhdan düşməyib, dəyişikliyə ümidini saxlayıb. Əlində milyardlarla maliyyə və böyük güc resursları olan hakimiyyətin yenidən, hətta üçüncü dəfə qalmasına rəğmən, seçkiyə qədər dəyişikliyə ümidi olan insanların əksəriyyəti eyni dərəcədə dəyişikliyə inanırlar.
 
Mən uzun illər təklikdə söhbət etdiyim dostum Yuhana demək istəyirəm: əziz Yuhan, artıq xilas olmaq istəyənlər var. Sənin özünü yanan evin içinə atıb xilas etməyə adam tapmadığın anlarda yaşadığın hissləri gözəl anlayıram və heç vaxt səni unutmayacağam. Amma mənim ölkəmdə artıq xilas olmaq istəyirlər. Sən də öz zəif cüssən və çırpınan ürəyinlə bizə xeyir dilə!
 
Şahvələd Çobanoğlu
 
"Azadlıq" qəzeti
Yuxarı