post-title

Orxan Pamukun burjua kədəri bizlik deyil…

Facebookda it-pişik şəkilləri paylaşan, ölmüş itə, quyruğu yanmış pişiyə, yorulmuş eşşəyə görə kədərli statuslar yazan, amma hər gün addımladığı “Tarqovı”da etirazçı gənclər al-qanına boyananda laqeydcə ötüb keçən qızların, atasının rüşvətlə aldığı “Cip”lərdə Üzeyirin diskini oxudan oğlanların anlaya biləcəyi əsər deyil «Mənim universitetlərim».

 

 

MƏNİM UNİVERSİTETLƏRİM

Sovetlər dövrünün dissident yazarı Aleksandr Soljenitsın “QULaq arxipelaqı”ında əsər boyu Qorkini tənqid edir. Onu dustaq əməyinin istismarını tərənnüm etməkdə, diktatorla dostluqda günahlandırır.

Amma həyat necə elədisə, SSRİ kimi nəhəngə meydan oxuyan yazıçı 90 yaşında gəlib Putinin əlini sıxdı, Medvedevi “gənc və yaxşı siyasətçi” adlandırdı, diktator Putinin islahatçı Qorbaçovdan min dəfə yaxşı ölkə başçısı olduğunu dedi...

Azərbaycanlı kitabsevərlərə  əsəbi yazıçı-publisist dostum Seymur Baycanın təqdimatından tanış olan amerikalı yazıçı Henri Miller isə deyir ki, əsl universitet Maksim Qorkinin «Mənim universitetlərim»idi.

Tərəkəmə təfəkkürü ilə kitab oxuyan, ədəbiyyata məhəllə «panyatka»sı ilə yanaşan  azərbaycanlı oxucunun «əxlaqsız» adlandırdığı cənab Miller qəbrində rahat yatsın, bizsə bir az əsərdən danışaq.

Elə əsərlər, elə filmlər var ki, onları oxumağın, baxmağın öz vaxtı var. Sən lap mütaliənin ən həvəsli vaxtında oxumuş olsan belə, elə əsərlər var ki, onları anlamaq, düzgün nəticələr çıxarmaq, ruhuna yaxınlaşmaq üçün başına itin oyunu gəlməlidi. Həyat səni son vaxtlar başları eylemlərə qarışmış türk müğənniləri demişkən, yerdən-yerə vurmalıdı. Ac qalmalısan, dəyişək ayaqqabın, yatmağa yerin, getməyə evin olamamalı, sığınmağa adamın qalmamalıdı.

Bəli, elə əsərlər var ki, onların ən yaxşı tənqidçisi hayatdı. Sən ancaq həyatın tədqitatı nəticəsində o əsəri anlaya bilərsən.

Qorkinin «Mənim universitetlərim»i belə əsərlərdən biridi. 19 yaşlı, gənc Qorki nənəsi ilə vidalaşıb əyalət şəhərlərindən birinə oxumağa gedir. Kasıb bir dostu ona evində sığınacaq verir.

Dostunun ailəsi o qədər kasıb olur ki, kartof soya-soya Qorkidən onlara niyə gəldiyini soruşan və «burda qalıb oxumaq istəyirəm» cavabını alan anası dəhşətə gəlib əlini bıçaqla kəsir.

Uşaqlarının boğazından kəsilib, yad adama yedirilən hər çörək tikəsi onun qəlbindən daş kimi asılırdı….

Bir müddət siçovullarla dolu zirzəmidə gecələməli olan Qorki nənəsinin ölüm xəbərini alır. Yazır ki, sonralar o vaxt dərdimi siçovullara danışıb, yüngülləşmədiyimə görə özümə acığım tutur...

Bir müddət sonra Qorki fahişələrin, tələbələrin, fəhlələrin qaldığı bir binada dəhlizin bir hissəsini kəsib, özünə otaq eləyir. Binanın başqa sakinləri ilə bağlı müşahidələri, təsvirləri olduqca dəhşətlidi. Əsərin bu hissəsini oxuyanda mən başa düşdüm ki, biz necə yarısüni, yarısaxta, gülməşəkər həyat yaşayırıq. Əsl, gerçək, həyati münasibətlərdən nə qədər uzağıq.

Facebookda it-pişik şəkilləri paylaşan, ölmüş itə, quyruğu yanmış pişiyə, yorulmuş eşşəyə görə kədərli statuslar yazan, amma hər gün addımladığı “Tarqovı”da etirazçı gənclər al-qanına boyananda laqeydcə ötüb keçən qızların, atasının rüşvətlə aldığı “Cip”lərdə Üzeyirin diskini oxudan oğlanların anlaya biləcəyi əsər deyil «Mənim universitetlərim». Tələbələr gecələr pərdələri kip örtüb, çıraq işığında qadağan olunmuş ədəbiyyat oxuyurlar. Fahişələr kimsəsiz dəli ac qalmasın deyə, onun qapısının ağzına çörək qoyurlar.

Şəhərə miras məsələsi üçün gəlmiş bir fırıldaqçı tələbələrə süfrə açır, cibindən pul çıxarıb, onlara paylayır. Çörək sexi işlədən bir gənc bütün evini, dükanını inqilabi fəaliyyəti olan tələbələrin ixtiyarına verir. Sonuncu qəhrəman bir dəfə şikayətlənir ki, özümə hər gün nə qədər corab alıram, amma birini də tapmıram, hamısını tələbələr geyinib, gedirlər.

Elə oxucular olur ki, mən hərdən onların bizi oxumasına, anlamasına heyrət edirəm. Görürsən ki, ali təhsili yoxdur, sadə fəhlə, sürücü, satıcıdı. Amma elə yazıları oxuyur, elə adamlara simpatiyası var ki, adamın inanmağı gəlmir.

Eqoistliyimizə salıb düşünürük ki, axı bu adamın savadı yoxdu. Mütaliəsi zəifdi, özü bəsit adamdı. Necə oldu ki, bizi ali təhsilli, iki universitet qurtarmış, prestijli yerlərdə işləyən, savadlı adamlarla oturub-duranlar, statuslarında P.Akkroydun, Pyer Giyotanın, nə bilim, heç kimin tanımadığı müəlliflərin adını çəkənlər anlamadığı halda, adi satıcı anladı, fəhlə anladı, sürücü anladı.


Bir az söhbət edəndən sonra görürsən ki, bu sadə adamlar ən çətin universiteti, «həyat» universitetini, yəni Maksim Qorkinin universitetini keçiblər. Bu adamlar yazdıqlarımızın çox hissəsini mütaliələri ilə deyil, yaşadıqları ilə, ağrıları, əzabları ilə anlayırlar. Ağ bulka, qara kürü, qırmızı çaxırla böyüyən, yaşayan insanların meydana çıxıb etiraz edənləri, yazdıqlarında vətəndaş mövqeyi nümayiş etdirən yazarları, prinsipləri naminə səhnədən uzaq düşməyə məcbur olan aktyoru anlamağı çətindi. Belə adamlar «çörək yoxdu, bulka yesinlər» fəlsəfəsi ilə yaşayan adamlardı.

Belə insanlardan söz düşmüşkən, onların ədəbiyyatını yazan yazarlar barədə də bir-iki kəlmə demək yerinə düşərdi. Azərbaycanda Orxan Pamukun təsirinə düşənlər çoxdu. Belə gənclərdən biri Orxan Pamukunmu, yoxsa Maksim Qorkininmi daha böyük yazıçı olduğunu təvazökarlıq naminə adını çəkmək istəmədiyim müasirlərimizin birindən soruşur. Yazar dostumuz gəncə cavab verir ki, ədəbiyyat məsələsində belə sual vermək, təxminən “Kamaz ötər, yoxsa Jiquli?” deyə soruşmaq kimi bir şeydir. Ürəyi soyumayan, sualının cavabını nəyin bahasına olursa-olsun öyrənmək istəyən gənc bu sualı Şərif Ağayara verir. Son günlərin ədəbiyyat hadisələrinin əsas qəhrəmanı Şərif Ağa qısaca cavab verir:

- Orxan Pamukun bütün yaradıcılığını yığsan, Maksim Qorkinin bir “Arxip baba və Lyonka”sı eləməz!

Bəli, yuxudan oyananda iki saat səhər tualeti ilə məşğul olan nənəsindən yazan, İstanbul sokaklarında belində yük daşıyan hambalların yoxa çıxmasından kədərlənən, Nobel nitqini atasının çamodanına həsr eləyən, ailəsi ilə arası dəyəndə babasından qalma mülkdə qızla əylənən yazıçının burjua kədəri bizlik deyil. Buna görə də, ailədəki on dörd uşağın on ikincisi olub, ömrü boyu böyük qardaşının köhnələrini geyinən hansısa gənc Orxan Pamukun kədərini, “Istanbul”, “sırt hammalları”, “ahşap konaklar” nisgilini anladığını, bu kədərin ona doğma olduğunu deyəndə, açığını deyim ki, bu mənə bir balaca görməmişlik kimi gəlir.

Günel Mövlud

Azadliq.org

Yuxarı