1400 illik David Qareci monastrından xüsusi reportaj

Альтернатива

 

Tiflisdən monastırın yerləşdiyi yerə maşınla iki saatlıq yoldu. Monastırın on kilometrliyində naşı yolçu ilk şokunu yaşayır. Burada, kilometrlərlə boş ərazinin tən ortasında 200 evlik bir kənd var - Udabno kəndi. Sovet vaxtı Gürcüstanda baş verən zəlzələdən sonra bura dağlıq ərazilərdə yaşayan svan tayfalarından adamlar köçürülüb. Bu kənddə kafe, dükan, gözəllik salonları və sair xidmət müəssisələri yoxdu. İnsanlar minik vasitəsi kimi daha çox atlardan və Sovet vaxtından qalma köhnə maşınlardan istifadə eləyirlər. Amma kənd silsilə yaşayış məntəqələrindən nə qədər uzaqda yerləşsə də, buranın ucqarlığı, sivilizasiyadan uzaqlığı hiss olunmur. Kəndin yollarında insanlar və olduqca nəhəng itlər qaynaşır.

Adadakı çılğın polyaklar

Kəndin ortasında dayanırıq. Bizi məbədə aparan çex qızı həyətində adamların vurnuxduğu bir evin yanında maşını saxlayır. Həyətdə iki sarışın kişi, iki sarışın qadın vurnuxur. İkimərtəbəli köhnə daş evin qapıları, pəncərə çərçivələri təzə rənglənib, həyətdə xeyli tikinti materialları var. Çex qızı maşından düşüb, onlarla salamlaşdı. Məlum oldu ki, bir polyak ailəsi bu kənddəki boş evlərdən birini satın alıb. Gürcüstanda məşhur məbədlərdən sayılan David Qareci monastırını görmək istəyən turistlər çoxdur. Amma monastırın yerləşdiyi yer yaşayış məntəqələrindən uzaq olduğu üçün turistlər yemək, qalacaq və başqa ehtiyaclar sarıdan əziyyət çəkirlər. Bu polyak ailəsi də həmin məbədi görəndən sonra monastırın yaxınlığında yerləşən kənddə bir kompleks tikmək fikrinə düşüblər. Bu günlərdə bura təhvil veriləcək. David Qareci məbədini görmək istəyənlər məbədin on kilometrliyindəki kənddə yemək yeyə, gecələyə və məbədə getmək üçün birovuz at götürə bilərlər.
Azərbaycanlı yol yoldaşlarımızdan biri zarafatla qayıdır ki:
- Avropalılar qafqazlıları tanımır. İki-üç dəfə bu qalacaqda dava salandan, bir neçə dəfə də atları birovuz götürüb, aradan çıxandan sonra bu polyaklar başa düşəcəklər ki, niyə indiyə qədər burada belə kompleks yaratmayıblar....

İlanlı yol

Udabnodan çıxandan sonra çex qızı maşını məbədin altı kilometrliyində saxladı. Dedi ki, qalan yolu piyada gedək. Həm yollar çox narahatdı - ora maşın sürməyək, həm də ki, məbədə gedirik də, bir az da çətinlik çəkək ki, əsl ziyarət olsun.
Bomboş ərazidə məbədə nə qədər yol qaldığını göstərən qəşəng, səliqəli bir lövhə vardı.
Bir neçə çoban dəyəsinin, bir neçə qoyun sürüsünün yanından keçdik.
Sonra yolun ən pis hisəsi başladı. Bura əsl ilan vadisi idi. demək olar ki, iki addımdan bir yolumuzun üstündə ya qıvrılaraq, ya da boyhaboy açılıb yatan, özünü günə verən ilana rast gəlirdik. Özü də ilanlar otların, kolların arasında, qayaların dibində yox, düz torpaq yolun ortasında yatmışdılar.

Seymur Baycan bal alır

Yolun yarısını gümrah addımladıq. Yarısından sonra ayaqlarımız ağrımağa, qəddimiz bükülməyə, dodaqlaımız qaysaqlamağa başladı. Hər diki qalxdıqca bələdçimiz, çex qızı Şarkanı azərbaycan dilində o ki var, söyürdük. Onun isə heç vecinə də deyildi. yerişindən, həvəsindən hiss olunurdu ki, belə səfərlərə tez-tez çıxır, əsl yol, səyahət adamıdı.
Axır ki, monastıra çatdıq. Kompleks şəklində olan məbədin əsas girişində iləyən buldozer deyəsən, bura arx çəkirdi. Düz girişin qabağında dayanıb, yolumuzu kəsən buldozer «dimdiyini» tağ şəklində əydi və hamımız əyilib, buldozer tağının altından keçdik. Üstümüzə bir neçə monastır iti cumdu. Amma hürmədilər. Torbamızdakı çörəklərdən onlara atsaq da, tox itlər çörək tikələrini yemədilər. Sağ tərəfdə üstü açıq tövlə vardı. Bir neçə rahib tövlədəki inəklərin altını kürüyürdü. İyirmiyə yaxın qaramal vardı tövlədə. Sol tərəfdə üstünə kiril əlifbası ilə «moloko» yazılmış su maşını və qabağında uzun ətəkli bir rahibin oturduğu dini mağaza vardı.
Bizə yol yoldaşılığı eləyən, yazıçı Seymur Baycanla dükana girdik. Burada rahiblərin özlərinin hazırladıqları bal, şərab, ağacdan yonma xaçlar, məbədin şəkilləri, dini motivli bəzək əşyaları satılırdı. Seymur Baycan iki qab bal aldı.

Zaza ata bizə Davidin göz yaşlarını içirdir

Çex qızı Seymur Baycanı məbədin tam mənzərəsinin açıldığı hündürlüklərə apardı. Bizsə qalan dostlarla kompleks monastırın mağara-otaqlarını, monastırın əsasını qoymuş David Qarecinin məzarını, daşdan yonulma pillələrini, balaca bağçalarını, rahiblərin mətbəx-yeməkxanasını gəzdik. Hər yerdə təmizlik, səliqə və intizam hökm sürürdü. buradakı rahiblər məbədə hər gün turistlərin gəlməyinə öyrəşib. Buna görə də, heç biri gündəlik həyat tərzlərini axsatmırlar. Hərəsi bir ilə məşğul olur. Yeməkxanada təxminən qırx nəfərlik yemək hazırlayan kim, bağçaya qulluq edən kim, monastırın həyətini süpürən, dükana gələnlərə mal satan kim...
Xeyli gəzəndən sonra yorulduğumuzu və susadığımızı hiss elədik. Monastırın yeməkxanasına keçdik. Yarıqaranlıq, avadanlığı qırx nəfərlik uzun yemək masasından, üç gözlü ocaqdan və qab-qaşıqdan ibarət yeməkxanada da hər yerdəki təmizlik və səliqə vardı. Yeməkxanada vurnuxan Zaza ata adlı yaşlı rahibdən su istədik. Rahib parçı doldurub bizə uzatdı. Parç böyük olduğundan yarısını içəndən sonra suyun qalanını boşaltmaq istədik. Zaza Ata etiraz elədi:
- Bu suyu lazımsız yerə harasa tökmək olmaz. Axı bu adi su deyil. David Qareci buralarda məskən salanda uzun müddət susuzluqdan əziyyət çəkib. Sonra əllərini göyə açaraq, ağlaya-ağlaya Tanrıdan su istəyib. Onun yalvartısını eşidən tanrı monastırın həyətindəki daşa əmr edib və daşdan su damılamağa başlayıb. Deyilənə görə, David su istəyəndə o qədər göz yaşı töküb ki, indi bu su onun göz yaşlarının əvəzidi. Bu su korların gözlərinə işıq gətirir, sonsuzlara övlad, xəstələrə nicat verir. Övlad həsrətində olan neçə cütlük bu suyu içəndən sonra tanrı onlara uşaq bəxş eləyib. Atədən elə olanda, oğlan uşağının adını David qoyurlar...

Gün ərzində Gürcüstan-Azərbaycan sərhəddini on dəfə pozan oğlan

David Qareci monastırında missiya yerinə yetirən rahiblərlə yanaşı, kimsəsi olmayan oğlan uşaqları da yaşayır. Monastır belə uşaqları himayəyə götürərək, yemək, paltar və qalacaqla təmin edir. Oğlanlar isə bu yaxşılığın əvəzini monastıra xidmət etməklə, təsərrüfat işlərinə kömək etməklə çıxırlar.
Bütün din xadimləri kimi, rahiblər də adətən qaraqabaq olurlar. Amma rahibin milliyəti gürcüdürsə, təbii ki, vəziyyət bir az dəyişir. Gürcü rahiblərin çoxu deyib-gülən, yaxşı vuran, əhli-kef adamlar olur.
David Qareci məbədinin rahibləri isə olduqca qaraqabaq idilər. Susqunluqla yanımızdan ötür, öz işləri ilə başlarını qatır və suallara könülsüz cavab verirdilər.
13-14 yaşlı yeniyetmə bir oğlanla tanış olduq. Bu yeniyetmə uşaq ikən ata-anasını itirib. Heç kimi olmadığından, monastır oğlanı himayəyə götürüb. Bu həndəvəri yaxşı tanıyan oğlan monastıra gələn turistlərə kompleksin Azərbaycan tərəfində yerləşən hissələrinə bələdçilik eləyir. Sərhədçilərin qorumadığı şərti sərhdəddən gündə azı on dəfə turistləri o tərəf-bu tərəfə keçirən oğlan Azərbaycan-Gürcüstan sərhəddini hər gün beləcə, dəfələrlə pozmuş olur.

Monastırda axşam duası

Seymur Baycan monstırın yüksəkiklərindən enməmiş, Zaza Ata Davidin göz yaşlarını bizə içirər-içirməz, bütün susqun rahiblər bir mərkəzə axışdı. Bir neçə dəqiqədən sonra həndəvərə monastırın axşam duası yayıldı. Rahiblər nəsə oxuyanda, həmişə olduğu kimi, bu dəfə də yadıma uşaqlıqda çox sevdiyim çoxseriyalı film - «Tikanlıqda şərqi deyənlər» düşdü...

Günel Mövlud

Simsar.az

Kultura.az | Developed by Samir Yahyazade