post-title

Acından tərif yazan şair

Üzvü olduğum təşkilatların birinə bir gün tanınmayan rəssam gəldi, sədrlə görüşmək istədiyini dedi. Əlində böyük çərçivə var idi. Düşündüm ki, hansısa qədim bir türk sərkərdəsinin və ya maarifçilərdən kiminsə şəklini təşkilata hədiyyə etməyə, özü haqqında məlumat verməyə gəlib. Lakin sonradan məlum oldu ki, rəssam nə Atillanın, nə də Əli bəy Hüseynzadənin şəklini çəkməyib, məhz təşkilatın sədrinin portretini yaradıb və bunu hədiyyə edərək pul almaq istəyir. 

 
Bu rəssamı buna vadar edən heç də çoxbilmişliyi deyil, səfalətdən atdığı addımdır. Mühit hər kəs üçün bərabər imkanlar yaratmadığına görə, bəzi sənətkarlar sərgilərdə əsərlərini yayımlada bilmir, bu cür yollarla birtəhər dolanmağa çalışırlar. Abdulla Şaiqin xatirələrində Məhəmməd Hadinin öz şeirlərini küçədə satmasını oxuyanda sarsılmışdıq. Fəqir, səfalət içində yaşayan, ömrü təbəddülatlar içində keçən şair qarşısında bugünkü nəsil olaraq da utanmışdıq. Sonralar metroda Bəşir Kəsərlini görəndə, özünün dediyi kimi “yaxşı şeirləri, gözəl qəzəlləri” olmasa da, bir şairin maddi ehtiyac üzərindən birbaşa əlində kitab satmasının mümkünlüyünü gördük. 
 
Kiminsə gitara çalıb önünə papağını qoyub pul toplaması, küçədə öz əsərini satması əsla qınanılmamalıdır. Kütləyə başqa formada çıxa bilinmədiyi təqdirdə, bacarığını bu yolla kapitala çevirmək hər kəsin doğal haqqıdır. Anlatmaq istədiyimiz bir şairin, yazıçının, sənətkarın bərabər mühit yaradılmadığı üçün bu cür yollarla maddi ehtiyaclarını qarşılamasından gedir. 
 
Orta əsrlərdə hər şey sadə idi. Yaxşı şair ya sarayda yaşayırdı, ya da ki dolayısı ilə saraydan maliyyələşirdi. Verilən sifarişi yerinə yetirildi, namı həmin şahın torpaqlarında yayılırdı. Arada Nəsimi kimisi çıxıb bu gedişatı və düzəni protest edirdi, onun kimilərin də sonu çarmıx olurdu. Saray ədəbiyyatının digər maraqlı forması sovet dönəmində yaradılmaq istənilirdi. Təbii ki, bu dəfə tamam başqa formada, tamam başqa cür zorakılıqla. Cümhuriyyətin devrilməsindən 1937-ci ilə qədərki qəzet səhifələrində müxtəlif sovet tənqidçiləri yazarları, şairləri sırf mövcud ideologiyadan, əməkçi insanın fədakarlığından yazmağa məcbur edirdilər. Əks halda, müsavatçı, alçaq, pantürkist...kimi damğalar irəli sürür, birbaşa hədəf göstərir, Yazıçılar İttifaqından çıxarılmasının vacibliyini bildirirdilər. 
 
Məsələn, 1937-ci ilin “Kommunist” qəzetində Yusif Vəzir bu cür tənqid olunurdu: “O, “Qızlar bulağı”, “İki od arasında” kimi bu gündən çox-çox uzaq əsərlər yazmışdır...Nə üçün o, Müsavat hökumətinin Azərbaycan xalqını çapıb-talamasını göstərməyir? Sovet 
yazıçısı adını daşıyan bir şəxs üçün ölkəmizdəki parlaq qalibiyyətlər maraqsız qala bilərmi?”
 
“Kommunist” qəzetində bu cür iddialar təkcə Yusif Vəzir üçün deyil, eyni zamanda abstrakt mövzulara müraciət etdiyi üçün Hüseyin Cavid, hələ də pantürkist olmasına görə Əhməd Cavad və Əhməd Cavadın “quyruğu” kimi tənqid olunan Mikayıl Müşfiq haqqında da söylənilirdi. Eyni ittihamlar həmçinin dövrün alimləri, aktyorları haqqında da deyilirdi. Gənc tədqiqatçı Gülər Qasımova “Açıq ədəbiyyat” adlı kitabında bu cür ittihamların olduğu arxiv materiallarının bəzilərini açıqlayıb. O materialları oxuduqca repressiyaya məruz qalan yazıçıların qəzet səhifələrində nə cür amansızcasına təhqir olunduğunu görə bilərik. Şairlərin, yazıçıların həmişə hakimiyyətdən asılı salınmalarına cəhdlər göstərilib. Əks halda isə səfil günə düşməsinə çalışılıb. 
 
Məhəmməd Hadinin timsalında mühitin nə cür zərbə vurduğunun şahidi olduq. Məhəmməd Hadidən daha acınacaqlı durumda olan isə başqa bir şairimiz olub. Məhəmməd Səid Ordubadinin atası Hacağa Fəqir. Ordubadi xatirələrində uşaqlığı ilə bağlı acınacaqlı bir hadisəni qeyd edir. Atası bir gün ona bir kağız verir: “Bu kağızı aparıb Mənsur ağa adlı bir cavan vardır-onu tapıb verərsən, cavabını alıb gələrsən...Məktubu ona verdim. Alıb oxudu...Oxuyub qurtardıqdan sonra mənə bir söz demədi. Kağızı palçığın üstünə atıb tapdaladı və keçib getdi. Mən kağızı palçığa batmış bir halda yerdən qaldırdım. Bu halda atamın səmimi rəfiqi və əncümən üzvlərindən Məşədi Həsən dabbağ gəldi. Kağızı məndən aldı. Ağarəsul əttarın dükanında ucadan oxudu. Onların hər ikisi ağladılar. Mən sonra bildim ki, atam Mənsur ağaya tərif yazıb aclığını bildirmişdi. Dəbbağ Həsən bir dəsmalın ucuna pul düyünlədi və evimizə qədər yola saldı. Atam bu cür məktublardan bir çoxuna göndərirdi. Lakin yardım ala bilmirdi”. 
 
Belə…
 
Dilqəm Əhməd
Yuxarı