Erkin Qədirlinin Vaşinqton çıxışı barədə

Альтернатива

 

Erkin bəy çıxışının sonunda Ermənistanla Azərbaycan arasında ritorik müqayisə apardı. Dediklərini belə anladım ki, 1990-cı illərin əvvəllərində ermənilər Qarabağ, biz isə müstəqillik istəyirdik. Nəticədə Ermənistan müstəqilliyini itirib Qarabağı, Azərbaycan isə Qarabağı itirib müstəqilliyini qazandı. Bəlkə də xarici auditoriya üçün uğurlu izahdı. Ola bilər. Amma şəxsinə hər cür hörmətimə rəğmən onun bu fikriylə razılaşa bilmirəm. Ən azından ona görə ki, hər iki xalqın milli hərəkatı müstəqillik uğrunda yox, Qarabağa görə başladığının şahidiyəm...

 

Bəzilərimiz vətənin bir hissəsini itirmək müqabilində müstəqil dövlət olduğumuzu düşünə bilər. Qarabağı vətənin bir hissəsi sayanların bu fikri bölüşməsi təbii sayılmalıdır, bəlkə də. Amma Qarabağı “vətənin bir hissəsi” yox, vətənin özü qəbul edənlər də var. Vətənsiz müstəqillik olurmu?! Bu sözümü pafos hesab eləməyin! Ondan mənim də zəhləm gedir. Borçalı, Dərbənd, İrəvansız dövlət qurduğumuzu da xatırlatmayın, lütfən, bunu bilirəm. Sadəcə, müstəqillik bir yana, Qarabağsız Azərbaycanı dərk edə bilmirəm. Bəlkə bu, mənim oranı görməyimdən, orada doğulub yaşamağımdan gəlir. Görüb yaşamasaydım bu qədər isti olmazdı, soyuyardı, başqa üzü soyumuş torpaqlarımız kimi.

 

Azərbaycan doğrudanmı müstəqildir? Düşünürəm ki, o, nəinki əhatəsində olduğu iki nəhəng yırtıcı dövlətdən, BP kimi qüdrətli şirkətdən, bölgədə barmağı olan güc mərkəzlərindən, hətta balaca Gürcüstanda da asılıdır. Sanki Azərbaycan dövləti hamıdan asılıdır! Tək öz vətəndaşlarından savayı. Vətəndaşı azad olmayan dövlətlərin müstəqilliyi uzaqbaşı Şimalı Koreya rəngində, formasında, məzmununda olur. Belələrinin uğurlu sonunu hələ tarix görməyib. Biz Qarabağı itirməklə, əksinə, Ermənisatan kimi tək Rusiyanın deyil, xeyli sayda gücün təsirinə düşdük.

 

Bərbad iqtisadi duruma görə Rusiyanın Ermənistanı satıl alması kimi fikirləri də kənara qoyaq. Acından adamlar ölür, dövlətlər yox. Mərkəzi Afrika ölkələri hələ yerindədilər. Günlərin birində müstəqil olmayan Ermənistan referendum keçirib, Qarabağ da tərkində, Rusiyaya birləşə bilər, respublika, yaxud lap “oblast”larından biri da olar. Sabah da tarixin bir başqa dönəmində əsl müstəqilliyini qazanar, Qarabağ da tərkibində. Beynəlxalq hüquqdan danışacaqsınız? Yenə?

 

Bəs biz necə? Vətənin bir yerində vətənin o biri yerini itirmək hesabına azad, müstəqil yaşaya bilirikmi? “Qarabağ” və “demokratiya” anlayışları barədə “Qarabağ atıyla demokratiya dalınca” yazısında fikirlərimi yazmışdım. İndi də “Qarabağ və müstəqillik” barədə belə düşünürəm ki, Qarabağdan kənar müstəqil Azərbaycan yoxdur! Qarabağ bir problem kimi elə məhz Azərbaycanın dırnaqsız – REAL müstəqil ola bilməməsi üçün mövcuddur.

 

Arzum isə odur ki, dostumuz Erkin Qədirlinin həmsədri olduğu REAL-ın ideyaları gerçəkləşsin və onun hakimiyyətində Azərbaycan Qarabağla birgə real müstəqil dövlət olsun!

 

“Qarabağlı real müstəqil Azərbaycan!” Necə də xoş səslənir, deyilmi?

Vahid Qazi

Kultura.az | Developed by Samir Yahyazade