Göyüzünün o üzünün o üzü

 
Siz onların yazdıqlarını oxuyursunuz, amma anlamaqda çətinlik çəkirsiniz. Müəllifin qarnının ağrısı bilinmir. Məsələn, sevgidən yazıbsa, qaranlıq qalır: sevir, ya sevmir? Sevirsə, nədən narazıdır, sevmirsə, niyə gileylənir? Ümumiyyətlə, onun sevgisinin ünvanı nədir: qadın, kələm dolması, ya nə?
 
Eləcə baxırsan müəllif bir ucdan üyüdüb. Fikirləşirsən ki, hamısı boş söhbətdir, müəllifin yeganə arzusu oxucunun beynini zorlamaqdır, onun pişiyini ağaca dırmaşdırmaqdır. Ya da bacardığı budur, qabında olan budur.
 
Onlar fəlsəfə meşəsində azanlardır. 
 
Belələrinin ən sevimli mövzuları qadın, ölüm, tənhalıq, göyüzü, göz yaşı, ayrılıqdır. Hə, bir də fikir vermişəm, onların yazılarında bu gün yoxdur. Onlar naməlum zamandan yazırlar. Özlərini zamanın fövqündə göstərirlər. Ətraflarında baş verənlərə mənasız, cari işlər kimi baxırlar. Yazılarına yerləşdirilən şəkillərində gözləri həmişə uzaqlara dikilib. O uzaqlıq əbədiyyətdir. 
 
Əbədiyyət! Bu - onların fikirlərini məşğul edən yeganə nəsnədir. Öz aləmlərində hesab edirlər ki, hansı yazıda bu gün yoxdursa, indi yoxdursa, deməli, reallıq, canlı həyat və insan materialı yoxdursa, deməli, o yazı “ölməyən”dir, əbədidir. Guya adamlar həmişə bu yazıları oxuyub oradan nəsə öyrənəcəklər. 
 
Hər zaman özlərini elə aparırlar ki, guya bunlar çox dərin düşünür, düşündükcə düşündürürlər. Guya onları başa düşməyənlər çox bayağıdırlar, hətta debildirlər, guya bunların yazdıqlarını 27-ci əsrdə-zadda oxuyub anlayacaq, anlayıb qiymət verəcəklər. Guya həyatın içindən, ətrafda olub-bitənlərdən yazılan hər şey ötəridir, əsl yazar göydəki durna qatarına baxıb uzun-uzadı fəlsəfə “kaçatlamalıdır”. Özü də guya bu qələmlə yox, həmin durnalardan birindən düşən lələklə yazır. Məsələn belə: “Səninlə müvəqqəti vidalaşmaqda belə, əbədi bir ayrılıq qorxusu gizlənir. O qorxudan qaçıb, səndə gizlənmişəm. Lütfən xəlvətcə yerimi ona göstərmə... Yoxsa o məni tapacaq. Tapacaq və bu dəfə də mən gözümü yummalı olacam. Amma beşə və ya on beşə qədər sayıb yenidən açmaq üçün yox...”
 
Bax indi qardaş, bu nədir? Siz əziz canınız, nə başa düşürsünüz bundan? Müəllif nə demək istəyir? Onu narahat edən qayğılandıran nədir? Bizi hansı mətləbdən hali etmək istəyir? Ümumiyyətlə, nə ehtiyac var buna? Belə yazmağa bir müəllifi nə məcbur edə bilər?
 
Dünyasını dəyişib, odur ki, adını çəkməyəcəm. Bu cür müəlliflərdən birinin ağırtonnajlı yazılarını xatırlayıram. Bir dəfə onun bir yazısını oxudum. Gözlərimə inana bilmədim. Anlaşılmayacaq bir dənə də cümləsi yox idi. Nə yazdığı gün kimi aydın idi. Dərdini bilmək olurdu. Həmin yazıda o, kommunal problemlərdən gileylənirdi, yaşadığı binada işıqların tez-tez kəsilməsindən, suyun fasilə ilə verilməsindən, qaz borularındakı nasazlıqdan şikayətlənirdi. 
 
Bəli, reallıqla toqquşmaq budur. Ayaqların yerdən qopar, buludlardan düşməzsən, illərlə göyüzündən, göyüzünün o üzündən, göyüzünün o üzünün o üzündən yazıb durarsan, kimsə nə dediyini, dərdinin nə olduğunu bilməz. Amma bir gün reallıq, həyat şərtləri səni göydən yerə endirər, qələmə sarılmağa məcbur edər və sən oturub dərdini aydın bir dildə anlatmalı olarsan.
 
Beləcə, fəlsəfən, əbədiyyət arzun, dahilik xəyalların, çox yekə, ağır və dərin düşünmək, yazmaq mərəzin əlini çənənə qoyub müdrik baxışlarla arxasınca baxdığın durna qatarına qoşulub gedər.
 
Artıq o durna qatarından düşən lələyi neyləyəcəyinə də özün qərar ver.
 
Elnur Astanbəyli
Azadlıq Qəzeti
Kultura.az | Developed by Samir Yahyazade