Adam gərək oğraş olsun

Айдын АЛИ-ЗАДЕ

 

Yaşamım boyu çoxlu “kişiləri” görmüşəm. Hələ məktəbli-tələbə-əsgərlik illərimdə kişilər onu-bunu döyüb əzirdilər, bunu “kişilik” adlandırırdılar. Zəyiflərə isə “petux” deyib alçaldırdılar. 

Sonrakı çağlarda “kişilərin” artıq əl-qolla deyil, başqa vasitələrlə ətrafda olanları əzməyini gördüm və indi də görürəm. Örnək üçün bir kişini tanıyıram. Pulu da var, hörməti də. Yaşadığı yerdə hamını boğaza yığıb. Öz maraqlarını başqalarının haqlarını əzməklə yeridir. Ancaq ona qulaq assan, deyərsən ki, o həmişə haqlıdır.

Başqa pullu kişini tanıyıram. O da ağır kişilərdəndir. İşdə də, evdə də hamını boğaza yığıb, öz kişiliyini hər zaman göstərir. Camaat da bilmir nə etsin bununla. Adamı da var, pulu da. Evdəkiləri də o qədər basır ki, onlarda da psixoloji problemlər yaranıb. Bir tərəfdən dəli kimi gəzirlər. Başqa tərəfdən “kişi” atalarına başqaları əzməkdə yardım edirlər. Axı “kişi ailəsindəndirlər”. 

Bu kimi kişilərin pulları da var, özüdə çoxdur. Başqalarına yardım da edərlər. İndi kişilik edib pulları 1001 əyri yollarla qazansan 1-2 nəfərə yardım etmək problem deyil ki! Eləyəndə də, onlar haqqında deyirlər “kişi adamdır”, əli açıqdır. Özüdə pulu istənilən yolla qazanan avtomatik kişi olur bizim cəmiyyətdə. Təki pul olsun. Onsuz kişilik olmaz. Kişilər daim qeyrət, namusun keşiyində dururlar. Onsuz nə kişilik? Ancaq bir də görürsən hansısa başqa qadına gözləri düşür. Ancaq o halda da onlar olur kişi, o qadın gəhbə, qadının qohumları isə oğraş. 

Biz “kişi adam” deyəndə bəlkə də başqa bir şey görmək istəyirik, ancaq gerçəkdə kişilik bax budur. Doğrudan da kişilik elə budur. Kim deyər ki, yuxarıda yazdığım adamlar kişi deyil? Hər şey onlardadır – qeyrət, hörmət, pul, mənlik, ağır xassiyət və s. 

İndi bu kişilər belədirsə, onda belə bir soru da yaranır ki, “oğraşlıq” nədir? Ancaq bu sözdə də heç bir aydınlıq yoxdur. “Oğraşlıq” haqqında hamı çox danışır, ancaq tərif verən yoxdur. Xalq arasında “oğraş” qeyrəti olmayan kimsədir. Qeyrət nədir? Yenə də dəqiq cavab yoxdur. 

Mən belə başa düşürəm ki, əgər kişilik yuxarıda yazdığımdırsa, onda elə “oğraş” olmaq daha yaxşıdır. Çünki birincisi qeyrət nə olan şeydir, heç kim dəqiq bilmir; tərif də verə bilmir. Başqa tərəfdən, oğraş sakitcə oğraşlığını edir, kimsə ilə işi yoxdur. Oğraşın pulu, hörməti də olmaz. Deməli kiməsə ilişməz. 

Beləliklə oğraş cəmiyyət üçün ən təhlükəsiz adamdır. Heç kəslə işi yoxdur, yeri gələndə “kişilər” tərəfindən əzilib təhqir olunan da odur. Çünki oğraşları əzməyən kişi, kişi olmaz axı! 

Mənə də nə gərəkdir bu dünyada? Mənə heç kəs mane olmasın, ilişməsin, həyatımı korlamısın, burununu mənim işlərimə və şəxsi həyatıma soxmasın. Bütün bu tələblərə kişilər yox, elə oğraşlar cavab verir. 

Ona görə də bizim “Adam kişi olar” kimi xalq deyimimizi mən qəbul etmirəm. Əslində dərindən düşünənədə belə qərara gəlirəm ki, o deyim “Adam oğraş olar” kimi səslənməlidir. Çünki kişilər nə qədər az olsa, o qədər də biz güvənclik və təhlükəsizlik içində yaşaya bilərik.

Aydın Əlizadə

Kultura.az | Developed by Samir Yahyazade