Qurd qardaşlığı

Гаджи Гаджиев

 

3 barmaqla canavar göstərib, solçulara, liberallara meydan oxuyaraq, “avtoritarizm”in adını çəkməyə münasib yeri çatmayan bir dəstə gəncin fəaliyyəti belə “klip”lərlə məhdudlaşmır. Onlar sosial şəbəkələrdə sözün əsl mənasında inqilabi ruhlu gənclərlə mubahisələrə girişir, təhqirə əl atır, onları davaya çağırırlar.
 
Heyif ki, sıralarımızdan bəziləri də bu bəsit “qarmaq”lara düşür.
 
Dostlar, bu tip şeylər  iqtidarın köhnə, iyrənc metodlarıdır. Özünə ciddi təhlükə hesab etdiyi şəxs və təşkilatlara qarşı repressiyalar tətbiq etməkdən başqa, iqtidar ona alternativlər yaradır. Vaxtilə Müsavat partiyasını zəiflətmək üçün Hafiz Hacıyevin sədrliyilə Müasir Müsavat, AXCP-ni zəiflətmək üçün partiyanı parçalayıb yerində oxşar adlarla bir neçə partiya yaratmışdılar. Ortadakı bir-iki abırlı muxalif partiyanı rus matryoşkalarına çevirməyə çalışırdılar. Eldar Namazov səhv etmirəmsə, 2005-ci il parlament seçkilərində namizədliyini verəndə onunla eyni dairədən bir neçə Eldar Namazov adında şəxs tapıb namizəd kimi qeydə almışdılar. Məqsəd insanları çaşdırmaq, səslərin parçalanmasına nail olmaq idi.
 
İndi isə meydanda gənclərdir. Dəyişiklik istəyən, demokratik ölkə, azad cəmiyyət, keyfiyyətli təhsil istəyən gənclər. Bu gənclər artıq təşkilatlanırlar. Onların arasında millətçiləri də var, solçuları da, dindarları da, liberalı da. Amma onları birləşdirən ümumi məqsəd – irticaya, avtoritarizmə, ailə və klan hakimiyyətinə son qoymaqdır. Eyni zamanda bir təşkilatda mübarizə onları bir-birinin fikirlərinə, dünya görüşlərinə hörmətlə yanaşmağı da öyrədir. Bu isə gələcəkdə qurulacaq demokratik cəmiyyətin davamlılığı üçün çox vacibdir.
 
Odur ki, indi “millətçi gənclər”, “kommunist gənclər”, “dindar gənclər”, “liberal gənclər” tipli yeni təşkilatların yaranmasını gözləmək lazımdır. Onlar hətta etiraz aksiyaları da keçirəcəklər. Vəhşi kapitalizmə, liberal və solçulara, din düşmənlərinə, solçu və dindarlara qarşı şüarlar səsləndirəcəklər. Mövcud avtoritarizmdən başqa hamıya qarşı mübarizəyə səsləyəcəklər.
 
Bəs nə etməli?
 
1. Əvvəla belə təşkilatlarla və insanlarla heç bir kontakta girməmək. Onların təxribatlarına uyub, təkbətək və ya qrup şəklində görüşmək,  tədbirlərinə qatılmaq kimi fikirləri yaddan çıxartmaq lazımdır. Onların heç bir təklifi ilə razılaşmaq olmaz. Belə vəziyyətdə soyuqqanlı və qeyri-standart addım atmaq lazımdır.
 
2. Fəaliyyəti dayandırmaq olmaz. Mübarizə davam etməlidir. Nə həbslər, nə qarayaxmalar mübarizənin səngiməsinə səbəb olmamalıdır.
 
3. Hər təpki qarşısında NİDA, Azad Gənclik, Dalğa kimi sağlam gənclərin toplaşdığı təşkilatlara qoşulanların sayı artır. Amma konkret say barədə məlumat vermək vacib deyil.
 
4. Mübarizəmizi dinc və konstitusiya çərçivəsində apardığımızı unutmamalı. Bu yola sadiq qalmalı və həmişə bunu qeyd etməliyik.
Buraxın, kim istəyir 3 barmağından canavar düzəltsin. Buraxin məscidlərinə yığışıb, xütbələr dinləsinlər. Bizim əsas yolumuz insanların cahilliyi ilə mubarizə aparmaqdır. İnsanların qəlbinə doqmalara və irticaya qarşı, sırınan “həqiqətlərə” qarşı şübhə və etiraz toxumları səpməkdir. Kitabımızı oxuyub, sıralarımıza daha çox gənc dəvət etmək, etiraz dalğasını idarəolunmaz fırtınaya çevirməkdir. 
 
Hacı Hacıyev
Elitar.Az
Kultura.az | Developed by Samir Yahyazade