Əmir Kusturitsa: "Dünya çox həyasız və çirkin vəziyyətdədir"

Кино

 

Əmir Kusturitsa ilə danışmaq üçün bir neçə dəfə ona zəng vurdum. Müsahibə almaq üçün görüşmək xahişində bulundum. “Salam!” - o, qaltaqlı səsiylə məni salamladı, amma deyəsən kiminlə danışdığını dəqiq anlamadı. “Müsahibə almaq yaxşıdır. Sabah zəng edərsiniz”. Mən sabah da, birisi gün də müntəzəm zəng edirdim, amma bir nəticəsi olmurdu. Nəhayət, bizə məlum oldu ki, Kusturitsa özünün məşhur “Tütün çəkməyənlər orkestri” ilə Rusiyada çıxış etməyə hazırlaşır və öz qastrol səfərinə Soçi şəhərindən başlayıb. Mən qış Olimpiadasının paytaxtına gəldim, elə Kusturitsanın qaldığı mehmanxada yerləşdim. Digər məsələlər isə texniki mahiyyət daşıyırdı.

Kusturitsa məni mehmanxana zalında görərkən heç təəccüblənib-eləmədi, eləcə parlaq gözlərlə mənə baxıb hökmlə dedi: “Rossiyskaya qazeta!”. Sanki bununla aradan çıxa bilməyəcəyinə işarə etdi.

Biz restoranda masa arxasında əyləşdik. Əmir Kusturitsa pəhriz menyusuna baxdı və ən əvvəl sərt qəhvə sifariş verdi. Onun baş administratoru, tərcüməçi vəzifəsini öz üzərinə götürmüş Mirko təvəccöhlə razılıq verdi: “Hə, indi kefiniz istəyən qədər bir-birinizi tərifləyin”. Kusturitsa mehriban təbəssümlə gülümsündü.

 Mən diktafonu qoşdum.

 - Hal-hazırda öz həyatınızdan razısınız?

 - Mən həmişə öz həyatımdan razıyam. Çətin günlərim də olub, amma həmişə nikbinəm.

 - Nikbin olmağınız elə sizin filmlərinizdən bilinir. Yeri gəlmişkən, “çətin günlər” dedikdə nələri nəzərdə tutursunuz?

 - Məsələn, valideynlərimin rəhmətə getməsini, amerikalıların Belqradı bombalamasını, Yuqoslaviyanın dağılmasını – bu, XX əsrin ən böyük faciələrindən biridir.

Vətənimin taleyi məni çox düşündürür, vaxtaşırı tarixi ədəbiyyatlar oxuyuram. XVIII əsrdə İkinci Yekaterina Şərqi Avropanı türk hökmranlığından azad etməyə başlayanda, onda bəzi məqamlarda Avstriya ilə ittifaq qurdu və hər iki tərəf arasında razılıq əldə olundu ki, Serbiya Avropanın bir hissəsidir, demək, bütün Avropa ölkələri öz güclərini Osmanlı İmperiyasına qarşı səfərbər etməli idi. Ancaq imperator İkinci İosif müqavilənin ziddinə gedərək Serbiyanın bir hissəsini türklərdə saxladı. Belqrad dəfələrlə əldən-ələ keçdi, amma Avstriya bizi taleyin axarına buraxıb, Dunay sahillərinə çəkildi. 1803-1804-cü illərdə ilk serb üsyanı üçün tarixi şərait yarandı, rus və serb xalqlarının tarixi, mədəni, dini birliyi ideyası öz başlanğıcını bu zamandan götürür. Vladimir Putinin meydana çıxması bu gözəl ideyanı yenidən dirçəltdi. Biz bu dünyada tək qalmadığımızı bir daha bildik.

 - Rusiya prezidenti barədə bir azdan danışarıq, amma lütfən hələ bu sualı cavablandırın, serblərin tarixi yaddaşında nə baş verir? 1999-cu ildə NATO qoşunlarının Yuqoslaviyanı barbarcasına bombardman etdiyi zamanlarda mən Belqradda idim və Kosovodakı o kəskin hissləri bu günədək xatırlayıram, təəccüb qarışıq incikliklər, alçalmalar, acizliklər insanlara hakim kəsilmişdi. Amma görün üstündən nə qədər zaman ötüb. Bütün bu hadisələr serblərin ürəyində iz qoydumu, yoxsa dəhşətli yuxular kimi unudulub getdi?

 - Unudulmadı. Bu hadisələr bizim qəlbimizdə dərin yaralar buraxıb. Bizim bütün siyasi partiyalarımız, hətta Qərblə əməkdaşlıq edən partiyalarımız da NATO-nun işinə qarışmaq istəmirlər. Bu məsələdə bütün siyasi təşkilatlar həmrəydir. Amma xalqımızın başqa çox ciddi problemi də var. Bizim hakimiyyət 1941-ci ildə Hitlerlə sülh razılaşması imzaladıqdan sonra serb xalqı küçələrə çıxıb, belə bir şüar səsləndirdi: “Qul olmaqdansa, ölmək yaxşıdır!” Serbləri ələ almaq asandır. Müharibəyə təhrik etmək isə lap asandır. Bizim himnimiz ilk sətrində Tanrı ədalətinə səsləyir, bəs hardadır bu ədalət? Kim tapdı bu ədaləti? Mənə göstərin görüm. Amma biz onsuz da mübarizə aparacağıq. Tanrının ədaləti hər şeydən üstündür. Birləşmiş Ştatlar və Avropa sırtıqcasına Serbiya üzərində məşqlər etdi, çünki o zamanlar heç bir kəs onlara müqavimət göstərə bilmirdi. Rusiyanın Balkanlarda müttəfiqi olduğumuza və Rusiya kimi pravoslavlığa sitayiş etdiyimizə görə bizi cəzalandırdılar. Kosova əsrlər boyunca sağalmaz yara və sivilizasiyanın tarixində biabırçı səhifə olaraq qalacaq.

 - İndiysə gəlin Putin barədə danışaq. Belə başa düşdüm ki, siz Putini öz tarixiniz kontekstində qəbul edirsiniz, deyilmi?

 - Başqa nə cür qəbul edə bilərik ki? Əgər Putin hakimiyyətə gəlməsəydi, biz serbləri ayaqaltı edərdilər. Bu adam öz xalqının ruhunu və vicdanını özünə qaytardı, Rusiya isə dünya iyerarxiyasında layiq olduğu mövqeyə çatır.

Mən Yeltsinin hakimiyyət illərini yaxşı xatırlayıram, o zamanlar Moskvada bir televiziya şousunda qonaq idim, orda Dostoyevski barədə nələrsə dedim. Aparıcı dediklərimə mat-məəttəl qaldı. Çünki o zamanlar bir çox ruslar öz ölkələrində Çexov, Lermontov, Leskov, Bunin kimi şəxsiyyətlərin yaşamasını, Pudovkin və Eyzenşteyn kimi şəxsiyyətlərin nələri yaratdıqlarını unutmuşdular.

 - Siz indi də Yuqoslaviyanın dağılmasının əleyhdarısınız? Lütfən deyərdiniz, bu dövləti saxlamaq mümkün idimi, yoxsa onsuz da xarici qüvvələrin təsiri ilə dağılacaqdı?

 - Yox, mümkün deyildi. Bu ona bənzəyir ki, demək olar, bütün qərbin və islam dünyasının əhəmiyyətli hissəsinin Suriyanın üstünə yeriməsi vaxtında bu ölkədə sağ qalmağın mümkün olmasını söyləyəsən. Yuqoslaviyanın dağıdılması lap əvvəldən planlaşdırılmışdı. Bunun təşəbbüskarı və ruhlandırıcısı isə Almaniya və Vatikan idi. Katolik kilsəsi böyük təsir gücünü itirdiyindən, Skandinaviyadan tutmuş Adriatik dənizinə qədər öz hökmranlığını bərpa etməyi qarşısına məqsəd qoydu. Yuqoslaviya tam müstəqil dövlət olduğundan, bu dövləti parçaladılar. Yuqoslaviya dünya silah bazarında böyük oyunçu idi, müstəqil siyasət yürüdürdü, bu səbəbdən iyirminci əsrin sonlarında birqütblü dünya düzəninin olması şəraitində qərb ölkələrinin və ən başlıcası Almaniyanın maraqlarına cavab vermirdi. Fikir verin: Bolqarıstan və Rumıniyanı Qərb çox mehribanlıqla qəbul etdi, halbuki bu dövlətlər istər daxili, istərsə də xarici əlamətlərinə görə Avropadan xeyli uzaqdırlar. Amma İkinci Dünya Müharibəsində bu dövlətlər Almaniyanın müttəfiqləri idilər, Yuqoslaviya isə yox. Biz müstəqil xarakterimizlə fərqləndiyimizə görə, bizi Avropaya qəbul etmirlər. Biz Balkanlardakı kiçik Rusiyaya bənzəyirik.

 - Uqo Çavesin ölümü ilə əlaqədar bir daha sosializm ideyası ətrafında, qərb liberal dəyərlərinə münasibət barədə qızğın müzakirələr başladı. Mən martda Venesuellada oldum və təsdiqləyə bilərəm ki, milyonlarla insan gözlərində yaş öz liderlərini son mənzilə yola salırdılar. Yerdə qalan digər varlılar isə onu lənətləməsələr də, heç kədərlənmirdilər də... Sualım belədir: hər iki düşərgə arasında razılaşmaya nail olmaq mümkündürmü, yoxsa bu qarşıdurma əbədiliyə məhkumdur?

 - Həmişə bir hissə varlı, digərləri isə kasıb olur. Hər yerdə belədir. Latın Amerikasında isə bu, daha da nəzərə çarpır. Bu səbəbdən orda ya faşizm meylləri müşahidə olunur, ya da radikal kommunizm. Düzdür, indi atılan bəzi addımları belə adlandırmaq mümkündür ki...

 - ...Sağlam düşüncə?

 - Yəqin. Məsələn, Argentina və Braziliyada vətəndaşlara sosial münasibətin əlamətləri özünü göstərir. Amma bu münasibətdə heç bir fanatizm-filan yoxdur və mənə belə gəlir ki, bu ölkələrin nümunəsindən digər ölkələrdə yaxın gələcəkdə bəhrələnə bilərlər.

 - Bu, İsveç modelinə bənzəmirmi?

 - İsveçdə yeridilən siyasət əksinədir.

 - Bəs bu, sizə qəribə gəlmirmi? Axı bütün tarixi məqamlar sübut edir ki, ümidsizliyə qapılmış ac xalq hər şeyə hazırdır, yumşaq desək, qeyri-adekvat hərəkətlər etməyə... Yox, əksinə, cəmiyyətdə müəyyən bir harmoniya, lap elə harmoniyanın görüntüsü varsa, o yerdə az-çox nəyəsə ümid bəsləmək olar...

 - Dünyanı pul idarə edir. Nə əxlaq, nə sizin sevimli sağlam düşüncəniz, nə də sevgi. Həyasız haqq-hesab. Bu, indi özünü daha qabarıq büruzə verir. Bu, böyük faciədir. Pul - ən böyük Tanrıdır, bu Tanrıya boyun əyirlər, bu Tanrıdan ötrü milyonlarla cinayət törədirlər. Həm xırda cinayətlər, həm də böyük dövləti cinayətlər... Mən bu xüsusda Sovet İttifaqı ilə bənzətmələr aparmağı xoşlayıram. Axı siz xatırlayırsınız, o zamanlar çoxları ittifaq yüngül sənaye inkişaf etmədiyi üçün dağıldı. Siz özünüzə cins ala bilmirdiniz. Həm də ona görə ki, Elvis Presliyə çox qulaq asırdınız. Amma əsl həqiqət bundan ibarətdir ki, əgər Sovet İttifaqı özünün ağır sənayəsi və atom bombası ilə mövcud olmasaydı, onda dünya çoxdan amerikalıların tam hökmranlığı altına düşərdi. Buradan belə çıxır ki, sizdə yüngül sənayənin inkişaf etməməsi yaxşıdır.

 - Bəlkə həm bombalara, həm də yüngül sənayeyə sahib olmaq daha yaxşı olardı? Madam ki, söhbət puldan düşdü, elə bu sualı verməyim lap yerinə düşər. Avropa ölkələrini bir-birinin ardınca bürüyən maliyyə böhranı barədə nə düşünürsünüz? Bütün bunlar banklarda “sabun köpüklərinin” nəticəsidir, yoxsa əsl səbəb bazar iqtisadiyyatının mahiyyətindədir?

 - Mən düşünürəm ki, indi bütün Avropa dərin sistem böhranındadır. Hərbi-sənaye kompleksi tam gücü ilə işləyir, amma onun məhsullarına tələbat yoxdur, bilmirlər kimə satsınlar. Dünya dəyişir. Məsələn, Çin əsas oyunçuya çevrilir. Hindistan onun kürəyində nəfəs dərir. Rusiya varlanır, ona görə də onunla hesablaşmağa məcburdurlar. Siz elə düşünürsünüz bütün bunlar Qərbin xoşuna gəlir? Məsələn, bu yaxınlarda Kiprdə baş vermiş hadisə mənim sözlərimi qismən də olsa təsdiq edir. Onlar öz problemlərini Rusiyanın hesabına həll etmək qərarına gəldilər. Avropa Avrasiya qitəsində yerləşir, amma avro-atlantik inteqrasiyanın kontekstində yaşayır. Bu ziddiyyət təhlükəlidir. Gec işə düşən bomba, yəni münaqişə içəriyə qoyulub. Və dünyanın yenidən bölüşdürülməsi haqda söhbətlər boş yerə getmir, bu planları hazırlayırlar. Həm Rusiyanın bölünməsi, həm Yaxın və Orta Şərqin parçalanması...

 - Belə olduğu halda siz Avropa Birliyinin taleyini necə görürsünüz? Avropa Birliyinin gələcəyi varmı, yoxsa bu birlik də müxtəlif ölkələrin arasında olan ziddiyyətlərin nəticəsi olaraq dağılacaq? Yeri gəlmişkən, vahid ev ideyası şəxsən mənim xoşuma gəlir. Sərhədlərin yoxluğu dünyanı daha zəngin və təhlükəsiz edir, bəlkə elə deyil? Özü də siz bir dəfə jurnalistlərə kosmopolit olduğunuzu demişdiniz...

 - Bu ideya sizin xoşunuza gəlir? Sərhədlərsiz səyahət əladır, hə? Eləysə mənə cavab verin görüm, Avropa harda başlayıb, harda qurtarır? Məsələn, Türkiyə Avropadır, ya yox?

 - Bosfora qədər Avropadır, ondan o yana isə Asiyadır.

 - Bəs Rusiya?..

 - Urala qədər Avropadır, ondan o yana Asiya.

 - Onda belə çıxır ki, əgər Rusiya Avropa Birliyinə daxil olmaq istəsə, demək, Rusiya əhalisinin yarısı Avropa Birliyinin vətəndaşları sayılacaq, hə?

- Bu, formal yanaşmadır. Mən vahid ev ideyası haqqında soruşuram, buna münasibətiniz necədir? Bu ideyanın gələcəyi varmı?

 - Məgər balkan xalqlarını vahid dövlətdə birləşdirmək ideyası pis idi? Yuqoslaviya ideyası pis idi? Bəs əvəzində nə oldu? Bu dövlətləri bir yerə yığanların özləri elə bu dövlətləri ayırdılar. İndi də bu birlik onların maraqlarına cavab vermir. Avropa Birliyinin gələcəyi haqda suala gəldikdə isə, bu, qlobal layihədir, çox gözəl və cazibədar görünür, amma bu layihənin gələcəyinə çox şübhəylə yanaşıram. Əgər bir alman yüz rumın millətindən olan adamı yedizdirməlidirsə, bunun axırı yaxşı qurtarmayacaq.

 - Dünyada müəyyən nisbi sakitlik dövründən sonra yenidən ehtiraslar qızışır, bunun da gözlənilməz nəticələri olur. Baxın, “ərəb baharı” inqilablarında bir sıra diktatorlar cəsarətləndilər, amma həmin diktatorları dəyişmək üçün canfəşanlıq edənlər radikal islamçılar oldu, bu isə “qayka”ların yalnız bir tərəfdən bərkidilməsini göstərir. Bu inqilablar barədə siz nə düşünürsünüz?

 - Razıyam, radikallar dünyanı yaxşı tərəfə dəyişməyə qadir deyillər. Ona görə də sual qoymaq lazımdır: bu inqilabların arxasında hansı güclər dayanır və onların məqsədləri nədən ibarətdir?

 - Əgər siz dünya pərdəarxasına, amerikalılara eyham edirsinizsə, onda bu baş ağrısı onların nəyinə gərək? Bu ki bumeranqdır, bir gün geri dönüb, özlərinə dəyər.

- Bu sualın cavablarından biri odur ki, hərbi sənaye kompleksi həmişə düşmənə ehtiyac duyur, yoxsa bu silah-sursat yığınını kimə satardılar?

 - Məncə bu, bəsit izahatdır.

 - Düzünü desəm, başqa cavab heç ağlıma da gəlmir. Razıyam ki, bu inqilabların nəticələri həm ərəb ölkələri üçün, həm də bütün dünya üçün daha çox mənfi xarakter daşıyır. Mən Mərakeşdə olarkən, oranın kralına yaxın bir şəxslə görüşdüm. Ona dedim ki: “Ərəb baharı – bu, yaxşıdır”. O, təəssüflə mənə baxdı: “Əşşi, bunun nəyi bahardır?! Bu ki qışdır!” Məsələn, siz, belə görürəm, Qəddafini sevmirdiniz....

 - Güya kim onu sevirdi ki? Diktator...

 - Yaxşı, bəs mənə deyin görüm, fransız xüsusi xidmət orqanlarının iştirakı ilə Qəddafiylə belə vəhşicəsinə hesab çürütmək cinayət deyildimi? Yaxşı, bəs liviyalıların həyatı bununla yaxşılaşdımı? Və ya misirlilərin həyatı Mübarəkdən sonra yaxşılaşdımı? Bu necə inqilabdır ki, ölkə xaosa yuvarlanır, kasıblar daha da artır?

İndi qayıdaq amerikalılara. Ola bilsin, ABŞ öz hərbi gücünü artırmağa bəhanə əldə etmək üçün həm islam radikalizminə, həm də Şimali Koreya rəhbərlərinin hərbi ritorikasına, həm də əfqan taliblərinə ehtiyac duyur.

 - Ötən il bizdə - Moskvada da kifayət qədər kütləvi etiraz aksiyaları oldu, son 20 il ərzində belə kütləvi aksiyalar olmamışdı. Bununla əlaqədar belə bir sual verim: hakimiyyət demokratik olsa, ona müxaliflər ola bilərmi? Əgər ola bilərsə, onda hakimiyyət buna necə qarşılıq verməlidir?

- Rusiya müxtəlif regionlarda müxtəlif cür görünür. Sibirə gəlirsən, bir ölkə görürsən, mənim üçün əsl Rusiya elə budur. Peterburqda qədim Avropanın dekadent cizgilərini görürsən. Moskvada Avropa ilə Amerikanın qarışığını görürsən. Mənə belə gəlir ki, moskvalılar daha çox avropalı olmaq istəyirlər, amma mənim fikrimcə, öz mədəniyyətini, adət-ənənələrini, mentallığını itirmək böyük səhvdir. Ola bilsin, avropa xalqları üçün bu, çox da vacib deyil, amma Rusiya kimi böyük dövlət üçün bu, çox vacibdir. Sizin müxalifətiniz elə demokratiya tələb edir ki, bu, hər halda, indi mümkün deyil. Belə demokratiya heç yerdə yoxdur, nə Birləşmiş Ştatlarda, nə də Avropada... Rusiyada isə ələlxüsus mümkün deyil. Gəlin xatırlayaq, sizin ölkəniz kommunizm dağıldıqdan sonra nə günə düşdü? Axı Klinton açıq-aşkar həm Rusiyaya gülürdü, həm də sizin prezidentinizə. Heç kim sizi ciddi qəbul etmirdi. Axı indiki dünyada güclü olmaq lazımdır, yoxsa sizi darmadağın edəcəklər. Siz elə düşünürsünüz ki, Napoleondan və Hitlerdən sonra dünyada nəsə dəyişdi? Bu şəxslərin “igidliklərini” təkrarlamaq istəyən adamlar həmişə tapılacaq. Bəs indi kim Rusiyaya və onun prezidentinə gülməyə cürət edər? Bax, ən vacibi də elə budur.

Bu gün ən böyük tanrı puldur, ona görə də pula sitayiş edirlər. Bununla belə, əlbəttə, istənilən hakimiyyətə müxalifət lazımdır, çünki müxalifət siyasətçini daim öz siyasi kursuna nəzər salmağa, cəmiyyət qarşısında hansı məsuliyyəti daşıdığını dərk etməyə vadar edir. Problem ondadır ki, müxalifət özü nəyə görə məsuliyyət daşıdığının fərqindədir, ya yox? Müxalifət xaricdən maliyyələşməli deyil, xalqın enerjisini talanlara, xaosa, yeni Oktyabr inqilabına yönəltməli deyil.

 - Necə düşünürsünüz, indiki zamanda ərazi münaqişələrinin sivil yolla həlli üsulları varmı? Söhbət yalnız Kosovodan getmir, Dağlıq Qarabağ problemini də, kürd məsələsini də bu siyahıya salmaq olar...

 - Bəlkə də ərazi münaqişələrinin sivil yolla həlli üsulları var. Amma mən bu üsulların nədən ibarət olduğunu bilmirəm. Heç kim bir-biri ilə anlaşmaq istəmir. Hamı həmişə güc yolu ilə məsələni həll etmək istəyir. Mən artıq dedim ki, dünya çox həyasız və çirkin vəziyyətdədir. İnternet, feysbuk, mobil telefonlar, bütün bunlar yaxşıdır, amma dünyanı əxlaqlı və ədalətli etmir. Siz mənim “Anderqraund” filmimi izləmisiniz?

 - Düzünü desəm, baxmamışam, amma digər filmlərinizi görmüşəm.

 - Təəssüf edirəm... Biz uydurmalar, illüziyalar, boyunlarımıza zəncir kimi salınmış stereotiplər, saxta ideyalar və obrazlar dünyasında yaşayırıq. Belə olduğu halda, siz mənə sual verirsiniz ki, ərazi münaqişələrini həll etmək mümkündürmü. Nəzəri cəhətdən, bəli, mümkündür. Amma praktiki cəhətdən mümkün deyil.

 - Yeri gəlmişkən, siz “feysbuk”da varsınız?

 - Yox. Çünki bu, dostluq deyil, dostluğun illüziyasıdır. Bu gedişlə seks də internetdə toxunuşsuz olacaq. Mən isə həm sevməyi, həm də dostluq etməyi köhnə qaydada üstün tuturam. Bundan başqa, “feysbuk” elə bir tordur ki, onun vasitəsilə həm ayrı-ayrı insanlara, həm də bütöv cəmiyyətlərə nəzarət etmək olur. Sən indi hardasan, nə fikirləşirsən, kiminlə ünsiyyət qurursan və sair və ilaxır...

 - Bir də onu soruşmaq istərdim ki, “The No Smoking Orchestra” pank-rok-qrupunda iştirak sizin üçün hansı anlam daşıyır? Mən bir dəfə sizin Moskvadakı konsertinizdə oldum və sizin necə musiqiyə qapılmağınıza, musiqinin içində necə “əriməyinizə” heyran qaldım. Əlbəttə, tamaşaçıların da kefi göylə gedirdi. Amma sualım belədir: bu, sizin üçün daha bir qazanc növüdür, yoxsa yalnız əyləncədir? Bütün bunlar böyük rejissor Kusturitsanın gücünü tükətmirmi?

 - Mən musiqi ilə relaksasiya (əsəbləri yumşaldır və əzələləri boşaldır – tərc.) üçün məşğul oluram. Katarsis. Vikipediyaya baxıb, bu sözün mənasını öyrənə bilərsiniz.

 - Baxdım. “Yüksəliş, təmizlənmə, yaxşılaşma” mənaları verir.

 - Lap yerinə düşdü, tamamilə haqlısınız.

 - Axı nəyə görə digər məşhur rejissorlar da bu cür “boşalmırlar”?

- Həmin rejissorların bəziləri gitarada ifa edə bilmirlər, bəzilərinin başı pul qazanmağa qarışıb, onlarda vaxt nə gəzir?!

 - Siz öz müsahibələrinizdə vaxtaşırı Hollivudu tənqid atəşinə tutursunuz. Bəziləri bunu biabırçılıq sayır, çünki Hollivud kütləyə hesablanmış bazar filmləri ilə yanaşı, Bryus Uillislə birgə xeyli şedevrlər də yaratdı. Sizi daha çox narahat edən məqamlar hansılardır?

 - Mən 60-cı illərdə mövcud olmuş Hollivuda hörmət bəsləyirəm. İndiki Hollivud isə videooyunlar istehsal edən fabrikdir.

 - “Möhkəm qoz” filminin bütün seriyalarını simvolik dəfn edib dediniz ki, yerin daha dərin qatlarında basdırılmalı hələ xeyli film var. Həmin filmlərin adlarını sadalaya bilərsinizmi?

 - Həmin filmlərin adlarını sadalasam, yekə bir qəbiristanlıq alınar. Əgər Rusiya istehsallı filmləri nəzərdə tutursunuzsa, onda deməliyəm ki, sizin əksər filmləriniz Hollivud standartlarına uyğun çəkilib.

 - Bəs növbəti layihəniz necə olacaq? Mən oxumuşdum ki, siz Dostoyevski haqqında kitab yazırsınız. Bəlkə Monika Beluççi ilə film çəkməyə hazırlaşırsınız?

 - Hə, Dostoyevski haqqında roman yazıram, düzdü. Bu yaxınlarda çıxan kitab səkkiz müxtəlif novelladan ibarətdir. Bundan sonra “Müharibə və Sevgi” filminin üzərində işə başladım. Bu film üç pritçadan ibarətdir: son pritçada mən özüm rahib rolunu oynayıram, hələ siz mənim saqqalıma baxın, görürsünüzmü, saqqal buraxmışam. Film 2014-cü ildə Kann festivalında təqdim olunacaq.

 - Belə deyirlər ki, insan bütün ömrü boyu həqiqət axtarışında olmalıdır, şübhəçi olmalıdır, keçmişdə buraxdığı səhvləri təkrarlamalı deyil... Zəhmət olmasa deyərdiniz, bugünki Kusturitsa, məsələn, otuz il əvvəlki Kusturitsadan çoxmu fərqlənir?

- Yox, elə də fərqlənmir. Mən elə əvvəlki ehtiraslı “çudak”am (Kusturitsa daha ağır söz işlətdi).

 - Siz demək istəyirsiniz ki, cavanlıqda buraxdığınız bütün səhvləri təkrarlıyırsınız?

 - Əlbəttə yox. Birinci dünya müharibəsi nədən başladı? Qavrilo Prinsipin Sarayevoda törətdiyi qətldən. Xatirinizdədirmi? Demək, bu cinayətkarın adının iki mənası var. Cəbrayıl Mələk və Mənəvi Prinsip. Mən Tanrıya inamımı qoruyub saxlamağa çalışıram. Tanrı məni görüb. Tanrı mənə kömək əlini uzadıb. Dünyada çox az adam tapılar ki, sevdiyi işlə məşğul olsun. Bax, mən ona görə xoşbəxtəm ki, sevdiyim işlə məşğulam.

 - Sizin köməkçiniz Mirko elə bayaqdan bizi tələsdirir. Olar, mən sizin Drvenqrad şəhərinizə gəlim və orda istədiyimiz qədər arın-arxayın söhbət edək?

 - Mütləq!

 - Bəs Belqraddan ora necə getmək olar?

 - Əvvəl mənə zəng edin. Özüm sizi vertolyotla aparacam.

Vladimir Sneqirov, “Rossiyskaya qazeta”

Tərcümə Ramil Rahiboğlunundur

Qaynar.info

Kultura.az | Developed by Samir Yahyazade