Ədalət Ziyadxanov

Альтернатива

 

“Ədalət Ziyadxanov”- özünü belə təqdim elədi. Bir teatr rejissoru idi qarşımızda dayanan bu insan... Amma biz kimə rast gəldiyimizi zaman keçdikcə anladıq. Mənən azad bir yaradıcılıq düşkünü, həyatın tənhalığından özünə xoşbəxtlik yarada bilmiş və sanki həyata hansısa ədəbi əsərin içindən qaçıb gəlmiş bir obraza rast gəlmişdik əslində.. Sükutuyla danışır, gülüşüylə ağlayır, tənhalığıyla qürur duyur, azadlığıyla birgə məhbəs həyatı yaşayır və bütün bunların fonunda qazanan biz idik. Biz zamandan daha sürətli dəyişirdik. Bizimki tələbəlik olmadı. Biz sadəcə dünyanın ən uzun xronometrajlı filminə baxdıq. Tam 4 il... Bəli, film kimi idi hər şey. Rejissoru da özü idi, aktyoru da.. Çəkdi öz həyatını çəkə bildiyi qədər.. Gözümüzün qarşısında.. Amma filmin sonunda ssenari dəyişdi.. Son cümləsi də bu idi:

  • Əgər sənin içində nəyəsə qarşı üsyan yoxdursa, sən məhvsən.. məhvə məhkumsan...

Üsyan elədi.. Saxta insanlara, saxta səmimiyyətə, əli qovluqlu alçaqlara... Və bu üsyan – hədəfə alınmışlar tərəfindən amansızlıqla yatırıldı. O, universitetdən qovuldu.

İncəsənət universitetinin gələcək nəsilləri sadəcə bir müəllim və ya rejissor itirmədilər. Onlar canlı bir kitabxana itirdilər. Sözlə dolu bir ürək itirdilər. Elə bir obrazı itirdilər ki, o, Dostoevskinin Raskolnikovu qədər əzabkeş, Hüqonun Jan Valjanı qədər müdrik, Cəfər Cabbarlının Aydını, Oqtayı qədər çılğın idi...

Ən son 4 nömrəli xəstəxananın 3-cü mərtəbəsində görüşə bildik onunla.. O, yaddaşını itirmiş vəziyyətdə gülümsəyirdi bizə.. İlk dəfə idi ki, o, gülürdü, biz ağlayırdıq. Dərslərin birində “Aktyor səhnədə ağlarsa, tamaşaçı gülər. Əsl ustalıq ondadır ki, aktyor gülsün, tamaşaçı ağlasın. Dahilik budur” demişdi... Bəli, dahinin qarşısındaydıq. O, uşaq kimi gülürdü, biz isə ağlayırdıq. Filmin son səhnəsi idi bu... Amma son səhnə bitməmiş “İşığ”ı kəsdilər. “İşığ”ı əlimizdən onun qızı alıb apardı və hələ ki, sonu bilinməyən bir qaranlıqdayıq. Bilmirik, bəlkə də utanırdı atasının içkidən o vəziyyətə düşməsinə, bəlkə də ölümünü tezləşdirməkçün nələrsə etdi. Aldı onu bizim əlimizdən..

Biz onun sənət dostlarına, yaxınlarına, ictimaiyyətə müraciət edirik. Rejissor Ədalət Ziyadxanovun ölü, yoxsa diri olmasını aşkar etməkdə bizə kömək edin. Ailəsinə isə sözümüz budur: Ədaləti gizlətmək olar, amma haqqı və həqiqəti əsla !!! Ona görə də tələb edirik: bu “Ədalət”sizliyə son qoyun !

Rahil Sayadoğlu


 

Kultura.az | Developed by Samir Yahyazade