İnsan tutan balıqçılar

Dilqəm Əhməd

 

Şimon isə dedi: “Müəllim, bütün gecəni əlləşmişik, amma bir şey tutmamışıq. İndi ki sən deyirsən, baş üstə, torları ataram”. Doğrudan da, onlar belə etdikdə o qədər balıq tutdular ki, torları yırtılmağa başladı. Onlar o biri qayıqdakı yoldaşlarını işarə ilə köməyə çağırdılar. Yoldaşları yaxınlaşıb hər iki qayığı balıqla doldurdular. Qayıqlar o qədər doldu ki, ağırlıqdan batmağa başladılar.  Bunu görən Şimon Peter İsanın ayaqlarına yıxılıb dedi: “Ağa, mən günahlı adamam, məni burax”. Çünki bir belə balıq tutduqlarına görə onu və yanındakıları heyrət bürümüşdü.  Şimonun şəriki olan Zebedeyin oğlanları Yaqub və Yəhya da heyrət içində idilər. Amma İsa Şimona dedi: “Qorxma! İndən belə diri adam ovlayacaqsan”. Onlar qayıqları sahilə çıxartdılar və hər şeyi qoyub İsanın ardınca getdilər. (Luka 5:1-10)

İncildəki bu qeyd məişətdəki insanın cəmiyyətdə oynayacağı sosial rola çevrilməsinin bariz nümunəsidir. İsa digər yarımistik şəxsiyyətlər kimi dini mətnlərdəki istilahla desək möcüzələri, əslində isə şəxsi xarizması ilə insanları arxasınca apara bildi. Əgər o, adi balıq tutan insanları özünə inandırıb çarmıxa qədər yola çıxdığı mücadiləsinə qoşa bildisə, bunun inam mərhələsi önəm daşıyır.

İnsanlar İsaya inandılar. İsanın doğuluşundan keçən iki min il ərzində yalnız insanları İNANDIRA BİLƏN şəxslər uğur qazandılar. Hansı ki, o şəxslər bu yola çıxarkən öz şəxsi maraqlarının olmayacağına, xalqı uğura aparacağına inandılar. Əgər Şimon, Andreas İsada olan o inamı görməsəydilər, qayıqlarını atıb insanları həqiqətə səsləyən sərgərdan birinin arxasınca getməzdilər.

Ölkədə minlərlə Şimon və Andreas var. Onlar öz gündəlik məişətdəki həyatlarına davam edirlər.
Ölkədə onlarla müxtəlif sosial qruplar var ki, onlar hələ heç kimin məngənəsinə düşməyib gerçək inana biləcəkləri adamı gözləyirlər. Onlar öz gündəlik məişət həyatlarından xilas olub, bu dəfə insan tutan balıqçılara çevrilmək istəyirlər. Sosial, intellektual dəyişiklik hələ də əllərində tor, çaydan balıq tutaraq gözləyənlərlə mümkün olacaq. Onlar sadəcə inanacaqları adamın gəlişinə qədər torpaqdan imtina edib suyun içində balıqlara tor atmaqla məşğuldurlar.

Onlar hansısa universitetin oxu zallarında dörd-beş yoldaşı ilə oturub “Pereyra iddia edir”i müzakirə edirlər.
Onlar hansısa parkda əyləşib sabaha olan qarmaqarışıq düşüncələr içində “Tatar çölü”nü oxuyurlar.
Onlar hansısa məbədə baxan bir küçədə əyləşib, inanc burulğanı içində “Siddhartha”nı mütaliə edirlər.
Onlar hansısa qanun pozuntusunun baş verdiyi küçəyə baxan evlərdə təəssüf hissi ilə “Məhkəmə”ni oxuyurlar.
Onlar çıxılmazlıq içində “1984”-ü oxuya-oxuya yaşadıqları dönəmin mahiyyətini anlamağa çalışırlar.
O insanlar çoxdurlar. Həmin sosial qruplar onlarladır. Onlar gələcək Azərbaycanı keçmişin qalıqları üzərində deyil, beyin kompaslarını birbaşa Avropaya doğru əbədi quran insanlardır.

Siz siz olun beyin kompasınızı Ərdoğana, Fəthullah Gülənə, Əli Şəriətiyə, Xomeyniyə çevirməyiniz. 

Dilqəm Əhməd

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade